adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

DüNYANI BELƏCƏ ÖLDüRüRLƏR...

BABƏK YUSİFOĞLU
48416 | 2012-07-26 11:35
İnsan üçün ən əzablı, ən üzücü anlardan biri də odur ki, hər hansı təhlükəni, faciəni və ya yaxınlaşmaqda olan ölüm-qalım gerçəyini hiss edir, görür, lakin harayını, ucaltdığı səsi ətrafa, ən çox da tədbir görə biəcək gücə sahib şəxslərə çatdıra bilmir. Yaxud çatdırsa da daş-qaya səssizliyi ilə qarşılaşır. Bəli, həqiqətən də həmin məqamlarda insan bir daha gücsüzlüyünü, acizliyini hiss edir, ürəyi partlamağa gəlir.
   
   Allahın insanlara bəxş etdiyi təbiəti, onun gözəlliklərini, əvəzsiz nemətlərini bu gün müasir insan dediyimiz məxluqlar məhv etməklə məşğuldurlar. Şəxsi maraqlar, ambisiyalar, sonsuz sərvət hərisliyi, siyasət adı qoyulmuş kabus Yer kürəsindəki çayları, dənizləri, hətta okeanları, havanı, yaşıllıqları, bitki və heyvanat aləmini... bir sözlə hər şeyini dağıtmaqla, talamaqla məşğuldurlar. Düşünürsən ki, Tanrının verdiyi nemətlərin axırına çıxmaq üçün həmin məxluqlar məhz İblisin hökmü ilə hərəkət edirlər. İnsan adlananlar elə bir yer, elə bir məkan qalmayıb ki, oranı bərbad günə salmasınlar.
   
   Artıq dünya xəstə halına gətirilb. Bir sıra heyvan və bitki növlərinin nəsli kəsilib. Mavilik rəmzi olan dənizlərin əksəriyyəti bulanıq su kütəsinə çevrilib, okeanlar çürbəcür sınaqlar, əməllər üzündən "nəfəs" ala bilmir, atmosferdəki ozon qatı dəlik-deşik edildiyindən dünya müdafiəsiz hala düşüb. İqlimin, hava axınının tarazlığını saxlayan Qolfısttırım cəryanı "yoxa çəkilib". Yer kürəsinin "ağ çiyirləri" sayılan yaşıllıqlar ildən-ilə, özü də sürtələ qırılır. Və niyəsə insanlara elə gəlir ki, sadaladığım və sadalamadığım bütün bu nemətlər əbədidir. Heç vaxt tükənməyəcək, heç vaxt korlanmayacaq.
   
   Ölkələri işğal etmək, xalqları itaətə gətirmək, insanlığın bəlasına çevrilmiş sərvət və hakimiyyət qazanmaq uğrunda savaşanlara, siyasət yürüdənlərə hayqırıb demək istəyirsən, bütün bu çabalarınız nədən ötrüdür? Bir dayanın! Dayanın ki, Dünyanı öldürməkdəsiniz! Axı, bu Yer kürəsi yaşanacaq haldan çıxarsa, sizin qazandığınız pulların, əldə etdiyiniz sərvətlərin, sahibləndiyiniz torpaqların, oturduğunuz vəzifələrin, işğal etdiyiniz ölkələrin, yaratdığınız növbənöv silahların, tiukdirdiyiniz bunkerlərin, villalalrın, müəssisələrin... nə anlamı olacaq? Niyə sizə elə gəlir ki, istədiklərinizi edəcəksiniz, amma məhz sizin yaşadığınız dövrdə Dünya "ölməyəcək"? Sizdən sonra gələn doğmalarınız, əzizləriniz olmayacaqmı?!
   
   Bu gün yeni təhlükə barədə mütəxəssislər həyəcan təbili çalmaqdadırlar. Amma yenə həmişə olduğu kimi bu həyəcan sədaları kimsə tərəfindən eşidilmir. Eşidilmir ki, Qrenlandiyada, Şimal Qütbündə... nəhəng buzlaqlar əriməkdədirlər. NASA-nın apardığı təhqiqatlar nəticəsində məlum olub ki, nəhəng buz dağları sürətlə əriməkdədir. Burada ən qorxulu məqam oradadır ki, buzlaqların çatlama prosesi Qrenlandiyanın ən soyuq yerində də başlayıb. Təhqiqat stansiyası "Sammit"in yerləşdiyi bu rayonda buzun qalınlığı iki qat azilib.
   
   NASA alimləri yaxınlarda daha bir qeyri-adi parçalanmanın şahidi olublar. Belə ki, peyk vasitəsi ilə çəkilən şəkillərdən aydın görünür ki, Qrenlandiyanın buzlaqlarından Manhettendən iki dəfə böyük bir ölçüdə olan aysberq parçalanaraq ayrılıb. Qeyd edim ki, yay fəslində Qrenlandiyanın səthində həmişə müəyyən ərimələr müşayət olunur. Amma heç vaxt bu cür böyük masştabda parçalanmalar olmayıb. Bir neçə gün əvvəl baş vermiş həmin parçalanmanı müşahidə edən mütəxəssilərdən biri mətbuata bildirib: "Bu elə qeyri-adi görümtülər idi ki, əvvəlcə mən bunların həqiqət olduğuna inanmadım. Mənə elə gəldi ki, burada nəsə səhv var. Əgər irəlidə bu cür hadisə təkrarlanarsa bu, artıq qorxulu prosesdir".
   
   Mütəxəssilər belə nəticəyə gəliblər ki, haqqında danışılan bu qorxulu təzahürlərin səbəbi həm də insan faktoru ilə bağlıdır. Adamlar ekologiyaya böyük həcmdə ziyan vururlar. Qlobal sənayeləşmə, tullantıların lazımı səviyyədə təmizlənməmiş, əksər hallarda isə ümimiyyətlə təmizlənməmiş ətrafa yönəldilməsi ekoloji fəlakətə səbəb olan əsas faktorlardan biridir. Və alimlərin xəbərdarlığına görə, təbiətə vurulan zərbələrin qarşısı alınmasa dramatik proseslər böyük hadisələrə səbəb olacaq.
   
   Elmi araşdırma mərkəzlərindən birinin Şimal Buzlu Okeanla bağlı "yuxarılara" göndərdiyi hesabatında yazılıb: "Bizim apardığımız təhlillərə görə, proselər davam edəcəksə Şimal Buzlu Okean artıq elə bu əsrdə yay fəsillərində buzlaqlardan tamam azad olacaq. Bu 30-40 il ərzində də baş verə bilər".
   
   Hansını sadalayasan? Sadalamaqla bitirmək mümkünmü? Sadalayıb bitirmək də əlac deyil ki... Bəlkə silahlara, raketlərə xərclədiyiniz milyardları ekoloji problemlərin aradan qaldırılmasına yönəldəsiz?! Siz başqa planetin adamı deyilsiz ki?..
   
   Bəli, təbiətin əşrəfi sayılan insan oturduğu budağı həvəslə kəsməkdədir. Və dediyimiz kimi, kimsə bunu dayandırmaq haqqında düşünmür belə. Yenə hər kəsin içində fəlakətin şəxsən ondan yan keçəcəyinə bir əminlik var... Belə görünür ki, onlar dünyanı öldürməyənədək durmayacaqlar...
   
   Nəyisə əngəlləmək bu həyəcanları yaşayanların gücü xaicindədir...
   
   Və mən belə qəzet yazıları ilə bu dəhşətli problemlərin qarşısının alınacağına inanacaq qədər sadəlövh də deyiləm. Sadəcə olaraq günü-gündən böyüyən ekoloji fəlakəti görüb daxilimdə hayqıran səsi ətrafa duyurmaq istədim. Jurnalistin gücü daha nəyə çatar ki?..

TƏQVİM / ARXİV