Musiqi paytaxtının yeddinci simfoniyası

ETİBAR CƏBRAYILOĞLU
67894 | 2015-08-09 00:04

Təbiətin incisi Qəbələ son illər dünyada tanınan musiqiçilərin, sənətsevərlərin, zövqlü tamaşaçıların görüş yerinə çevrilib. 2009-cu ildən başlayaraq hər yay burada Beynəlxalq Musiqi Festivalı keçirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən bu festivalda görkəmli ifaçılar, tanınmış musiqi kollektivləri eyni səhnəni bölüşürlər.

Uğurlu start

Ənənə bu il də davam etdi. Qəbələ VII Beynəlxalq Musiqi Festivalı unudulmaz bir bayram kimi yaddaşlarda qaldı. 12 ölkədən görkəmli musiqiçilər, bədii kollektivlər, dirijorlar və solistlər öz repertuarlarındakı ən gözəl musiqilərlə əsrarəngiz gözəlliklərlə dolu təbiətin qoynunda çıxış etdilər. İyulun 25-də start götürən bayram ayın 31-dək davam etdi və bu günlər ərzində Qəbələ yenidən dünyanın musiqi paytaxtı kimi diqqət mərkəzinə düşdü.
Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı parkda keçirilən rəsmi açılış mərasimindən aydın oldu ki, musiqiçiləri, dünyanın müxtəlif ölkələrindən Qəbələyə gələn tamaşaçıları maraqlı sənət bayramı gözləyir. Beynəlxalq Festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin təbirincə desək, ənənəvi Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycandan kənarda da böyük maraqla izlənilir. Öz musiqi mədəniyyəti ilə fərqlənən Azərbaycan həmişə olduğu kimi yenə dünyaya öz töhfəsini verir. Qəbələdə hər il təşkil edilən bu möhtəşəm musiqi bayramı da ölkəmizin dünyada tanıdılması üçün gözəl bir vasitədir. Açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın bu ənənəvi tədbirin yüksək səviyyədə keçirilməsindəki xidmətləri xüsusi vurğulandı.
Qəbələ VII Beynəlxalq Musiqi Festivalının açılış mərasimində və sonrakı günlərdə daha bir əlamətdar hadisə qeyd olundu. Məlum olduğu kimi, bu il dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 130 illik yubileyidir. Dünya musiqi mədəniyyətinə ölməz əsərlər bəxş edən Üzeyir bəy bu beynəlxalq sənət bayramında dəfələrlə yad olundu. 30 ildir ki, planetin ən böyük konsert salonlarında uğurla çıxış edən İtaliya Simfonik Orkestrinin ifasında ölməz bəstəkarımızın əsərlərini dinləmək bayramı izləyən hər kəsə unudulmaz anlar yaşatdı.

Harmoniya

Bu yerlərin təmiz havası, yaşıl donlu təbiəti və peşəkarların ifa etdiyi ölməz musiqilər... Qəbələ VII Beynəlxalq Musiqi Festivalı davam edən günlərdə bu harmoniya qəlbləri riqqətə gətirdi.
Klassik musiqiyə böyük maraq göstərən Qəbələ sakinləri, gözəl təbiətə malik bu qədim və həm də müasir şəhərə gələn əcnəbi turistlər sərin yay axşamlarında virtuoz ifaçılarla yanaşı gənc istedadları canlı dinləmək imkanı qazandılar. Möhtəşəm sənət bayramında səhnəyə çıxan görkəmli musiqiçilər festivalı daha da yaddaqalan etdilər.
Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin dirijoru, nüfuzlu "Grammy" mükafatı laureatı Dmirti Yablonski, tanınmış dirijor Pol Mayer, "Moskva Virtuozları" Kamera Orkestri, Xalq artisti Fərhad Bədəlbəyli, truba ifaçısı Sergey Nakaryakov, İtaliya Simfonik Orkestri, İsrailin məşhur violin ifaçısı Janna Qandelmann, Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, gənc muğam ifaçıları öz çıxışları ilə tamaşaçıları heyran etdilər. Hər möhtəşəm çıxışın ardından səslənən alqışlar bunun göstəricisi idi.
S. Baxın, V. Motsartın, L. Bethovenin, S. Raxmaninovun, J. Arbanın, Ü. Hacıbəylinin, Q. Qarayevin, F. Əmirovun, V. Mustafazadənin, S. İbrahimovanın unudulmaz əsərləri festivalda səsləndikcə Qəbələ bu günlədə dünyanın musiqi paytaxtı olduğunu bir daha sübut etdi.
Qəbələ VII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi də möhtəşəm oldu və atəşfəşanlıqla yekunlaşdı.

Gözəl anlar
unudularmı?

Qəbələ VII Beynəlxalq Musiqi Festivalı başa çatsa da, möhtəşəm sənət bayramı barədə xoş təəssüratlar unudulmur, söhbətlər, fikir mübadiləsi davam edir.
Millət vəkili Fəttah Heydərov mətbuata verdiyi açıqlamada festivalın yekunlarını yüksək qiymətləndirib: "Dünyada kifayət qədər tanınan və sevilən, canlı ifalarının dinlənilməsi hər zaman mümkün olmayan korifey sənətkarlar bu festivalın qonağı oldu. Onlar öz gözəl çıxışları ilə yerli və əcnəbi tamaşaçıların zövqünü oxşadılar. Festival bir daha göstərdi ki, ölkəmiz hər sahədə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də dünyaya işıq saça bilər. Azərbaycan belə yüksək səviyyəli tədbirlərin keçirilməsində böyük təcrübəsi və ənənəsi olan dövlətlərdən heç də geri qalmadığını göstərdi.
Heydər Əliyev Fondunun uğurlu layihələrindən olan bu beynəlxalq musiqi festivalı hələ uzun illər keçiriləcək, Qəbələ dünyanın mədəniyyət mərkəzinə çevriləcək".
Qəbələ VII Beynəlxalq Musiqi Festivalında iştirak edən musiqiçilər, onların ifalarından böyük zövq alan tamaşaçılar növbəti sənət bayramının başlayacağı anı səbirsizliklə gözləyirlər.

TƏQVİM / ARXİV