PüRRƏNGi çAY...

FAİQ QİSMƏTOĞLU
32742 | 2012-07-14 12:23
...Mobil telefonuma bir zəng gəldi. İstədim telefonu açmayam, ancaq nömrəyə baxanda hiss elədim ki, yaxın dostlardan biridi. Telefonu açdım və onun səsini eşitdim:
   
   - Ay qardaş, nə vaxtdandır səs-səmirin gəlmir. Dedim, bəlkə qardaşımızın başı nəyəsə qarışıb, bizi yaddan çıxardıb. Çünki səninlə tez-tez olmasa da, hərdənbir çayxanada əyləşib bir stəkan çay içərdik. İndi deyəsən o çay içməyi də bizə çox görürsən...g
   
   O dəqiqə səsindən tanıdım ki, mənə ərk eləyən yaxın dostlarımdan biridi.
   
   - Heç ürəyini sıxma, elə bu gün axşam saat 5-də həmişə əyləşdiyimiz çayxanaya gələrsən və orda bir stəkan çay içərik, həm də olub keçənləri yada salarıq.
   
   Dediklərim dostumuzun ürəyincə oldu. Danışıq başa çatandan sonra telefonu söndürdüm. Əlimdə iş olduğuna görə, bir az ləngiyirdim. Amma mən kiməsə söz verdimsə, vaxtında həmin yerdə olmalıyam. Təbii ki, dostumuz da mənim xasiyyətimi yaxşı bilir. Bilir ki, heç vaxt görüşə gecikmirəm, əksinə vaxtından bir neçə dəqiqə əvvəl həmin yerə çatıram. Geçikmək məsələsi mənlik deyil. Ən çox dostları və yoldaşları incidən filologiya elmləri doktoru Məhəmmədəli Mustafadır. Elə bir vaxt olmayıb ki, o kiməsə söz versin və vaxtında görüş yerinə gəlsin. Həmişə ən aşağısı bir-iki saat həmin yerə gec gələr. Dostları da zarafatla Məhəmmədəliyə deyir ki, sən Moskva vaxtı ilə işləyirsən. Xasiyyətini bildiyimizə görə, çoxlarımız ondan incimirik.
   
   Yaxın dostumla vədələşən vaxt Nərimanov parkındakı çayxanada görüşdük. Bir stəkan çay içmişdik ki, istedadlı şair və gözəl insan Dəmir Gədəbəyli gəldi. Bu çayxana tək Dəmir müəllimin deyil, bir çox tanınımış yazıçı, şair və publisistlərin yığışdığı bir ünvandır. Aydındır ki, insanlar çox vaxt çayxanalarda söhbətləşir, dərdləşir və ürəklərini bir-birinə açırlar. Sadəcə olaraq, çay içmək özü bir bəhanədi. Çünki bu çay süfrəsi arxasında çox şirin, çox gözəl və çox da yaddaqalan söhbətlər olur.
   
   Oxumadığımız kitablar haqqında, bilmədiyimiz çox mətləblər barədə burda söhbətlər eləyirlər. Təbii ki, bu söhbətləri də hər adam danışa bilməz. Yəni içi, ürəyi və qəlbi sözlə dolu olan insanlar bu söhbətləri eləyə bilərlər. Onlar bu şirin söhbətləri ilə ətrafdakı insanları öz auralarına cəlb eləyir, maraqlı, orijinal fikirləri və düşüncələri ilə qarşısındakı insanları təəccübləndirməyi bacarırlar.
   
   Dəmir Gədəbəyli də məhz belə istedad sahiblərindəndir. Hər dəfə görüşəndə bu istedadlı şair və publisistdən yeni bir şey öyrənirik. Onun oturuşu, duruşu və ağayanalığı tamamilə başqalarından fərqlənir. Sifətindəki nur daxili zənginliyindən və iç dünyasının təlatümlərindən xəbər verir. Bəzən görürsən ki, onun ovqatı çox da yaxşı deyil, qanı qaradır. Amma çalışır ki. bu anları qarşısında əyləşən kimsə hiss eləməsin. Siqareti çıxarır və ordan bir papiros götürüb yandırır, sonra da bir neçə qullab vurur...g
   
   g Pürrəngi çaydan içməyə nədənsə həvəsi yoxdu. Deyirik ki, Dəmir müəllim bəlkə bir stəkan bu pürrəngi çaydan içəsiz? O isə gülür və özünəməxsus bir formada dillənir:
   
   - Bir az darıxıram. Yaxın bir dostum var, bəstəkardır. Onun gəlməyini gözləyirəm. Gəlsə görərsiniz ki, nə qədər maraqlı və istedadlı bir adamdı. O heç vaxt özü haqqında danışmağı sevmir. Həmişə belə olub. Istedadlı adamlar heç vaxt danışmırlar, susurlar və sakitcə baxırlar...g
   
   Dəmir müəllim papirosdan bir neçə qullab vurur. Hiss eləyirik ki, bir az darıxır. Amma birdən-birə üzü gülür:
   
   - Budey, dostumuz gəldi...g
   
   Ayağa qalxıb həmin adamla görüşürük.
   
   Dəmir müəllim onu təqdim eləyir:
   
   - Bəstəkar Abış Surxayoğlu...g
   
   O, sıxıla-sıxıla əlini bizə tərəf uzadır. Deyir ki, mən elə də məşhur adam deyiləm. Dəmir müəllim həddindən çox məni tərifləyir...g
   
   g Hiss olunur ki, Abış Surxayoğlu istedadlı olduğu qədər də, sadə, təvazökar, səmimi bir insandı. O, əlindəki yeni buraxılmış albomu bizə göstərir və deyir:
   
   - Öz mahnılarımdı. Albom formasında təzəcə çıxıb...g
   
   Onun bu sözlərindən təəccüblənirəm:
   
   - Bəstələdiyiniz mahnılardı, yoxsa başqa müğənnilərin ifa etdiyi mahnılar?!
   
   Abış Surxayoğlu utancaq bir görkəm alır və dillənir:
   
   - Özümün oxuduğum mahnılardı...
   
   Sonra da aydınlaşır ki, Abış Surxayoğlu tək bəstəkar deyil, həm də onun gözəl və bal kimi şirin səsi var. Bu səs ona Allah-Təala tərəfindən verilib. Üçüncü istedad isə onun gözəl şeirlər yazmasıdır. Abış Surxayoğlu deyir ki, bir dəfə tanınmış şairlərin yanında sıxıla-sıxıla bir şeir oxudum. Çünki mən özümü heç vaxt şair kimi təsəvvür etmirəm. Amma məclisdəki tanınmış şairlərdən biri dedi ki, Surxayın şeiri çoxlarının şeirlərindən daha poetik, daha lirik və daha gözəldir. Təbii ki, belə xoş sözlər mənə qol-qanad verir və hər sözün üstündə yarpaq kimi əsirəm ki, şeirə xələl gəlməsin.
   
   Albomda bir çox xalq mahnıları və eyni zamanda özünün bəstələdiyi mahnılar toplanıb. Və məni ən çox təəccübləndirən Abış Surxayoğlunun "Sona bülbüllər" mahnısını özünəməxsus bir formada ifa etməsi idi. Qədir Rüstəmov "Sona bülbüllər"ə öz möhürünü elə vurub ki, o ifadan sonra çətin ki, kimsə bu mahnını o səviyyədə oxuya bilsin. Amma Abış Surxayoğlunun oxuduğu "Sona bülbüllər" tamamilə yeni bir ifadır. Yəni bu mahnını Abış Surxayoğlu özünəməxsus bir formada ifa eləyir. Səs tər-təmiz, məlahətli və şirin olanda, o səsdən heç vaxt doymaq olmur. Onun da səsi tər-təmiz, məlahətli və bal kimi şirindi.
   
   İnsan hansı sənətin sahibi olursa-olsun gərək onu özünəməxsus formada yaşatsın. Abış Surxayoğlunun da böyüklüyü odur ki, o, hər mahnını, hər musiqini öz dünyasına uyğun ifa edir. O, "Sona bülbüllər"lə yanaşı, bir çox çətin xalq mahnılarını da çox yaxşı oxuyur. Amma adamı o yandırır ki, bu cür istedadlı insanı efirdə, ekranlarda görə bilmirik. Gözəl musiqi, gözəl söz və gözəl ifa hər insana nəsib olmur. Bütün bunlar isə Abış Surxayoğlunun musiqi dünyasında var.
   
   Televiziya kanallarında səsi olmayan və eyni zamanda, ifaçılıq sənətindən birxəbər olan "müğənnilər" tamaşaçıların gözlərini "mazol" eləyib. Belə "müğənnilər" tamaşaçıların əsəbləri ilə, hissləri ilə oynamaqdan sanki zövq alır. Təkcə ona baxan tamaşaçıdan savayı. Sözümüzün canı odur ki, istedadlı insanlar efirlərə yol tapa bilmirlər. Tapanda da çox çətinlikə tapırlar.
   
   Abış Surxayoğlu gözəl mahnılar bəstələyib. Yusif Mustafayevin ifa etdiyi "Kaş ki, körpə olaydım, ay ana!", "İki gözəl" mahnıları çox tamaşaçıların yaddaşında və ürəyində iz qoyub. Abış Surxayoğlu deyir ki, mənim başımı kəssələr də ürəyimə yatmayan şeirə mahnı bəstələyə bilmərəm. Gərək o musiqi şeirin özündə olsun. Şeirin özündə olmayan musiqi bəstələnsə də heç vaxt yadda qalan musiqi ola bilməz. Mənə şairlər şeirlər verirlər ki, mahnı bəstələyim. Ürəyimə yatanı bəstələyirəm, yatmayanı kənara qoyuram. Çünki görürəm o şeir deyil, söz yığınıdı. Bəzi bəstəkarlar "balvanka" deyilən formadan istifadə edirlər. Yəni əvvəlcə musiqi yazılır, sonra isə sözlər həmin notlara oturdulur. Mən isə bu cür mahnıları heç vaxt yazmamışam və yazmaram da. Çünki orda insan ürəyinin səsini hiss eləmirəm. Əgər şeirin misralarında insan ürəyinin çırpıntısı, yaşantısı və pıçıltısı yoxsa, orda melodiya axtarmaq çətin bir şeydi.
   
   Dəmir Gədəbəyliylə neçə illərdi dostluq eləyirəm. Onun "Ay kasıb oğlan", "Qəmlo", "Sultan bəy", "Qaçaq Kərəm", "Cavad xan", "Muğa Namaz" şeirlərinə mahnılar bəstələmişəm. Amma heç vaxt deməmişəm ki, Dəmir müəllim, sənin şeirinə mahnı yazacam. O, şeir kitabını mənə verib, mən də kitabı vərəqləmişəm və ordakı şeirlər məni tərpədib, götürüb musiqi yazmışam. Ümumiyyətlə, bəddi yaradıcılıq elə bir şeydir ki, o ilham pərisi gəlməsə heç vaxt nəsə bir şey ortaya qoya bilməzsən.
   
   Bu yaxınlarda Xatirə İslama bir mahnı verdim: "Bahar bayramı". Onun musiqisi də, sözləri də mənə məxsusdur. Gərək müğənni heç vaxt notdan kənara çıxmasın. Bəstəkar necə yazıbsa, o cür də oxusun. Qolunu, qanadını sındıra-sındıra, sözləri öldürə-öldürə oxumaq nə müğənniyə, nə də ki, bəstəkara hörmət gətirməz. Ona görə də mahnıları yazanda mügənnilərə deyirəm ki, notdan kənara çıxmayın.
   
   Abış Surxayoğlu çox maraqlı bir fikir də söylədi. Dedi ki, indiki müğənnilər toy mahnıları istəyirlər. Onlar ciddi və klassik formada yazılan mahnılara maraq göstərmirlər. Onları başa düşürəm. Toylarda populyarlıq qazanmaq üçün yeni mahnılar istəyirlər. Amma sənətkarı toy mahnıları deyil, uzunömürlü və dərin mahnılar yaşadır. Bizim yüz ildən bəri gələn xalq mahnılarımız, muğamlarımız və bəstəkar mahnılarımız var. Düzdür, onları ifa eləmək çətindir, ancaq o mahnılar əbədiyaşar mahnılardı. Gərək müğənnilər belə çətin mahnıları oxumaqdan qorxmaya.
   
   g Stəkanlara süzülmüş çay bumbuz olub. Nə Dəmir müəllim, nə Abış Surxayoğlu, nə də dostum söhbətin şirinliyindən çaydan bir qurtum da içməyiblər. Çünki Abış Surxayoğlunun bal kimi şirin səsi, bal kimi şirin söhbəti bizi götürüb aparmışdı dünyanın gözəlliklərinin içərisinə. Elə ki, söhbəti bitirdi, elə ki, hər şeyə nöqtə qoydu, biz yenidən özümüzün çay süfrəsi arxasında olduğumuzu hiss elədik. Hiss elədim ki, bu gün mənim bəxtim gətirib və eləcə də stolun arxasında olan dostumun da bəxti gülüb. Dəmir Gədəbəyli bizə çox böyük sevinc bəxş edib və Abış Surxayoğlu kimi, istedadlı bir bəstəkar, şair, mügənni ilə tanış edib. Mən də söhbətimizi olduğu kimi qələmə aldım ki, qoy, bu istedadlı insanı - Abış Surxayoğlunu "Ədalət"in oxucuları da yaxşı tanısın.
   
   ...Çayçı oglan yenidən stolumuza təzə dəmlədiyi çayı gətirir. Çaynikdən çayı stəkanlara süzür. Bax indi bu pürrəngi çaydan nə qədər istəsən içmək olar...

TƏQVİM / ARXİV