DüNYANIN DƏRDi...

ƏBÜLFƏT MƏDƏTOĞLU
28331 | 2012-07-24 08:39
Əslində bu yazının yarımbaşlığı bir atalar sözündən götürülüb və ona da bir balaca əl gəzdirilmişdi. Çünki atalar həmin o müdrik kəlamı belə ifadə ediblər: "Hərənin dərdi özünə bir dəvə yükdü!".
   
   Bəli, indi mən bu atalar sözünün daxilinə üz tutanda qarşıma bir məqsəd qoymuşdum. Məqsəd də bundan ibarətdir ki, öz dərdimlə dünyanın dərdini üz-üzə gətirim, qarşılaşdırım, görüm hansı ağır gələr. Bu da səbəbsiz deyil. Yəni bu yükə düşməyimin səbəbi dünya KİV-ləri oldu. İstər internet saytları, istər qəzetlər, istər ekran və efirlər, bir sözlə, hansı birinə üz tutursansa, mütləq qeyri-adi bir xəbərlə qarşılaşırsan. Bilmirsən güləsən, yoxsa ağlayasan?..
   
   Bəli, indi bu dünya doğrudan-doğruya ağlamalı, gülməli günə qalıbdı. Elə bir günə qalıb ki, dərddən başını itirib. Əgər bu dünya dərddən başını itirməsəydi, onda üst-üstə yığdığı dərdələrin içində, heç olmasa, bir fərli dərdi ilə seçilərdi, öyünərdi. Vallah, bu dünyanın öyünəsi, sayılıb-seçilən heç bir dərdi yoxdu. Əgər varsa, onu da çəkməyə hazıram. İnanmırsınızsa, onda dünyanın gündəmində olan dərdlərinə gəlin birlikdə nəzər salaq.
   
   Gündəlik xəbərlərə göz yetirirəm. Məlum olur ki, dünyanın harasındasa qeyri-adi bir hadisə baş verib. Bu hadisə də ondan ibarətdir ki, otellərin birində oturub zürafə ilə nahar etmək mümkündü??!! Dərdə baxın, insan bu xəbəri oxuyur və zürafə ilə nahar edənə həsəd aparır. Və yaxud dünyanın başqa bir yerində ərə gedib, ailə qurub xoşbəxt olmağı yadından çıxaran birisi özünə 500 gəlincik alır və işi-gücü də bu 500 gəlinciyin arasında yatıb-durmaqdı. Sadəcə, onun bir problemi yar: həmin gəlinciklərdən hansını qucaqlayıb yatmağı bəzən müəyyənləşdirə bilmir??!! Dərdə bax e, sən Allah!
   
   Və yaxud dünyanın tamam başqa bir yerində insanlar ürəklərini boşaltmaq üçün fikirləşib bir üsul tapıblar. Həmin üsulun qaydası budur ki, 1,5 avro pul ödəyirsən, sonra düz bir dəqiqə dünyanın ən biədəb sözlərindən ibarət söyüşlər söyüb ürəyini boşaldırsan??!! İndi siz dünyanın o yerindəki dərdə də baxın də?
   
   Şəxsən mənim tanıdığım adamlar var ki, onlar heç pul-zad da ödəmədən istədikləri vaxt, istədikləri yerdə ən biədəb söyüşləri söyüb kef edirlər. Hamı da bunu onların qüsuru hesab etdiyindən üstlərinə getmir, necə deyərlər, sözlərinin başına ip salmırlar. İndi mən fikirləşirəm ki, bu adamlar pul ödəməli olsaydılar, yəqin ki, danışmağı özlərinə qadağan edərdilər, nəinki söyüş söyməyi.
   
   Dünyanın başqa bir yerində son dərəcə qəribə bir dərd özünü göstərib. Yüzlərlə tısbağa sahibindən xəbərsiz fermadan qaçıb... Hə, bütün bu dünyanın özünə mətbuat vasitəsi ilə dərd etdiyi hadisələrin bir qismini sizə xatırlatmaqla mən həm dünyanın dərdinə şərik oluram, həm də dünyanın nə durumda, hansı gündə olduğunu sizlərə çatdırmaq istəyirəm. Düşünürəm ki, hardasa bir sərçənin işıq xəttindən asılı qalması, bir tısbağanın qoruqdan qaçması, bir çaqqalın zooparkı tərk etməsi və sair və ilaxır, sən demə, əməlli-başlı dərd imiş, mənim xəbərim olmayıb. Elə xəbərim olmadığına görə mən də oturub-durub dünyanı qınayıram ki, niyə mənim halıma yanmır, dərdimə qalmır. Sən demə, mənim dərdim dünyanın dərdlərinin sırasında heç sonuncu da deyilmiş. Necə deyərlər, dərd dünyanınkı imiş??!!
   
   Bu yerdə yadıma rəhmətlik Məmməd Arazın bir beyti düşür:
   
   
   
   Məni qınayanın beləsi belə,
   
   Mən belə dünyanın nəyindən küsüm...
   
   
   
   Hə, indi özünüz nəticə çıxarın və dərdinizi özünüz çəkin, dünyaya umud olmayın. Yoxsa bu gedişlə şamsız da qala bilərsiniz.

TƏQVİM / ARXİV