adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

KiMYƏVi SiLAHLAR AYAQDAMI?..

BABƏK YUSİFOĞLU
37525 | 2012-07-25 08:48
Dünya narahatdı. Müharibə təhlükələrindən, işğallardan, yeni-yeni silah növlərinin istehsalından... Son günlər bu narahatlıqlar özünün yeni bir mərhələsinə qədəm qoyur. Belə ki, xeyli müddətdir Suriyada başlayan hakimiyyət-müxalifət müharibəsi artıq çox təhlükəli bir vəziyyətə gəlib çatıb. Situasiyanın mürəkkəbliyini bilmək üçün sadəcə dünya KİV-nin çaldığı həyəcan təbilini eşitmək kifayətdir.
   
   Suriya prezidenti Bəşər Əsədin qoşununa qarşı vuruşan Azad Suriya Ordusu dünyaya bəyan edib ki, onların əlində hakimiyyətin kimyəvi silah tətbiq etməyə hazılıq görməsi ilə bağlı dəqiq faktlar var. Bəyanatda deyilir ki, ordu malik olduqları kimyəvi silahları dövlət sərhədlərinin müəyyən yerlərinə və hava limanlarına yerləşdirməyə başlayıb.
   
   "Əsəd (Suriya prezidenti Bəşər Əsəd) artıq kimyəvi silah kompanentlərini yaymaq üçün nəzərdə tutulan qurğuları aeroportlarda və Suriya sərhədləri yaxınlığına yerləşdirməkdədir. Həmin silahların ölkə daxilində harada saxlanması Azad Suriya Ordusunun birləşmiş komandanlığına yaxşı məlumdur". (İnterfaks). Rus mətbuatının yazdığına görə, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Cihad Makdisi iki gün öncə Dəməşqdə keçirdiyi mətbuat konfransında açıqlama verib ki, Suriya ölkəyə kənar madaxilə olunacağı halda kimyəvi silahlardan istifadə edəcək. Onun sözlərinə görə, ölkədəki bütün kimyəvi silah anbarları dövlət qoşunlarının nəzarəti altındadır.
   
   Əslində bu cür bəyanatlar hakimiyyətin blefi kimi də dəyərləndirilə bilərdi. Lakin nüfuzlu hərbi ekspertlərin qənətincə, deyilənlər reallığı əks etdirir. Onlar bildirirlər ki, Suriyanın kimyəvi silahların qadağan edilməsi haqda beynəlxalq Konvensiyasını imzalamaması göstərir ki, ölkə bu cür silahlara malikdir. Və Makdisinin mətbuat konfransında verdiyi bəyanat da bunların rəsmən təsdiqlənmnəsidir.
   
   Mütəxəsislərə görə, Suriya hakimiyyətinin nəzarətində olan kimyəvi silahlar təkcə Suriya xalqı üçün deyil, ümumilikdə bütöv bir region üçün böyük təhlükələr yarada bilər. Kimyəvi silahların digər silahlardan (Nüvə silahı istisna edilməklə) qorxunc fərqi ondadır ki, onun işə salınmasından sonra qarşısının alınması artıq mümkün deyil və silahın təhlükəli təsiri uzun müddət davam edir. Artıq Suriyaya qonşu dövlətlərin hamısı, eləcə də Türkiyə dərin narahatlıq keçirir.
   
   Mütəxəsisilərin fikrincə kimyəvi silah tətbiq olunarsa bu, Azərbaycana birbaşa təhlükə yaratmayacaq. Amma bu o demək deyil ki, nisbətən uzaqda yerləşən digər dövlətlər yüz faiz ziyan çəkməyəcəklər. Kimyəvi silahların təsir mexanizmləri nəzərə alınarsa, onun zərərli nəticələri hər yerdə özünü göstərə bilər.
   
   Əlbəttə, elə hesab edənlər də var ki, Bəşər Əsəd belə bir risqi göz önünə almayacaq. Bu misli görünməmiş faciələrlə nəticələnə bilər. Amma hazırki sıxılmaz vəziyyətə nəzər salsaq, sonu yaxanlaşan zaman Əsədin hər şeyə əl atacağını təxmin etmək mümkündü. Boğulan saman çöpünə də əl atır, deyirlər. Rəsmi Vaşinqton Suriyadan gələn bu təhlükəli təhdidi çox narahatlıqla qarşılayıb. Birləşmiş Ştatların müdafiə nazirliyinin nümayəndəsi Corc Litll Suriya hakimiyyətinə rəsmi xəbərdarlıq göndərib. Xəbərdarlıqda bildirilir ki, indiki iqtidar hətta kimyəvi silahı işlətməyi ağlından belə keçirməməlidir. "Suriya tərəfi bir saniyə belə düşünməməlidir ki, kimyəvi silahı tətbiq edə bilər".
   
   BMT-nin baş katibi Pan Kİ Mun isə Suriya hakimiyyətinin bu cür bəyanatını pisləyib. O deyib ki, belə təhlükəli hərəkət son dərəcə ağılsız bir addım olar. Amma qeyd etmək lazımdır ki, Suriyada baş verənlər onu deməyə əsas verir ki, indi cəryan edən hadisələr məhz ağılsız hökmlərin nəticəsidir. Və başını itirmiş, ümidsizliyə qapılmış, geriyə yolu qalmayan prezidentdən daha ağıllı qərarların, əmrlərin gələcəyinə ümid yoxdur. Ona görə də dünyanın aparıcı dövlətləri insanlar üçün yarana biləcək bu böyük təhlükənin qarşısını vaxtında almalıdırlar. İmkan vermək olmaz ki, Bəşər Əsəd on minlərlə insanı zəhərləyib öz ardınca aparmasın.
   
   Hələlik orada nələrin baş verəcəyini, kimyəvi silah təhdidlərin nə ilə nəticələnəcəyini dəqiq demək mümkün deyil. Məlum olan təkcə budur ki, tərəflər aralarındakı bütün körpüləri yandırıblar...

TƏQVİM / ARXİV