adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Con Lennon, Mərdəkan və uzaqlığımız...

FƏRHAD ŞABANOV
27482 | 2012-07-07 08:18
Əfsanəvi musiqiçi Con Lennona uşaq ikən anası həyatın açarının xoşbəxtlik olduğunu öyrətmişdi. Məktəbdə olduğu dövrdə imtahanda sual verilir; böyüyəndə nə olacaqsınız? Con Lennon "xoşbəxt olacam" cavabını verir. Onlar Cona sualı başa düşmədiyini deyirlər. Con isə əslində onların həyatı başa düşmədiyini deyir.
   
   Hər həftə dostlarla Mərdəkanda dəniz kənarına gedirdik. Bizim bağla dənizin arasında piyada 5 dəqiqəlik məsafə vardı. İsti qumun ayağımızı yandırmasından həzz alırdıq. Qumda oturub dənizə baxırdıq. Balaca rezin topumuz vardı, onu da aparıb futbol oynayırdıq. Bəzən tanımadığımız adamlar da bizə qoşulurdu. Qayıdanda isə sahildəki balıqqulağılarından yığıb evə gətirirdik. Bundan qolbaq düzəldən varıydı, heykəl düzəldən varıydı. Balıqqulağında ən çox xoşumuza gələn şey isə onu qulağımıza qoyub ordan gələ səsə qulaq asmaq idi.
   
   Səs gəlirdi... Bəziləri bunun dənizin dalğalarının səsi olduğunu deyirdi. Dalğalar sahildəki balıqqulağılara o qədər dəyib ki, o səs çöküb onlara. İllər keçsə də o səs həmişə onun içində qalacaq. Və kim o balıqqulağını qulağına aparıb dinləsə, dalğaların səsini eşidəcək. Bəziləri isə fərqli düşünürdü, bu səs küləyin səsi idi. Bakı küləkli şəhər idi. Bakıdakı balıqqulağılardan, məhz bunlardan küləyin səsi gəlirdi. Bizim üçün onda dünya Azərbaycandan ibarət idi. Nə mobil telefon vardı, nə internet. Nə soruşa bilirdik, nə araşdıra. Biz inanırdıq ki, ancaq Bakıdakı balıqqulağılar bu cür səslər çıxarır.
   
   Balıqqulağılarını dinləyə-dinləyə bağımızın yanından keçən qatarlara əl edirdik. Qatardakılar da bu balaca uşaqların üzünə gülürdü. Babamız bağdakı ağaclar haqqında bizə danışanda daha maraqlı gəlirdi, nəinki dərsdə müəllimlərin danışdığı biologiya dərsi. Qonşular bizim bağa gəlirdi, biz onların bağına gedirdik. Bizim ağacların meyvə dolu budaqları qonşunun bağına sallanırdı, onların meyvə dolu budaqları bizim bağa. Həyatımızı və həyətimizi paylaşırdıq, bir-birimizi sevirdik. Xoşbəxt idik.
   
   Qonşular arasında varlı və ya kasıb ayrımı yox idi. Hasarlar eyni hündürlükdə, evlərin demək olar ki, hamısı bir-birinə oxşayırdı. Maşınlar isə eyni boyda. Paltarların rəngi eyni. Sadəcə darvazalardakı rəqəmlər fərqli idi.
   
   Bağdan evə qayıdanda maşının pəncərəsindən yolda şütüyən maşınlara baxırdıq. Xarici maşınları sayırdıq. Kim çox xarici maşın saya bilsə o udurdu. Udan sevinməyi udurdu, qarşısındakı isə heç nəyi itirmirdi.
   
   Sonra rezin topumuz cırıldı. Bağımızın yanından keçən dəmiryolunu sökdülər. Qonşular hasarlarını hündürləşdirməyə başladı. Yoldakı qara, yekə ciplərin sayı artdı. Dəniz kənarını əlimizdən alıb orda restoranlar, kafelər tikdilər. Artıq bizim bağdan dənizə piyada getmək mümkün deyildi. Bağlardakı meyvə ağaclarını qoparıb yerinə göstərişdən başqa heç bir xeyri olmayan palma ağaclarını əkdilər. Biz böyüdük. Biz uşaqlığımızı itirdik. Bu bizim günahımız deyildi. Biz sadəcə böyüyürdük.
   
   Ayaq uydurmağa çalışdıqca, beynimiz uyuşdu. Zamanın çarxı başımızı döndürdü. Həyatın axarını dəyişdirməyə gücümüz çatmadı.
   
   İllər keçdikçə bununla barışdıq. Bizim günahımız deyildi, biz heç nə etmirdik, hər şey əvvəlki kimi idi ancaq heç nə bizdən asılı deyildi. Həyata qarşı sevgini yaradan da, o sevgini əlimizdən alan da bizdən daha güclü bir qüvvə vardı. Bizi düşündürən, bizi bizə sevdirən, bizi bizə unutduran...
   
   Bizim dostluqlarımız göz yaşı damcılarının əmələ gətirdiyi göl kimi idi. Uşaqlıq məsumiyyətinin gözündən axan sevinc və kədərin gölü.
   
   Daha sonra günəş çıxdı. Biz sevindik. Biz böyüdükcə günəş də böyüdü. Qəlbimizi isitdi. Dostluğumuz möhkəmləndi. Ancaq günəşin çıxması, istinin çoxalması bizim günahımız deyildi. Bizim əlimizdən gələn bir şey yox idi. Günəş bizim gözümüzdəki yaşı qurutdu. Biz kağız qayıqlar düzəldib gölə buraxdıq. Qayıqlar orada hərəkət etdikcə biz baxıb qürur duyduq. Bu göl bizim gölümüz idi, sevinc və kədərin göz yaşı. Sonra fərqinə vardıq, gec fərqinə vardıq... Qayıqlar gölün qurumuş yerlərində bataqlığa saplanıb qalır. Bizi sevindirən günəş indi bizi incidirdi. Bizim gölümüzü qurudurdu. Biz böyümüşdük, biz artıq ağlaya bilmirdik və göl quruyurdu. Bizim günahımız yox idi. Biz sadəcə böyüyürdük...
   
   Sonra göl qurudu və hərə öz kağız qayığının saplandığı bataqlıqda çapalamağa başladı. Hərənin başı öz qayığını xilas etməyə qarışdı. Günəşin çıxması, gözümüzdən yaşın axmaması bizim günahımız deyildi.
   
   Həyatımızdakı hər şey dəyişdi...
   
   Sonra valideynlərimiz qocaldı. Aramızdan ayrılanları dörd əllə tutmağa çalışdıq, amma gücümüz çatmadı. Bizim günahımız deyildi. Bu güc bizdə yox idi. Ölümlə tanış olduq. Yaxınlarımızı itirdikcə ölümü daha yaxından tanıdıq. Heç nədən qorxmaz, parıltılı məsum gözləri ölüm qorxusunun qaranlığı əsir aldı. Ölüm gözümüzdən qara pərdə asdı. Həyatı artıq qaramtıl rəngləri ilə yaşayırıq.
   
   Böyüdük... Öyrəndik ki, balıqqulağından heç bir səs gəlmir. Əslində ordan gələn səs qulağımızdakı kapilyarlarda axan qanın səsidir. Balıqqulağından əks-sədasını eşidirik. Və beləcə bizi xoşbəxt edən bütün sehrlər aşkar oldu. Rezin topumuz cırılanda yaşadığım kədəri bir daha yaşadım. Uşaqlığım yadıma düşdü, sadəcə yadıma düşdü. Bu mənim günahım deyil. Uşaqlıqla vidalaşdım. Dostlarımla vidalaşdım. Biz uşaqlığımızı basdırdıqca, uşaqlığımız dostluğumuzu, xoşbəxtliyimizi basdırdı...
   
   İndi xoşbəxtlik göy qurşağı qədər yaxın...

TƏQVİM / ARXİV