adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Saxta qəhrəmanlar

24901 | 2012-07-11 08:07
Uzun müddətdir ki, mətbuatımızda sovet dövrünün şişirdilmiş qəhrəmanları ilə bağlı polemikalar gedir. Bu polemikaların qızışmasına rəvac verən əsas səbəblərdən biri də Avropada yaşayan həmyerlimiz Güntay Gəncalpın "Səfəvilər" kitabı oldu.
   
   Güntay bəy öz kitabında ənənəvi tarixşünaslığa zidd olan fikirləri ilə böyük mübahisələrə təkan verdi. Daha öncə millət vəkili Fazil Mustafa Babəki "sapıq" adlandırmış və bu fikirlər ətrafında da kifayət qədər qalmaqal yaranmışdı. 70 il sovet işğalında, ondan əvvəl də Rus imperiyasının işğalında yaşadığımızdan tariximiz haqqında mənbələrin böyük əksəriyyəti təhrif olunub. Sovet imperiyasının ideoloji maşını ancaq özünə sərf edən qəhrəmanları şişirdir, xalqın beynini öz təbliğatı ilə zəhərləyirdi. Məhz bu səbəblərdən 70 il biz öz həqiqi qəhrəmanlarımızı tanıya bilməmişik. Tariximizdən, tarixi kimliyimizdən xəbərsiz böyümüşük. Tarixi sovet ideologiyasının diqtə etdiyi, saxtalaşdırdığı formada öyrənmişik. Sovet rejimi öz yaratdığı qəhrəmanları xalqın yaddaşına həkk etmək üçün onlar haqqında cild-cild kitablar yazdırmaqla məsələni bir az da qəlizləşdirib. Babək, Koroğlu, Xətai haqqında cild-cild kitablar yazmış adamlara həqiqi tarixi izah etmək çox çətindir. Məhz bu amilə görə açılan polemikalarda mühafizəkarlar olduqca aqressiv və əsəbi davranırlar.
   
   Ancaq müəyyən bir intellektual kəsim var ki, tarixə yenidən baxmağı, onu təftiş və analiz etməyi bacarır. Xüsusilə qələm adamlarının bu baxımdan rolu danılmazdır. Məhz bu səbəbdən Sovet dövrünün şişirdilmiş qəhrəmanları barədə qələm adamları ilə söhbətləşdirk.
   
   Yazıçı-filosof Firuz Mustafa düşünür ki, Sovet ideologiyası üçün şişirdilmiş qəhrəmanlar yaratmaq çox vacib idi: "Bütün dünya tarixində qəhrəmanlar və qəhrəmanlıq anlayışı şox zaman tarixi kontekstdə qiymətləndirilir. Tarixsə bir çox hallarda bu və ya digər ideologiyanın təsiri altında yazılır. Məsələn, Babək Sovet ideologiyası üçün göydəndüşmə qəhrəman idi - islam dininə qarşı vuruşmuşdu. Eləcə də Qatır Məmməd; o da, Müsavat hakimiyyətinə qarşı mübarizə edirdi. Mən belə düşünürəm ki, (deyəsən, Hegelin də belə bir fikri var) əsl qəhrəmanları tarix özü yaradır və tarixi də öz qəhrəmanları yaradır."
   
   Yazıçı Kənan Hacı hesab edir ki, Sovet dövründə bizə təqdim edilən qəhrəmanların bəzilərinin müəyyən tarixi xidmətləri olsa da, əksəriyyəti çox şişirdilib: "Sovet dövrü yalançı qəhrəmanlar dövrü idi. Elə rusların özlərinin də xeyli yalançı qəhrəmanları vardı. Sonra məlum oldu ki, bu "qəhrəmanlıqların" ömrü imperiyanın çökməsinə bənddir. Bizə təqdim olunan "qəhrəman"ların çoxusu başkəsən, quldur, dostunun arvadına göz dikən, ana, övlad qatili olan adamlardır. Qaçaq Nəbi yolkəsən bir quldur olub, bunu siz də çox doğru olaraq qeyd etmişdiniz. Xətainin müəyyən xidmətləri olub. Amma o da xüsusi amansızlığı ilə tarixin yaddaşında qalıb. Öz anasının ölümünə qol qoymuş adam olub. Dərsliklərdə tarix olduğu kimi təqdim olunmalıdır. Həmçinin digərlər yalançı qəhrəmanlar haqqında da, həqiqət yazılmalıdır. Hər kəsə gördüyü əməllərə görə qiymət verilməlidir. Özümüz özümüzü aldatmayaq."
   
   Gənc yazar Şəbnəm Karslı bəzi qəhrəmanlar haqqında tərəddüdlərinin olduğunu deyir: "Sovet dövründə bütün xırdalıqların belə məqsədyönlü şəkildə edildiyini bilirik. Sizin siyahıda kişi qəhrəmanlardır hələ Bunların da əksəriyyəti hüquqi dillə ifadə etsək cinayətkardırlar. Qaçaqlıq edənlər rəsmən quldur, oğru hesab oluna bilərlər. Babək isə şəxsən mənim ən müəmmalı qəhrəmandır, mən müsəlmanam, İsalam qarşı çıxan birini qəhrəman hesab etsəm inancıma qarşı çıxmış olaram. Eyni zamanda Ərəb xilafətinin istilasına qarşı vuruşmuş Azərbaycanlını da təqdir edirəm. Babək haqqında danışmaq mənə ağırdır. Xətai ilə bağlı da tərəddüdlər içərisindəyəm. Dini qarşıdurma ilə Bütöv Azərbaycan torpaqlarını birləşdirən bir tarixi şəxsiyyətə qiymət vermək çətindir.
   
   Qadın qəhrəmanlarla daha da mürəkkəbləşir məsələ. "Həcər qeyrətli qadınlarımız" ifadəsini tez-tez eşidirik. Həcərin isə taleyi və həyatı çoxumuza bəllidir. Düşünürəm ki, Sovet dövründə bu kimi şəxslərin qəhrəmanlaşdırılması məqsədyönlü xarakterə malik idi və "bu xalqın qəhrəmanı oğru, quldur, karvanbasan, dininə qarşı çıxan, məzhəb fərqliliyinə görə qan tökən və 5-6 kişi ilə izdivac yaşayan qadınlardır" fikrini şüuraltı yedirməyə xidmət edib."
   
   Şair Zaur Qəriboğlunun fikrincə biz xalq olaraq hələ də axtarış mərhələsindəyik: "Şəxslərə münasibət fərqlidir. Mənim düşüncələrimdə solçuluğa meyillilik olsa da, Sovet dönəmində Azərbaycan xalqının xilaskarı kimi təqdim edilən Stepan Şamuyan, Məşədi Əzizbəyov və s. bu sıradan olan insanları qəhrəman hesab etmirəm. Amma Babək, Xətai və digərləri sözsüz ki, bu millətin qəhrəmanlarıdır. Düşünürəm, millət bu gün də Babəki olduğu kimi tanıya bilsə, özü ola bilər. Bizim zəif cəhətimiz odur ki, əsrlərdi gah Avropada, gah şərqdə özümüzü axtarırıq, amma göründüyü kimi də tapa bilmirik. Çünki özümüzü özümüzdən çox uzaqlarda axtarırıq. Bu millətin özü Babəkdi, Nəsimidi, Nəimidi, Axundovdu, Sabirdi, Mirzə Cəlildir. Çox ziddiyyətli millətik ki, adlarını sadaladıqlarımızı tanıyırıq, amma onların mahiyyətinə vara bilmirik. Bu da millət olaraq, mahiyyətimizə varmamağımızdır. Bu da xarici qüvvələrə sərf edir, əsrlərdi öz ənənələrimizi əlimizdən alıb, öz ənənələrini bizim şüurumuza yeridiblər. Bu gün çəkdiklərimiz də bunun ağır nəticələridi. Hər birimizin mübarizəsi xalqı özünə qaytarmaq olmalıdır. Görün, xalqın şüurunu nə günə qoyublar ki, onu özünə qaytarmaq istəyən ziyalısına əl qaldırır. Rafiq Tağı bu nümunələrdən biridir. Amma Asif Ata da deyir ki, xalq körpə uşaqdır, biz onu böyütməliyik..."
   
   Gənc rəssam və yazar Fərhad Yalquzaq hesab edir ki, Sovet imperiyasının daxılmasından sonra bizə təbliğ olunan qəhrəmanların saxtalığı üzə çıxıdı: "Sovet dönəmində bizə qəhrəman kimi təqdim olunan real və uydurulmuş şəxsiyyətlərin nəyə görə gerçək qəhrəman olmadıqları imperiya dağılandan sonra bəlli oldu. Azərbaycan mühitində bir çox "qəhrəmanlar" sistemə xidmət etmək üçün yaradılsa da (Qatır Məmməd, Qaçaq Nəbi və b.) bir çox tarixi şəxsiyyətlərin qəhrəman mərtəbəsinə qaldırılması, zənnimcə tarixə birtərəfli baxışın, subyektiv fikrin obyektivlikdən üstün tutulması və qismən də savadsızlığın nəticəsidir. Əslində Xətai kimi bir tarixi şəxsiyyətin qəhrəman kimi təbliğ edilməsi mənə aydın deyil. Bəli, bu adam Səfəvilər dövlətinin sərhədlərini Hindistana qədər genişləndirdi, sarayda və orduda Türk dilinin dövlət dili səviyyəsində işlədilməsinə qismən nail oldu, ancaq sonucda onun Osmanlı imperiyası ilə düşünülməmiş siyasəti hər iki türk dövlətinin laxlamasına gətirib çıxardı. Beş yüz min eyni qanı daşıyan insanın bir döyüşdə bir-birinə girməsi sonu düşünülməmiş, axmaq bir qərarın təcəssümü idi. O zamanın tarixi gerçəklikləri "iki qoçun başının bir qazanda qaynaya bilməməsi" stereotipini Xətainin siyasətinə təsir göstərməsinə gətirib çıxarmış və bu təcrübəsiz adam böyük bir dövlətin taleyini böyük bir sual altında qoymuşdu. Bəlkə də o müxtəlif epizodlarda fərqli düşüncəli və ideyalı adamlar üçün qəhrəman kimi görünə bilər, ancaq onu tarixi xalq qəhrəmanı kimi göstərmək mənim zənnimcə düzgün deyil. O, fəaliyyətini daha çox ədəbi yaradıcılığa yönəltsəydi daha faydalı bir şəxsiyyət ola bilərdi, belə isə ədəbiyyatdan da yarımçıq qaldı, siyasətdə də ciddi yanlışlığa yol verdi. O ki qaldı Babəkə, bu adam gerçəkdən bir qəhrəmanlıq göstərib uzun illər o zamanın ən güclü imperiyalarından birinə qarşı duruş gətirə bilmişdi. Ancaq Babəkin ərəb xilafətinə qarşı mübarizəsi Azərbaycan naminə aparılan bir mübarizə deyildi. O, sadəcə olaraq yad dinin onun ölkəsinin işğalına qarşı savaş açmışdı.
   
   Babək gerçək bir qəhrəman olsaydı, bir dağın başında səngərlənib qalmazdı, savaşını xilafətin içərisinə daşıyardı, işğal olunmuş torpaqların geri qaytarılmasına çalışardı. Məşhur filmdə Babəkin sonda "Mən həmişə səninləyəm, Azərbaycan" söyləməsi isə çox gülünc görünür, çünki o dönəmdə Azərbaycan adında bir dövlət yox idi."
   
   
   
   

TƏQVİM / ARXİV