adalet.az header logo
  • Bakı 20°C

ŞUŞADAN GƏLİRƏM - YÜKÜM AYRILIQ

ƏBÜLFƏT MƏDƏTOĞLU
58379 | 2015-08-11 09:23
Bir anlıq təsəvvür edin, daha doğrusu gözünüzün qabağına gətirin Kirs dağını, onun ucalığını və o ucalıqdan üzü günbatana tərəf boylanın. Sonra çevrilin günəşə tərəf, üzünüzü o işığa, o nura tutub, gözlərinizi yumun, onda...

Bəli, məhz onda çox-çox uzaqlara gedəcəksiniz, lap uzaqlara - 1935-ci ilə. Az qala bir əsrə yaxın bir zaman ayıracaq sizi bu gündən. O zaman ki...

Hə, bura Qaladı. Hamımızın güvəndiyi, hamımızın xanlığın və millətin güvənc yeri saydığı Qala - Şuşa qalası. Öz-özümə düşünürəm ki, Şuşanı qala eləyən kişilər o qalanı, yəni o Şuşanı yüzilliklərdən necə də qəhrəmancasına qoruyub, yaşadıb gətirib çıxarmışdılar XX əsrə və o kişilərin arasında adı tarixi şərəfləndirən, milləti dünyaya tanıdan böyük aydınlar da olub. Bu gün də var, amma bu gün Şuşa qalası yoxdu, daha doğrusu, ürəyimizdədi, gözümüzün qabağında deyil. Biz isə...

Hə, bu da 1935-ci il. Bu da qalanın Mamayı məhəlləsi. Burda papaqçı Abuzər yaşayır, ömür-gün yoldaşı Zəhra xanımla birlikdə. Bu Mamayı məhəlləsində Abuzər kişinin öz yurdu, öz ocağı, öz işığı var. Soruşanda hamı barmaqla göstərir papaqçı Abuzəri. Zarafat deyil, əlindən çıxan papaqlar dəyərli, qeyrətli, ləyaqətli kişilərin başında gəzir. Ona görə də həm müştərisi çox olur, həm də xətir-hörməti el-obayla birdi. Bax bu Abuzər kişinin həyat yoldaşı Zəhra xanımla birgə qurduqları yuvada üç övlad böyüyür - Salman, Nəriman və Adilə. Hər birinin öz həyat yolu var, öz arzusu, öz diləyi pöhrələnib ürəyində. Amma təkcə arzu-diləkdən ibarət deyil axı bu dünya. Bu dünyada bir fələk də var. O da öz bildiyini sayır, öz bildiyini edir.

1935-ci ildə dünyaya gələn Nəriman Abuzər oğlu bunu lap gənc yaşlarından anladı. Çünki onun dünyaya gəlişindən cəmi dörd il sonra Fin müharibəsinə, yəni Sovet-Finlandiya müharibəsinə aparılan Salman ordan doğmalarına yazdığı məktubda bir-birlərini daha çox qorumalı, qarşıdan böyük bir bəlanın gəldiyini söyləyirdi. Bildirirdi ki, anasını qorusunlar, onu işləməyə qoymasınlar. Söyləyirdi ki, Adilədən muğayət olun. Onu ürəkli böyüdün. Deyirdi ki, Nərimanın sabahını düşünün. Çalışın özünə bir sənət, bir yol seçə bilsin... bu, böyük qardaşın yazdıqları, arzuları idi...

Papaqçı Abuzərin içində bir işıq vardı, o da oğluna adını verdiyi və hər kəsin də doktor Nəriman kimi tanıdığı, adını böyük sevgi ilə çəkdiyi Azərbaycan aydını, ziyalısı Nəriman Nərimanov idi. Məhz bu sevgidən, bu istəkdən oğluna bu adı qoymuşdu...

İllər ötür, Nəriman da böyüyür, Adilə də. Şuşada məktəbə gedirlər. Bütün yaşıdları kimi müharibənin ağrı-acısını, çətinliklərini yaşayırlar və heç ağıllarına da gətirmirlər ki, nə vaxtsa Şuşada da müharibə görəcəklər, nə vaxtsa Şuşasız qalacaqlar. Fələyin saydığı elə bu idi. Ona qədər isə...

Nəriman böyümüşdü. Orta təhsilini başa vurmuşdu. Qiyabi ali təhsil ala-ala Şuşada yanacaqdoldurma məntəqəsində işləməyə başlamışdı. Burada həm şəhər əhalisinə, həm gələn qonaqlara xidmət edirdi. Günlərin bir günü 08-18 nömrəli bir "Pobeda" dayandı yanacaqdoldurma məntəqəsinin önündə. Bu tarix indiyə qədər Nəriman kişinin yadında qalıb. Onda iyun ayının 18-i idi, il isə 1955-ci il. Maşına yaxınlaşdı və gözlərinə inanmadı, Azərbaycanın iki nəhəng şairi maşında əyləşmişdi - Səməd Vurğun və Rəsul Rza. Onların yanındakı digər yol yoldaşları isə Emin Əfəndiyev idi. Nəriman Səməd Vurğunu şəklindən tanıyırdı, qəzetlərdə görmüşdü, radioda çıxışını eşitmişdi. Ona görə də həyəcanla, az qala dili-dodağı əsə-əsə salam verdi. Xalq şairi "Pobeda"dan düşdü, cavan oğlanın əlini sıxdı və:

- Komsomol, bizə benzin verərsən? - soruşdu.

Nəriman:

- Əlbəttə, - deyib, sürücüyə maşına benzin tökməkdə kömək etməyə tələsdi.

Onun bu diribaşlığı şairin ürəyincə oldu. Elə təbəssümlə də sözünü davam etdi:

- Buyur, 100 manatı. Artığı da olsun sənin peşkürün. Amma sən bizi benzin məsələsində gözlə ha! Mən 
Cıdır düzünün həvəskarıyam. Hər gün ora çıxıb gəzmək üçün gərək "Pobeda" yerisin.

- Baş üstə! Heç bir narahatçılıq olmaz - deyib, şairlə sağollaşdı.

Ovcunda isə şairin ona verdiyi otuz dörd manat "peşkür"ü sıxıb saxlamışdı.
Bu, Nərimanın həyatının ən önəmli bir günü idi. Elə indinin özündə də o xatirəni söyləyəndə baxışları çox-çox uzaqlara sancılır, gözlərinin dərinliyindən bir kədər bulud kimi gəlib keçir.
İllər ötür, Nəriman Abuzər oğlunun həyat yolunun dolanbac cığırları Şuşanın dolamaları kimi arxada qalır, o, rəvan bir axara düşürdü. Artıq o, Şuşada sayılıb-seçilən cavanlardan biri olmuşdu. Zarafat deyildi, bacarığına, savadına görə ona məsul işlər etibar etmişdilər. Rayonun ictimai iaşəsini, sonra Rayon İstehlak Cəmiyyətini idarə etmək ona tapşırılmışdı. Artıq Şuşa Rayon Partiya Komitəsini, eləcə də DQMV - nın, Bakı və Moskvanın əlaqədar qurumlarının konfranslarına nümayəndə seçilir, respublika tədbirlərində iştirak edirdi. Rayon sovetinə deputat seçilmişdi. Uğurlu nəticələr, cəmiyyətdə qazandığı nüfuz onun ömür kitabını zənginləşdirmişdi. Fəxri fərmanlar, mükafatlar, diplomlar məclislərin ən sayılan Rəyasət Heyətlərində əyləşmək adi hala çevrilmişdi. Bütün bunlar Nəriman Abuzər oğlunu çaşdırmır, işinə, adamlara münasibətinə xələl gətirmirdi, əksinə onun nüfuzu, maddi imkanları artdıqca o, adamlara daha çox yaxınlaşır, daha çox qaynayıb-qarışır, daha çox əl tuturdu. Təbii ki, Şuşa kimi şəhərdə sayılıb-seçilmək hər adamın işi deyil. Ancaq alın təriylə, halal ocaqda - papaqçı Abuzərin evində böyümüş Nəriman Hacıyev bütün həyatı boyu xeyirxahlıqdan, insanlara qayğı göstərməkdən yorulmadı, geri çəkilmədi. El-obasının xeyir-şərindən qalmadı, el adamı oldu. Ona görə də həm şəxsi həyatında, həm də ailəsində yaşadığı, böyütdüyü, hər şey və hər kəs həm əxlaqına, həm də dünyagörüşünə görə onun başını uca etdi. Oğlu Azər Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Ancaq həmin döyüşə qədər Azər Əfqanıstan müharibəsinin də dəhşətlərini yaşamışdı. Özü altı övlad sahibi olan Nəriman kişinin şəhid oğlu Azərin iki yadigarı var. Bu ailədə Nərimanın böyük qardaşı Salmanın adını yaşadan və Azərin adını öz doğum şəhadətnaməsində gerçəkləşdirən övladlar böyüyürlər. Bunların hər biri ayrı-ayrılıqda Nəriman kişiyə bir təsəllidir. Onun bir təsəllisi də nəvəsinin, yəni Azərin oğlu Yapon Hacıyevin bir idmançı kimi dünya çempionu olmasıdır...

Həyatda bir gerçək də var - deyirlər ki, yaxşı oğul dayıya, yaxşı qız bibiyə (Qarabağda "mama" deyilir) oxşayır. Nərimanın bacısı Adilə xanım "Qəhrəman ana" idi. Həyatdan erkən gedən Adilə xanım böyütdüyü on övladın hər birinin ali təhsil aldığını, müxtəlif vəzifələrin sahibi olduqlarını görüb, barını yeməsə də, övladları ana zəhmətini dəyərləndirə bildilər. Onların arasında həkim, müəllim, məmur və digər sayılıb-seçilən ixtisasların sahibləri var və onlardan biri də Bayram Səfərovdu. Onun uşaqlarından biri, yəni Nərimanın bacısı oğlu Qarabağ İcmasına rəhbərlik edir. O, şuşalıların, Dağlıq Qarabağ camaatının adından Azərbaycan dövlətinin təmsilçisi kimi ən mötəbər tədbirlərdə söz sahibidir. Nəriman kişi bacısı oğlu Bayram Səfərovla fəxr edir. Çünki, o da dayısı kimi həyatın hər üzünü görüb. Amma Nəriman kişi heç vaxt bacısı oğlunun adından istifadə etmir. Hətta mən ondan soruşanda dedi ki, hərə öz adıyla yaşasa yaxşıdı. Onsuz da "elin gözü tərəzidi", kimin kim olduğunu hər kəs yaxşı bilir. Mən bir qalalı kimi, üstəlik həm də dayı kimi onunla fəxr edirəm, Allah işini avand etsin.

- Nəriman kişi, 80 yaşın qapısını döyürsünüz. Üzü geri baxanda nədənsə sıxıldığınız, narahat olduğunuz, peşmançılıq çəkdiyiniz olurmu?

- Bacıoğlu, mən qalalıların gözünün qarşısında böyümüşəm, yaşamışam. Kim olmuşam, necə olmuşam onlar daha yaxşı bilirlər. Dediyin kimi, geriyə baxanda iki şey üçün peşmançılıq çəkirəm - bir Şuşada şəhid olmadığım üçün, ikinci də bu günədək Azərin qisasını ala bilmədiyim üçün. O ki qaldı günümüzə-güzəranımıza... yaşayırıq, dolanırıq, övladlara, nəvələrə baxıb sevinirəm, məni tək qoyub getmiş ömür-gün yoldaşım üçün darıxıram. Həyatdır, bir gün gələn bir gün gedər. Bir ona sevinirəm ki, camaatımızın - qalalıların gözünün içinə dik baxa bilirəm. Heç kimdən sıxıntım, çəkinəcəyim yoxdu. Allah qismət eləsin, Qalaya qayıdaq. Məni orada torpağa tapşırın.

... Nəriman Abuzər oğluynan uzun-uzadı söhbət etdik. Qarabağın canlı tarixi olan Vasif Quliyevin, Qarabağ mətbəxinin bütün incəliklərini Biləcəri qəsəbəsində yaşadan Güloğlanın iştirakıyla... Arada onun da, iştirakçıların da telefonuna zənglər gəldi. Nəriman kişiylə birlikdə olduğumuzu bilənlər ona salamlarını çatdırmağı xahiş etdilər. Bax onda anladım ki, papaqçı Abuzərin oğlu Nəriman Hacıyev bu 80 ildə papağını günə yandırmayıb. Əsl kişi kimi yaşayıb.

SÖZARDI:

Şuşalılar Nəriman kişini yaxşı tanıyırlar, onun dözümünə də, dəyanətinə də yaxşı bələddirlər. Müxtəlif vəzifələrdə çalışması, süfrəsinin çörəkli olması hamının yaxşı xatirindədi. Hətta onu da bilirlər ki, şəhid Azərin bir kəlmə sözü ilə o, Şuşada qurduğu sarayından bir əşyaya da əl vurmadı, bir çöp də çıxarmadı, üstəlik Şuşada son iş yeri olan və may ayının 7-nə kimi orada olan şuşalıları və döyüşçüləri çörəklə təmin edən zavodun direktoru kimi işini axsatmadı, çünki o, çörək qazandığı kimi, çörək verməyi də bacaran kişi idi. Digər tərəfdən onun bişirdiyi çörək Şuşadan əlavə Laçının, Xankəndinin tələbatını ödəyirdi. Zəhmətə qatlaşan, halallığı hər şeydən üstün tutan Nəriman kişi bütün həyatı boyu öyrənməyə də üstünlük vermişdi. Onun sonuncu ali təhsil diplomu Moskva Kooperativ İnstitutunun Bakı filialını bitirməsi barədə idi. Hər dəfə keçmişi xatırlayıb xəyala dalanda qardaşı Salmanın sovet-alman müharibəsindən "qara kağız"ı gələndən sonra özünə qapanması və papaqçılıqdan imtina etməsi yadına düşür. İndi anlayır ki, papaqçı Abuzər oğul xiffətini necə sarsıntılarla yaşayıb. Bu sarsıntıları da Nəriman Hacıyev, Azər Əfqanıstanda döyüşəndə, Kəlbəcərdə şəhid olanda təkrar yaşadı. Ona görə də müharibədən, Şuşadan söz düşəndə qara buludla dolan gözlərini hər kəsdən gizləməyə çalışır...
Hə, Nəriman kişi, sən şərəfli ömür yaşamısan və bu gün də yaşayırsan. Övladlarınla fəxr edirsən. Qızın Səfayət müəlliməni, onun və sənin ciyərparan Zeynəb balanı, çox sevdiyin adaşın Nərimanı, bir sözlə, bu ocağın hər bir təmsilçisini şərəfin, qürurun bilirsən. Elə onlar da səni, yəni atalarını, babalarını uca dağ sayırlar. Allah bu ucalığı onlara çox görməsin!

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV