adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

"OKEAN ADAM"...

BABƏK YUSİFOĞLU
65590 | 2012-07-24 08:39
Düşünürəm ki, heç bir təhqiqat, heç bir elmi araşdırma deyə bilməz ki, Yer kürəsində həyat başlayandan ta bu günümüzədək nə qədər insan dünyaya gəlmişdir. Amma hər kəs asanlıqla təxmin edə bilər ki, gəlib-getmişlərin sayı yüz milyardladır. Və belə böyük rəqəm adamı heyrətləndirməyə bilmir. Axı, bu həm də yüz milyardlarla fərqli tale, biri digərinin təkrarı olmayan həyat deməkdir.
   
   Əlbəttə, heç şübhəsiz ki, insanların çox böyük, özü də lap çox böyük əksəriyyətini öncə yalnız anaları, ataları, sonra yaxınları, daha sonrasa ətrafı və başqaları tanıyırlar. Lakin hər kəs təsdiq edər ki, elələri də doğulur ki, yaşadıqları həyatı böyük amallara, dəyərli işlərə həsr etdikləri üçün onlar adlarını insanlığın yaddaşına yazaraq həmişəyaşarlıq qazanırlar. Böyük zəka adamları, ixtiraçılar, yaradıcı şəxslər, istedad, bacarıq sahibləri...
   
   O da məhz belələrindən idi. Elə şəxslərdən idi ki, öz işi ilə məşğul oldu, insanlar, dünya mətbuatı ona adlar qoydular: "Okean adam", "Yer planetinin kapitanı"...
   
   Mən bu qəribə adam haqqında bildiklərimi artırandan, haqqında daha çox məlumat toplayandan sonra onu bir şəxsiyyət kimi sevdim. Təkcə ona görə yox ki, bu adam ömrünü təbiəti tədqiq etməyə, qeyri-adi sənədli filmlər çəkməyə, ekoloji problemləri öyrənməyə, möcüzəvi kəşflərə imza atmağa həsr etmişdi. Əslində elə bunlar da kifaəyət edir ki, tanıyanlar ona bir şəxsiyyət kimi dərin hörmət, məhəbbət bəsləsinlər. Amma dünyaya əsl xristian kimi gələn, elə xristian kimi tərbiyyə alan və böyüyən, elm sahibi olan, müxtəlif kəşflərin altına öz imzasını qoyan, dərin zəka sahibi kimi tanınan bir adamın ürəkdən inanaraq İslamı qəbul etməsi onu mənim gözlərimdə çox yüksəklərə qaldırdı. Əslində ona olan bu böyük hörmətin qaynağı belə qeyri-adi adamın heç mənimlə dindaşa çevrilməsi də deyildi. Hər şeydən öncə bu, ağıllı bir Allah bəndəsinin Tanrının varlığına, Qurani-Kərimin İlahi kəlamlardan ibarət olduğuna elmli şəkildə inanmsından doğan münasibət idi.
   
   O, 1400 il öncə nmüqəddəs Qurani-Kərim vasitəsi ilə xəbər verilən bir gerçəyi - dərin sularda iki fərqli suyun biri-birinə qarışmamasına verilən İlahi hökmü bir daha kəşf etmişdi. Və bunu müqəddəs Kitabda da oxuyanda heyrətindən qışqırmışdı: "And içirəm, bu, müasir elmin 1400 il geri qaldığı Qurandır. Və bu insan kəlamı ola bilməz. Bu, İlahinin gerçək sözləridir".
   
   Bəli, bəziləri ya qeyri-müsəlmançılıq təkəbbüründən, kimlərsə ümumiyyətlə Tanrıya inanmadıqlarından, bir qismsə dəxli olmayan bəhanələrlər üzündən Quranda yazılanları qəbul etməzlər. Amma o, bütün dünya qarşısında etirafda bulundu ki, Qurani-Kərim Allahın Yer üzündəki insanlara göndərdiyi kəlamlardır. Çəkdiyi filmləri, etdiyi kəşfləri, yazdığqlarını, əsərlərini, elmə verdiyi töhvələri... bir tərəfə qoysaq, onun gerçəyi etiraf etməsinin özü də böyüklük deyilmi?.. Böyüklükdü. Və bu böyük insan məşhur Kapitan Kusto idi...
   
   (Bəzi mənbələr aqressiv, qatı xristianlıqdan gələn sifarişlərə əsasən Kustonun İslamı qəbul etməsi ilə bağlı yazılanları təkzib etsələr də fakt faktlığında qalır).
   
   
   
   JAK-İV
   
   
   
   O, 1910-cu il, iyunun 11-də Fransanın çox da böyük olmayan bir şəhərində, Bordo yaxınlığında - Sent-Andre-de-Kübzakda doğuldu. Jakın atası Daniel hüquqşünas idi və vəkilliklə məşğul olduğu üçün ailənin maddi durumu pis deyildi. Daniel Kusto hüquqşünas olmasına baxmayaraq səyahəti də çox sevər, imkan yaranan zaman ailəsi ilə birgə müxtəlif şəhərləri gəzərdi. Çoxları belə hesab edir ki, gələcəkdə Jak-İvin səyyahlığa sevgisi, həvəsi məhz bununla başlamışdı.
   
   İnsanlar sonradan onun özünün yazdıqlarından öyrənəcəkdilər ki, dənizlərə, çaylara maraq Jak-İvdə çox erkən yaşlarından başlayıb. Amma balaca Kusto uşaqlıq dövrlərində çox məhdudiyyətlər yaşamağa məcbur qaldı. Çünki 7-8 yaşlarında olarkən o bərk xəstələndi, həkimlər ona xroniki entirit diaqnozu qoydular. Və bundan sonra ailə həkimi ona bir sıra qadağalar tətbiq etdi. Amma bütün görülən tədbirlərə, aparılan müalicələrə baxmayaraq uşaq arıqlamağa başladı. Əslində həmin illəri Kusto ailəsi üçün sınaq illəri də adlandırmaq doğru olardı. Belə ki, Birinci Dünya Müharibəsi dövründə işini itirən Daniel Kusto işsiz qaldığı üçün həmin vaxtlar onların xeyli problemləri yaranmağa başladı.
   
   Lakin atası müharibədən sonra amerikalı Yevgeni Hiqqinsin kompaniyasında işə düzəldi. İşin tələbatına görə, tez-tez səyahətlərə çıxan Daniel bundan darılmasa da ailəsindən uzaq qalmalı olurdu. Oğulları Pyer-Antuan və ondan dörd yaş kiçik Jak-İvin qayğıları, tərbiyyəsi bütünlüklə anası Elizabetin üzərinə düşürdü. Sonradan valideynləri uşaqları internat-məktəbə qoymağa qərar verdilər. Və bundan sonra qardaşlar zamanlarının çoxunu elə internat-məktəbdə keçirməli oldular. Jak-İv məhz oxuduğu həmin illərdə suda üzməyi öyrəndi, dənizi sevdi, özünün bir parçası kimi hiss etdi...
   
   
   
   OKEANIN O TAYINA
   
   VƏ BU TAYINA...
   
   
   
   Çox maraqlı idi, ümumiyyətlə, ailənin səyahətlərlə bağlı olması sanki talelərinə də yazılmışdı. Belə ki, kompaniayanın rəhbəri 1920-ci ildə Avropanı tərk etməyə qərar verdi və Birləşmiş Ştatlara qayıtdı. Kustolar ailəsi də onunla bərabər okeanın o tayına daşınmalı oldular. Məktəbli Kusto qardaşları təhsillərini Amerika məktəblərinin birində davam etdirməyə, ingiliscə öyrənməyə girişdilər. Məhz həmin illərdə də Jak-İv müxtəlif sahələrlə maraqlanmağa başladı.
   
   Mexanika, texnika, tərtibat işləri, fotoqrafiya Jakın ən çox maraq göstərdiyi sahələr idi. Onların Amerika həyatı elə də uzun sürmədi. Iki ildən sonra yenidən Hiqqenslə bərabər Fransaya döndülər. Vətənə qayıtdıqdan sonra nəsə yaratmağa, nəyisə kəşf etməyə can atan balaca fransız cürbəcür hissələrdən batareya ilə işləyənm avtomobil yaratdı.
   
   Bunu gənc ixtiraçının uğuru adlandırmaq olardı. Əslində Jak-İv daha çox işlər görməyə can atırdı... Uzun müddət qənaətlə yığdığı pulla özünə ilk kinokamera aldı.
   
   Jak-İv oxuduğu məktəbi fərqlənmə ilə bitirdi. 1930-cu ildə o, Brest hərbi-dəniz məktəbinə daxil oldu və burada da çoxundan fərqləndi. Onu da qeyd edim ki, həmin dövrlərdə dünya səyahətinə çıxan "Janna d"Ark" gəmisindəki ilk kursant-dənizçilərin sırasına o da qatılmışdı. Və bu uzun sürən səyahətdə gördükləri, okeanla yaşadıqları onda qeyri-adi bir təəssürat buraxmışdı. Jak-İv Kusto hərbi dəniuzçilik məktəbini praporşik rütbəsində (bir müddətdən sonra leytinant çini qazanacaqdı) bitirəndən sonra rəhbərlik onu Şanxaydakı hərbi-dəniz bazasına xidmətə göndərdi. Yeri gəlmişkən bildirim ki, Kusto keçmiş Sovet İttifaqında da olmuşdu.
   
   GÖYLƏRƏ SARI GÖRÜNƏN YOL DƏNİZİN DİBİNƏ ENDİ...
   
   
   
   Onun maraqlı həyat yolunda həmin dövrlərdə qəribə bir hadisə baş verdi. Belə ki, dənizlərin, okean sularının vurğunu olan Kusto bu dəfə səmalara mehrini salmışdı. Göy üzünün ənginliklərində qanadlanmaq üçün dəniz aviasiya akademiyasına getməyə qərar verdi. İnanırdı ki, bundan sonra buludlara yaxın olacaq. Amma təsadüfü bir hadisə bunun qarşısını aldı.
   
   Bəlkə də həmin hadisə baş verməsəydi onun həyatı tamam başqa cür olacaqdı. Bəlkə də indiki kimi məşhurluq qazana bilməyəcəkdi. Cəmiyyətə verdiklərini verə bilməyəcəkdi. Kim bilir...
   
   Bir dəfə Kusto dağ yolu ilə gələrkən avtomobillə qəzaya uğradı, ağır yaralandı: bir neçə qabırğası, sol əlinin bir neçə barmağı sındı, ciyəri xəsarət aldı, sağ əli əvvəlki hərəkət qabiliyyətini itirdi. Məhz bundan sonra Jak-İv aviasiya sevdasından imtina etməli oldu. Və onun müalicə-bərpa kursu xeyli çəkdi. Onun haqqında yazanlar qeyd edirlər ki, bu, bir ilə yaxın sürdü. Və sağalıb ayağa qalxmasına gələcəkdə onun həyat yoldaşı olacaq gənc qız - Simona Melkiorun çox böyük köməyi dəydi. Yeri gəlmişkən bildirim ki, Jak-İvin Simona ilə münasibətlərini rəsmləşdirməsinə elə də çox böyük zaman lazım gəlmədi. Cütlük evlilik qərarından sonra vaxtı uzatmadan evlənərək Kustonun xidmət çəkdiyi yerə - Tulona getdilər.
   
   Bəlkə də insan həyatı böyük və ya kiçik, ən adi təsadüflərin təsiri ilə yönlənir. Məncə bu doğrudur. Çünki sonradan, yəni yaşanmış ömrə nəzər salanda bunu çılpaqlığı ilə görmək mümkündü. Deyilənə görə, Jak-İv 1936-cı ildə "Süfren" kreyserində təlimatçı vəzifəsində işə girəndən bir qədər sonra liman şəhərlərinin birində təsadüfən mağazada su altında üzmək üçün istifadə edilən eynək görür. Əvvəlcə adi maraq ucbatından suyun altını seyr etməyə düşən Kusto elə ilk anlardaca anlayır ki, sualtı dünya onun həyatda gözlədiyi, amma indiyədək dərk etmədiyi həmin gerçəkdir.
   
   Sonralar Jak-İvin dostlarına çevriləcək Filipp Taye və Frderik Dümayla ilk dəfə suyun dərinliklərinə baş vurduqları haqda o, belə yazacaqdı: "...Birdən mənim gözləim önündə ecaskar bir mənzərə açıldı: müxtəlif sualtı bitkilərlə örtülmüş sualtı qayalar, dupduru sualarda üzən və heç vaxt görmədiyim balıqlar... Yeni hava üçün suyun üzərinə çıxanda isə hər tərəfdə şütüyən maşınları, hərəkətdə olan insanları, küçələrdəki fanarları gördüm. Yenidən dərinliyə baş vuran kimi həmin dünya gözlərimin önündən itdi və qarşımda sudan kənarda olanlar üçün əlçatmaz olan, toxunulmamış bir aləm yenidən açıldı".
   
   
   
   (Ardı qəzetin 31 iyul sayında)

TƏQVİM / ARXİV