ASTA SÜR MAŞINI, AMANDI SÜRÜCÜ!

FAİQ QİSMƏTOĞLU
81538 | 2015-08-09 23:49
Kimdi asta sürən? Bu onu ötür, o bunu keçir və başlayırlar avtobusda əyləşən sərnişinlərin taleyi ilə oynamağa. Bu "saqqallı uşaqlar" heç nəyi veclərinə almadan yol hərəkəti qaydasını pozur, harda gəldi avtobusu saxlayır və bəzən də qazı basaraq sürəti artırırlar. Axı arxadan eyni marşrutda işləyən avtobus ona yaxınlaşır...
Avqustun 2-də metronun "Neftçilər" stansiyasından Yeni Günəşli yaşayış sahəsinə işləyən 50 nömrəli marşrutda iki avtobus sürücüsü bir-biriləri ilə sanki yarışa çıxmışdı. Həmin gün saat 14:00 radələrində bu marşrutda işləyən iki avtobus bir-birinə aman vermirdi. Əvvəlcə metronun "Xalqlar dostluğu" stansiyasının yanındakı dayanacaqda möhkəm mübahisə elədilər. Bu dedi ki, mənim vaxtıma girmisən, o biri də dedi ki, sən məni qabaqlamısan. Bir təhər yenidən sükan arxasına əyləşdilər və başladılar ötüşməyə.
Yeni Günəşlidə Kərpic zavodunun yaxınlığında o biri avtobus yenidən bizim əyləşdiyimiz avtobusun qabağında dayandı. Daha doğrusu, qəsdən sürücü onun yolunu kəsdi və sükan arxasından düşüb təzədən mübahisəyə başladılar. Yol kəsildiyinə görə, digər avtomobillər də dayanmışdı. Bir qədər mübahisədən sonra sakitləşdilər. Əyləşdiyimiz avtobusun sürücüsü dispetçerlə telefonla danışdı. Dedi ki, bu qoyunu kim buraxıb xəttə? Mən sənədləri göstərəndən sonra kor gözü ilə gördü ki, indi o mənim vaxtıma girir və məndən sonra gəlməlidi. Hansı ki, məndən qabağa düşüb camaatı yığıb aparır. Dispetçer telefonda sürücüyə nə dedisə sakitləşdi və sürücü öz-özünə deyindi: "İlan ulduz görməsə ölməz. İndi dispetçer təpindi deyin gözdən itdi, lap payını aldı".
Görürsünüzmü, iki sürücünün səhlənkarlığı üzündən son nəticədə sərnişinlər narahat olur və həyəcanlı anlar yaşayırlar. Biz onu başa düşmürük ki, Bakıda bugünə qədər niyə bir çox marşrutlarda qayda-qanun yaradılmayıb?! Yəni kim necə istəyir, elə də avtobusu idarə edir. Fikirləşən yoxdu ki, bu avtobusda əyləşən sərnişinlər hansı çətinliklə üzləşirlər. Bir də görürsən ki, naşı bir sürücü qəfil əyləci basdı və ayaq üstə duran sərnişinlər bir-birinin üstünə yıxıldılar. Hələ bəzən də elə hadisə baş verir ki, özünü saxlaya bilməyən sərnişin yıxılanda ya qolu sınır, ya da qılçı.
Burdan belə bir məntiqi nəticə çıxır ki, biz sərnişinlərin işi Allaha qalıb. Əgər belə olmasaydı, avqustun 2-də Yasamal istiqamətində hərəkət edən 39 nömrəli marşrutda ölüm hadisəsi baş verməzdi. Belə ki, sürücülük hüququ olmayan Taleh Məmmədov isti havada avtobusu qapısı açıq idarə edib və bu zaman da avtobusda olan Ağsu rayon sakini Xəzəngül Sadıxova yıxılaraq kəllə-beyin travması alıb. Onu xəstəxanaya çatdırsalar da, ağır xəsarət almış xanım xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsilə cinayət işi başlanıb. Və hüququ olmadan nəqliyyat vasitəsini idarə edən Taleh Məmmədov tutularaq istintaqa cəlb olunub.
Gördünüzmü, sürücünün adi bir səhlənkarlığı sərnişinin ölümü ilə nəticələnir. Bu cür dırnaqarası sürücülər Bakı şəhərində istənilən qədərdir. İnanmırsınız, gəlin yol polisinin keçirdiyi reydlərdə iştirak edin. Görün nə qədər sürücülük hüququ olmadan avtobusları idarə edən adamlar var. Bunlara adam demək olur. Onlar sanki ölüm kabuslarıdı və camaatın başının üstündə dolanırlar. Bu adamların günahı çoxdur. Amma onlardan da çox günahı olan sürücülük vəsiqəsi olmayan adamları işə götürən sahibkarlardı. Aydındır, hadisə olub, sükan arxasında olan T.Məmmədov saxlanılıb. Ancaq ən çox məsuliyyəti işə götürən daşımalıdı. İndi oğul istəyirəm ki, kələfin ucunu ələ keçirsin və insanların taleyinə barmaqarası yanaşan sahibkarı istintaqa cəlb eləsin. Bəzən onlar istintaqa çağrılırlar. Amma sonra gözəgörünməz qüvvələr onları müdafiə edir və sudan da quru çıxırlar. Ortalıqda qalır hadisəni törədən sürücü. Çox təəssüf! Biz çox vaxt nəticə haqqında danışırıq. Amma səbəb barəsində düşünmək belə istəmirik. Səbəbin də ucu uzun olduğuna görə, gedib çıxır yüksək vəzifəli adamlara. Bax onda da hər şey yerini dəyişir və mizan-tərəzi itir.
Nəqliyyat Nazirliyi son vaxtlar sərnişindaşımada qayda-qanun yaratmağa çalışır. Hətta qanunu pozan bir neçə sahibkarın əlindən marşrutlar alınaraq başqalarına verilib. Görünür, bu tədbirlər də bir çox sahibkarların məsuliyyətini hələ də artırmayıb. Yəni onlar sərnişinlər haqqında deyil, özlərinin cibləri və qazanacaqları külli miqdarda pul barəsində düşünürlər.
Yayın istisində və temperaturun müsbət 40 dərəcəni ötdüyü vaxtda kondisionersiz avtobusda sürücü kimi 4-5 saatdan artıq işləmək mümkün deyil. Lakin Bakıdakı əksər marşrutların sürücüləri nəinki 4-5 saat, hətta 18 saat sükan arxasında əyləşirlər. Bir tərəfdən istirahətsiz avtobusu idarə etmək, digər tərəfdən isə əsəblərin tarıma çəkilməsi sürücüləri həqiqətən də çıxılmaz vəziyyətə salır. Bəzən o sürücünü də qınamaq olmur. Yayın istisində kölgədə istidən dilimiz ağzımızdan çıxır. O sürücü yazıq isə bir tərəfdən gün başına vurur, bir tərəfdən də plan doldurmaq haqqında fikirləşir. Çünki sahibkar ona elə bir plan qoyub ki, o hər gün avtobusu sürətlə idarə etməli, ötüşməli və dayanacağa digərindən tez çatmalıdı. Nə var, nə var dayanacaqdakı sərnişini tez götürsün və beş-on manat qabağa düşsün.
Amma bir hadisə baş verəndə, ölüm olanda o plan qoyan adam aradan çıxır, bütün məsuliyyət sürücülərin boynunda qalır. Ona görə də sürücü beş-on qəpiyə görə ailəsini və özünü təhlükəyə atmamalı, avtobusu normal sürətlə və yol hərəkəti qaydalarına uyğun idarə etməlidi. Heç olmasa yorulanda dayanacaqda avtobusu saxlayıb soyuq su ilə üz-gözünü yumalıdır ki, yorğunluğu canından çıxsın və sükan arxasında yuxulamasın. Təbii ki, avtobusun salonunda əyləşən sərnişinlərin ürəyindən məşhur bir mahnının sözləri keçir: "Asta sür maşını, amandı sürücü!"


TƏQVİM / ARXİV