adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

KÖHNƏ DAXMADA XOŞBƏXT HƏYAT

VƏSİLƏ USUBOVA
26332 | 2012-07-07 08:18

   
   "...Və onlar köhnə daxmada xoşbəxt yaşamağa başladılar..." Deyəsən, mürgüləmişəm. "Xəbərlər"dən qabaq balacalara nağıl danışan zərif xanımın məlahətli səsi yuxuladıb məni. Ancaq vaxtında ayıla bilmişdim. Hələ göydən üç alma düşməmiş özümü çatdırdım... Külək ki, belə başlayıb, deyəsən, heç nağıllarçün da alma qalmayacaq ağacların başında...
   
   Hə, bu nağıl Qızıl balığın onu təzədən suya buraxan oğlana elədiyi yaxşılıqlar barədə idi... Görün, nə günə qalmışıq. Hələ də min illər bundan öncə olduğu kimi, etibarı, sədaqəti dilsiz-ağızsız heyvanlardan öyrənməyə çağırırıq balalarımızı. Deyəsən, özümüzdən nümunə tapa bilmirik. Haradan tapaq ki, elə qızıl balıqlar bizə öz həmcinslərimizin pisliklərindən qorunmaqda kömək edirlər... Ən maraqlısı (bəlkə də qəribəsi) isə budu ki, yuxularında da var-dövlət, rahat həyat, gözəl-göyçək sevgili görənlər bir gün balıqların, ilanların, quşların köməyi ilə istədiklərinə sahib çıxsalar da, başları daşdan-daşa dəyəndən sonra əvvəlki sadə həyatlarına dönür, qalan ömürlərini uçuq daxmalarında kasıb süfrələrinin başında keçirməkdən məmnun olurlar. Amma... bu kimsəyə dərs olmur. İpini qıran, mıxını qoparan sərvət, şöhrət dalınca qaçır...
   
   Amma... nə gözəl bir şeydi nağıllara inanaraq yaşamaq... Xəyallarının dalınca qoşan neçə nağıl qəhrəmanına yoldaşlıq edirsən. Qəmindən, sevincindən pay götürürsən, əzablarına şərik olursan. Səni görməyənlə, hiss etməyənlə qarabaqara dolaşırsan. Keçdiyi yollardan keçir, içdiyi sulardan içirsən. Dara düşəndə əlindən heç nə gəlmir. Səsini də eşitmir ki, bildiklərindən, duyduqlarından onu xəbərdar edəsən. Hər şeyini itirib uçuq daxmasına qayıdanda sevinib rahatlıq tapırsan. Yaxşı ki, başını soxmağa kölgəliyi varmış...
   
   
   
   ***
   
   Niyə bu qədər çəkicidi, şirindi nağıllar?! Bəlkə elə dünya özü nəhəng bir nağıldı?! Biz də onu xırdalayıb özümüzçün kiçik-kiçik nağıllar düzəldirik?! Həm də öz düzəltdiklərimizə inanırıq. Haradasa xəyallarımızın gerçəkləşdiyi aləmlər olduğuna da şübhə eləmirik. Biçarə insan, əsl həyatını qura bilməyəndə onu nağıllaşdırır. Uca-uca sarayları göz önünə gətirib öz daxmasında şirin-şirin yuxular görür; arxlardan süd axır, budaqlardan qızıl-gümüş sallanır.
   
   
   
   ***
   
   Adamlar arasında sevgisini, həmdərdini tapmayanlar təbiətə sığınır. Çox zaman umduğu mərhəməti də tapır. Dünya yaranandan dərin ağıl sahibləri təbiətə oxşamağa, onun kimi səxavətli, təmənnasız olmağa çağırıblar. Bəs, biz neyləmişik?! Təbiətdən güclü çıxdıq yoxsa? Onu özümüzə oxşatdıq. İtirdi axarını, ahəngini, harmoniyasını. O qədər çaşdırdıq ki, fəsillərin də yerini dəyişik salıb. Daha yazı yayından sonra gəlir. Beş-altı gün bundan qabaq bizim tərəflərdə istidən durmaq olmurdu. Deyirdik, görəsən, yay girəndə başımıza nə çarə qılacağıq?! İndi yaylaq keyfi çəkirik. Bilmirik, xeyrimizədi, yoxsa, ziyanımıza, hər halda, bu yerlərdə görünməmiş şeydi bu...
   
   Sən demə, biz toya getməliymişik. Gürcüstanda lap qar yağıb. Afrikaya qar yağması kimi tarixə düşəcək bu da. Bəlkə təbiət acıq çıxır adamlardan. "Olduğum kimi qəbul eləmədin məni, başıma oyunlar açdın. İndi buyur, cəzanı çək və heç nəyə də təəccüblənmə. Öz əkdiyini biçirsən!"...
   
   Amma televizordakı xanım gözəl şeylər danışırdı. Adını nağıl qoyub əsl həqiqətləri, anlamaq istəmədiyimiz mətləbləri qandırırdı bizə. Uşaqlara danışmırdı bu nağılı. Böyüklər özlərini aldadıb gözləyirdilər. Guya "Xəbərlər"də əsl həqiqətləri eşidəcəkdilər... Adamın özünü aldada bilməsi də elə nağıllara inanmaq qədər şirin bir şeydi. Səndən nə gedir ki?! İstəyirsən ya qəzetdə oxu, ya televizorda dinlə, heç nə dəyişməyəcək. Axırda yenə də göydən üç alma düşəcək...
   
   Və o almadan sənin payına düşüb-düşməyəcəyi də kimsəyə bəlli deyil. Gözləməkdə romantika var. Yeməkdən ümid yaxşıdı...
   
   
   
   ***
   
   Kəndimizə bir aşığı tez-tez toya gətirirdilər. Xoş avazı, şirin-şirin nağıl, dastan danışmağı vardı. O, toy aparanda kəndin yarısını çapıb-talasaydılar kimsənin xəbəri olmazdı.
   
   Bəzən söylədiklərində ağılasığmaz şeylər də olurdu, bu zaman qulaq asanlardan kimsə yerindən inanmadığını bildirəndə, aşıq da gülə-gülə "əşşi, rəhmətlik Filankəs demişkən, qara nağıldı day, danışırıq..." deyib cavablarını verirdi... Sən demə, nağılların da ağı-qarası olurmuş. Və inanılası şeylərin çox olduğu nağıllara da qara nağıl deyirmişlər...
   
   Yalan əndazədən çıxanda Ağ olur, nağıllar həddini aşanda Qara. Adamlar da bu ikisinin arasında çırpına-çırpına həqiqət axtarırlar. Ağlı-qaralı həqiqət...
   
   Onsuz da dünya iki rəngin hökmranlığındadı. Qalan rənglər köməkçidi-gah ona, gah buna bənzəyirlər...
   
   Get-gedə bütün rənglər qarışır... Boz rəng yuxarı başa keçir...
   
   
   
   ***
   
   Köhnə daxmalarda həyatın bütün rənglərini yaratmaq oldurmuş, sən demə. Sadəcə ondan bir qədər uzaqlaşıb, xəyalların dalınca getmək gərəkmiş. Gəzdin, gördün və... qayıtdın. Ömür elə bu qədərmiş. Getməklə qayıtmaq arasında uzun bir məsafə. Yollarına baxan varsa, dönmək nə xoş bir şey. Getməkdə, uzaqlaşmaqda səhv etmisənmiş. Xoş ola biləcək çox şeylər əlindən çıxmış. Qayıdanda qoyub getdiklərinin çoxunu yerində tapmaq olmur, axı. Gəzmək, görmək, havasını dəyişmək istəyən bir sən deyilsən ki,.. Qazandığın da yox deyil. Uzaqdan yaxşı görünür hər şey. Getməsəydin anlamayacaqdın bunu...
   
   
   
   ***
   
   Dünən bir kəndçimlə görüşdüm. O da uzun illərdi el-obadan uzaqlardadı. Danışmağa o qədər sözümüz vardı ki... Qırıq-qırıq, qarmaqarışıq çox xatirələrə daldıq. Bir şey bəlliydi; heç birimiz ürəkdən sevinə bilmirdik. Çünki qoyub gəldiyimiz çox şeyləri itirmişdik. Çünki qayıdıb xoşbəxt yaşamağa köhnə daxmamız qalmamışdı. Çünki... Eh, məndən nağıl danışan olmaz.
   
   Heç bilmirəm, hansından oldu bu yazı?!
   
   Ağ yalan, yoxsa Qara nağıl...

TƏQVİM / ARXİV