adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

BÖYüK QONŞULARLA BÖYüK QONŞULUQ

BABƏK YUSİFOĞLU
42156 | 2012-07-18 13:59
Bu gün hətta dünyada gedən siyasi prosesləri izləməyənlər də, ümumiyyətlə siyasətdən uzaq olan şəxslər də bilir ki, beynəlxalq siyasi düzəndə dəyişmələr gedir. Güclər balansı yeniləşir, böyük ölkələrdə rejimlər dəyişir, dövlətlərin siyasi-hərbi oriyentasiyaları yerini başqasına verir. Ən çox diqqətin cəmləşdiyi regionlardan biri də Cənubi Qafqaz və əhatəsindəki qonşuların yerləşdiyi məkandır. Əslində ən adi nəzərlə də burada, necə deyərlər, çox böyük oyunların getdiyini görmək mümkündür.
   
   Maraqlıdır, böyük güc mərkəzlərinin diqqətində olan bu regionla bağlı verilən proqnozların çoxu özünü doğrultmayıb. Çoxları belə hesab edirdi ki, xeyli sayda təhlükəli xətlər üzərində manevrlər edən Bakı haradasa tutarlı səhv edərək özünü pis vəziyyətdə qoyacaq. Dağlıq Qarabağ düyünü ilə bağlı ölkəyə göstərilən təzyiqlər, Rusiya ilə Qəbələ "RLS" üzərində anlaşmazlıqlar, Xəzərin statusu ilə bağlı İranla ciddi fikir ayrılıqları, Türkmənistanla yeni neft yatağı mübahisələri, Avropaya qazın nəqlini həyata keçirəcək "Nabucco"nun dalana dirənməsi, Tehran-Bakı münasibətlərinin kəskinləşməsi... göstərirdi ki, doğrudan da Azərbaycanın işi heç də asan olmayacaq.
   
   Lakin ölkəmizin yeritdiyi siyasət sübut etdi ki, qorxulu proqnozlar verən nüfuzlu ekspertlərin söylədikləri doğru deyil. Bəlkə də onların da belə bədbin şərhlər verməsində elə də böyük günahları yox idi. Ola bilər ki, müharibə vəziyyətində olan Azərbaycanın həmişə güzəştli mövqe nümayiş etdirməsi ətrafda belə fikir formalaşdımışdı. Əslində özlərini böyük dövlət hesab edən qonşuların ilkin davranışları da məhz belə görünürdü. Tehran böyük hay-küylə, hədə-qorxuyla danışmağa başlamışdı. Bir sıra yüksək rütbəli din xadimləri ultimativ bəyanatlar səsləndirməyə girişmişdilər. Təhqirlərdən belə çəkinmirdilər. Hətta İranın Azərbaycan sərhədləri yaxınlığına hərbi texnika cəmləşdirdiyi xəbərləri də eşidilməkdəydi.
   
   Rəsmi Bakı uzun müddət səbr və təmkin nümayiş etdirsə də nəhayət adekvat addımları dövriyyəyə buraxdı. Onların hər bir təxribat xarakterli hərəkətləri çox kəskin əks-reaksiyalarla qarşılandı. Müəyyən hərəkətlərin qarşısı qətiyyətlə alındı. Bakının göstərdiyi əks-reaksiyanın getdikcə gücləndiyini hiss edən Cənub qonşumuz bu siyasətin əks nəticə verəcəyini duyub tövrünü dəyişməli oldu. Tehran bir neçə gün əvvəl öz nümayəndəsini Azərbaycana göndərdi. Belə ki, İranın təhsil naziri Həmidrza Babyi İran prezidentinin rəsmi dəvətini Azərbaycanın dövlət başçısına təqdim etdi və Bakıda çox mehriban və dost messajları səsləndirdi. Mətbuatın yazdığına görə, dəvət qəbul edilib və prezidentin səfəri baş tutacaq.
   
   Lakin bu cür siyasətin aparılması təkcə İranın davranışlarına qarşı deyildi. Bu ümumi konsepsiya idi. Belə ki, Qəbələ "RLS"-in müqaviləsinin uzadılması və digər strateji məsələlərlə bağlı Rusiyanın təzyiq dolu davranışları, Ermənistanla birgə hərbi təlimlər keçirməsi, Bakının kirayə qiymətlərində güzəştə getməyəcəyi halda "RLS"-n Ermənistan ərazisinə köçürüləcəyi mesajları... sözün əsl mənasında təsirsiz qaldı. Yəni, Bakı Stansiya ilə bağlı yeni müqavilə şərtlərindən geri çəkilmədi. Azərbaycanın ardınca Orta Asiya respublikalarının da oxşar addımlar atması, yəni Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviəsindən (KTMT) çıxması, Tacikistanın ərazisində yerləşən 201-ci hərbi bazadan ötrü Düşənbəınin eynən 300 milyon dollar kirayə haqqı istəməsi, daha sonra Qırğızıstanın respublikada yerləşən üç rus hərbi bazasına görə kirayəni qaldıracağı haqda artıq xəbərdarlıq göndərməsi Moskva üçün şok effekt yaratdı. Artıq Qırğızıstanın müdafiə naziri, general-mayor Taaleybek Omurəliyev rəsmi şəkildə bildirib: "Bu hərbi bazaların kirayə müddəti 2014-cü ildə sona çatır. Və biz inflyasiyanın dəyərlərinə uyğun olaraq kirayə haqlarını artıracağıq". Əlbəttə, nazir "Kant" aviabazanın bura daxil edilməyəcəyini bildirmişdir.
   
   Bundan başqa, bu günlərdə Azərbaycan Rusiyanın təşəbbüsü ilə əsasən MDB respublikalarını əhatə edəcək yeni Gömrük İttifaqına qoşulmayacağını bildirib. Ekspertlərə görə, iqtisadi inkişafda olan, zəngin təbii sərvətlərə malik Azərbaycan kimi bir ölkənin bu quruma qoşulmaması təsisçilər üçün zərbə hesab edilə bilər. Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Avrasiya iqtisadi komissiyasının Gömrük Əməkdaşlığı üzrə naziri Vladimir Qoşinlə görüşündə bildirib: "Azərbaycan Gömrük İttifaqına daxil olmaqda maraqlı deyil". Lakin bununla yanaşı artıq məlumdur ki, Bakı Ankaranın türkdilli ölkələrinin Gömrük Rəbərliyi Şurasının yaradılması təşəbbüsünü dəstəkləyib. Mətbuatın verdiyi xəbərlərə görə, ilkin razılaşmalar da əldə edilib.
   
   Bütün bunlar reallıqlardı. Rusiya Azərbaycana təzyiq göstərməyin, regionda onun maraqlarına zidd siyasət yeritməyin Moskvaya xeyir gətirməyəcəyini nəhayət anlamalıdır. Bu gün haqlı olaraq rus ekspertləri də bütün bunları Moskvanın Cənubi Qafqazdakı yanlış siyasətinə qarşı Bakının atdığı dekvat addımları kimi dəyərləndirir. Bu sırada Azərbaycanla Türkiyə arasında yeni qaz kəmərinin çəkilməsi və yeni sazişin imzalanması daha böyük, daha ciddi proseslərdən xəbər verir. Azərbaycan dünya üçün daha önəmli yerə çıxır. Çünki ölkəmiz tərəfindən çəkilən qaz kəməri vasitəsi ilə Azərbaycan qazının Türkiyədən Avropaya nəql edilməsi Moskvanın Avropa üzərində təzyiqini azaldacaq. Onsuz da yüksək səviyyədə olan Bakı-Ankara münasibətlərini isə daha da sıxlaşdıracaq. Bu həm də Qərbin Azərbaycanla çox sürtələ yaxınlaşmasında əvəzsiz rol oynayacaq. Qeyd etmək lazımdır ki, sözügedən razılşamaya əsasən Azərbaycan Türkiyəyə güzəşli tariflər əsasında verəcək.
   
   İndi Azərbaycanı özlərindən kiçik görmək istəyənlər anlasın ki, onlar səhv ediblər. Və həmin səhvləri düzəltməlidirlər. Yoxsa itirən özləri olacaqlar.

TƏQVİM / ARXİV