adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

"UçAN" TOP

BABƏK YUSİFOĞLU
40998 | 2012-07-17 08:14
Çoxları belə düşünür ki, idmanın tarixi o qədər də keçmişə aid deyil. Amma faktlar göstərir ki, bir çox idman növlərinin dünəni tarixin ən dərin qatlarınadək gedir. İnsanlar ağırlıq qaldırmalarla, güləşlə, şahmatla, qaçış, ox və nizə atışları, at yarışları... və digər bu kimi idman növləri ilə hətta bizim eradan da əvvəl məşğul olublar. Qədim Misirdə, Romada, Hindistanda... hətta bunların yarışları da keçirilib. Bu iddialar sadəcə fərziyə deyil, artıq təsdiqini tapmış tarixi faktlardı. Sadəcə bir sübutun göstərilməsi məncə yetərli olar: alimlər Misir ehramlarının divarları üzərində 400-dən çox bədən tərbiyyəsi və idman növünün təsvirini aşkara çıxarıblar.
   
   Topla oynanılan oyunların yaşı da düşünüldüyü kimi o qədər də cavan deyil. Müasir basketbolun, beysbolun... "ulu babaları"nın da uzaq keçmişə dayanan ömrü vardır. Təbii ki, bu oyunların formaları, qaydaları, quruluşları zaman keçdikcə xeyli dəyişikliyə uğramışdır. Voleybol isə onlardan nisbətən "cavan" sayıla bilər. Amma qeyd etmək lazımdır ki, topla oynanan oyunlar sırasında futbolla, voleybol öz kütləviliyinə və kəsb etdiyi ictimai marağa görə digərlərini çox geridə buraxmışdır. Yəqin ki, araşdırılsa futbol haqqında məlumatsız adam tapmaq çox çətin olar. Və çoxları hətta bu məşhur oyunun haqqında bütün məlumatlardan da xəbərdardır. Ona görə də futboldan bəhs etməyə ehtiyac görmürəm. Lakin voleybol haqda danışmaq pis olmazdı. Axı, bütün dünyaya yayılsa da onun tarixindən çoxlarının xəbəri yoxdur.
   
   Əslində bu idman növünün çox maraqlı bir keçmişi var. Voleybolun vətəni Amerika Birləşmiş Ştatları sayılır. Və tarixi də nə az, nə də çox XIX əsrə gedib çatır. Daha dəqiq desəm, bu məşhur oyunun "babası" 1895-ci ildə "doğulub". Və yaradıcısı da amerikalı bədən tərbiyyəsi mütəxəssisi Vilyam Morqandır. O, Massaçuset ştatının Holiok şəhərindəki Gənc Xristianlar İttifaqında bədən tərbiyyəsi rəhbəri idi. Və belə demək mümkünsə, həmin vaxtlar onun məşhurlaşması üçün elə bir şansı da görünmürdü. Amma həyatda nələr olmur ki?..
   
   OYUNUN YARADICISI
   
   Vilyam Morqan 1870-ci il yanvarın 23-də Nyu-York ştatının Lokport şəhərində anadan olmuşdu. Və belə demək mümkünsə, onun belə bir oyun kəşf etməsini sırf təsadüf adlandırmaq da mümkün deyildi. Çünki o, idmanı çox sevir, onunla mütəmadi məşğul olurdu. Və amerikalı Morqan bilmirdi ki, elə gənc yaşlarında adını idman tarixinə yazacaq. Belə ki, o, 1892-ci ildə Sprinqfildə kollecdə oxuyarkən Ceyms Neysmitlə tanış oldu. Neysmit o zamanların kifayət qədər tanınmış simalardan biri idi. Çünki o, basketbolun yaradıcısı hesab edilirdi və bu oyun amerikalıların sevimli məşğuliyyətinə çevrilmişdi. Əslində topla oynanan oyunlar, eləcə də basketbol Vilyam Morqanı düşündürməyə başlamışdı. Özüdə sadəcə tamaşaçı kimi deyil, bir peşəkar, bir yaradıcı idmançı kimi. İnanılmaz marağın içərisində o, hiss edirdi ki, nəsə fərqli bir oyun qurmaq istəyir və bunu bacaracaq. Bacardı da.
   
   1895-ci ildə o, əllə oynayan yepyeni, olduqca maraqlı, maraqlı olduğu qədər də baxımlı oyunu, yəni voleybolu yaratdı. Əlbəttə, ilk zamanlar bu oyunun adı heç də bizim bildiyimiz kimi deyildi. Ona "mintonet" deyilirdi. Amma bir az sonra Sprinqlfild kollecinin müəllimi, doktor Alfred Xolsted həmin oyuna tamaşa etdikdən sonra ona tamam yeni, "voleybol" adını verdi. Və zaman irəlilədikcə dünyanın tanıdığı, sevdiyi, həyəcanla seyr etdiyi bu idman növü həmin adı layiqincə daşıyaraq məşhurlaşdı. Topdan istifadə edildiyindən öz "böyük qardaşları"na bənzədiyi üçün həmin ad oyun üçün çox münasib görünürdü. Çünki başqalarından fərqli olaraq oyunun qaydalarını və kəsb etdiyi mahiyyəti də nəzərə alsaq, "voleybol" oyun üçün ideal bir ad sayıla bilərdi: "Voleybol" sözü "uçan top" mənasını verir. Topla oyunun digər oyunlardan fərqli olaraq burada topun yerə toxunuşu bir oyun epizodunun bitməsi anlamına gəllir. Elə oyunçuların oyun prosesi boyunca mübarizə apardıqları da onun yerə düşməsinə mane olmaqdan ibarət idi.
   
   Onu da qeyd edim ki, Morqan bu yaradıcılığı üçün özünü xoşbəxt saya bilərdi. Çünki kəşfindən cəmi bir il sonra - 1896-cı ildə ilk dəfə tamaşaçılar qarşısında nümayiş etdirildi və bundan sonra, elə onun sağlığında "voleybol" ölkədə sürətlə yayılmağa başşladı, sevildi, kütləvi şəkildə izləndi. Hətta böyük statuslu yarışların ən qabaqçıl növünə də çevrildi. Məlumat üçün bildirim ki, Vilyam Morqan 1942-ci ilin dekabrınadək ömür sürdü, 72 yaşında dünyasını dəyişdi. Kəşfçinin adını əbədiləşdirmək üçün onun doğma şəhərindəki məktəb Vilyam Morqanın şərəfinə adlandırıldı.
   
   QAYDALAR
   
   Voleybol kütləviləşəndən sonra ardınca mətbuatda onun 10 paraqrafdan ibarət qaydaları da çap edildi. Heç də mürəkkəb olmayan bu qaydalar voleybolun tezliklə yayılmasının başlıca nədənlərindən biri idi. Müəyyən ölçüdə olan torla iki bərabər hissəyə bölünmüş 18:9 metr ölçülü oyun meydançasında rəqib komandaların hər biri çalışır ki, top qarşı tərəfin ərazisində yerə toxunsun. Hər bir komandanın üzvləri ardıcıl topa üç dəfədən çox toxuna bilməzlər. Və bundan sonra top mütləq rəqib meydanına ötürülməlidir. Bu ötürülmələr zaman da çalışılır ki, top daha mürəkkəb, daha sürətli, bir sözlə rəqib üçün oynana bilməyəcək şəkildə ötürülsün. Oyunda hər bir komandada 6 nəfər olmalıdır. Və hər bir oyun taktından sonra meydançadakı oyunçular saat əqrəbi istiqamətində sıra ilə yerlərini dəyişməlidirlər. Onu da qeyd etmək lazımdır ki, oyun zamanı meydanı ikiyə bölən tora təmas qəti olmaz. Əgər hansı komandanın oyunçusu tərəfindən bu baş verirsə hakim həmin an oyunu saxlayıb qarşı tərəfə bir xal əlavə edir.
   
   Heç şübhəsiz ki, müasir voleybol öz qaydalarına görə, əvvəlki dövrlərdəki oyundan xeyli fərqlənir. Əlbəttə, prinsip eyni olsa da torun hündürlüyündən, qələbə hesabındakı rəqəmlərdən, xalların qazanılmasından, müdafiəçi-hücumçu mövqelərindən tutmuş oyunçu əvəzləmələrinədək qaydalarda dəyişiklik edilmişdir. Yəni, illər keçdikcə voleybol daha da inkişaf edərək təkmilləşdi və müasir səviyyəyə gəlib çatdı.
   
   O HƏR TƏRƏFƏ YAYILMAĞA BAŞLADI
   
   Şəhər-şəhər yayıldı, insanların sevdiyi oyuna çevrildi. Qısa zamandan sonra isə onun şöhrəti Amerika Birləşmiş Ştatlarının sərhədlərini aşmağa başladı. Voleybolla ilk xarici ölkə kimi Kanada da idman oyunu tək oynamağa başladılar. Ardinca isə qitənin digər ölkələrində - Peruda, Braziliyada, Uruqvayda, Meksikada, Çilidə, Puerto-Rikoda hətta Kubada... yayılmağa başladı. Amma bunlar heç də son deyildi. Çünki voleybolun son dərəcə həyəcanverici, mübarizə dolu, komanda oyunu... olması onun populyarlıq qazanmasının qarantı idi. Çox keçmədi ki, voleybol qitənin sərhədlərini aşaraq "Qoca qitə"yə - Avropaya gəlib çıxdı, daha sonra digər yerlərə də yayıldı. Artıq əsrin əvvələrində avropalılar arasında da oyun populyarlaşdı. Öncə - 1914-cü ildə Böyük Britaniyada və Fransada voleybol geniş şəkildə oynanmağa başladı. Heç üç il keçmədi ki, Şərqi Avropa öklərində də həmin idman növü meydanlarda göründü. Daha sonra Uzaq Şərq dövlətlərinə və Afrika qitəsi ölkələrinə də yayıldı.
   
   Əlbəttə, voleybolun çox qısa zaman ərzində belə geniş coğrafi məkanda yayılması, insanlar tərəfindən öyrənilməsi, oynanması, geniş azarkeş kütləsi qazana bilməsi heç şübhəsiz ki, əvvəldə dediyimiz kimi voleybolun özəl keyfiyyətlərə malik olamsından irəli gəlirdi. Və I Dünya Müharibəsindən sonra ölkələrdə voleybol yarışlarının keçirilməsi ənənə şəklini almağa başladı. Çox keçmədi ki, voleybolun beynəlxlaq turnirlərdə yer alması gündəmə gəldi. Əvvəlcə onu Olimpiya oyunları masştabında təşkili üçün təşəbbüslər başladı. 1922-ci ildə isə voleybol beynəlxalq səviyyədə idman növü kimi tanındı. Qeyd edim ki, cəmi 10 ildən sonra qadın voleybolu da regional Olimpiya oyunları sırasında özünə yer aldı.
   
   BEYNƏLXALQ STATUS...
   
   1947-ci il aprelin 20-də isə Parisdə 14 ölkənin (Belçika, Braziliya, Macarıstan, Hollandiya, Misir, İtaliya, Polşa, Portuqaliya, Rumıniya, ABŞ, Uruqvay, Fransa, Çexoslavakiya və Yuqoslaviya) iştrakı ilə voleybol üzrə ilk konqres keçirildi və orada Beynəlxalq Voleybol Federasiyası (FİVB) yaradılaraq oyuna status verildi. FBVB-nin ilk prezidenti fransız Pol Libo seçildi. Bundan sonra bu beynəlxalq təşkilatın zonalar üzrə yerli konfederasiyaları da təşkil edildi: Asiya (1960), Avropa (1963), Afrika (1965), Şimali, Mərkəzi Amerika və Karib dənizi ölkələri (1966) voleybol qurumları. Və bundan sonra Voleybolun dünyada nüfuzu daha da artdı. Hər bir ölkənin isə təmsil edəcək voleybol üzrə təşkilatı təsis edildi. Voleybol üçün normativ aktlar, qaydalar, qanunlar qəbul olundu.
   
   O vaxtdan ta indiyədək mütəmadi olaraq voleybol üzrə müxtəlif turnirlər, beynəlxalq çempionatlar keçirilir. Həm kişilər, həm qadınlar, həm də gənclər üzrə. Voleybolun daha da inkişaf etməsi üçün yeni-yeni addımlar atılır. Və mən deyərdim ki, dünyanın ən baxımlı, ən kütləvi idman oyunları sırasında voleybol öncül yerlərdən birini tutur. Çünki indi ona milyonlarla, bəlkə də milyardlarla insan baxır, azarkeşlik edir...

TƏQVİM / ARXİV