adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

"Ədəbiyyat mənim taleyimdir"

22672 | 2012-07-17 12:22
Həmsöhbətim gənc yazar Əsəd Qaraqaplandır.
   
   -Uzun müddətdir ki, mətbuatda görünmürsən. Nə ilə bağlıdır qeybə çəkilməyin?
   
   -Bu sonuncu romanımla bağlıdır. "Savaşroman"ı çapa hazırladığım üçün vaxtım çox az olurdu. Romanı ötən ilin avqustunda tamamlasam da, üzərində təxminən beş ay işləməli oldum. Çünki bu artıq üçüncü roman olduğu üçün məsuliyyətli olmağım lazım idi. Beş ay işləsəm də, tam razı qalmadım. Bir müddət "Mərkəz" qəzetində yazılar yazırdım. Amma düzünü deyim ki, Azərbaycan jurnalistikasında incidiyim məqamlar çox olub. Saxtakarlıqları, layiq olmayan insanları görəndə iyrəndim.
   
   -Kimdir səncə layiq olmayanlar?
   
   -Mən çox adamların adını çəkə bilərəm. Xüsusilə "Azadlıq" qəzetində işləyib sonra ordan üzüdönük çıxanların adını çəkə bilərəm. Mən bu barədə yazı da yazmışdım ki, "Azadlıq" qəzeti ən üzüdönüklərin qəzetidir. Burda iştəyən adamlar hər an mövqeyini dəyişən adamlardır. Bunun bariz nümunəsini Qan Turalının simasında gördük. Həmçinin Elnur Astanbəylini mövqesizliyi, gündə bir fikir səsləndirməsini gördüm. Eyni zamanda mətbuatımızda yazıya qarşı dəyərsizliyi gördüm. Çox az qonarar gördüm. Başa düşdüm ki, buna arxayın olub yaşamaq olmaz. Nə yaxşı ki, mənim daimi iş yerim var və ordan ev kirayəmi, bir tikə çörək pulunu çıxara bilirəm. Sağ olsun Salam Sarvan, Bakı Slavyan Universitetinin rəhbərliyi. Mən mətbuatın ümidinə qalsam heç nə edə bilməzdim.
   
   -Deməli mətbuatın vəziyyəti səni qane eləmir?
   
   -Əlbəttə, bu vəziyyət məni qane eləmir. Bilmirsən nədən yazasan. Nə qədər pul alacağın, kiminlə işləyəcəyin məlum deyil. Məsələnin çətinliyi təkcə maddiyatda deyil. Ən pisi məsələnin maddi tərəfləridir.
   
   -Bəlkə sən mətbuatın nəbzini tuta, gündəmlə ayaqlaşa bilmirsən?
   
   -Şübhəsiz ki, mən özüm də tənbələm. Xüsusilə ədəbiyyat mənim hisslərimə o qədər hakim kəsilib ki, digər işlərlə məşğul ola bilmirəm. Amma bu o demək deyil ki, mən də normal yaşamaq, yaxşı məbləğdə pul qazanmaq istəmirəm. Hər kəs bunu arzulayır və yaxşı qazanmaq hər bir qələm adamının haqqıdır. Biznesmen qoyduğu yatırımdan gəlir gözləyirsə, yazıçı da öz yazdığından pul qazanmalı, gəlir əldə etməlidir.
   
   -Deyirsən ki, sən daha çox ədəbiyyatla məşğulsan. Narazılığından hiss elədim ki, ədəbiyyatın qazanc gətirmədiyini deməyə çalışırsan...
   
   -Ədəbiyyat qətiyyən pul gətirmir. Azərbaycanda ədəbiyyatın pul gətirməsi üçün çoxlu işlər görülməlidir. Azərbaycan yazıçısı, məsələn mən cibimdən pul verib, ya da nisyə kitab çap etdirirəm. Üstəlik kitabı dükanlara paylamaq, reklamını qurmaq da öz üzərimə düşür. Bu qədər işi görəcək yazıçı mən təsəvvür eləmirəm. Bunu edən yazıçı, çox fədakar yazıçıdır. Azərbaycanda ədəbiyyatla məşğul olan adamları mən ən fədakar adamlar hesab edirəm. Azərbaycan yazıçısı, şairi ədəbiyyatdan kənar düşə, başqa iş görə bilmir.
   
   -Bu qədər əziyyət çəkirsən. Hətta nisyə kitab çap etdirib dükanlara da özün aparırsan. Mən bilən beş kitabın çap olunub. Görürsən ki, bu ölkədə kitaba maraq yoxdur. Səni nə məcbur edir yazmağa?
   
   -Əslində hər kəsin həyatda bir azarı olur. Hər kəsin özünü rahat hiss elədiyi bir yer olur. Yazı adamları da ədəbiyyatda rahatlıq tapır. Bu bir növ qədər məsələsidir. Ədəbiyyat artıq mənim qədərimə çevrilib. Bunu mən həll eləmirəm, mən müəyyənləşdirmirəm. Zabit orduda 25 il xidmət etməyə məcbur olduğu kimi, biz də yazmağa məcburuq. Bu bizim qədərimiz, taleyimizdir. Biz qədərdən qaça bilmirik. Üstümüzə daha çox gəldikcə, bu şeylərin üstünə gedirik. Ən dəhşətli məqam odur ki, görürsən ki, bütün saxtakarlıqlarla, alçaqlıqlarla məşğul olan adamlar ədəbiyyatdadır, qələm götürüb yazı yazır, sən daha çox inadla qələmi yerə qoymaq istəmirsən.
   
   -Həm də elə adamlarla mübarizə aparırsan?
   
   -Təbii ki. Qoy meydanı boş görməsinlər. İstəmirəm ki, bu meydan çaqqal-çuqqala qalsın. Bir növ ədəbiyyatın qeyrətini çəkirəm.
   
   -Bir az konkret ol. Nəyin təssübünü çəkirsən? Kimdir ədəbiyyatdakı çaqqal-çuqqal dediklərin?
   
   -Ad çəkməli olsam gərək bu müsahibə adlara həsr olunsun. Mən bir ədəbiyyat cəryanı yaratmışam:- "Ən özgür ədəbiyyat". Bu cəryan özünü heç bir "izm"ə aid etməmək, heç bir cəbhədə olmamaqdır. Mən tam müstəqil olaraq yazıb-yaradıram. Mən bu gün cəbhələşməni, dəstələşməni görürəm. Anarın "tövbə məsələsini" eşidirəm. Qan Turalının "çay masası" söhbətini eşidirəm və iyrənirəm. Mənə görə Qan Turalı və Anar eyni ağılda, eyni düşüncədə olan adamlardır. Digər tərəfdən inanmıram ki, Anar da mənə o cür cavab versin. Anar elə belə adam deyil və kimə nə dediyini çox gözəl bilir. Ondan hansı reaksiyanın gələcəyini bilir. Sabah qarşısında kimlərin quyruq bulayacağını çox yaxşı bilir. Yeri gəlmişkən Anarın çox yaxşı yumor hissi var və bu yumor hissindən istifadə edib onları yaxşıca oynadır. Onlar da bundan xəbərsizdir. Neçə ildir ki, "qocalar və cavanlar" söhbəti yığışdırılmayıb. Bu yaxınlarda Aqşin Yeniseyə də dedim ki, yığışdırın bu söhbətləri. Əgər Anarı bəyənmirsinizsə, onu niyə bu qədər ciddiyə alırsınız?
   
   -Yaxşı, bu məsələlərin kökündə nə dayanır?
   
   -Özünü Anarın qarşısında məğlub hiss edənlər, yəni özünü daxilən Anara uduzmuş hiss edənlər bu cür davranırlar. Bu pərəstiş kompleksidir. Pərəstiş nifrətə çevrilib. Qəbul edə bilmirlər yaza bilmədiklərini. Ay qardaş, boynuna al ki, yaza bilmirsən! Bu həqiqəti etiraf eləmək çətindirmi? Mən də Anarı bəyənmirəm. Salam Sarvanın sözü olmasın AYB-yə beş kəlmə iradım var idi və mən bunu beş dəfə dedim. İndi bütün ömrüm boyu AYB-yə irad bildirməliyəm? Bu cür absurd ədəbi mühit ola bilməz. Bunu təəssüf ki, hər iki tərəf eləyir. Özlərinə müstəqil deyənlər də, AYB-də eyni şeyi eləyir. Sual verirəm, Qan Turalı, sənin Anardan nə fərqin var? Hətta onlar öz yerlərində səndən daha cəsarətli sözlər deyir.
   
   - Sən hesab edirsən ki, Anara qarşı cəbhə tutanlar cəsarətli deyil?
   
   -Həm yaradıcılıq, həm şəxsi keyfiyyətlər baxımından Anar daha cəsarətlidir. Onlar Anardan daha aşağıdırlar. Hər kəsin bildiyi şeyləri demək mübarizə üsulu deyil.
   
   -Bəs nədir mübarizə üsulu?
   
   - Nə qədər şablon çıxsa da, birinci ciddi yaradıcılıq lazımdır. İkinci Anarı təbliğ etməməkdir. Heç eşitmisən ki, Dostayevski hansısa mənasız yazıçı haqqında fikir desin? Dostayevski ancaq tolstoy haqqında fikir deyə bilər. Hərə öz səviyyəsinə uyğun adamları tanıyır. Anar haqqında yüzlərlə yazı yazıb, beş yüz dəfə də münasibət bildirən adamlar nə edib indiyəcən? Hər zaman eyni şeyləri deyiblər. İnsan haqqında yüz yazıda nə qədər fərqli söz, tənqid demək olar. Bunda ədəbiyyatı sevməyən adamlar maraqlıdır. Hamı dahilikdən dəm vurur, amma açırsan kitabını görürsən ki, heç nə yazmayıb.
   
   -Kitab demişkən, sən də beş kitab yazmısan. Amma Azərbaycanda bu kitablara peşəkar səviyyədə münasibət olmayıb, tənqidçilərin diqqətini çəkməyib. Eyni zamanda satışı da bir o qədər uğurlu olmayıb. Özün haqqında nə fikirləşirsən?
   
   -Hörmətli dostumuz Arzu Abdullanın mənim birinci romanım, "Halroman" haqqında yazdığı yazıda çox gözəl bir fikir var. O yazır ki, "Əgər Əsədin də imkanı olsaydı, onun da kitabı haqqında çoxlu yazılar yazılar, təriflər söylənərdi". Mənim bu qədər əziyyətdən sonra, kitabın reklamı ilə məşğul olmağa vaxtım və həvəsim qalmır. İradə Musayeva mənim iki kitabım haqqında çox yaxşı fikirlər yazıb. Eyni zamanda həmin müəllif Aqşin, Pərviz, Əli Əkbər, Seymur Baycan, Nərmin Kamal, Sevinc Pərvanə və başqaları haqqında da yazılar yazıb. Ən yüksək dəyəri mənim romanıma, yaradıcılığma verib. Yazdığı silsilə yazılar "Azərbaycan" jurnalında çap olunub. Yəqin ki, "Savaşromanı" oxuyandan sonra bu kitab haqqında da yaza bilərlər. Tənqidçilər var ki, üz-üzə gələndə məni tərifləyir, roman haqqında xoş sözlər deyir. Amma yazıya gələndə kimdən işi keçirsə, kimdən pul alacaqsa onun haqqında yazı yazır.
   
   -Məsələn hansı tənqidçi?
   
   -Əsəd Cahangir və digər qələm dostları. Mən heç kəsi qınamıram. Heç kəsə deyə bilmərəm ki, mənim kitabım haqqında yaz. Hər kəs öz çörəyini qazanmalıdır. Bunu qınaq üçün demirəm. Amma bir az da ədəbiyyatı düşünmək lazımdır axı. Təqdimatlara baxanda əsəbləşirəm. Ancaq yalançı təriflər və saxtakarlıqlar. Mənim təqdimatıma çağırdığım insanların çoxusu bəhanə eləyib gəlmədi.
   
   -Bəlkə bu sənin aqressiv davranışınla bağlıdır?
   
   -Mənə həmişə aqressiv olduğumu deyirlər. Amma haqqında aqressiv yazdığım və danışdığım adamlar "kadrarxası" söhbətlərdə mənim haqlı olduğumu etiraf edirlər. Mən aqressiyamda haqlıyamsa, düzünü deyirəmsə bunu nə üçün paxıllığa çevirməlidirlər.
   
   -Həmişə özünü haqlı sayırsan...
   
   -Ədəbiyyatı həyat tərzinə çevirən, onunla nəfəs alan adam hətta yalanlarında da haqlıdır. Əgər bu adam səmimidirsə,saxta deyilsə o haqlıdır.
   
   -Sənə sosial şəbəkələrdə, yazı-pozu adamlarının yığışdığı məclislərdə istehzalı yanaşma var...
   
   -Sən məndən daha çox bu hadisələrin içindəsən. Mən heç kəsin üzünə demədiyimi arxasınca demirəm. Kim kinayə edirsə, arxanca danışırsa qorxur. Əgər rahatamsa bu başqa məsələ. Axı bu adamların xarakterini məmə yeyəndən, pəpə deyənə qədər hamı bilir. Onlar qorxaq adamlardır.
   
   -Gəl yaradıcılığına qayıdaq. Mən oxuduqlarımdan gəldiyim qənaət belədir ki, sənin yazdıqlarında daha çox yaşantıların var. Nə qədər maraqlıdır sənin yaşantıların oxucu üçün? Bu həm nəsrlə, həm nəzmlə yazmağa bir ehtiyac varmı? Özünü bu qədər maraqlı hesab edirsən?
   
   -Bu suala bir neçə yöndən cavab verə bilərəm. Birincisi yazıçının, şairin ən yaxşı tanıdığı adam özüdür. İkincisi, şəxsən mən çoxlu şeylərimi fəda eləmişəm. Sən mənim yaşadıqlarımın böyük qismini bilirsən. Yaşadığım evi də görmüsən. Mən bütün həyatı uğursuzluqla dolu adam kimi, bunu içimdən keçirirəm. Özünü yazmaq, hələ özündən yazmaq deyil. Mənim yazımda Aqşin də, Cəlil Cavanşir də, Salam Sarvan da var. Tanıdığım, maraqlı bildiyim, həyat fəlsəfəsinə inandığım Xanəmir də var. Mənim romanım tək özüm deyiləm. Burda çoxlu insanlıar özünü görür. Mənim romanımda ümumiləşmə çoxdur. Həqiqətən zövqünə, istedadına güvəndiyim adamların yaradıcılığıma yüksək qiymət verdiyini görmək mənə bəs edir. Vaqif Bayatlı, Salam Sarvan və Xanəmirin mənim yaradıcılığıma verdiyi qimət mənə bəs edir.
   
   -Deməli səni heç nə ruhdan salmır?
   
   -İnsan özünü hamıdan yaxşı tanıyır. İnsanın özünə inanması üçün, onu kiminsə tərifləməsinə ehtiyac yoxdur. Dostayevskinin özü olması, üçün onun tərifə ehtiyacı olmayıb.
   
   -Yaman iddialısan və eqon güclüdür...
   
   -Mən Azərbaycan yazarı ilə özümü müqayisə eləmirəm və iddiam böyükdür. Düşünürəm ki, Dostayevskidən yaxşı yazmasam, özümü yazıçı hesab eləmərəm. Ancaq bu o demək deyil ki, mən Dostayevskidən güclü yazıram.

TƏQVİM / ARXİV