adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

"Ölməyimə görə heç kimi günahlandırmayın..."

18790 | 2012-07-19 08:08
Müəmmalı ölümə doğru
   
   Onun haqqında bir vaxtlar ən istedadlı "fəhlə şairi" ifadəsini işlədir, ciddi-cəhdlə onu göylərə qaldırırdılar. O, həqiqətən, istedadlı şair, yaradıcılığının ilk dövrlərində sosializm ideyalarının təbliğatçısı, ötən əsrin əvvəllərində rus ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri idi. Onun proletar ruhlu şeirləri, çəkdiyi inqilab ruhlu plakatları həmin dövrdə Rusiyada çox məşhur idi. O, yavaş-yavaş yaradıcılığının zirvəsinə doğru gedirdi. Ancaq yaradıcı insanın hökmən kamillik dövrü olur. Məhz o kamillik dövründə sosializm sisteminin eybəcərliklərini anlayaraq mövcud rejimi tənqid etməyə və keçmişdə buraxdığı səhvlərdən nəticə çıxarmağa çalışdı. Bir vaxtlar sosializmi təbliğ edən şeirlər yazan və buna görə də hətta bolşevizmin banisi Vladimir İliç Leninin belə, rəğbətini qazanaraq onun sevimlisinə çevrilən, sonra isə bolşevik üsul-idarəsini qamçılamağa başlayan bu məşhur şair bununla da özünü müəmmalı ölümə aparan yolun əsasını qoydu. Amma ölümündən, daha doğrusu, öldürülməsindən sonra günahından keçdilər. 1935-ci ildə İosif Stalin tərəfindən o, sovet poeziyasının klassiki elan edildi. Halbuki, o, həyatının son illərində yazdığı şeirlərində bolşevizmi, sözün əsl mənasında, qamçılayırdı. Bu, Vladimir Mayakovski idi.
   
   Meşəbəyinin şair oğlu
   
   Mayakovskinin həyat yolu olduqca keşməkeşli və ziddiyyətlidir. O, 1893-ci il iyul ayının 7-də Gürcüstanın Kutaisi quberniyasının Bağdati kəndində meşəbəyi Vladimir Konstantinoviç Mayakovskinin ailəsində anadan olub. Gələcək şairin anası Aleksandra Pavlenko Kuban kazaklarından olub. Mayakovskinin uşaqlığının ilk illəri Kutaisidə keçib. 1902-ci ildə o Kutaisi gimnaziyasına daxil oldu. 1906-cı ildə atası meşəçiliklə bağlı sənədləri bir yerə tikərkən iynə ilə əlini zədələdi və paslı iynədən qanı zəhərləndi və o, dünyasını dəyişdi. Atasının ölümündən sonra Mayakovski anası, bacıları Lyudmila və Olqa ilə birlikdə Moskvaya köçməyə məcbur oldu. Burada o, 5 saylı klassik gimnaziyada təhsilini davam etdirdi. Amma gimnaziyanı bitirmək ona nəsib olmadı. 1908-ci ildə təhsil haqqını ödəyə bilmədiyi üçün onu gimnaziyadan xaric etdilər. Mayakovski ədəbi yaradıcılığına da gimnaziyada oxuyanda, təxminən 13-14 yaşlarında başladı. İlk şeirləri "Porıv" adlı gimnaziya jurnalında dərc olunub. Gimnaziya illərində o, siyasi həyata atıldı. 1908-ci ildə bolşeviklərin təsiri altına düşərək Rusiya Sosialist Demokrat Partiyasının (RSDP) sıralarına daxil oldu. 1908-1910-cu illərdə inqilabi fəaliyyətə görə üç dəfə həbs olundu. 1910-cu ildə həbsdən azad edildi. Amma həbsxana həyatı onda dərin psixoloji iz buraxmışdı. Ona görə də azadlığa çıxan kimi dərhal partiya sıralarından istefa verdi. 1911-ci ildə Moskva təsviri incəsənət məktəbinə daxil oldu. Həmin ildə də o," Giley" ədəbi futuristlər qrupunun əsasını qoyan David Burlyukla tanış oldu. Bu, onun poeziyaya gəlişində dönüş nöqtəsi oldu. Həmin dövrdə yazdığı "Gecə" şeiri 1912-ci ildə futurist şairlərin seçilmiş şerilərinin çap olunduğu "İctimai meylə vurulan sillə" kitabında dərc olundu.
   
   Alovlu inqilabçı
   
   Gündən-günə püxtələşməyə başlayan şairin 1913-cü ildə "Mən" adlı seçilmiş şeirlər kitabı çap olundu. Bunun ardınca şair dramaturgiyaya müraciət etdi və "Vladimir Mayakovski" faciəsini yazdı. Faciəni şəxsən özü tamaşaya qoydu və baş rolu ifa etdi. I Dünya müharibəsində orduya getmək istəsə də, siyasi cəhətdən etibarsız olduğuna görə onu hərbi xidmətə qəbul etmədilər. Buna baxmayaraq Maksim Qorkinin yardımı ilə 1915-1917-ci illərdə Petroqradda hərbi xidmətdə oldu. Əsgərlik dövründə o: "Ana və almanlar öldürən axşam", "Mən və Napoleon" şeirlərini, həmçinin "Müharibə və sülh" poemasını yazdı. 1917-ci ildə baş verən oktyabr inqilabından sonra onun əsas vəzifələrindən biri burjuaziyanı tənqid edən satirik ruhlu plakatlar çəkmək və onların altında da mövzuya uyğun olaraq öz şeirlərini yazmaq oldu. İnqilabın birinci ildönümü münasibəti ilə burjuaziyanı tənqid edən "Misteriya Buff" pyesini yazdı və tamaşaya qoydu. 1919-cu ildə Petroqraddan Moskvaya köçən Mayakovski buradakı ROSTA adlı satirik təbliğat-təşviqat idarəsində rəssam kimi işə düzəldi. Ümumiyyətlə, Mayakovski həmin dövrdə sosializmi təbliğ edən çoxsaylı şeir və poemalar yazdı. Eyni zamanda Moskva Futuristlər Assosiasiyasında bir neçə kitabı çap edildi. 1923-cü ildə isə Sağ İncəsənət Cəbhəsi qrupunu təsis etdi və eyni adda jurnalın nəşrinə başladı. 1924-cü ildə "Vladimir İliç Lenin" poemasını yazdı. Olduqca məhsuldar olan şair, 1926-1927-ci illərdə o, 9 kinossenari qələmə alır və bir neçə qəzet və jurnalla əməkdaşlıq edirdi
   
   Dünya səyahəti
   
   1922-24-cü illərdə o, Latviya, Fransa və Almaniyaya səyahətə çıxdı. Bunun da nəticəsi olaraq "Paris", "Demokratik respublika necə işləyir" adlı şeirlərini yazdı. 1925-ci ildə isə Amerikaya getdi. O, Havanaya, Mexikoya, həmçinin ABŞ-ın müxtəlif şəhərlərində üç ay ərzində auditoriya qarşısında şeirləri ilə çıxış etdi. Səfərin nəticəsi olaraq "Mən Amerikanı kəşf etdim" oçerkini yazdı. 1925-1928-ci illərdə şair SSRİ-nin müxtəlif bölgələrini gəzdi və çoxsaylı auditoriyalar qarşısında çıxışlarını davam etdirdi. Onun bu səfərləri SSRİ rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilirdi. Məqsəd isə Mayakovski vasitəsi ilə dünyanın müxtəlif bölgələrində, həmçinin ölkə daxilində sosializm ideyalarını təbliğ etmək idi. Bu səfərlər nəticəsində Mayakovski "Yoldaş Netto, paroxod və insan", "İttifaq şəhərləri üzrə" və "Poladəridən İvan Kozırevin hekayəsi" əsərlərini yazdı.
   
   Dönüklük
   
   Ötən əsrin 20-ci illərinin ortalarından Mayakovskinin həyatında dəyişiklik baş verdi. O, bolşevizmin iç üzünü görərək, onu tənqid edən şeirlər yazmağa başladı. Məsələn, "İclasbazlar" şeirində bekarçılıqdan bütün günlərini iclaslarda keçirən bolşevik məmurlarını sərt şəkildə tənqid etdi. Eyni zamanda şeirlərində belə ümidsizlik, həyatından narazılıq, küskünlük və faciəli motivlər özünü göstərməyə başladı. Bu da dərhal sovet məmurlarının və onların əl ağacları hesab edilən proletar tənqidçilərin və şairlərin diqqətini cəlb etdi. Onu bu şeirlərə görə "poputçik" adlandıraraq, burjua meyilli şair kimi qələmə verməyə, tənqid etməyə başladılar. "Proletar" tənqidçilər artıq onu "fəhlə şairi" hesab etmir və hər gün uçuruma sürüklənməkdə günahlandırırdılar. Mayakovski 1929-cu ildə ədəbi yaradıcılığının 20 illiyini qeyd etmək istədi, lakin SSRİ rəhbərliyi artıq özünü şübhə altına salan şairə bunu etməyə icazə vermədi. Həmin dövrdə şairə həm ən yaxın dostları, həm düşmənləri, həm də yuxarılar tərəfindən müxtəlif səviyyəli təzyiqlər başlamışdı. Onu hara gedir izləyir, söhbətləşdiyi, görüşdüyü adamları istintaqa çağıraraq uzun-uzadı sorğu-suala tuturdular. Necə deyərlər, təzyiqlər vasitəsi ilə Mayakovski də həmin dövrdə Yesenin aqibətini yaşamağa məcbur edilirdi. Üstəlik, Yesenində olduğu kimi, Mayakovskinin də həyatında xüsusi xidmət orqanlarının ələ aldığı adamlar vasitəsi ilə ailədaxili problemlər ortaya çıxarılmışdı. Bütün bunlar isə Mayakovskinin əsəblərinin sürətlə pozulmasına və onun ciddi psixoloji əsəb gərginliyi keçirməsinə yol açmışdı.
   
   İntihar məktubu
   
   Bütün təzyiqlərin məntiqi nəticəsi olaraq 1930-cu il aprel ayının 14-ü səhər saat 10.15-də Mayakovski faciəli şəkildə həyatdan köçdü. Onun otağından ölümqabağı yazdığı məktub tapılmışdı. O, bu məktubunda yazırdı: "Hamıya. Sizdən xahiş edirəm ki, ölməyimə görə heç kimi günahlandırmayın, qeybət etməyin. Ölənin bundan zəhləsi gedir. Analar, bacılar və dostlar, bağışlayın - bu, çıxış yolu deyildi - (heç kimə məsləhət görmürəm), amma başqa bir şey edə bilmədim. Lila, sev məni. Yoldaş hakimiyyət, mənim ailəm - Lila Brik, anam, bacılarım və Veronika Vitoldovna Polonskayadır. Əgər sən onlara yaşamaq üçün yaxşı şərait yarada bilsən, sənə öz təşəkkürlərimi bildirərəm. Yazmağa başladığım şeirləri Briklərə verin, onlar bundan baş açacaqlar. Necə deyərlər, anlaşılmazlıq bitdi", sevgi qayığım məişət həyatı ilə toqquşaraq, məhv oldu. Həyatımla olan haqq-hesablara son qoydum və lazım deyil qarşılıqlı ağrı, bəla və incikliklərin siyahısı.
   
   Salamat qalın.
   
   Vladimir Mayakovski. 12/IV - 30-cu il.
   
   Vappov yoldaşlarım, məni ağciyər saymayın, ciddi deyirəm, bacarmaq mümkün deyildi.
   
   Salam.Yermilova deyin ki, çox heyif ki, şüarı çıxardı, bir az da söymək lazımdı. V. M.Stolumun içində 2000 rubl var, bunu vergi ödəyin, qalanına güldan alarsınız. V. M."
   
   Məktub müəmması
   
   Bu məktubun şairin öz tərəfindən yazılması belə, kifayət qədər şübhəlidir. Bu məktubu şairi yazmağa məcbur etmişdilər, yoxsa içkili vəziyyətdə və ya rejimdən incik vaxtında özü yazmışdı? Bu suala hələ də cavab tapılmayıb. Məktubdakı xətt Mayakovskinin xəttinə bənzəyir. Amma xəttin, həqiqətən də, Mayakovskiyə aid olduğunu əminliklə demək mümkün deyil. Məktubun Mayakovski tərəfindən yazılıb-yazılmadığını o vaxt qazdan da ayıq olan çekistlər araşdırmadılar. Halbuki öncə onlar bunu etməli idilər. Sadəcə olaraq, məktub unuduldu. Əvəzində çekistlər tərəfindən Mayakovskinin zöhrəvi xəstəlikdən əziyyət çəkdiyi və buna görə özünü öldürdüyü barədə şayiə ortaya atıldı. Ancaq tibbi ekspertiza Mayakovskinin belə bir xəstəliyə tutulmadığını aşkara çıxardı. Bundan sonra şairin guya psixoloji vəziyyətdə özünü öldürdüyü iddiası gündəmə gətirildi. Baş verən faciəli hadisə ilə bağlı o dövrdəki rəsmi məlumatlarda Mayakovskinin əsəbi vəziyyətdə guya başına açdığı atəşlə özünü öldürdüyü bildirilirdi. Amma Mayakovskini yaxından tanıyanların çoxuna onun özünü öldürmədiyi, Yesenin kimi öldürüldüyü məlum idi. Bu şayiələr həmin dövrdə bütün SSRİ-yə yayılmışdı. Ancaq bunu açıq şəkildə heç kim dilinə gətirməyə cəsarət edə bilmirdi. Xeyli sonralar məsələ araşdıralırkən, həqiqətən də, Mayakovskinin özünü öldürməsi barədə rəsmi məlumatları təkzib edən və onun öldürülməsinə şübhə yeri qoymayan çoxlu faktlar ortaya çıxdı.
   
   İntihar yoxsa sui-qəsd?
   
   Mayakovski mənəvi təzyiqlərə məruz qalmışdı və onu az qala sosializmə xəyanətdə günahlandırırdılar. Amma bunu açıq şəkildə yazmaq rejimin ideoloji silahı rolunu oynayan qəzetlərə sərf etmirdi. Yenə də Yeseninlə olduğu kimi, Mayakovskinin də müəmmalı şəkildə dünyasını dəyişməsi müxtəlif ehtimalların ortaya çıxmasına səbəb oldu. Bu məsələdə əsas günahkarlardan biri kimi 22 yaşlı aktrisa Veronika Polonskayanın adı hallandırılmağa başlandı. Mayakovskinin guya öz sinəsinə güllə sıxması ilə bağlı sonralar irəli sürülən rəsmi ehtimallara gəlincə, bunun da səbəbləri aydın idi. Sovet rejimi bu yolla Mayakovskinin ölümü ilə bağlı əsl həqiqəti gizlətməyə çalışırdı. SSRİ dönəmində bu məsələlər ətrafında ajiotaj qaldırılmasına və əsl həqiqətin ortaya çıxmasına imkan verilmədi. Yalnız rejim çökməyə yaxın Mayakovskinin faciəli şəkildə dünyasını dəyişməsi ilə bağlı məsələ ətrafında diskussiyalar başlandı. Bu müstəvidə də bir neçə il bundan əvvəl tanınmış telejurnalist Vladimir Molçanov "Gecəyarıdan əvvəl və sonra" adlı verilişdə Mayakovskinin ölümündən sonra çəkilən şəklində sinəsində iki güllə izinin aydın göründüyünü söylədi. O, buna əsasən Mayakovskinin özünü öldürmədiyi, öldürüldüyü qənaətinə gəldi. Məsələ ilə bağlı araşdırma aparan digər bir jurnalist V. Skoryatin də Mayakovskinin çekistlər tərəfindən öldürüldüyünü söyləsə də, onun ürəyinə iki deyil, bir güllə sıxıldığını iddia edir. Arxiv materialları ilə tanış olandan sonra Skoryatin yazır ki, Mayakovskini konkret olaraq çekist Aqranov öldürüb. Aqranov şairlə yaxın dost idi. Skoryatin araşdırmaları nəticəsində bu qənaətə gəlmişdi ki, Aqranov Mayakovskinin otağı ilə qonşu olan təsərrüfat alətləri saxlanan yardımçı otaqda gizlənərək Polonskayanın getməsini gözləyib. Polonskaya Mayakovskidən ayrılan kimi o gizlicə şairin otağına daxil olaraq onu güllələyib, sonra da gizli yolla oranı tərk edib.
   
   Cinayət silahı: mauzer, yoxsa brauninq?
   
   Mayakovskinin özünü öldürdüyü iddia edilən silahla bağlı da məsələ dolaşdırılmışdı. Məsələn, "Krasnaya qazeta" şairin özünü 312045 nömrəli mauzerlə öldürdüyünü yazıb. Rəsmi protokolda da belə göstərilib. Amma muzeydə şairin həyatına son qoyan mauzer deyil, brauninq nümayiş etdirilir. Bununla əlaqədar yenidən araşdırmalar aparıldı və məlum oldu ki, şair muzeydə saxlanılan brauninqlə deyil, məhz mauzerdən açılan atəş nəticəsində dünyasını dəyişib. Bəs bu silahı kim dəyişib? Sonralar, 1944-cü ildə Mayakovskinin ölümü ilə bağlı yazıçı Zoşşenko çekistlərdən birinin ona ünvanladığı suala belə cavab vermişdi: "Mayakovskiyə məxsus olan şəxsi silah ona çekist Aqranov tərəfindən hədiyyə edilmişdi. Amma şairin ölümündə istifadə edilən silah ona məxsus olmayıb". Sonralar izi itirmək və Mayakovskinin özünü mauzer deyil, məhz bu brauninq vasitəsilə öldürməsi barədə irəli sürülən rəsmi məlumatları sübut etmək üçün mauzerin yerinə brauninq qoyulmuşdu. Çünki şairin mauzeri olmayıb. Mauzer məsələsinin ortada olması o demək idi ki, şairi öldürüblər. Bu isə rejimin ifşası anlamına gəlirdi. Ona görə də şairin özünü öldürməsi inandırıcı çıxsın deyə, onda olan brauninqi mauzerin yerinə qoymuşdular.
   
   Fikir adamlarının qənimi- Aqranov
   
   Bir sözlə, şairin öncədən hazırlanan ssenari əsasında Aqranov tərəfindən öldürüldüyü istisna edilmir. Mayakovskinin qatili olduğu ehtimal edilən dostu Yakov Sauloviç Aqranov (Sorendzon) ÇK-da əsas fiqurlardan biri hesab edilirdi. O, vaxtılə Nikolay Qumilyovun və yazıçı-alim Çayanovun güllələnməsində şəxsən iştirak etmişdi. Yeseninin faciəli şəkildə öldürülməsində də onun əli oduğu ehtimal edilir. Aqranovun özünü də sonralar öldürdülər. Ola bilsin ki, bununla izi itirmək istəyiblər. Nəhayət, nə qədər qəribə olsa da, şairin ölümü ilə bağlı sənədlər məhz uzun müddət daxili işlər naziri N. Yejovun şəxsi seyfində saxlanılıb.

TƏQVİM / ARXİV