adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Böll ailəsinin sonuncu katoliki

20989 | 2012-07-25 08:48
İngilis tənidçisi və ədəbiyyatşünası Yuill onun haqqında yazırdı: "Böll həmişə geniş miqyaslı yazıçı olub. Onu bütöv bir nəslin taleyi ilə bərabər, qarışqa yuvasına bənzər müasir şəhərlərdə yaşamağa məcbur olan ayrı-ayrı şəxslərin taleyi də narahat edir."
   
   Məşhur alman yazıçısı Henrix Teodor Böll (Heinrich Theodor Böll) Reyn Kölndə, ağac ustası Viktor Böllün və Mari Böllün ailəsində dünyaya göz açıb. Çoxuşaqlı ailənin fərqlənən övladında, uşaqlıqdan bəzi qəribəliklər müşahidə olunurdu. Böllün ulu babaları XIII Henrixin dövründə İngiltərədən qaçıb Almaniyaya sığınan mühacirlərdən idi. Bütün fanatik katolikllər kimi, onlar da protestant anqlikan kilsəsi tərəfindən təqib olunmuş, bu basqıya dözə bilməyib mühacirət etmişdilər. Ailənin sonuncu fanatik katoliki də Henrix Böll idi...O özünü daha çox bəşəri ideyaların daşıyıcısı hesab edirdi. Uşaqlıqdan şeirlər və hekayələr yazan Böll orta məktəbi bitirəndən sonra Hitleryuqendə("Gənc hitlerçilər" faşist təşkilatı) üzv olmayan tək-tük yeniyetmələrdən olur. Buna baxmayaraq, orta təhsilini başa vurandan bir il sonra onu məcburi əmək işlərinə cəlb edirlər. 1939-cu ildə isə Böll hərbi xidmətə çağırılır. O, şərq və qərb cəbhələrində kapral rütbəsində xidmət edir, bir neçə dəfə yaralanır, 1945-ci ildə Amerika hərbi hissələri tərəfindən əsir götürülür və bir neçə ay Fransanın cənubundakı hərbi əsir düşərgələrindən birində saxlanılır. Bütün bu yaşadıqları ona ciddi şəkildə təsir edir. Əsirlikdən qayıtdıqdan sonra yazıçı bir neçə müddət Köln universitetində təhsil alır, bir müddət atasının emalatxanasında, sonra isə Demoqrafik Statistika üzrə şəhər bürosunda işləyir və bütün bu müddət ərzində yaradıcılıqla məşğul olmağına davam edir.
   
   Gərgin yaradıcılıq
   
   1949-cu ildə onun ilk əsəri olan "Qatar vaxtında gəlib" povesti kitab halında çap olunur və ədəbi mühitin diqqətini cəlb edir. Əsər - müharibədən qayıdıb yenidən ölüm təhlükəsiylə üzləşən əsgərdən bəhs edir. "Qatar vaxtında gəldi" əsəri Böllün, mənasız müharibə, müharibədən sonrakı illərin ağrı-acılarından bəhs edən kitablar seriyasından olan ilk əsəridir. Bunların içində ən tanınmışları -"Yolçu, nə vaxt gələcəksəng", "Hardaydın, Adam?", və sair əsərləridir. Henrix Böllün müəllif üslubu nasizm pafosundan azad olan sadə, aydın alman dilini bərpa etmək məqsədi daşıyırdı. İlk romanı olan "Onun yarısında oynanılan bilyard"da yazıçı məşhur Köln arxitektorlarının ailəsindən bəhs edir. Əsər ailənin bir gününün təsviri ilə məhdudlaşsa da, xatirələr vasitəsilə Böll üç nəslin həyatını təsvir edir. Roman Kayzer Vilhelmin hakimiyyətinin son illərindən tutmuş 50-ci illərin "çiçəklənən Almaniya"sına qədər, böyük bir dövrü əhatə edib. "Onun yarısında oynanılan bilyard" Böllün əvvəlki əsərlərindən təkcə miqyasına görə yox, həm də forma baxımından mürəkkəbliyi ilə seçilir.
   
   Ümumibəşəri əsərlər müəllifi
   
   60-cı illərdə Böllün əsərləri kompozisiya baxımından daha da mürəkkəbləşir. Yazıçının 1963-cü ildə yazdığı "Klounun gözləriylə" povestində baş verən hadisələr də bir gündə cərəyan edir. Povestin mərkəzində, telefonla danışan gənc oğlan durur və hadisələr də məhz onun dilindən danışılır: Qəhrəman müharibədən sonrakı Almaniya cəmiyyətinin riyakarlığına tabe olmamaqçün təlxək rolunu oynamağı qərarlaşdırır.
   
   "İcazəsiz məzuniyyət" və "Bir ezamiyyətin sonu" əsərlərinin mövzusu da rəsmi dövlət orqanlarına qarşı yönəlib.
   
   Əvvvəlki əsərlərlə müqayisədə daha böyük həcmli və daha mürəkkəb struktura malik olan "Xanımla birgə çəkilmiş portret" romanı Leni Pfeyferin intervüsü və onun sənədləri əsasında qurulmuş reportaj formasında yazılsa da, burada baş qəhrəmanla bərabər daha altmış adamın taleyi açılır.
   
   Amerika tənqidçisi Riçard Lokk yazırdı; "Alman tarixinin altmış ili boyu Leni Pfeyferin taleyini izləyən Böll ümumbəşəri dəyərləri təbliğ edən bir roman yaratmağa nail olub".
   
   Aleksandr Soljenitsın Nobel mükafatlı dostu
   
   Bu roman, 1972-ci ildə Böllə Nobel mükafatı təqdim olunan zaman xüsusi qeyd olunmuşdu. "Alman ədəbiyyatının intibahına xidmət edən və reallığı geniş şəkildə əhatə etməklə bərabər insan xarakterlərini yüksək ustalıqla açan əsərlər yaratdığına görə" Böll 1972-ci ildə İsveç Akademiyasının adıçəkilən mükafatına layiq görülür. Akademiyanın nümayəndəsi Karl Raqner Qirov öz nitqində belə demişdi; "Bu intibah hamının fikrincə artıq məhvə məhkum olan, lakin təəccübümüzə rəğmən dirilib yeni bəhrələr verən bir mədəniyyətin küldən döğulub, alova çevrilməsiylə müqayisə oluna bilər".
   
   Hələ Nobel mükafatı almamışdan əvvəl Böllün əsərləri nəinki Qərbi, hətta Şərqi Almaniyada, SSRİ də daxil olmaqla bütün sosialist ölkələrində məşhurlaşmışdı və milyonlarla tirajla satılırdı.
   
   Bununla bərabər Henrix Böll yazıçıların beynəlxalq təşkilatı olan PEN-klubun, rejimlərin təzyiqlərinə məruz qalan yazıçılara hüquqlarının qorunması sahəsində gördüyü işlərə fəal şəkildə yardım edirdi. 1974-cü ildə SSRİ-dən sürgün olunan kommunist Aleksandr Soljenitsın Parisə köçməzdən əvvəl uzun müddət Henrix Böllün evində yaşamışdı.
   
   Kütləvi zorakılıqlara qarşı
   
   Soljenitsını müdafiə etdiyi dövrlərdə Böll "Katerina Blümün tapdalanmış namusu" adlı publisistik povestini yazır və satqın jurnalistikanı kəskin şəkildə tənqid edir. Bu əsərdə, haqsız olaraq təzyiqlərə məruz qalan qadın son anda bezib, namusunu tapdalamış reportyoru öldürür.
   
   1972-ci ildə, mətbuatda Baader Meynhoffun terrorçu qrupu barədə geniş materiallar dərc olunan zaman isə Henrix Böll "Qayğı qatarı" romanını yazır. Bu romanda kütləvi zorakılıq zamanı təhlükəsizlik tədbirlərinin ifrat gücləndirilməsindən doğan sosial narazılıqlar təsvir olunur.
   
   1942-ci ildə Henrix Böll Anne Mari Çex adlı bir xanımla evlənir Böll xanımıyla birgə bir çox amerikan yazıçılarının -Bernard Malamudun, Selencerin və s. əsərlərini alman dilinə tərcümə edir.
   
   Həmin 1985-ci ildə Böllün 1947-ci ildə yazdığı, lakin heç vaxt dərc etmədiyi "Əsgər mirası" romanı çap olunur. Bu əsərdə ikinci dünya müharibəsi zamanı Şərq və Atlantika cəbhələrində baş verən faciəvi hadisələr təsvir olunur. Öz romanlarında, pyeslərində, esselərində, Henrix Böll Almaniyanın İkinci dünya müharibəsi zamanı və sonraki illərdə yaşadığı ictimai prosesləri, bir çox hallarda ironik-satirik üslubda təsvir edib.
   
   Böyük yazıçı 67 yaşında Bonn yaxınlığında, oğlanlarından birinin evində qonaq qalarkən, gözlənilmədən vəfat edib.
   
   

TƏQVİM / ARXİV