adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

DüNƏNiMiZDƏN NƏ QALDI?!

VƏSİLƏ USUBOVA
29590 | 2012-07-21 08:32

   
   "...Evdə hamı yatırdı. Ömür yoldaşı Ramiz də, uşaqları Raminlə Sevər də çoxdan şirin yuxuda idilər. Onun otağının pəncərəsindən payız gecəsinin dumanlı-çiskinli qaranlığına süzülən işıq isə hələ gec sönəcəkdi. Çünki Nəzakətin bugünkü işləri hələ başa çatmamışdı. Ərinin, uşaqlarının, axırda da özünün sabah geyəcəkləri pal-paltarı qaydaya saldı, iş çantasını bir də yoxladı. Nədənsə, yuxusu gəlmirdi. Ürəyinə nəsə dammışdı... Belə də oldu... Gecə yarıdan keçmiş həyət qapısı döyüldü. Cəld evdən çıxıb qapını açanda qucağında xəstə uşaq olan qadını gördü. Ananı evə dəvət edib, tez xalatını geyindi...
   
   Uşağı müayinə edib, başını buladı. Qızdırmadan yanırdı. Məzəmmətlə anaya baxdı. Gənc qadın həkimin fikrini başa düşüb günah işlədibmiş kimi dilləndi:
   
   - Gündüz halı yaxşıydı. Axşamüstü birdən qızdırması qalxdı. Əvvəlcə fikir vermədim, dedim, keçib gedər. Sonra gördüm, qızdırması getdikcə artır...
   
   Heç nə deməyib uşağı müayinə elədi, ilk yardım göstərdi... Uşağın hərarəti getdikcə azalmağa başlayanda oturub iynə-dərman yazdı. Rəngi özünə qayıdan uşağı anasının qucağına verib yola saldı...
   
   Üç gündən sonra gənc qadın məsləhətxanaya gəlmişdi. Ona təşəkkür eləməyə..."
   
   
   
   ***
   
   Bu sətirləri düz iyirmi beş il bundan əvvəl yazmışam. Onda rayon uşaq xəstəxanasının həkimi Nəzakət Sadıqova SSRİ Ali Sovetinə deputat seçilmişdi... Ondan yazmaq redaksiyanın tapşırığı idi. Təbii ki, tərifləməliydim, həm peşə, həm də şəxsi keyfiyyətlərinə görə həmkarlarından fərqləndiyini göstərməliydim. Axı, Sovetlər ölkəsində adi adamları deputat seçmirdilər... Bundan qabaq onu cəmi bir dəfə görmüşdüm. Oğlum bələkdəydi. Möhkəm xəstələnmişdi. Təcili yardım çağırdıq. Bir həkim və tibb bacısı gəldilər. Açığını deyim ki, ilk görüşümüzdə mənə elə də xoş təsir bağışlamadı. Boy-buxunu və çəkisi bir qadına gərək olduğundan artıq göründü mənə. Elə rəftarı da incə, nəvazişkar deyildi. Məncə, uşaq həkimi belə olmamalıydı. Dilsiz-ağızsız körpəni belə "danışdıra" biləcək istedad, sehr gözləyirdim mən. Bəlkə də ana olduğum üçün umacağım, tələbim böyük idi. Hər nə isə... Deyirlər, ilk təəssürat adamı aldatmır. Bu deyim dönə-dönə təsdiqlənib ömrümdə. Nə xoş ki, bu dəfə... yanılmışdım...
   
   Onun haqqında işlədiyim yerli "Muğan" qəzetində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan qadını" jurnalında yazılarım çıxdı. Yuxarıdakı parça da "Azərbaycan qadını" jurnalında gedən məqalədəndi... Bütün bunlara baxmayaraq aramızda yaxın münasibət yaranmamışdı.
   
   Sonrakı çağırış yenidən SSRİ Ali Sovetinə deputat seçildi...
   
   Qorbaçovun yenidənqurma, aşkarlıq hoqqaları mətbuatı başına götürəndə mənə ümumən rayonun həyatından tənqidi məqalə hazırlamağı tapşırdılar. Həmin məqalədə Nəzakət xanımın müdir olduğu uşaq məsləhətxanasının işindəki nöqsanlardan da yazdım. Qəribə həy atdı; dünən tərifləyib göylərə qaldırdığımı bu gün tənqid edirdim. Həm təbiidi, həm də qeyri-təbii, həm normaldı, həm də qeyri-normal. Bax, o zaman Nəzakət xanımın əsl siması üzə çıxdı. Tənqidi məqalədə deyilənləri tamamilə normal qarşıladı, öz xanımlığı, qəlbigenişliyi ilə məni valeh elədi. Mənə münasibəti qətiyyən dəyişmədi. Hələ bu harasıdı...
   
   Uzun illər mənzil növbəsinə dayansam da, ildən-ilə qanuni haqqımı başqalarına "satırdılar". Bir gün dedi ki, mənim adıma ərizə yaz, mən də onu deputat vərəqəmlə rayon XDS İcraiyyə Komitəsinə göndərim. Belə də etdik. Özü də Komitə sədrinin qəbulunda oldu...
   
   Bir müddət sonra mənə ev verdilər...
   
   
   
   ***
   
   Bu yazıda Nəzakət xanımın nə həkimlik, nə də deputatlıq fəaliyyətindən danışmaq fikrim yoxdu. Məqsədim... Yox, istəyirəm, mətləb üstünə bir qədər uzaqdan gəlim...
   
   Uşaq məsləhətxanasının pilləkəni hər gün işə gedib-gəldiyim səkiyə bitişikdi. Və düz on dörd ildi ki, gündə dörd dəfə bu yoldan keçirəm. Əksər işçiləri qız-qadın olan məsləhətxananın yanından ötənlər açıq qapı-pəncərələrdən ancaq qız-gəlinlərin xoş söhbətini, şən qəhqəhələrini eşidirlər. Nə qədər fikirli olsam da, onların gülüşünü eşidəndə bütün dərdlərimi unuduram. Havalar xoş olanda işin başlanmasına beş-on dəqiqə qalmış qızlar kiçik balkona stul qoyub Nəzakət xanımı orada əyləşdirir, özləri də başına yığışırlar. Bu xoş təmasdan mənə də tez-tez pay düşür. Hər dəfə də Nəzakət xanımla bir-iki kəlmə hal-əhvaldan sonra xoş ovqatla işə çatıram...
   
   "Kim SSRİ-nin dağılmasına təəssüflənmirsə, onun ürəyi yoxdur, kim onun təzədən qurulacağına inanırsa, onun ağlı yoxdur". Tez-tez ötən günləri xatırlayırıq, arxada qoyub gəldiyimiz illərə xəyalən də olsa, səyahət edirik. Həsrətlə köks ötürüb ayrılırıq...
   
   Nəzakəti yaxından tanıyanacan qadınların rəhbərliyi altında işləyənlərə yazığım gəlirdi. Bilirdim ki, bilik, bacarıq bir yana, ən azından bir qədər cazibədar və yaraşıqlı oldun, qara gününü göz altına almalısan. Amma bu məsləhətxanada tamam başqa mühit var. Solmaz adlı tibb bacısı deyir ki, bir gün Nəzakət xanımı görməsəm, dəli olaram. O, mənə ana-bacıdan artıq olub. Deputat olanda məni də tez-tez özüynən Moskvaya aparar, paytaxtın görməli yerlərini gəzdirərdi. Bir gün işə gəlməyəndə tez taksi tutub evlərinə gedirəm. Onu sağ-salamat görməyincə rahat ola bilmirəm...
   
   Dedim, indi ki, belədi, onu qoymayın heç vaxt işdən çıxsın. Lap səksən-doxsan yaşında da, oturdun yuxarı başda. Belə xoşbəxtlik bir də sizə qismət olmayacaq...
   
   
   
   ***
   
   Hərdən mənə elə gəlir ki, tanıdığımız nəhəng dünyanın içində ancaq özümüzə və yaxınlarımıza aid olan kiçik dünyalar da var. Və böyük dünyaya baxışımız da bu dünyadan başlanır, güc alır, bütövə qovuşur. Bu dünyanın da özünəməxsus nurlu simaları var. Onlarsız işığı azalar, istisi keçər ömrümüzün. Mən də hər gün belə kiçik, işıqlı bir dünyanın yanından ötüb, ondan enerji alıb işə gedərdim...
   
   Bu "gedərdim" sözünü yazanda içimdə nəsə qırıldı, bayaqkı ovqatımdan əsər belə qalmadı. Məsələ burasındadı ki...
   
   Bir gün hiss elədim ki, sol tərəfdən qulağıma səslər dəymədi. İkinci gün də belə. Üçüncü gün sükutun qara buzu ürəyimi üşütdü. Diqqətlə baxanda... qapıda qıfıl gördüm... Kiçik bir qıfıl. Elə kiçik ki, çox asanlıqla qırmaq, sındırmaq olardı. Amma... Yox, bu qıfıl mən düşündüyüm qədər də zəif deyildi. O həmişəlik bu qapıdan asılmışdı... və bu bina ilə bir yerdə məhv olacaqdı...
   
   Onları köçürtmüşdülər...
   
   Müvəqqəti olaraq şəhər poliklinikasında yerləşdiriblər. Təzə, müasir avadanlıqlı bina tikəcəklər. Həm də başqa yerdə. Köhnənin yerində park salınacaq. Mən də istəyirəm tez söksünlər bu binanı. Dözə bilmirəm bu səssizliyə. Binanın sükutu deşir qulaqlarımı. Arabir məsləhətxananın işçiləriynən rastlaşıram. Bikef görünürlər gözümə. Təsəlli vermək istəmirəm. Təzə binada unudacaqlar hər şeyi. Mənsə unutmayacağam. Nə gözlərimin, nə də qulaqlarımın yaddaşından silinməyəcək heç nə...
   
   
   
   ***
   
   Həkimlərin peşə bayramında yazmaq istəyirdim ondan. Nə qədər axtardımsa, "Azərbaycan qadını"nın həmin nömrəsini tapa bilmədim. Üzqabığında həkimin şəkli olan nömrəni. Özünə isə heç nə demədim. Jurnalı bu günlərdə təsadüfən köhnə qəzet-jurnalların arasından tapmışam. Yazı qəzetdə çıxan kimi götürüb gedirəm həkimin yanına... Nə danışacağımızı da indidən əzbər bilirəm...
   
   - Nazı, sənin sürprizlərdən xoşun gəlir?
   
   - Nə sürpriz? Sən də bəxtəvərlikdən danışırsan... Yadıma elə sürpriz düşürdü...
   
   - Niyə? Nə olub ki?.. Görərsən, sizə necə gözəl bina tikəcəklər. Kim bilir, bəlkə elə qırmızı lenti də özüm kəsdim...
   
   - Məni hələ o vaxta çıxar...
   
   - Bu nədi? Camaat yaşamağı sizdən öyrənir, gör, sən nə danışırsan... Fikir eləmə. Bax, bina köhnəldi, uçurdub təzəsini tikəcəklər. Sən də fikir eləsən, köhnələrsən. Adamı təzədən tikmək olmur, axı...
   
   Susacaq. Mən də susub fikrə gedəcəm. Əslində adamların təzədən yaranmasını istəmirəm. Yaranıb nə görəcəyik ki?!. İnsan ancaq öz zəmanəsiynən bir yerdə bütövdü, gərəklidi...
   
   Hələ ki, varıq. Özümüz də, zəmanəmiz də. Nəzakət xanım da kifayət qədər cavandı, gümrahdı... və kollektivin başındadı....
   
   Elə bilirsiniz bu azdı?!.

TƏQVİM / ARXİV