üç GüN üç GECƏ VƏ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
23789 | 2012-07-07 08:18
... Ona elə gəlirdi ki, bu dünya təkcə onun oturduğu yerdən ibarətdir. Yalnız onun çevrəsi, onun gözünün ölçüb dəyərləndirə bildiyi məsafə Yer kürəsini ifadə edir. Gözünün görə bilmədiyi, yəni onun görmə mühitindən kənarda heç nə yoxdur. Yer də burda qurtarır, dünya da. Bu da səbəbsiz deyildi. Çünki bu üç gündə çəkdiyi əzablar, yaşadığı məşəqqət dünyanı gözündə böyütməmişdi. Əksinə, sıxıb bir ovuc etmişdi və dünya ilə özü də sıxıla-sıxıla bir iynə ucu boyda olmuşdu. Kənardan baxan olsa, ən yaxşı halda onu nöqtəyə bənzədərdi...hərəkətsiz, həyatını başa vurmuş quruca bir nöqtə... üz-gözünün ifadəsi donmuş, nəbzinin döyüntüsü hiss edilməyən, yalnız gözləri harasa sancılmış bir nöqtə.
   
   Bəli, dünya onun üçün yaşam anlamını da itirmişdi. Nə eşitdiyi musiqi, nə fərqinə varmadan vərəqlədiyi kitablar, hətta təsadüfdən telekanalda yayımlanan və onun da diqqətini çəkən romantik film heç nəyə təsir edə bilmirdi. Sanki özu ilə birlikdə ovuc içi boyda dünyası da ölmüşdü. Onun cismi, onun bədəni bu ölmüş dünyanın başdaşına oxşayırdı. Çox qəribədir. Ruhu, hissləri ölmüş, daşlaşmış, gözləri harasa sancılmış başdaşı...
   
   İndi bunu düşünmək də ona gülməli gəlir. Amma neyləsin ki, o, həqiqətən bu ağrılı, bu üzüntülü, adamın canını canından alan məşəqqətli üç günü yaşamalı oldu. Daha doğrusu, yaşamağa məhkum edildi. Özü də heç nədən, gerçək heç bir səbəb olmadan. Doğrudur, istənilən anda, istənilən məsələyə səbəb tapmaq mümkündür. O, bunun da şahidi olmuşdu. Hətta dostlarına bir dəfə həmin o heç nədən tapılan səbəb barəsində maraqlı bir söhbət də etmişdir. Demişdi ki...
   
   ...Aran rayonlarının birində ezamiyyətdə idim. Ezamiyyət zamanı öyrəndi ki, bu rayonun polis idarəsinin rəisi onun ən yaxın dostunun qardaşıdır. İş elə gətirdi ki, iştirakçısı olduğu tədbirdə həmin polis rəisi ilə yanaşı əyləşdi. Tədbirin gedişində rayon icra hakimiyyətinin başçısı çox kəskin şəkildə rəisə bir-iki irad bildirdi. Həmin iradlardan biri də uzaq təsərrüfatlardan birinin rəhbəri vəzifəsinə keçirilən seçkini təkrar-təkrar pozan şəxs barəsində idi. Görünür, rəis bu iradları ürəyinə çox yaxın buraxdı və tədbir başa çatan kimi həmin o rayona özü ilə birlikdə bir dəstə polis əməkdaşı götürüb getdi. Sən demə, yenə seçki keçirilirmiş. Yenə həmin şəxs seçkini pozmaq üçün bildiyi, bacardığı vasitələrdən yararlanırmış. Təbii ki, bu da onun haqqı idi. Amma artıq ciddi irad eşitmiş rəis heç kimin gözləmədiyi halda həmin şəxsə yaxınlaşıb çox ciddi bir şəkildə soruşdu:
   
   - Ayaqqabın neçə razmerdi?
   
   Rəis onun ayaqqabısının razmerini soruşurdu. O da özünü itirmiş halda mızıldandı:
   
   - Nə olub rəis.. ayaqqabım 45 razmerdi.
   
   Rəis sanki bu sözü gözləyirdi. Tez yanında dayanmış əməkdaşlarına tərəf çönüb:
   
   - Tez olun, basın bunu maşına. Ölkədə müharibə getdiyi vaxtda 45 razmer ayaqqabı geyinir. Sənin ayaqqabında istifadə olunan gön-dəridən üç əsgərə ayaqqabı hazırlamaq olar...
   
   Beləcə, seçki verilən sifarişə, edilən istəyə görə baş tutdu və o da bunun şahidi oldu.
   
   ... İndi bu məqamı bütün detalları ilə xatırlaya-xatırlaya özünün düşdüyü duruma da qiymət vermək istəyirdi. Anlamağa çalışırdı ki, axı onun həyatının üç gününü qaranlığa bürüyən, əzaba, işgəncəyə çevirən səbəbin sifarişçisi kimdir? O, kimin ayağını tapdalayıb? O, kimin çəpərini basıb ki, ona qarşı belə bir sərt qərar qəbul olunub. Təəssüf ki, bu sualların cavabını bilmirdi, tapmağa gücü də çatmırdı. Özünə, duyğularına, ümumiyyətlə, varlığına yazığı gəlirdi, acizliyindən utanırdı. Yalnız eyni sualı, eyni sözləri təkrarlamaqla gözünü yollara, diqqətini susan telefona yönəltməklə birtəhər durub dayanırdı. Düşünürdü ki, hər qaranlığın bir səhəri olduğu kimi, gözləmədən düşdüyü bu müdhiş durumun da bir işıq ucu olacaq. Yox idi o işıq ucu, tapılmırdı. Sanki qəhətə çıxmışdı... sanki dərin və qaranlıq bir quyuya atılmışdı...
   
   Ümidsizlik, inamsızlıq, ən vacibi isə anlayıb dərk edə bilmədiyi səbəbsiz çıxılma onu qurd kimi içindən yeyirdi. O da yalnız için-için göynəyir, heç kimə heç nə demədən öz içi ilə danışırdı. İradını da, etirazını da, sevgisini də, nifrətini də, suallarını da bir az siyasi dildə desək, hətta bəyanatlarını da öz ürəyinə, öz içinə ünvanlayırdı... qələmlə, kağızla baş-başa qala-qala.
   
   
   
   gücüm qalmayıb
   
   etiraz etməyə-
   
   təkliyə...
   
   və bu təkliyi,
   
   məni
   
   günün günorta çağı
   
   asıb başıaşağı
   
   əzab verdiyini
   
   etiraf etməyə...
   
   gücüm qalmayıb
   
   yazdıqlarımı
   
   necə yaşadığım
   
   içimdə dizin-dizin
   
   dişimin, dırnağımın
   
   qanıyla
   
   gündən-günə daşıdığımı
   
   söyləyib
   
   bir addım
   
   qabağa getməyə...
   
   gücüm qalmayıb
   
   olmuşlarla barışıb
   
   tükənən gücə qarşı
   
   olacaqların içində
   
   əriyib itməyə...
   
   gücüm qalmayıb
   
   qalmayıb gücüm...
   
   
   
   ***
   
   Hə, o, özünü atılmış, unudulmuş insanların sırasında görürdü... O, özünü həm də bu dünyaya gərəksiz hesab edirdi və elə bilirdi ki, o, bu dəqiqə əyləşdiyi yer üçün yükdür. Onun ağırlığı əyləşdiyi yeri əzir, sıxır. Bu da sonda ya böyük bir çuxur yaradacaq, ya da yerin həmin o hissəsi əyiləcək, uçub-dağılacaq. Üç gün, üç gecə səssiz-səmirsiz eyni yerdə, eyni nöqtədə oturduğu üçün günahkar da bu olacaq. Digər tərəfdən, oturduğu yerdə həyatı dondurduğu üçün, hərəkəti dayandırdığı üçün, başqalarının yolunda kötüyə çevrildiyi üçün.
   
   İlahi, nə qədər səbəblər var. Bu səbəblərin istənilən birindən yapışıb onu rahatca cəzalandırmaq olar. O, bütün cəzalara hazır idi. Çünki bilirdi ki, heç bir cəza bu üç gündə çəkdiyinin bir anını əvəz edə bilməyəcək. Ona görə də cismani cəza onun gözünə görünmürdü, onu düşündürmürdü, onu özünə çəkmirdi. Onu yalnız iç dünyası, mənəvi aləmi öz aurasına almışdı, öz qoynunda yüyrüyürdü, yellənçəkdə yelləndirirdi. O da heç nə anlamadan, donub, daşlaşmış duyğularla, baxışlarla eləcə bir nöqtəyə baxmaqda davam edirdi. Bunun da bir sonu olmalı idi. Bu sonu gözləmək artıq əzabın, dözümsüzlüyün finalı sayıla bilərdi. O, finala çıxmışdı. Həsrətlə, dərdlə döyüşdə finala!!!
   
   İndi susmaq, dayanmaq olmazdı. Əks halda, üç günlük susqunluq bu finalın yekunu ola bilər və o da özünü, həyatını, hər şeyini, yəni onun özü olan sevgisini əbədi itirə bilərdi. Buna isə dözmək olmazdı. Təbii ki, o da dözmədi və neçə gündən bəri onun telefon zənglərinə cavab verməyən nömrəni ya Allah deyib, bir də yığdı. Sanki Allah onun səsini eşitdi... sanki onun zülmünün şöləsi Allahın da könlünə insaf saldı. Böyük Yaradan telefonun o biri başında eyni əzabları, eyni məşəqqətləri yaşayan və oturub telefonun zəngini gözləyən qızın qəflətən yerindən sıçrayıb telefona tərəf qaçmasına səbəb oldu. Kimin zəng etdiyini fikirləşmədən əlini telefona uzatdı. Amma içində oğlanın zəng vuracağına, elə bu dəqiqə ona "Canım, salam. Necəsən?" deyəcəyinə inana-inana əlini dəstəyə uzatdı. Yanılmamışdı, bu, o idi. Özünün üç günlük ölüm hökmü altında yatan sevgilisi, həyatının bir parçası, arzularının işıq yuvası - bütövlükdə həyatının ümid adlı ünvanı...
   
   - Alo...
   
   - Bəli.
   
   Səs sanki quyunun dibindən gəlirdi. Ancaq həminki səs idi. Bir az kövrək, bir az titrək, bir az da qəhər hopmuş səs. O, özünü unutdu. Çünki üç gündür yalnız qulaqlarında səslənən bu səsin doğmalığı, şirinliyi, odu, alovu onu əməlli-başlı özündən, varlığından, ətrafından alıb aparmışdı. O, bu səs üçün canından keçməyə hazır idi. Bax, belə bir vaxtda səslənmişdi telefon. Amma qüruru incidiyini gizlətməmək istəyirdi. Xüsusilə oğlana günahlarını etiraf etdirmək arzusu qızı məcbur etdi ki,eşitmək üçün burnunun ucu göynəyən həmin səsə özünün soyuq buz kimi səsiylə cavab versin:
   
   - Eşidirəm...
   
   Oğlan buz kimi səsdən telefonun o biri başında özünü şaxtaya, sazağa düşmüş kimi hiss etdi. Ancaq dərinə getmədi. Büruzə vermədi. Yenə həminki od-alovla bir də soruşdu:
   
   - Nə iş görürsən? Görüşə bilərikmi?
   
   Qız yenə həmin o soyuq səslə dedi:
   
   - Heç bir işim yoxdu. Amma evdən də çıxmaq istəmirəm. Bir də neynirsən məni?..
   
   - Deyəsi sözüm var.
   
   - Sözünü telefonda da deyə bilərsən.
   
   - Yox, gözlərinin içinə baxa-baxa demək istəyirəm. İstəyirəm gözlərindən, hərəkətlərindən sənin iç dünyanı, incikliyinin səbəblərini oxuyum, görüm. Sən də məni görüb oxuyasan.
   
   Oğlanın söylədikləri özünü sıxıb saxlayan, buz kimi səslə danışan qıza əməlli-başlı təsir etdi. Amma buna baxmayaraq, o, səsinin istisini gizlədə-gizlədə dedi:
   
   - Bu gün həvəsim yoxdur. Sabah, birisi gün... nə vaxtsa görüşəndə istədiyini deyərsən, suallarını verərsən.
   
   Oğlan bu cavabı gözləməsə də özünü ümidsizlikdən çıxarmaq üçün bir az təmkin nümayiş etdirdi:
   
   - Mən bu gün görüşmək istəyirəm. Sabah, birisi gün nə olacağını deyə bilmərəm. Ona görə də çox xahiş edirəm mənə yarımca saat vaxt ayır. Qoy gözlərinin içinə baxa-baxa sənin suallarına cavab verim, sənə sözümü deyim. Çünki ayrı bir yol tapa bilmirəm, təkliyimlə bacarmıram.
   
   Telefonun o başındakı hənir də bir anlıq kəsildi. Oğlan da susdu. Hər ikisi nə dediklərinin, nə istədiklərinin bütün mənalarını düşüncələrində çözə-çözə həm də cavab axtarırdı. Cavab isə yalnız görüşmək idi...
   
   - Yaxşı. Bir saatdan sonra görüşərik - dedi, qız.
   
   Oğlan:
   
   - Həmişəki yerdə?
   
   - Yox, ora məni sıxır. Sən orda ancaq mənimlə baş-başa qalmağı, məni hamıdan gizlətməyi və ümumiyyətlə ikimizi də səksəkədə saxlayan istəklərini gerçəkləşdirmək üçün görüşmək istəyirsən. Sənin ağlında yalnız başını mənim dizimin üstünə qoyub xatirələr söyləmək, xəyallar qurmaq keçir. Mən bunu istəmirəm, başqa bir yer seç...
   
   - Özün seç. Hara deyirsən, mən bu dəqiqə durum gəlim - dedi oğlan.
   
   Yenə hər ikisi susdu. Nəhayət, qız dilləndi:
   
   - Gözlə, sənə xəbər verəcəm.
   
   Sanki oğlanın bədəninin keyi açıldı, damarlarında qan hərəkətə başladı. Bayaqdan bir nöqtəyə sancılmış baxışı dörd tərəfi asta-asta da olsa gözdən keçirməyə, seyr etməyə başladı. Artıq onun dünyası da böyüyürdü, genişlənirdi. O, indi oturduğu yerin uçub-dağılmayacağına inanmağa, dünyanın sevgisi boyda olacağına inanmağa başlayırdı. Bir anda eşitdiyi bir kəlmə onu həyata qaytarırdı. O, özü özünə dönürdü.... o, öz dünyasından böyük dünyaya qayıdırdı. Ona görə də əl-qol atmaq, yerindən durub var-gəl etmək keçirdi ürəyindən. Sanki bununla yaşadığına özünü inandırmaq istəyirdi. Ona görə ki, səhər-səhər kağıza köçürdüyü misralar sevgisiz, bu dünyanın puç olduğuna oğlanı əməlli-başlı inandırmışdı.
   
   
   
   Şəhər dərin quyudu
   
   Enib çıxa bilmirəm...
   
   Azdığım dalanlardan
   
   Dönüb çıxa bilmirəm-
   
   Sənsiz...
   
   
   
   Sökülür xatirələr
   
   Yaşayan divar, səki
   
   Burda yaşayıb nələr
   
   Xatirəm mənim təki-
   
   Sənsiz...
   
   
   
   Yaddaş vərəqlərini
   
   Çevirir hey gilavar
   
   Məndən başqa küçələr
   
   Görən kimə gəlir dar-
   
   Sənsiz?..
   
   
   
   Ovuduram ovunmur
   
   İzim sökülür hər gün
   
   Ruhumdan qala qurdum
   
   Uçub-tökülür hər gün-
   
   Sənsiz!..
   
   
   
   O, elə bu hisslərin yaratdığı ovqatla həyata dönürdü, özünə qayıdır, o qıza qayıdırdı... Sevgisinə qayıdırdı. Bu, əslində bəlkə də onun özünə, o qıza, o böyük sevgiyə elə böyük qayıdış idi!.. Amma...
   
   O, qayıdışa hazır idi. Bəs o qız? Görəsən, o da böyük qayıdışa hazır idımı?

TƏQVİM / ARXİV