adalet.az header logo
  • Bakı 13°C

BAHADUR FƏRMAN

27352 | 2012-07-07 08:18

   
    İKİNCİ YAZI
   
   
   
   Ana obrazına B.Fərmanın yaradıcılığında tez-tez rast gəlinir. Şair ananı böyüklüyün, müqəddəsliyin, xeyirxahlığın, əsl sevginin "timsalı kimi" dəyərləndirir. "Ağ saçlım mənim", "Anam çörək bişirir", "Anam kimi", "Anamın yanına qayıtmışam" və s. şeirlərində Ana adının əzəməti önündə baş endirirsən. "Anamdan ayrılarkən" şeirində ana sevgisi mücərrəd, qeyri-emosional biçimdə təqdim olunmur, "kövrəkliyin heykəli" kimi onun qəlb aləmi, həyəcanları, düşüncələri, bir sözlə, konkret vəziyyəti ustad qələmi ilə görünür. Oğlundan ayrılan ananın həyəcanı sovuşmur. Hisslərini boğmağa çalışıb arxasınca əl etsə də, ayrılıqla barışmaq istəmir, ürəyi oğluna qoşulub "biletsiz sərnişin"ə çevrilir.
   
   Budur həmin təbii və bənzərsiz yaşantı:
   
   
   
   Avtobus dayanır bir yol başında,
   
   Biletlər yoxlanır yenə də bir-bir.
   
   Bir kimsə bilmir ki, bu gün maşında
   
   Bir ana ürəyi biletsiz gedir...
   
   
   
   Hamının dərk edəcəyi vəziyyətin görünməyən tərəfinin aşkarlanması və bədii təxəyyülün süzgəcindən keçirilərək qeyri-adı biçimdə təqdimi sənətkar qələminə məxsusdur. Bu nöqteyi-nəzərdən B.Fərman bəxti gətirmiş şairlərdəndir. Fikrin dərinliklərinə endiyi kimi bədii faktı sistemləşdirib vahid axara yönəltmə bacarığı göstərməklə onun əyaniləşdirilməsinə və bitkin təsəvvür yaradılmasına da yardımçı olur. Müəllif başqa mövzulardakı əsərləri kimi təbiətə aid şeirlərində də bu bacarığına sadiq qalır. Lirik "mən"in nəbzi sanki təbiətin nəbzi ilə bir vurur. "Xırda çiçəklərin zərif ləçəyi", "qorxaq turac ürəyi", "həzin səsli meşələr", "şaqraq zənguləli büllur bulaqlar", "hər daş, hər qaya", hər cığır, bir sözlə, bütün təbiət uzun illər həsrətində olduğu doğma üzlər, doğma səslər kimi əziz və unudulmazdır. Dediklərimizin konkret ifadəsinə çevrilən təbiət şeirlərində müəllifin təbiətlə ünsiyyətinin bütün çalarları, bütün rəngləri görünməkdədir. Bu əlaqə təbii olduğu qədər də qırılmazdır. Belə münasibətin bir qütbündə yadlaşmış, sönük və saxta görünən üzlərdən usanan saf, kövrək şair ürəyi, digər qütbündə isə ülfətin, təmizliyin, insan qəlbinə dinclik gətirən əsl rahatlığın timsalı təbiət dayanır. Bu mövzudakı əsərlərinə təbiətlə ünsiyyətdə hisslərin tüğyanı, ona sənətkar münasibətinin kamil və bitkin ifadəsi kimi yanaşılmalıdır. Bir tərəfdən təbiətin yuxusuna haram qatanların balta səsinə qarşı çıxılırsa, başqa tərəfdən isə bircə günlük çoban olmaq arzusu illərlə şair ürəyində qövr edən ilkinliyə qayıdış, dünənə üz tutmaq, ötən illərə xəyalən qovuşmaq istəyidir:
   
   
   
   Yüz qışa bəs edər könlümdəki yaz,
   
   Açılan səhərə qurban mən olum.
   
   Verin sürüləri otarım bir az,
   
   Nolar, bircə günlük çoban mən olum.
   
   
   
   Ətraf aləmin insanın şəxsiyyət kimi formalaşmasında rolu bir fakt kimi çoxdan qəbul edilmişdir. Şairin "Kəndimizin adamları" silsilə şeirlərində rast gəldiyimiz obrazlar maraqlı göründüyü qədər də səmimi və unudulmazdır. Bəlkə də bu, onunla bağlıdır ki, həmin adamlar əlçatmaz dağlarla həmsöhbət olmuş, çeşmə zümzüməsi ilə boy atmış, qayalarla qol-boyun yaşamış, at belində böyümüşlər. İnsanın təbiətə marağı artıb onun sirdaşına çevrildikcə, onun dərdinə şərik çıxıb, sirlərinə bələd olduqca daxilən saflaşır, xəbislik, paxıllıq kimi duyğulardan kənar dayanır. Şairin poeziyası bu cəhətinə görə ədəbiyyatımızda təbiət lirikasının ən yaddaqalan örnəkləri ilə səsləşir.
   
   Ekoloji tarazlığın pozulub həyəcan təbili çalındığı zəmanəmizdə buna:
   
   
   
   Bir vələs yuxusu yanar ocaqda,
   
   Sonra da qızarar köz həzin-həzin.
   
   Gizləyin baltanı küncdə, bucaqda,
   
   Meşələr yuxuda balta görməsin -
   
   
   
   misraları ilə cavab verir. Axı, təbiət səxavətini əsirgəməsə də, bizə həyan və həmdərd olsa da, vurulan yaralara da etinasız qalmır, qəzəbi qarşısıalınmaz, dağıdıcı selləri, tufanları, qorxunc ildırımları, uçqun və yarğanları, yandırıcı istisi, dondurucu soyuğu ilə intiqamı dəhşətli olur.
   
   Məhəbbət mövzusu bütün zamanlarda aktual görünüb. Ona görə də sənətkarın könül qapısını "icazəsiz" açan, gəlişi də, gedişi də ürəkağrısına çevrilən məhəbbət dünyası haqqında danışmaq, qəlb çırpıntılarına qulaq asmaq lazım gəlir. Çünki məhəbbət elə bir zəruri məqamdır ki, insanın mənəvi bütövləşməsinə, kamilləşməsinə şərait yaradır, onu ali mərtəbəyə ucaldır, hisslərini cilalayır, dünyaya, insanlara münasibətində, ətraf aləmə baxışında müsbət dəyişikliklər edir, onun yaşamaq eşqini artırır. Sevgisiz bir ömrün necə yoxsul və gərəksiz olduğu təsdiqlənmiş, eşqdən məhrum ürəklərin necə qəddar və kobud olduğu sübutunu tapmışdır. Şairin bu mövzuya həsr olunmuş şeirlərini oxuduqca yenidən həmin təkrarsız, sehrli aləmə düşürük. Bu sevginin mayasını isə böyük sələfi Füzulinin əbədiyaşar poeziyasından aldığı üçün möhtəşəm və əzəmətli görünür. Müəllifə görə, həmin eşq ötəri olmadığından mənasına vardıqca hər gözəllikdə bir sevgi nişanəsi aranır, qəlbimiz nura boyanır. "Düşüb" qoşmasında sözündəki odun, elə bu sözün can yuvasında yaratdığı atəşin Füzuli şeirindən düşdüyü heyrətində olsa da, lirik obrazın mənəvi vəziyyətini dürüst ifadə edən bütün bəndlərindən aldığımız zövq də böyük təsir yaradır. Bu məhəbbətin saf və təkrarsız olduğuna inanmaya bilmirik.
   
   
   
   Nə xeyri, sən məni yüz dəfə danla,
   
   Məhəbbət canıma hopubdur qanla.
   
   Bənövşə qoynunda gördüyün damla
   
   Sənsiz ağlamışam, gözümdən düşüb.
   
   
   
   Şeirdən çıxarılan nəticə maraqlıdır: sevgi ömrünü yaşayanlara edilən danlaq və çəkindirmələrdən nəticə gözləmək əbəsdir. Çünki eşqin fəzilətini bilənlərin canına məhəbbət qanla hopub. Şairə görə, bənövşə ləçəyindəki damla "lirik mən"in yaşadığı hicran əzabının ayağına yazılmalıdır.
   
   Şair halal zəhmətlə xalqın gözündə ucaldıqca yolu üstündə kötüyə çevrilmək cəhdində olanlar da tapılır. Belələri iblis niyyətilə hiylə torları qursalar da, şair onlarla mübarizədən çəkinmir, iradəsində yenilməz və mətin görünür. Xəbislik, paxıllıq, yaltaqlıq kimi iyrənc, insani münasibətlərdə deformasiyalar yaradan bütün neqativ hallar düzgün müəyyənləşdirilir, kəsərli qələmlə damğalanır. Xırdalıqlarla gün keçirən "xırdalar"la eyni səma altında yaşayıb, eyni torpaq üstündə gəzməyin mənəvi iztirabını yaşayan şairin həyəcanları təbii və inandırıcıdır. Qəlbindəki və əməlindəki zülmətlə "şöhrət alverinə başı qarışan çərçi oğullar"la milli dərdlərimizə çarə tapılarmı? Belə "xırdalar"ın ürəyini didən dedi-qodularla nə qədər böyüklüyü layiq olduğu mərtəbədən yıxıb, nə qədər günahsız qəlbi sındırdıqlarına görə, B.Fərman belələri ilə barışmır, onlarla haqlı olaraq haqq-hesab çəkir, bölünmüş Vətəni, sinələri dağlayan Araz dərdini xatırladır, mənasız umu-küsüləri, milli birliyimizə xələl gətirən dedi-qoduları kənara atmağı gərəkli sayır, yad əllərdə qalan, əzilən, tapdanan torpaqlarımızın bu günədək azad edilməməsində kin-küdurətimizlə birgə özümüzü təqsirli bilir:
   
   
   
   Gərək hər baharın üstə əsəydik,
   
   Covğunlu qış keçib hər yazın üstən
   
   Kini, küdurəti daş eləsəydik,
   
   Yüz körpü salardıq Arazın üstən.
   
   
   
    ("Xitab" şeirindən)
   
   
   
    Lakin şairin ittihamı bununla bitmir. Arazın harayı dalğa-dalğa qəlbimizə yayılır, vicdanımızı sirkələyir, milli düşüncəmizi, vətən tarixi ilə bağlı yaddaşımızı oyatmağa səy edir. Müəllif bizi həm sərt, həm də düşündürücü sorğu-suala tutur: birgə yarasına məlhəm olmayanları vətən nə üçün böyüdür? Belələrinin bu vətəndə yaşamağa, onun nemətlərindən yararlanmağa haqqı varmı? Niyyətimizin də, amalımızın da aydın olmasının istəyən müəllif eyni məslək uğrunda döyüşə-döyüşə yaşamağımızı tövsiyə edir.
   
   B.Fərmanın yaradıcılıq axtarışlarında diqqəti çəkən bir cəhət isə onun köhnəlmiş illər uzunu eşitdiyimiz yekrəng ifadələrdən imtina etmək, oxucuların qəlbinə hakim kəsilmək gücündə olan, yeni, əlvan, təzə-tər deyimlərin bolluğu sənətkarın tükənməyən potensialından xəbər verir. Ona görə də onun əsərlərinin çoxsaylı oxucuları şairdən yenə də qeyri-adi, ecazkar fikirlər, yadaşlarda əbədiləşəcək bənzərsiz ifadələr, estetik-fəlsəfi gücə malik dərin fikirlər gücləməkdə haqlıdırlar. Yeri gəlmişkən bir fakt ayrıca qeyd olunmalıdır. Müəllifin poeziyası bədii tapıntıların bolluğu ilə yadda qalır. "Anamdan ayrılarkən", "Bayatı", "Osvensin kədəri", "Şəkər nənə", "Düşüb", "Yollar" və sairə şeirlərdə nəinki bəndlər, hətta misralar da dərin fikir yükü ilə, yeni poetik detallarla heyrətamiz tapıntılarla zəngindir, insanlığın ürəkağrısına çevrilən Böyük Vətən müharibəsinin gözlərini yaşlı, ürəyini göynərtili, dilini haraylı-bayatılı qoyduğu anaların istirabını bundan sərras necə ifadə etmək olar:
   
   
   
   Bir qərib obada qərib məzara,
   
   Sözündən bayatı tökər analar.
   
   Torpağa kəfənsiz qovuşanları,
   
   Bir bənd bayatıya bükər analar
   
   
   
   İtkinlər hardasa alışdılar ki,
   
   Yolu işıq olsun gələn baharın
   
   Torpağa qəbirsiz qarışdılar ki,
   
   Sayı çoxalmasın qəbirstanların
   
   
   
   Burada bayatının mahiyyətcə göz yaşına oxşarlığı, kəfənsizlərin bayatıya bükülməsinin mümkünlüyü qədər məqbul sayılır. Bu "bədii yalan"ın gözəlliyinə valeh olan oxucu cəbhədə itkin düşənlərin hardasa torpağa qəbirsiz qarışmasını, qəbiristanların sayının çoxalmaması istəyi kimi mənalandırır. Nə qədər kövrək, nə qədər təsirli misralardır!
   
   Qəbiristan ifadəsinin mahiyyəti şairin sözü seçmək, onu yerində işlətmək ustalığından xəbər verir. Həmin bu yer ümidlərin puç olduğu, arzuların qırıldığı məkan kimi düşünülür. Dünyada qəbiristanların çoxalması ölümün insanlığa meydan oxuması, zülmətin işıq üzərində qələbəsi, kədərin, nisgilin bəşəri nikbinliyə qalib gəlməsi anlamı ilə səsləşir. Şairin bahara sevgisi onun ümidə, işığa təşnəliyi kimi, şərə qarşı mübarizə aparanların niyyəti ilə birləşir. Aydınlıqda isə qəbiristanlara yer ola bilməz!
   
   Şair başqa əsərlərində də sözün fikir yükünə, hər ifadənin yerində işlədilməsinə məsuliyyətlə yanaşır. Cəbhədən geri dönməyənlərin dərdinə insan kimi ağlayan sahibsiz daşların keçirdiyi üzüntünün bürüst duyulması məqsədilə işlədilən için-için sözü ürək parçalayan qəmin daxili sıxıntısının "həzin-həzin" deyimi bayatı qiyafəli agır biçiminin, "zarı-zarı" iniltisi onun bitməzliyinin, "gilə-gilə" ifadəsi isə həm göz yaşı damlalarının giləyə oxşarlığının, həm də ağlayanın zərrə-zərrə əriməsinin, damlaların daşda belə iz açmasının, onu məhv etməsinin dəqiq göstərilməsidir. ("Ağlayan daşlar" şeiri).
   
   Müəllifi sənətkarlıq qüdrətinin daha bir nümunəsi isə "Dörd cığır" şeiridi. Əsər doğma kəndlə bağlı xatirələr əsasında yazılmışdır. Burada bədii dil materialından istifadə imkanları da üzə çıxır. Həmin şeirlərdən aşağıdakı bəndə nəzər salaq:
   
   
   
   Üfüqlər dağları yastıqmı sanır,
   
   Dərə mürgüləyir sinəsində su
   
   Dəli şəlaləyə düşüb islanır
   
   Mamırlı qayanın şirin yuxusu
   
   
   
   Peyzaş lirikasının yaxşı nümunəsi sayılacaq bu bənddə təbiətin "yuxusu"nun bütün mərhələləri əyaniləşdirilir. "Yastığa dirsəklənmək" prosesin başlanğıcı, "mürgüləmək" dərin yuxuya hazırlıq vəziyyəti, "şirin yuxuya dalmaq" isə işin sonluğudur. Dəli şəlalənin şıltaqlığına dözməkdə olan dərə balasını sinəsinə sıxıb dincəlmək ümidi ilə mürgüləyən ananı xatırladır. Mamırlı qayanın şəlalə qışqırtısında islandıqca əriyib dərə axan şirin yuxusu isə bizim üçün gözlənilməz və maraqlı görünür.
   
   Şair ömrünün səkkizinci onilliyini yaşayır. Bu yaş illərin sayı baxımından böyük görünməsə də müəyyən məsafə qət olunduğundan yaradıcı şəxsin poetik kamilliyə yetişməsinə əsas verə bilir. Şairin 2010-cu ildə çapdan çıxmış "Əmanətdi ürəyim" kitabı oxucularla yeni görüş kimi dəyərləndirilsə də, təxminən yarım əsirlik yaradıcılıq yolu keçmiş hər yeni doğulan əsərin uğuruna sevinən, halal bir ömür yaşayan insanın öz oxucuları qarşısında bir növ hesabatıdır. Bu kitabdakı şeirlər göz oxşayan, qəlbə fərəh gətirən çəmən çiçəklərini xatırladır. Hər çiçəyin bir ətri, bir rahiyəsi olduğu kimi poeziya gülüstanımızı gözəlləşdirən, onu daha da cazibədar edən bu nümunələrin öz bənzərliyi var.
   
   B.Fərman özü dediyi kimi, ömrün yüz yaşına doğru addımlayır. Sözün ucalığına yüksələn şairi yeni zirvələr gözləyir. Itmişlərə hayıf desə də, 100 yaşa çatmaq üçün yol gedən sənətkara nə dayanmaq, nə də tövsşümək olmaz. Inşallah oxuculara əmanət etdiyi ürəyinin döyüntüləri yüz yaşda da eşidiləcək. Elə bu yazının son sözü də Bahadur Fərmanındır:
   
   
   
   Hər əzaba o da şərik,
   
   Sevinci ləng, dərdi çevik.
   
   Şair ömrü oda şərik -
   
   Hey can atır köçə tərəf.

TƏQVİM / ARXİV