adalet.az header logo
  • Bakı 18°C

UZUN ALLAHVERƏN

21114 | 2012-07-21 08:32
(Əvvəli ötən şənbə sayımızda)
   
   
   
   Aradan uzun illər keçsə də, tarix bu və ya digər formada təkrar olunur, düşmən kül altında yatan köz kimi yenidən alovlanıb öz düşmənçiliyini davam etdirir. Tariximiz boyu başımıza gələnlər bunun sübutu deyilmi? Qarı düşmən qarımır. Axan qanlar qövr edib lalə güllərə çevrilib yenidən çiçəkləyir, şəhidlərin, ölməz ruhları ərənlərin, Vətən oğullarının varlığında yenidən boy verir.
   
   Bu mənada biz keçmişimizi xatırlamadan, ulu babalarımızın döyüşkən obrazlarını bərpa etmədən balalarımıza milli kimliyimizi sübut edə bilmərik.
   
   Ölkəmizin, vətənimizin hər bölgəsində, hər kəndində şəhidlərimiz olub, olmaqdadır və nə qədər bu millət var bu igidlik yolu da davam edəcək. Ağamalı Sadiq deyirdi:
   
   
   
   "Bu millət yolunda
   
   bir son döyüş var,
   
   Bu gün olmasa da,
   
   sabah olacaq"...
   
   
   
   Haqqında söz açıb obrazını cızacağımız bu igid, qorxmaz insan- Uzun Allahverən İncə dərəsinin igidlik salnaməsini yazan, hələ də göstərdiyi şücaətləri dillərdə dastan olan bir türk kişisi olub...
   
   
   
   ***
   
   Yazın ilkin ayları ötmüş, ağacların meyvələri artıq sulanıb yetişmək üzrə idi. Topa-topa uçan sığırçın dəstələri bulud kimi tut ağaçlarının budaqları arasına doluşur, yenicə yuvasından pərvazlanan balaların səs-küyü aləmi başına götürmüşdü. Çardağın altında bağlanmış göy dəmir rəngli ata iki göz istəyirdi tamaşa etsin. Finxiraraq qabaq ayaqları ilə yeri eşən, cilovlanmağına üsyan edən, par-par yanıb işiq saçan at Uzun Allahverənin güvəndiyi dostu, etibarlı silahdaşı idi. Eyvandakı taxtın üstündə mütəkkəyə dirsəklənmiş Allahverən gah göy atına tamaşa edir, gah da Avey tərəfdən qalxan qara buludlara baxırdı.
   
   -Bu dəfə də yaxşı sovuşdun xatadan, ay Qara (İncəli Qaçaq İsmayılın bir ayaması da Qara İsmayıl idi ), -deyib, qaçaqların getdiyi istiqamətə boylanırdı.
   
   O, dünən Qazax bazarı yanındakı çayxanada gedən söhbətlərdən qulağı belə bir kəlmə almışdı ki, Qaçaq Kərəmlə Qaçaq İsmayıl İncəlidə, Molla Nəbinin bağında gizləniblər. Onu da yaxşı bilirdi ki, çayxanaya gəlib çıxan söhbətlər artıq qəza rəyisinin qulağına çoxdan çatıb. Odur ki, vaxt itirmədən özünü tez Qaymaqlıya çatdırıb, Nəbi koxanı xəbərdar etməli idi.
   
   Kəndə gəlib çatanda anladı ki, xeyli gecikib. Özünü onlara göstərmədən kəndin bütün cinahlarını müşahidə edib gördü ki, kənd üç tərəfdən xeyli atlı dəstələri ilə mühasirədədir. Artıq atriyad Nəbi koxanın evini mühasirəyə almışdı. Təkcə Uzun taxta, Qurumsu, Sarı yoxuş istiqamətdə olan ərazidə atlı dəstələri yox idi. Qaçaqlara yeganə çıxış yolunun əlində tutduğu beşaçılanla həll olunacağını düşünüb Qaçaq Kərəmin qulağı ilə papağının arasını nişan aldı. Uzun taxta istiqamətə bir güllə atdı. Dünəndən bəri beynində dolaşan fikirlərə aydınıq tapa bilməyən Allahverən dodaqaltı pıçıldadı:
   
   -Yəqin Kərəm elə başa düşdü ki, onu vurmaq istəmişəm. İsmayıl ki, məni və mənim gülləmi yaxşı tanıyır.Yəqin Kərəmə başa salar, - deyə özünə təskinlik verdi.
   
   Bu fikirlərlə iri ərik ağacının altında oturub, cəhrə əyirən, yun didən bacılarına baxdı. Bacılardan biri daraxda yun darayır, o biri isə əlinin içi boyda qoşalanıb üst-üstə daranıb yığılmış pəmbə yun əlçimini götürüb o biri əlində qurtarmasına az qalmış yun parçasına calayır, bir əli ilə cəhrəni fırladaraq o biri əli tam açılana qədər yunu yuxarı dartır, sonra əyrilmiş hazır ipi cəhrəni geri firlamaqla iyiyə yığılmış yumağa dolayırdı.
   
   Allahverən bacılarının çox böyük həvəs və səylə işlədiklərinə xeyli tamaşa edib, yanına söykədiyi beşaçılanını götürdü. Çaxmağı çəkməklə gurultu səsi ətrafı lərzəyə gətirdi. Sığırçınlar pırıltı ilə uçub getdilər. Bir əli göydə qalan bacısı qorxu-heyrət dolu gözləri ilə beşaçılanın lüləsindən çıxan ağımsoy tüstünun arasında qardaşına baxdı. Üz-gözündən zəhm yağan, çox nadir hallarda gülümsəyən Uzun Allahverən bacısı Söylünün hədəqəsindən çımış gözlərinə baxıb gülümsədi:
   
   -Ay Söylü, deyəsən, qorxdun. Beşaçılanı sınaqdan çıxarırdım.
   
   Söylü əlindəki yun parçasından asıla qalmış ipin hələ də tüstülənən ucuna baxıb, işin nə yerdə olduğunu başa düşdü. Qardaşının necə dəqiq atıcı olduğunu başqalarından çox eşitmişdi. İndi öz gözləriylə gördü ki, 20-30 metr aralıdan əyirdiyi ipi güllə ilə vurub qırmışdı. Bir az gileylənsə də, köksü fərəhlə döyündü...
   
   Allahverən çayı içib stəkanı təzəcə nəlbəkiyə qoymuşdu ki, eşiyin alaqapısı döyüldü. Yerindən tərpənmədən:
   
   - Gəl, qapı açıqdır, - dedı.
   
   Atdan düşüb içəri keçən adamı tanımadı. Qan-tər içində, nəfəsi təngimiş, üzü saqqallı, başı qara papaqlı bu adam bu yerlərin adamına oxşamırdı.
   
   -Kim lazımdı, qardaş, sən kimsən? -deyib eyvandan aşağı düşdü.
   
   -Başına dönüm, Allahveran, manı deyesan tanımadın. Man haman Sakoyam. Ela sanın rahmina galib məni vurmamışdın. Mana yazığına galmişdi.
   
   Allahverən təfərinclə bu kələkötür erməniyə baxıb:
   
   -Həə, tanıdım. O yolkəsən dığaların içində sən də vardın.
   
   Uzun Allahverənə həm də erməni qənimi deyərdilər. İstər yaylaq, istər digər yerlərdə girəvəsinə keçən ermənini dərhal nişan alarmış, beşaçılanını sınaqdan çıxararmış. Onun atdığı güllələrin boşa keçməsi isə mümkün deyildi.
   
   Sakonun yadına saldığı əhvalat ötən il köç yolunda baş vermişdi. Erməni dığaları köç zamanı camaatın yolunu kəsər, soyğunçuluq edib qız-gəlinə sataşar, bəzən də uşaqlı, böyüklü hamını gülləboran edərdilər. Bu dəfə camaatın qabağını kəsən dörd erməninin başçısı, göy atın belində oturan xanıma baxıb demişdi:
   
   -Bu atın yəhəri gümüşdəndi, deyəsən. Elə atın özü də çox gözəldi. Düş atdan!
   
   Atın üstündə oturan xanım amiranə səslə:
   
   -Sənin buna gücün çatmaz, - deyib.
   
   -Niya gücum çatmır ki?
   
   -Ona görə ki, bu atın sahibi sizdən qat-qat igid adamdı.
   
   -Haa, ha, ha... Bunun dilinə bax sən!- deyib tüfəngi çiynindən düşürdüb sinəsinə qaldırmağıyla qarşı tərəfdən güllənin acılmağı, tüfənginin əlindən yerə düşməsi bir olur. Dəstənin arxasından gələn Allahverən özünü çatdırmısdı. İkinci güllə acılır, həmən nataraz erməni təpəsiaşağı atdan yerə yuvarlanır. O biri atlılar əllərini silaha atana kimi, dalbadal atılan güllələr ikisini də yerə sərir. Əllərini yuxarı qaldıran dördüncü erməni Allahverənə yalvarır ki, bir cətən külfətim var, məni öldürmə. Könlünə insaf enir Allahverənin. Onu öldürməyib buraxır.
   
   İndi qarşısında dayanan Sako həmin erməni idi.
   
   -Allahveran, başına dönüm, mühüm xəbər gətirmişəm. İnan Allaha, məni görüb şübhələnməsinlər deyə, yolumu uzaq edib Dilcandan dolanıb gəlmişəm. God kəndində (indi Savarsavan adlandırırlar) böyük plan hazırlanıb, sizin kəndi yandırıb, camaatınızı qırmaq istəyirlər. Gəlib xəbərdar edirəm ki, hazırlıq görəsiniz.
   
   -Ay erməni, siz ki, bizim qatı düşmənimizsiniz. Mən sənin sözünə necə inanım?
   
   -Ara, kirvə, mən sənin yaxşılığından çıxmaq üçün bu boyda risqə girmişəm. Sən o günü məni öldürə bilərdin, amma öldürməyib mənə həyat bağışladın. O sənin kişiliyin idi, bu da mənim kişiliyim olsun.
   
   Allahverən ermənini çaya, çörəyə dəvət etsə də, o razılaşmayıb atın belinə sıçradı.
   
   -Di Allah amanında, onların dəstələri "Kəsik Əhməddi" dərəsi, "Palıddı" meşəsi tərəfdən gələcəklər, -deyib atına bir qamçı çəkdi, bir an içində yoxa çıxdı.
   
   Allahverən dərhal ortalığa çıxıb kəndin ağsaqqallarını bir yerə topladı. Məsləhət-məşvərət edib, böyük bir dəstə toplamağı təklif etdi. Vaxt itirmədən həmin ərazidə səngər qazıb, möhkəm istehkam düzəltmək lazım idi. Şər qarışanda artıq dəstə hazır vəziyyətdə idi. Silahlanmış cavan ərənlərlə birgə bir xeyli əli lapatkalı, lomlu, külünglü kişilər də Kəsikəhmədli dərəsinə tərəf uz tutdular.
   
   Erməni yaraqlıları tam əminliklə qaranlığın düşməsini gözləyirlər. Gecə qəflətən Asdanbəyli kəndinə girib, bütün evləri odlamaq, qarşısına keçən qoca, cavan, arvad, uşaq demədən hamını güllə-boran etmək niyyətində idilər. Palıdlıdan keçib Kəsikəhməd dərəsinə düşəndə qarşıda gedən atlının atı kişnəyib şahə qalxdı. Uzun Allahverənin gülləsi atlının alnında qırmızı deşik açmışdı. Pələsəng olub hərəsi bir kolun dalına qaçan ermənilərin artıq döyüş yerində bir neçə meyiti qalmışdı. Hacı oğlu Mustafa sol cinahda adaşı Müsədir oğlu Mustafa ilə kürək-kürəyə verib başını qaldıran ermənini yerə sərirdi.Uzun Allahverən Qara İsənin oğulları - Alı, Şərif, Qara Musanın oğlu Hacıməmmədlə səngərin sağ tərəfində düşmənin əsas həmlə cinahında dayanmışdılar. Bu qeyri-bərabər döyüş axşama kimi davam etdi. Allahverən bütün dəstə üzvlərinə dönə-dönə tapşırdı ki, güllələrə qanaət etmək lazımdır. Kafirlər çoxdur, güllələri də boldur. Onlar yalnız bizim bu zəifliyimizdən istifadə edə bilərlər.
   
   Hava qaralmış, artıq göz-gözü görmürdü. Aveydən, Çılpaq dağdan əsən meh bir az da güclənməyə başladı. Bu qaranlıq gecədə nələr baş verəcəkdi, bunu bir Allah bilirdi. Döyüş səngimişdi, nə o tərəfdən, nə də bu tərəfdən atışma səsi gəlmirdi.
   
   Ay bədirlənmişdi. Gecə o qədər işiqli idi ki, kolların dibinə düşən kölgələrdə titrəşən otları, çiçəkləri də seçmək olurdu. Uzaqlardan İsaq-Musaq quşunun həzin, kədərli səsi eşidilirdi. Circiramaların aramsız səsləri gecəni diri saxlayırdı. Kimin gözünə yuxu gedərdi bu gecə...
   
   Dan yeri sökülür, səhər açılırdı. Allaverən üstü şehlənmiş yapıncısını səngərdən bir az yuxarı qaldırdı. Qarşı tərəfdən açılan güllə yerdən tozanaq qopartdı, yapıncını vurub səngərin içinə saldı. Bu səhər Hacıməmməd üçün sonuncu oldu. Sərrast atılmış güllə sol qulağı tərəfdən girib boynunun arxa tərəfini dağıdıb çıxmışdı. Allahverənin qucağında can verən Hacıməmməd nə isə demək istəyirdi, ancaq məzlum-məzlum baxmaqdan başqa hec nə edə bilmirdi.
   
   İndi səngərdə qalmaq olmazdı. Allahverənlə bərabər üç nəfər səngərdən çıxıb düşmənin arxa tərəfinə keçdilər. Qalın kolluqların, iri qayalıqların arxasından güllələr açılır, mövqelər hər an dəyişirdi.
   
   Uzun Allahverən Hacıməmmədi vuran ermənini qarabaqara izləyirdi. Ağ parça ilə alnını sarımış bu erməni çox cəld və sərrast atıcı idi.O Uzun Allahverəni çox yaxşı tanıyırdı. O da Allahverıni vurmaq üçün tez-tez yerini dəyişir, əlverişli məqam axtarıdı. Amma bu savaşda onunku gətirmədi. Arxa tərəfdən şıqqıltı eşidən erməni geri qanrılanda Allahverənlə üz-üzə dayandı. O başa düşdü ki, Aallahverənin gülləsindən yayına bilməyəcək, buna baxamayaraq silahı qaldırmaq istədi.
   
   "Kafir oğlu kafir" -sözlə güllə eyni anda açıldı. Beşaçılanın gülləsi gürz kimi erməninin sinəsinə dəydi. Bir xeyli arxaya düşən erməni kürəyi üstə yerə yıxılıb çabalamağa başladı. Allahverən, can verən erməninin başını kəsib səngərə qayıdanda baş hələ də ölməmişdi. Dodaqları səyirirdi...
   
   Kənd camaatı narahatçılıq içində idilər. Hər kəs oğlu, qardaşı əri üçün nigaran idi. Hacı Məmmədin ölüm xəbərini kəndə ərzaq, sursat aparanlar çatdırmışdılar. Bacıları vay-şüyən qopartdı, qohum-əqrabaları yasa batmışdı. Hacıməmməd artıq Asdanbəylinin ilk şəhidi olaraq elin yaddaşına əbədi yazıldı.
   
   Uzun Allahverənin əmisi qızı Mələk, qoçaqlıqda heç bir igiddən geridə qalmırdı. Döyüşçülərə çörək, patron aparmaq bəhanəsi ilə Kəsikəhmədli dərəsini keçib Palıdlı təpəsində gedən döyüş yerinə tərəf, əmisi oğlu Allahverəni görməyə tələsirdi.
   
   -Bura gəlmək çox təhlükəlidir, sən necə gəldin?- deyib Allahverən əmisi qızını məzəmmət edir.
   
   Kəsilmiş erməni başını onun kürəyinə şələləyib deyirlər ki, bunu aparıb Hacıməmmədin bacılarına verib deyərsən ki, qardaşlarını vuran erməninin başıdır Onun qanı yerdə qalmadı, qisasını aldıq.
   
   
   
   (ardı gələn
   
   şənbə sayımızda)

TƏQVİM / ARXİV