adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Nizam-intizamlı və zirindilli yazıçı

18900 | 2012-07-26 08:38
Əzablı və gərgin uşaqlıq illəri
   
   O, 1812-ci il fevral ayının 7-də İngiltərənin Portsmut şəhəri yaxınlığındakı Lendport qəsəbəsində anadan olub. Atası Con Dikkens zadəgan ailəsindən idi və dəniz işləri idarəsinin maliyyə şöbəsində işləyirdi. Dikkens Conun ailəsində ikinci uşaq idi. Oxumağı Çarlza anası öyrətmişdi və o, 3 il ibtidai sinifdə təhsil almışdı. Amma Çarlz həddindən artıq acgözlüklə bədii kitab oxumağı sevirdi. 1822-ci ildə ailəsi Londona köçdü. Ailənin maddi vəziyyəti ağır idi. Ona görə də Çarlz məktəbi buraxmağa və ailənin ehtiyaclarını ödəmək üçün evlərindəki şəxsi kitablarını satmağa başladı. Atası hamıya borclu idi və borcunu ödəməyə pulu yoxdu. Ona görə də atasını həbs etmişdilər. Atası həbsə atılanda Çarlz 11 yaşında idi və evdə ac qalmışdı. Qaldığı otaqda özü kimi ac siçanlar at oynadırdı və yeməyə bir şey tapmayanda köhnə, yarısınıq kürsünün ayaqlarını gəmirirdilər. Aclıq 11 yaşlı Dikkensi yaxınlıqdakı boyaq fabrikinə getməyə məcbur etdi. Fabrik sahibi onun boyuna baxıb, əvvəlcə, işə götürməkdə tərəddüd etdi. Ancaq oğlanın özünü yaşlı adamlar kimi aparması və danışığında bir ədəb və tərbiyə hiss etdirməsi fabrik sahibinin tərəddüdlərinə son qoydu. O, həqiqətən də, səhv etməmişdi. Tezliklə bu balaca oğlan işgüzarlığı ilə bütün işçilərin hörmət və məhəbbətini qazanmış, hamının sevimlisinə çevrilmişdi. Çarlz çox işləyir və bəzən həddindən artıq yorulurdu, amma özünü xoşbəxt hesab edirdi. Çünki artıq ac qalmır və bir tikə çörək pulu qazana bilirdi. Atası 3 ay həbsdə yatandan sonra buraxıldı. Amma atasız yaşadığı bu üç ay onun həyatını tamam dəyişdirmiş və bu, özünün də dediyi kimi "vaxtından əvvəl özünü əsl kişi kimi hiss etməsinə" gətirib çıxarmışdı. Dikkens xeyli illər ötəndən və şöhrətin zirvəsinə ucalandan sonra həmin dövr haqqında belə demişdi: "Həyatımın ən ağır keçən 3 ayı mənim üçün bir təcrübə məktəbi oldu. Mən pul qazanmağın necə çətin olduğunu və onun əhəmiyyətini anladım. Mənə elə gəlir ki, öz işini həvəslə, professional səviyyədə yerinə yetirən adam bütün dərdlərinə çarə tapır". Fabrikdə işləyə-işləyə məktəbdə oxumağa vaxt tapdı. 15 yaşında ikən o artıq hansı peşə sahibi olması barədə düşünməyə başladı. Əvvəlcə, bütün peşələri bir-bir nəzərdən keçirdi. Sonda qəzetdə işləmək onu daha çox cəlb etdi.
   
   1826-cı ildə Çarlz Vellinqton Haus Akademiyasında oxumağa, eyni zamanda Londondakı vəkil kontorlarından birində kiçik klerk vəzifəsində işləməyə başladı. Burada Çarlz stenoqrafiya işini öyrəndi və bu onun mətbuata gedən yolda atdığı ilk addımlardan biri oldu.
   
   Nakam və uğursuz sevgi
   
   1828-ci ilin noyabr ayında "Doktors-Kommonz" məhkəməsində müstəqil reportyor kimi iştirak etdi. 1832-ci ildə isə "Parlament güzgüsü" ("The Mirror of Parliament") və "Tru san" ("The True Sun") qəzetlərində işə düzəldi. Tezliklə də bu işdə hamının diqqətini cəlb etməyə başladı. Həmin dövrdə o tanınmış bankirlərdən hesab edilən Bidnellin qızı Mariya ilə eşq macərası yaşamağa başladı. Lakin bankir kasıb reportyora qız vermək niyyətində deyildi. Üstəlik, Dikkensin atası borc üstündə həbsdə yatmışdı və belə bir ailə ilə qohum olmaq bankirin elitadakı nüfuzuna xələl gətirə bilərdi. Bidnell vəziyyətdən çıxış yolunu qızı Mariyanı Parisə təhsilini davam etdirməyə göndərməkdə gördü. Bir neçə il davam edən bu ayrılıq onların arasındakı məhəbbət qığılcımlarının sönməsinə gətirib çıxardı. Ayrılıq yanğısını söndürmək və nakam sevgisini unutdurmaq üçün Dikkens Londonun tanınmış simalarının həyatından bellestrik oçerklər yazmağa başladı. Bu oçerklərin birincisini o, 1832-ci ilin dekabr ayında "Mansli meqezin" ("The Monthly Magazine") dərgisində çap etdirdi. Bu oçerklər Dikkensə özünəməxsus şöhrət gətirdi. Artıq tanınmış qəzetlər Dikkensi işə dəvət etməyə başlamışdılar. Dikkens həmin dərgilərdən birinin- "Morninq kronikl"in ("The Morning Chronicle") dəvətini qəbul edərək, orada reportyor kimi işə düzəldi. O burada İngiltərədə baş verən önəmli hadisələr barədə reportajlar hazırlayaraq çap etdirirdi.
   
   Uğurlu satirik
   
    Onun istedadını görən və duyan "İvninq kronikl"("The Evening Chronicle") nəşriyyatının sahibi C. Xoqart Dikkensdən şəhər həyatı haqqında oçerklər yazmasını xahiş etdi. Xoqartla tanışlıq Dikkensin məşhur yazarlar R. Berns və B. Skottla münasibətlər qurmasına yardım etdi. 1935-ci ilin yazında Dikkens Ketrin Xoqartla ailə həyatı qurdu. 1836-cı ildə isə Çarlz Dikkensin "Boz oçerklər" (Sketches by Boz) adlı ilk kitabı çapdan çıxdı. Onun bu oçerklərinin qəhrəmanları məhkəmə hakimləri, siyasətçilər, parlament üzvləri, qartəmizləyənlər, həmçinin adi yoxsullar idi.
   
   Həyat öz axarı ilə davam edərkən, tanınmış naşirlər Çapman və Xoll ona tanınmış karikaturaçı R. Seymurun əsərləri əsasında povest yazmasını təklif etdilər. Amma Dikkens bundan imtina edərək bildirdi ki, "qoy Seymur onun yazacağı povestə karikaturlar çəksin". Çapman və Xoll bununla razılaşdılar. Beləliklə, Çarlzın povestləri və ona Seymurun çəkdiyi karikaturlar əsasında hazırlanan "Pikvik klubu" adlı ədəbi almanax işıq üzü görməyə başladı. Bu almanax əhali arasında müəllifinə böyük şöhrət qazandırdı. Nəşr əldən-ələ gəzirdi. Əsərdə satiraya üstünlük verilmişdi. Bunun ardınca Bentlinin təklifi əsasında Çarlz aylıq "Bentli almanaxı" adlı dərgiyə rəhbərliyi öz üzərinə götürdü. Bu almanaxda Dikkens "Oliver Tvist"in ilk parçalarını dərc etdirdi.
   
   Bentli ilə tez-tez aralarında mübahisələr yarandığından Dikkens almanaxda işləməkdən imtina etdi, yenidən Çapman və Xoll tərəfindən həftədə bir dəfə nəşr edilən "Mister Xamfrinin saatları" adlı dərgidə işə düzəldi. O burada "Antik mallar mağazası" və " "Barnabi Rac" adlı əsərlərini dərc etdirdi. "Antik mallar mağazası" ("The Old Curiosity Shop") əsəri də müəllifinə müəyyən qədər şöhrət gətirdi. Amma o, hiss edirdi ki, İngiltərədə o qədər də özünü tanıda bilməyəcək. Ona görə də Amerikaya getməyi qərara aldı. 1842-ci ildə Dikkens həyat yoldaşı birlikdə ilə Amerikaya getdi və orada onu böyük təntənə ilə qarşıladılar. Çünki Dikkensi vətənindən uzaqlarda - Amerikada daha çox sevirdilər.
   
   Şöhrətin zirvəsindəki eşq macəraları
   
    O, Amerikanı gəzdi və eyni zamanda burada bəzi problemlərlə, ədəbi oğurluqla, həmçinin qaradərili insanları müdafiə etdiyinə görə cənubdakıların düşmənçiliyi ilə qarşılaşdı. Amerikaya ilk səyahəti nəticəsində "Amerika qeydləri"ni yazdı. Bu qeydlər İngiltərədə rəğbətlə qarşılandığı halda, okeanın o tayında əsəbləri coşdurdu. 1846-cı ildə "Dombi və oğlu" ("Dombey and Son") romanını yazmağa başladı və 1848-ci ilin aprelində onu bitirdi. Nəhayət, Dikkens 1849-cu ildə ona ilk böyük şöhrət gətirən "Devid Kopperfild" romanını yazdı. Onun əsərlərində diqqəti cəlb edən önəmli hadisə satira, yumor və tənqidin bir-birini ahəngdar şəkildə tamamlaması idi. Bu da Dikkensin əsərlərinin sevilə-sevilə oxunmasına yol açmışdı.1850-ci ildə Dikkens həftədə bir dəfə çıxan "Ev oxuları" adlı dərgi buraxmağa başladı. Onun bu dərgisində müxtəlif məlumatlar, hekayə və şeirlər, siyasi, sosial və iqtisadi mövzularda məqalələr dərc olunurdu. Dərgi çox maraqlı idi və ona görə də tirajı qısa müddətdə 40 mini ötdü. 1850-ci ilin sonunda Dikkens Bulver Littonomla birlikdə ehtiyacı olan yazarlara yardım etmək üçün İncəsənət və Ədəbiyyat Gildiyasını təşkil etdi.
   
   Sonrakı dövrlərdə Dikkensin həyatı müəyyən qədər keçmişini xatırlatmağa başladı. O, həyat yoldaşının qısqanclığına dözməyərək ondan ayrılmağa məcbur oldu. Əslində bunun günahkarı onun özü idi. Şöhrətin zirvəsinə ucalanda heyranları çox idi və Dikkens onlardan bəziləri ilə eşq macəraları yaşayırdı. Bu ayrılığa görə yaxın dostlarından çoxu ondan üz döndərdi. Dikkens 1870-ci il iyun ayının 9-da Londonda beyninə qan sızmasından vəfat etdi. Amma ölənə kimi Dikkens artıq adını dünyanın ölməz yazarları sırasına həkk etdirə bilmişdi.
   
    Dikkensin tərcümeyi-halını qələmə alan yaxın dostu, tanınmış yazar Con Forster onun haqqında belə deyirdi: "Dikkensin ən böyük uğuru şirin və cəlbedici şəkildə yazması idi. O özünə qarşı tələbkar idi, nizam-intizama çox riayət edərdi və olduqca səmimi insan idi".

TƏQVİM / ARXİV