XƏRçƏNGiN DƏRMANI TAPILDI?

FAİQ QİSMƏTOĞLU
25994 | 2012-07-21 08:32
İnsanlar uzun müddət baş sındırıb xərçəng xəstəliyinin dərmanını tapmaq istəyiblər. Ancaq dünya alimləri nə qədər çalışsalar da onun əlacını tapa bilməyiblər. Sən demə, Allah min dərd verdiyi kimi, min bir də çarə verib. Ancaq bu çarə heç də asanlıqla tapılmır. Çünki hər şeyin çətinliyi olduğu kimi, xəstəliyin müalicəsi də bir çox problemlər yaradır.
   
   Hansı ki, dünya alimləri illərdir bir şey eləmək istəyir, təcrübə aparır, ancaq konkret olaraq hələ ortaya bir şey qoya bilmirlər. Deyəsən, xərçəngin dərmanı elə Azərbaycanda tapılıb. Bunu üçün alimlərimiz o qədər də baş sındırmayıblar. Əgər mətbuata diqqət yetirsək və müxtəlif dövrlərin qəzetlərinə baxsaq görərik ki, "bizim alimlər" bu xəstəliyin dərmanını çoxdan "kəşf" ediblər. Bir də görürsən ki, hansısa televiziya kanalında və qəzet səhifəsində bir informasiya yayılır. Guya, pomidor xərçəngin dərmanıdır. Bundan bir qədər keçməmiş başqa bir mətbuat orqanında yazırlar ki, sən demə pomidor xərçəngin dərmanı yox, əksinə xərçəng törədir.
   
   Bir neçə gün bundan əvvəl isə qəzetlərin birində yazılmışdı ki, çox çay içmək xərçəng törədir. Bu günlər isə "Yeni Müsavat" qəzetində belə bir xəbər çap edilmişdi ki, bəs çay xərçəngin dərmanıdır. Hətta çay prostad vəzinin xərçəngini tamamilə sağaldır. Atalar yaxşı deyib: "Qulaq gündə bir söz eşitməsə, kar olar". İndi bizim də bir çox mətbuat orqanları gündə bir şey "kəşf" eləməsə ürəkləri partlayar. Belə çıxır ki, bizim məmləkətdə artıq xərçəngin dərmanı tapılıb.
   
   Bir məsələni də qeyd eləyək ki, bizdə bu cür qəribə-qəribə hoqqaları çıxaran və camaatı barmağına dolayan nə qədər dələduz və fırıldaqçı var. Bu dələduz və fırıldaqçılar gündə bir oyundan çıxırlar. Məsələn, əgər kiminsə gətirdiyi ərzaq və sənaye malları bazarda şıdırğı satılırsa, o dəqiqə maraqlı adamlar və daha doğrusu, inihisarçı qüvvələr belə bir dezinformasiya yayırlar ki, həmin məhsulların tərkibində xərçəng xəstəliyini törədən elementlər var.
   
   O dəqiqə də bu məlumatı maraqlı qüvvələr müxtəlif kütləvi informasiya vasitələrinə ötürürlər və bu mətbuat orqanları da guya Amerika kəşf eləyirmiş kimi, mövzunun ətrafında gəzişmələr eləyir, hətta müxtəlif ekspertlərin fikirlərini də səsləndirirlər. Bəzi ekspertlər deyir ki, bəli, həmin məhsulların tərkibində xərçəng törədən elementlər var. Digər bir tərəf isə and-aman eləyir ki, gətirdiyimiz məhsullar dünya standartlarına uyğundur və əlimizdə daşdan keçən sertifkat var.
   
   Amma buna baxan kimdir? Atalar onu da yaxşı deyib: "Dəyirman bildiyini eləyər, çax-çax baş ağrıdar". Yəni o inihisarçı qüvvələr arxasız adamın gətirdiyi hər hansı ərzaq və sənaye məhsulunu əks təbliğatla elə gözdən salır ki, adamın matı-qutu quruyur. Həmin malı gətirən adam ziyana düşəndən sonra bir daha ikinci dəfə bu addımı atmaq istəmir. Başqa sözlə demiş olsaq, belələri fikirləşir ki, elə ziyanın yarısından qayıtmaq da xeyirdi.
   
   Bir ara da söz-söhbət yayıldı ki, yaşayış binalarının üstündəki dam örtüyü kimi istifadə olunan şiferlər radiasiya mənbəyidir. Hətta ekspertlər yaxalarını cırıb deyirdilər ki, bu, şiferlərdən istifadə etmək xərçəng xəstəliyinə düçar olmaq deməkdir. 70-80 il dam örtükləri şiferdən olan insanlarsa and-aman eləyirlər ki, əgər belə bir xəstəlik olsaydı, heç olmasa kənddə-kəsəkdə bir adam həmin xəstəliyə müptəla olardı. Hansı ki, rayon yerlərində, kəndlərdə və yaşayış məntəqələrində əksər binaların dam örtüyü şiferdəndir.
   
   Qəribəsi odur ki, bu söz-söhbət ən yüksək səviyyələrdə eşidildi. Hətta belə fikrə gəldilər ki, təcili surətdə respublikada evlərin dam örtüyündə şifer olan mənzillərin üst qatı sökülsün. Təbii ki, əksər insanlar yaxşı bilirdilər ki, bu söz-söhbəti yaradanlar heç də camaatın, xalqın və millətin dərdini çəkmir. Sadəcə olaraq, müəyyən inhisarçı qüvvələr yeni tikinti materialları gətiriblər və bazarı ələ keçirmək istəyirlər. Onlar bazarı ələ keçirməklə yanaşı, yeni bir fırıldaq işlədərək, hətta uzun illər dam örtüyü şiferdən olan mənzillərdə də dəyişiklik aparmaq fikrindəydilər.
   
   Görünür, müəyyən qüvvələr onların arzularını gerçəkləşməyə və çin olmağa imkan vermədilər. Yoxsa indi imkanlı və imkansız adamların hamısına məcbur eləmişdilər ki, evinizin şiferdən olan dam örtüyünü dəyişin. Elə bilirsiniz eləyə bilməzlər. Bizdə nə desən baş verə bilər. Hətta lazım gəlsə, onbeş, on altı mərtəbəli binalar bir göz qırpımında dağıdılar. Məgər dağıdılmayıb? Bunu ki, çoxları yaxşı bilir.
   
   Sən demə, müəyyən maraqlı adamlar hər an bir şey fikirləşib tapırlar. Məsələn, onlar fikirləşirlər ki, necə eləyək kasıb və imkansız adamları təzyiq altında saxlayaq. Bunun üçün çox asan və sadə bir yol fikirləşib tapırlar. İlboyu kəndlinin əzab-əziyyətlə yetişdirdiyi məhsul sahədə alıcı ucbatından yığılıb qalır. Kartofun kiloqramı 10 qəpiyə, pomidoru 5 qəpiyə, qarpızı 3 qəpiyə kəndli satmağa məcbur olur. Onu da qəsdən ona görə edirlər ki, yerli məhsullar bazarda çox gözə dəyməsin. Çünki xaricdən inihisarçı qüvvələr vaqon-vaqon kartof, soğan, pomidor, xiyar, mer-meyvə gətirir. Və onlar heç vaxt imkan verməzlər ki, bazarlarda əli qabarlı kəndli öz məhsulunu çıxarıb, baha qiymətə yox, heç olmasa orta qiymətə sata bilsin.
   
   Lənkəranda fermerlər pomidorun sahələrdə çürüdüyünü deyir. Sabirabadda qarpızın, yemişin bostanda qaldığını kəndlilər hay-haray qaldırıb yuxarılara çatdırır. Bir çox rayonlarda isə alıcı olmadığına görə, mer-meyvələrin bağlarda çürüdüyünü onu becərənlər danışırlar. Bu yaxınlarda "Xəzər" TV-də kartofu satılmayan insanların kartofuna mərsiyə səsləndirirdi. Həmin mərsiyənin də motivi belə idi ki, ay yazıq kəndli, ay yazıq fermer, sənin əzab-əziyyətlə becərdiyin kartof sahələrdə qaldı. Alıcı tapılmadı. Onu becərən insanlarınsa balaları qarın dolusu çörək yeyə bilməyəcək. Gözünü həmin məhsula dikən kəndlinin qışda nələr çəkəcəyini bir Allah bilir. Bir Allah bilir ki, kəndlinin əkdiyi kartofun maya dəyərini, sadəcə olaraq toxumun pulunu çıxara bilməyiblər. Heç çıxara da bilməyəcəklər.
   
   Çünki inihisarçılar dişlərini qıcayıb və gözlərini bərəldib elə işlər görürlər ki, kəndlinin alın təri ilə becərdiyi məhsullar bostanda, tarlada qalır və çürüyür. İnihisarçının da vaqon-vaqon gətirdiyi məhsullar bazarlara ötürülür. Bir inhisarçı kartof, başqa birisi yumurta, digəri isə xaricdən mer-meyvə gətirdir. Belə olan halda isə təbii ki, halal yolla əziyyət çəkib, torpaqda can qoyan insanlar çıxılmaz vəziyyətə düşəcəklər.
   
   Heç uzağa getməyək. Ən məşhur şadlıq saraylarına getsəniz, görərsiniz ki, həmin şadlıq saraylarının stolunun üstündə bir dənə olsun yerli mer-meyvə yoxdur. Hamısı xarıcı mer-meyvələrdi. Hamı da yaxşı bilir ki, "bərkgedən" şadlıq sarayları kimlərə məxsusdu və onun arxasında hansı qüvvələr durur.
   
   İndi camaat da və eləcə də oxucular da çox vaxt çaş-baş qalır. Bir mətbuat orqanında yazılır ki, filan meyvə və yaxud filan içki xərçəng törədir. Başqa bir mətbuat orqanıda bir neçə gün keçməmiş oxuyursan ki, sən demə, pomidorun, qarpızın, yemişin və çayın çox böyük müalicəvi əhəmiyyəti varmış. Yəni onlar xərçəng xəstəliyinin qarşısını alır. Bax belə olanda, adamlar çaş-baş qalır, bilmir dünya alimlərinin söylədiklərinə inansın, yoxsa bizim "alimi-biəməllərin" icad elədikləri "yeniliklərə".
   
   Dünya öz sirləri ilə həmişə insanları heyrətləndirib. İnsan beyni hələ ki, dünyanın sirrinin uzaqbaşı beş-on faizinə yiyələnib. Deməli, qalan 90 faizi haqqında hələ insan tam bilgiyə və elmi təfəkkürə malik deyil. Nə qədər ki, elmi-tekniki tərəqqi inkişaf edir, nə qədər ki, müasir texnologiyalar insanların həyatına daxil olur, bir o qədər də müxtəlif xəstəliklərin və eləcə də xərçəngin geniş yayılması üçün şərait yaradılır.
   
   Siz bir işə baxın ki, artıq əksər qida və yeyinti məhsullarının geni motifikasiya olunub. Geni dəyişdirilmiş məhsullarla qidalanmaq isə müxtəlif xəstəliklərin, o cümlədən xərçəngin yaranmasına şərait yaradır. Əgər torpaqda əkilən 1 hektar pomidor sahəsindən uzaqbaşı 15-20 ton məhsul götürmək mümkündürsə, yeni texnologiya ilə və geni dəyişdirilmiş məhsuldan həmin 1 hektar sahədən 100-200 ton pomidor götürülür. Guya bu dünyanın yeni texnologiyasıdır. İstixanalarda torpağa basdırılmayan və kökü suda olan pomidorların insan səhhəti üçün nə qədər təhlükəli olduğunu mütəxəssislər yaxşı bilir. Amma nə olsun, bəh-bəhlə tərifləyirlər ki, istixanalarda yetişən pomidordan olmaz.
   
   Həmin pomidorun kiloqramını bazarlarda 1 manat yarım. 2 manata şıdırğı satırlar. Lənkəranda, Şabranda, Xaçmazda sahələrdə pomidorlar qalıb çürüyür, onun kiloqramına yerlərdə 20 qəpik vermirlər.
   
   Bax belə-belə işlər bizim başımıza oyun açır və gündə qulağımızı ayrı-ayrı maraqlı adamlar qorxulu xəbərlərlə doldururlar. Doldururlar ki, biz hər şeydən qorxaq və təbii yolla yetişən məhsullardan üz çevirək, geni dəyişdirilmiş məhsulları alaq. Təbii ki, bütün bunlar millətin başının altına yastıq qoymaqdan və onu uçuruma aparmaqdan başqa bir şey deyil. Hər halda, insanlar yaxşı-yaxşı fikirləşməli, təbii və süni yolla yetişdirilən məhsulları bir-birindən ayırmağı bacarmalıdır. Bax onda o deyilən xəstəliklərdən istər-istəməz uzaq durmaq olar.

TƏQVİM / ARXİV