adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

QAR ÇİÇƏYİNİN ƏTRİ

VAQİF YUSİFLİ
46021 | 2015-08-12 00:11
"Bəzi bölgələrimizdə bu gülə danaqıran da deyirlər, hətta bu haqda xalq rəvayəti də mövcuddur". Şair Ramazan Səməroğlunun "Qar çiçəyi" şeiri bu informasiya ilə başlayır.
Poeziyada adi bir qar çiçəyi -təbiətin gözəllik sərgisinin bir incəlik, bir zəriflik təcəssümünə dönür. Qarın, şaxtanın soyuq dünyasında sevgi nəğməsi oxuyur.

Bu qarın içində nə axtarırsan,
Hara tələsirsən, ay qarçiçəyi?!
Çillənin çovğunu döyür başına,
Soyuqdan əsirsən, ay qarçiçəyi.

Bozaydır, heç kəs yox, dağda qəribsən,
Yuyub ləçəyini qara səribsən.
Xoşbəxt anlarını qışa veribsən,
Yaz gəlcək gedirsən, ay qarçiçəyi.

Rəngin ağarıbdı, nə dərd-sərin var?
Göylərə göz qoyan ləçəklərin var.
Çillənin ömründə vaxtın, yerin var,
Zamana əsirsən, ay qarçiçəyi.

Əslində, qarçiçəyi obrazı simvolik məna kəsb edir. Şair bunu düşünmüşmü, yəqin ki, o qarçiçəyinin çillənin çovğunu altında soyuqdan əsməsini görəndə, həyatında min bəlaya tuş gələn, çətinliklər, əziyyətlər içində ömür sürən, amma özünü itirməyən, yaşamağın gözəlliyini duyan insanları düşünmüşgBu qarçiçəyi ilə mənalı insan ömrü bir-birinə necə oxşayırlar.

Torpağın bahardan ilk nişanəsi,
Sehrin düşündürür görən hər kəsi.
Şaxtanın, sazağın sevgi nəğməsi,
Ağappaq gəlinsən, ay qarçiçəyi.

Ramazan Səməroğlu qədim Zəngəzur mahalının Qafan bölgəsinin Kürüd kəndində anadan olub və təbiətin gözəlliklərini də elə o kənddə görüb və ürəyi də o gözəlliklərinin əsiri olub. Ona görə də şeirlərində təbiətdən gələn bir təbiilik, bir zəriflik hiss edirsən. "Zirvədə bir topa bulud görürəm, Sanki dağlar ona naxış vurubdur. Mürgülü görünün gədiklər yenə, Şeh düşüb, üstünə yorğan salıbdır"-bu misraları ancaq təbiət vurğunu olan və təbiəti içində yaşadan bir şair qələmə ala bilər. "Bir duman topası gördüm uzaqdan, Elə bildim Ağrıdağdan gəlibdir. Boynubükük baxır səmadan yerə, Bəlkə o da mənim kimi qəribdir"- bu misraları da o şair yaza bilər ki, sevdiyi dağlardan uzaq düşsün, torpaq, yurd həsrəti onu yandırıb-yaxsın.
İllər gəlib keçir, insan o dağları, o çiçəkləri, zirvədəki o qarçiçəyini unuda bilmir. Onun ömrü də o həsrətlə keçir. Deyir ki: "Şehə möhtac olan çiçək kimiyəm, Ümidim göylərə açıb əlini".
Ramazan Səməroğlunun şeirləri bir insan ömrünün keçdiyi yollara iz salır. Hər bir şair təbii ki, özünü yazır, öz həyatından, ömür yolundan söz açır və onun şeirlərində bizə doğma olan nə varsa, o şairlə ünsiyyətimiz baş tutur. Bir ürəkdən başqa bir ürəyə körpü salmaq!- bu, sözün fiziki mənasında yox, məcazi anlamda dərk edilərsə, deyə bilərik ki, bu körpünün memarı şairin özüdür. Ramazan Səməroğlunun şeirlərində ömürlə bağlı nümunələr az deyil və bunlar bir fərdin yox, həm də bizim ömrümüzün mənasını şərh edir:
Günəşi əyilən dağa bənzəyir,
Zirvədə kölgəsi itir ömrümün.
Açan çiçəklərin soldurur zaman,
Yerində düzdəyi bitir ömrümün.
Küləkdən gizlənən duman kimidi,
Yaddaşda oynayan güman kimidi,
Ondan bir mərhəmət uman kimidi,
Karvanı yol tutub gedir ömrümün.

Bu ömürdə sevgi dolu günlər də olub, yurd həsrətindən doğan və hələlik bitib-tükənməyən günlər də. Tənhalıq da o ömrün qapısını döyüb, dost itkisindən, ana mehrindən uzaq düşən aylar da. Xatirələr, unudulmayan görüşlər onun şeirlərində nostalci hisslərin gur selini yaradır. Keçmişə, ötən günlərə qayıdış insan ömrünün məna və mahiyyətini də işığa bürüyür, deməli, sən bu ömrü işıqsız yaşamamısan. Analı günlərin olub:

Axtaram özümü layla səsində,
Kaş ki bir də uşaq olam, ay ana.
Ötən günlərinə dönəsən sən də,
Kaş ki bir də uşaq olam, ay ana.

Sevinc olam, gözlərinə qonam mən,
Bu dünyanın azın da çox sanam mən,
Təkcə sənin qucağında sınam mən,
Kaş ki bir də uşaq olam, ay ana.

Ramazan Səməroğlu müasir şeirin ənənəvi-heca ərazisində gücünü sınayır və deyərdim ki, bu ərazidə fərqlənməyə, seçilməyə can atır. Yaxşı şeirləri də var, ortababları da. Çox sadə və təbii yazır, bəzən bu sadəlik və təbiilik elə o həddə qalır, fikir obrazlı ifadəsini tapmır, amma əksər şeirlərində fikrini poetikləşdirə bilir. Məsələ burasındadır ki, müasir şeirdə sən əgər doğma heca vəznində yazırsansa, əllaməçiliyə yol verməməlisən və Səməroğlunun şeirlərində də öu cəhət daha qabarıq nəzərə çarpır, yəni, o sadəlikdə və təbiilikdə poeziya işığı hiss olunur. Hərçənd ki, bəzi şeirlərində namünasib bildiyim misralar, sözlər, ifadələr də var. Məsələn, dünya haqqında yazdığı bir şeirdə belə misraların olmağını heç istəməzdik: "Dünya kimi bir axmağa, Vurulmaq çox əbəs imiş". Dünyadan gileylənmək olar, amma ona "axmaq" epitetini işlətmək günahdır. Halbuki, R.Səməroğlunun dünyaya həsr etdiyi başqa bir şeiri də var:

Ağlama, ağlasan, aciz olarsan,
Məni də sağalmaz dərdə salarsan,
Göz yaşıylv çətin qisas alarsan,
Bu dünya bir damla göz yaşın deyil.

Bu şeirdə dünya göz yaşından aşağı tutulur, amma gözdən düşmür, çünki xalqda belə deyimlə rastlaşmışıq.
Səməroğlunun sevgi şeirlərinin bir çoxu yaşanılan hisslərin ifadəsidir. Ona görə də səmimi təsir bağışlayır. Sevgi hissini yaşamadan səmimi sevgi şeiri yazmaq olmaz.

Bəlkə taleyimiz göyə çəkilib,
Baxışım yollardan yığışmır nədən?
Köçdən ayrı düşən durnalar kimi,
Mən ayrı gəzirəm öz taleyimdən.

Vətən, torpaq, bayraq və s. ictimai mövzulu şeirlərində də o səmimiyyət davam edir. Amma "Dilimizin əzbərisən, Azərbaycan, Azərbaycan" kimi trafaret ifadələrin işlənməsi də nəzərdən yayınmır.
Ramazan Səməroğlu əruzda da şeirlər yazır. Qəzəllərinin bəzilərində sınıqlar da nəzərdən qaçmır, bu vəzndə yazdıqlarını onun üçün bir məşq olduğunu düşünürük. Bəyəndimiz bir qəzələ diqqət yetirin:

Ayaq saxla, getmə ey gül, qəlbim sənsiz fəğan eylər,
Sənin o ala gözlərin gündə neçə yol qan eylər.

Fələk mənə dərd verəndə dərmanı səndə qalıbdı,
Deyib dərdimə dərmanı sənin kimi canan eylər.

Sənsiz elə sanma ki, mən həsrətini unutmuşam,
Gündə sorğu-sualım var, o hər gün imtahan eylər.

Ayrılığın göz yaşımda əbədilik tutmuş qərar,
Gahdan sızqa yağış olar, gahdan da qar, boran eylər.

Anlamadım, son gedişin, nəyçün belə əzablıymış,
Ramazanda can qoymayıb hər an ömrüm talan eylər.

Ramazan Səməroğluya uğurlar arzulayaq. Poeziya yolu çətin, əzablı yoldur. Bu yolda "axtarış lazımdır, axtarış"- Əli Kərimin bu misralarını yada salaq.

Vaqif
YUSİFLİ,
filologiya elmləri doktoru

TƏQVİM / ARXİV