...VƏ üç GüN, üç GECƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
28872 | 2012-07-20 16:05
Elə oturmuşdu ki, sanki onu ildırım vurmuşdu, canından elektrik cərəyanı keçmişdi. Lap bir az da kobud desək, sanki bu zavallını vurğun vurmuşdu. Ona görə belə yazıb, belə deyirəm ki, onun oturuşunda heç bir həyat əlaməti yox idi. Kənardan baxan nə qədər həssas, nə qədər diqqətli olsa da, bu oturuşu ancaq donmuş heykəllə, donmuş vəziyyətlə, vurğun vurmuş bir durumla eyniləşdirə bilərdi, təsəvvür etmək gücündə olardı. Ayrı cür mümkün deyildi. Nə quşların səsi, nə küləyin yeri, göyü bir-birinə qatması, hətta susmaq bilməyən telefonun səsi də ona iynə ucu boyda olsa da təsir etmirdi. Birmənalı olaraq onun bu görkəmini yalnız DONMUŞDU! VURĞUN VURMUŞDU! - sözləri ilə ifadə etmək olardı. Əslində isə onun daxilindəki od-alov hər şeyə qalib gəlmək gücündə idi. Onu heç nə dondura bilməzdi, onu vurğun vura bilməzdi. Çünki o, elə bir durumu yaşayırdı, elə bir odun içində yanırdı ki, onun sönməyi də mümkünsüz idi, onun soyumağı da.
   
   Bax, bu oturuşu, bu sükutu görməyən, izləməyən hər kəs ola bilsin ki, bizi nədə isə günahlandırsın. Ancaq gerçəyin özü nə qədər çox etiraf edilsə, gerçəyə çatmaq da bir o qədər asan olar. Onun isə etiraf etmək gücü yox idi. Daha doğrusu, o, etirafı iki yerdə, iki məqamda dilə gətirmişdi. Onlardan birincisi, Allahın evində, yəni məsciddə ziyarət, dua mərasimində dilə gətirilmişdi. İkincisi isə onun özünün özünə, özünün sevdiyinə və özünün yer üzünə olan böyük istəyinin, sevgisinin sayəsində büruzə verilmiş, ifadə olunmuşdu.
   
   Bax, bu iki məqam ona əslində çox şeyləri demişdi, çox şeyləri etiraf etməyə çəkmiş və o da gerçəklikdən qaça bilməmişdi. Bu yerdə qaçmağın da iki anlamı var idi. Birincisi, qaçmağa gücü çatmamışdı, ikincisi də qaçmaq istəməmişdi. Əgər qaçmağa gücü çatsaydı və o da qaça bilsəydi, onda özü özündən qaçmış olardı. Bu geniş dünyada özünün özündən qaçması təkcə özü üçün deyil, həm də ətrafı üçün bir anlaşılmazlıq, bir qəbuledilməzlik yarada bilərdi. Yəni onu tanıyan, qəbul edən ətrafı ondan üz çevirə bilərdi. O isə bu təklənməyi, ətrafdan təcrid olunmağı ölümdən də üstün bilirdi və bütün vəchlə çalışırdı ki, təklənməsin, ortada qalmasın. Çünki o, təkliyin nə qədər acınacaqlı, nə qədər ağrılı və nə qədər də anlaşılmaz olduğunu hamıdan yaxşı bilirdi. Bu onun ömür kitabının oxunan səhifələrinin görüntüsü idi. O bütün gücü ilə çalışmışdı ki, həmin səhifələr onu başa düşməyənlər tərəfindən heç vaxt oxunulmasın. Ona görə ki, o, həmişə gülünc olmaqdan, insanların kəsilən budaq kimi ortada qalan, gərəksiz olan ağaca münasibətini yaşamaq istəmir. Onun bir ideyası var idi: kim olursan, necə olursan dəxli yoxdu, təki anlaşılasan, təki olduğun kimi görünməyi də bacarasan. Bu isə çox çətin məsələdi.
   
   Bəli, onun sonuncu zəngində aldığı cavab da qeyri-müəyyən idi. Sevdiyi ona çox ciddi və kəskin şəkildə demişdi:
   
   - Gözlə, özüm xəbər verəcəm.
   
   O da gözləməkdə davam edirdig o da ümid edirdi ki, ona bu dəqiqə, bu an telefon zəngi gələcəkg təəssüfg Telefon susurdu. Gözlədiyi, hələ də zəng etmirdi. Bəlkə də bu gecikməklə o, bu oğlanın səbrini, dözümünü yoxlayır, ya da nə isə təzə bir şey fikirləşirdig Düşünə-düşünə də qarşısındakı vərəqləri gözdən keçirirdi. Həmin vərəqlərin birində o, yazmışdı:
   
   
   
   hər kəsdən gizlətdim
   
   hər kəsdən
   
   hətta
   
   gün işığından
   
   nur qarışığından
   
   haqq aşığından da...
   
   hər kəsdən gizlətdim
   
   hər səsdən:
   
   -hətta
   
   Seyidin, Xanın,
   
   Dədə Süleymanın,
   
   Qədirin səsindən də.
   
   hər səsdən
   
   gizlədə bilsəm də səni
   
   bircə gizlədə bilmədim
   
   Allahın gözündən və səsindən
   
   gözündə, səsində
   
   və özündə olan səhvi...
   
   elə Allahın bəxş etdiyi sevgim
   
   yaratdı bu möcüzəni
   
   
   
   ***
   
   
   
   Telefon zəng çaldı. Elə təlaşla telefona doğru atıldı ki, sanki bir neçə dəqiqə geciksə, hər şeyi itirə bilər. Sanki bu zəng onun üçün yaşam qarantı, yaşam möcüzəsi, yaşam haqqı idi. Əgər bu səsə geciksə, o, bu səsə iynə ucu boyda nigaranlıqla, laqeydliklə münasibət bildirsə, hər şey məhv ola bilər. O, bunu çox gözəl anlayırdı. Amma onu da çox gözəl bilirdi ki, hardasa gecikmək, hardasa ləngimək onun taleyini alt-üst edə bilər. Onu özündən alar, onu öz əlləri ilə boğub öldurə bilərdi. Bu gerçəyi deməyə ehtiyac yox idi. Çünki bu gerçək onun özü idi, onun sevgisi idi, onun dünyaya baxışı idi. Maraqlıdır ki, bütün bunları onun sevdiyi, onun tənhalığını müxtəlif vasitələrlə canından çıxarmaq istəyən hansısa bir anlaşılmaz, qəbuledilməz bir duyğusu, bir düşüncəsi idi...
   
   Şükürlər olsun ki, o, özü özünə tabe idi. O, özü özünü idarə edir, o, heç kimin qarşısında hesabat verəcəyini ağlına belə gətirmirdi.
   
   Telefonun səsinə doğru qaçdı. Uşaq şirniyə doğru qaçdığı kimi. Maşının arxa qapısı açıldı. O, özünəməxsus jestlərlə, hərəkətlərlə maşının açılmış qapısına tərəf addımladı. Onun gəldiyini, onun həyəcandan pörtmüş çöhrəsini, onun bir az da dərinə düşmüş gözlərinin maşının pəncərəsindən rahatca müşahidə edirdi. Ürəyindəki gözlərindən oxunan oğlanın acınacaqlı durumu qızı cəld tərpənməyə səslədi. O, bir anda maşından düşdü. Sanki bu maşın dörd divar arası idi. O da bu dörd divardan qurtulmağa, xilas olmağa qəflətən imkan tapmışdı...
   
   Qızın maşından necə düşdüyünü görən oğlan içində bir şam yandığını hiss etdi. Ona elə gəldi ki, sönməkdə olan həmin o şam yenidən alışdı... sönməkdə olan o ocaq yenidən qorrandı. Bu mənzərəni yazmaqla, kağıza köçürməklə yəqin ki, heç kimi inandırmaq mümkün deyil. Onu yalnız görməklə, onu yalnız yaşamaqla onların hansı hisslər keçirdiyini bir-birinə qarşı necə, nə cür addımlar atdıqlarını görmək mümkündür. Yəni indiki anda söz heç nəyi ifadə etmək gücündə deyildi. Bu anı yalnız görmək, müşahidə etmək... ondan sonra gerçəyi anlamaq olar. İndi onlar yalnız hərəkət edirdilər. Düşünmək imkanları hələ ki, donmuşdu...
   
   Bəli, üç gün, üç gecə çəkən həmin o üzüntü indi suala çevrilmişdi. Elə bir suala ki, onun cavabını ikisindən başqa heç kim bilmirdi. Ən azı ona görə ki, bu üç gün, üç gecəni onlar yaşamışdı, onlar bunun nə olduğunu, bunun mahiyyətini anlaya bilirdilər. Deməli, gerçəyi özləri bilirdi və o gerçəyi də özləri bir-birinə etiraf etməli idilər. Oğlanın yazdığı şeirdəki kimi:
   
   
   
   üzümə işıq düşür
   
   hə,
   
   gülənim olacaq
   
   əlimdən qaşıq düşür
   
   hə,
   
   gələnim olacaq!..
   
   
   
   qəmin sayı qədəri
   
   sınamışam qədəri
   
   gözümdəki kədəri-
   
   hə,
   
   silənim olacaq!..
   
   
   
   öz özümün içində
   
   onsuz onun içində
   
   nələr çəkdim üç gündə
   
   hə,
   
   bilənim olacaq!..
   
   
   
   bulud nə qədər sıxdı
   
   vuruşdu, günüm çıxdı
   
   vüsal həsrəti yıxdı-
   
   hə,
   
   ölənim olacaq...
   
   
   
   ***
   
   
   
   Dayanıblar üz-üzə. Kənardan bu dayanışı, bu anı müşahidə etmək hətta ən daşürəkli insanı da kövrəltmək gücündə idi. Çünki onlar danışmırdılar, heç bir hərəkətə yol vermirdilər. Sadəcə bir-birlərinə baxırdılar. Onların baxışları danışırdı, kiprikləri danışırdı, səyriyən yanaqları danışırdı, titrəyən dodaqları danışırdı və bir də qızın yanaqları aşağı axan göz yaşları danışırdı. Bütün bu danışıqların bir mövzusu var idi:
   
   - Sən niyə beləsən?! Niyə səni sevməkdən bezmirəm?! Niyə səndən qopub ayrıla bilmirəm?! Axı məni sənə bağlayan nədi?!
   
   Oğlanın da gözləri danışırdı, kiprikləri danışırdı... titrəyən dodaqları, səyriyən yanaqları danışırdı....güclə sıxıb saxladığı barmaqları danışırdı. Onlar da soruşurdular:
   
   - Sən nə boyda möcüzəsən? Sən necə bir varlıqsan? Sən nə boyda od-alovsan? Sən hansı gücün sahibisən? Sən hansı hökmə maliksən? Səndə heç kimdə olmayan nə var ki, mən sənin dəlin olmuşam, sənin əsirin olmuşam, sənin bir parçana çevrilmişəm? Sənsiz qala bilmirəm. Sən mənim nəfəsim, sən mənim özüm olmusan...
   
   Bu dialoqu, bu sorğu-sualı yalnız sevənlər kənardan izləyə bilərdi, oxuya bilərdi, dinləyə bilərdi. Sevgidən, sevməkdən, sevilməkdən uzaq olan heç kim bu qarşı-qarşıya dayanmanın səssiz dialoqunu anlaya bilməzdi. Bunu anlamaq üçün Məcnun olmaq lazım idi, Leyli olmaq lazım idi. Bunlar ola bilməsən də ən azı sevgində səmimi, inadcıl Əbülfət olmaq lazım idi. Əks halda nə qədər baxırsan bax, nə qədər müşahidə edirsən et, heç bir faydası yoxdu. Onlar da indiki durumda kənar baxışlara, yad münasibətlərə, anlayışsız durumlara münasibət bildirməkdən çox-çox uzaq idilər. Çünki onlar öz dünyalarının giriş qapısının ağzında üz-üzə dayanmışdılar...
   
   - Yenə nə olub? - deyə oğlan soruşdu.
   
   - Heç nə, - deyən qızın səsində elə bir kövrəklik var idi ki, o deyilişi, o sözləri ağlamaqdan seçmək mümkün deyildi. Çünki onun dediyi heç nə əslində onun göz yaşlarına bürünmüş böyük sevgisinin hər şey olduğunu ifadə edirdi. O sevgini yalnız yaşamaq lazım idi ki, onun nə dediyini, nə çəkdiyini anlaya biləsən.
   
   Qəribədir ki, hər ikisi eyni acını yaşayır, eyni sevinci bölüşür və eyni sualların ittiham ünvanı olurdular, özü də bilə-bilə. Sadəcə, bildiklərini bir-birinə deməkdən, ifadə etməkdən çəkindikləri üçün bu acıya tuş gəlirdilər. Bir az da çılpaq desəm, onlar bulağın başında, çayın sahilində su axtara-axtara kömək uman, Allaha yalvaran sevgi dəliləri idi. Bu dəliliyin bir dərmanı, bir müalicəsi var idi. O da göz-gözə, üz-üzə dayanıb heç nə demədən bir-birinin gözündən keçib ürəyini oxumaq idi. Bu məqamda da oğlan nə vaxtsa yazdığı misraları xatırladı. Çünki bu misralardan gözəl heç nə onların indi yaşadıqları durumu ifadə edə bilməzdi.
   
   
   
   birlikdə olanda da
   
   susacam,
   
   dinməyəcəm...
   
   dinib, danışıb
   
   itirməyəcəm
   
   sevgimin ehtiyacı olan
   
   vaxtı, zamanı...
   
   sevəcəm
   
   sevəcəm gözümlə
   
   nəfəsimlə
   
   ruhumla...
   
   və bütün bununla
   
   qurtaracam
   
   sevgimin vaxtdan
   
   asılılığını...
   
   sevəcəm
   
   elə
   
   bu vaxtın özündə
   
   sənə şeir yazıram deyə...
   
   
   
   Doğrudan da çox qəribə idi. bir-birlərindən bir addım uzaq düşən kimi dünya başlarına dar gəlir, yer-göy ayaqları altından, başları üstündən qaçır, təkliyə, tənhalığa dözə bilmirdilər. Özləri özləri ilə danışmaqdan, xəyallar qurmaqdan, nağıllar uydurmaqdan yorulmurdular. Amma bu ayrılıq, bu tənhalıq bircə gündən artıq çəkəndə hər ikisi idarə olunmaz bir duruma düşür, anlaşılmaz məqamlar yaşayırdılar. Başlayırdılar özlərində, bir-birlərində günahlar axtarmağa. Nə yazıqlar olsun ki, günah tapmaq onda o qədər asan, o qədər rahat olurdu ki, sonradan özləri də başlayırdılar "yalançı günahlara" gülməyə. Hətta elə məqamlar olurdu ki, bir-birlərinə bu dünyadan küskünlüklərini, yaşamqdan bezdikdlərini çox adi bir səslə, inandırıcı bir tonla söyləyirdilər. Və adama elə gəlirdi ki, onlar doğrudan da bu dünyadan, bu tənhalıqdan, bu sıxıntılardan yorulublar, beziblər, yaşamaq onlar üçün mənasını itirib. Lakin...
   
   Elə ki, baş-başa qalırdılar, yenə öz sevgilərinə, öz dünyalarına dönürdülər, onda dünya da gözəlləşirdi, yaşamaq da mənalı olurdu, hələ bu dünyanın ləzzətini çıxarmaq istəyi də. Hətta belə məqamlarda biz ondan israrla təzə nə isə oxumağı xahiş edirdik. O da bir az özünü çəkir, bir az əda nümayiş etdirir, guya ki, özünü ağır apırırdı ki, sözü, şeiri samballı olsun. Amma qızın təbəssüm dolu baxışı onun ədasını da, ağır oturmağını da bir anda əridirdi. Bir də onda hiss edirdi ki, şeir oxuyur, özü də aramla... sevgi dolu bir səslə. O səs indinin özündə də hər ikisinin qulağında bir şirin pıçıltı kimi eşidilməkdə idi...

TƏQVİM / ARXİV