adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

CORCUN ADRESiNi AXTARIRAM...

BABƏK YUSİFOĞLU
27904 | 2012-07-21 08:32
Kim istəyir inansın, kim istəyir inanmasın. Barak Obama Birləşmiş Ştatların prezidenti seçiləndə mən demişdim ki, bu adamdan nəinki amerkan xalqına, heç doğmalarına da bir xeyir gəlməyəcək. O vaxt dostlar, yoldaşlar məni topa tutdular ki, nə damışırsan, elə onun kreslosunun sanbalı bəsdi ki, qohum-əqrəbası kef eləsin. Amma çox çəkmədi ki, hər kəsə məlum oldu ki, Barak Obama elə mən deyəndi.
   
   Yadımdadı, bir müddət bundan əvvəl Barak Obamanın xalası Amerikaya gəlmişdi ki, bacıoğlusunun ölkəsində şelləsin, ancaq adi bir miqrasiya idarəsi prezidenti saymayıb bu səfəri onun burnundan tökdü. Vaxtı bitən kimi yazıq arvadı süpürləyib atıblar ölkənin bayırına. Xalası nə qədər qışqır-bağır salıb, haray-həşir çıxarıb ki, a köpək uşağı, mən Barakın xalasıyam, görərsiz sizin başınıza nə oyun açacağam, vallah, bir Allah bəndəsi də onu vecinə almayıb. Deyiblər "bas bayıra, vəssalam". O da miqrasiya idarəsinə qarğıya-qarğıya geri dönüb. Yola-rizə verdiyi pullar da gedib fələyin xərcinə.
   
   Sonra haradansa oxudum ki, guya Barak Obamanın o xalası ilə arası yoxmuş. Məktəb dövrlərində onlara qonaq gəlib sözə baxmadığı üçün həmin xalası Barakın qulağının dibinə bir-iki yağlı şapalaq ilişdiribmiş. Və Barak da Amerikada xalası ilə belə davranılmasına göz yummaqla ondan hayıf çıxıbmış. Amma sonradan məlum oldu ki, belə bir versiya yalandı. Çünki Barak Obama "voobşe" heç bir qohumunun işinə yaramır. Belə ki, mühafizəkar yazıçı imicilə tanınan Dineş D"Souzanın əsəri əsasında çəkilən "2016: Obamanın Amerikası" yeni bir sənədli filmdə biabırçı faktlar üzə çıxıb. Açığı mən həmin gerçəklikləri öyrənəndə çox dilxor oldum.
   
   Sənədli filmdə Obama, onun ailəsi, yaşanmış gerçəklər haqqında süjetlər də yer alıb. Keniyanın paytaxtı Nayrobidə Obamanın Corc Obama adlı atabir qardaşı yaşayırmış. Sənədli filmdən məlum olur ki, Corc Obama miskin bir daxmada, çox kasıb bir həyat sürür. Filmi çəkənlər soruşublar ki, ay bədbəx oğlu, bu nə gündü sən çəkirsən? Niyə prezident qardaşın sənə əl tutmur? Yazıq Corc xəcalətdən nə desin? Cavab verib ki, qardaşımın öz ailəsi var. "Mən də ailənin bir üzvü olsam da elə yaşdayam ki, özüm özümü dolandırmalıyam".
   
   Filmi çəkənlər arasından bir adam çıxıb ondan soruşmayıb ki, ay başdan xarab, Barak sənin üçün Amerikada demirik, Keniyada heç olmasa bir şadlıq evi, ya bir restoran, lap ölüsü bir xaşxana açdıra bilmir ki, sən də dolanasan? Əfqanıstana, İraqa, Liviyaya, tay nə bilim haralara bahalı-bahalı bombaları tökdürə bilir, Dağlıq Qarabağdakı ermənilərə dövlətin pulundan pay ayıra bilir, amma səndən ötrü balaca bir obyekt yarada bilmir? O, gərək qardaş kimi xəcalətindən yerə girsin. Tay orasından xəbərim yoxdu ki, filmi çəkməyə gedənlər bu yazıq Corcun cibinə xərclik-filan basıblar ya, yox, amma oradan çox qanıqara ayrılıblar.
   
   Bayaq dediyim kimi, bunlar mənə çox pis təsir elədi. İndi internetdə neçə vaxtdı ki, Corc Obamanın adresini axtarıram ki, ona bir məktub göndərim. Ona deyim ki, ə kişi, Barakdan heç nə gözləmə, onun da işi müsəlmanların başına od ələməkdi. Bir də xatırladım ki, Barak daha onların yox, Mişel xanımın ailəsinin qohumudur. Corc inanmasa, bilənlərdən soruşsun. Necə olur ki, Barak Obama arvad qohumlarının hər işinə yarayır, hətta son illər Mişelin iki qohumunun toyunu da eləyə bilir, müğənni kimi əjdaha Nadir Qafarzadəni də toya çağırır, amma qardaşı Corca bir gün ağlaya bilmir? Ay hay!
   
   Məktubda Corca onu da bildirmək istəyirəm ki, durub borc-xərc bilet alıb getsin Moskvaya. Orada yaxşı pul qazana bilər. Çünki urusların Barak Obamaya çox maraqları var. Elə kefi istədiyi parkda pasportunu boynundan asıb bir yerdə otursa, pul tappa-trup gələcək. Ruslar özləri Corca yaxınlaşıb onunla, lap elə onun pasporti ilə şəkil çəkdirəcəklər, yaxşı da pul verəcəklər. Yəqin yazığın "Komsomolskaya pravda"nın yazdıqlarından xəbəri yoxdur ki, bizim qəbələli "Barak Obamamız"la, yəni Obamanın oxşarı Asif Mustafayevlə Moskvada olarkən şəkil çəkdirmək istəyənlər 400 rubl tərləməli olublar. (lent.az) İndi görün Corc Barak Obamanın qardaşı kimi şəkil çəkdirməyə başlasa, günə nə qədər pul qazana bilər. Yoxsa oturub Nayrobidəki daxmasında elə bilir ki, bununla işlər düzələcək.
   
   Özü də Corcun bundan ötrü elə də çox vaxtı qalmayıb. Çünki ola bilər ki, noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Barak Obama təzədən o vəzifəyə seçilmədi. Vallah, onda Corcla heç it də şəkil çəkdirmək istəməz... Bircə onun adresini tez tapa bilsəydim...

TƏQVİM / ARXİV