adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

BiZ HƏR GECƏ ÖLüRüK

OQTAY SALAMOV
21650 | 2012-07-07 08:18

   
   Bircə şeyi bilirəm: mən yuxulayanda nə qorxum olur, nə ümidlərim, nə çətinliklərim, xoşhallığım. Yaşasın yuxunu icad eləyən! Bu hamının ümumi haqqıdır, bu yeganə tərəzidir ki, çobanı və kralı, axmaqla müdriki eyni gözdə görür. Yuxunun bir pis cəhəti var-deyirlər o yaman ölümə oxşayır.
   
   
   
   Migel de Servantes
   
   
   
   Bir elmi, yoxsa yarımdini məqalə oxudum. Çoxları başlarını belə şeylərlə yormur. Bəlkə də düz eləyirlər. Nə bilim, yəqin boşluqdandı, tez-tez elmi, dini mövzulu yazılara marağım yaranır. Budəfəki inanıram ki, sizin də marağınızı çəkəcək. Yazıda yuxu və ölüm haqda söhbət gedir. Yazının özüm dərk elədiyim mənasını təqdim edirəm. Belə olanda kimdənsə tərcümə deyil, əslində müəllif yazısı alınır. Həm də bu yazının təsiri altında yazdığım "Özümə məktub" da sırf belə mövzu həvəskarları üçün nəzərdə tutulub.
   
   Demək olar ki, bütün dinlərin əsasında reinkarnasiyaya inam durur. Bu, müəyyən vaxtdan sonra yeni, əvvəlkindən daha çox təcrübə əldə etmək, özümüz üzərimizdə sahib olmaq bacarığına malik olmaq üçün bizim hər birimizin yenidən dünyaya gələcəyimiz etiqadıdır. Bədənimizdən azad olduğumuz dövrlər daha çox olur və sanki keçmiş həyatımızda rast gəldiyimiz sınaqlardan çıxmaq üçün bir növ tətilə, fasiləyə oxşayır. Özü də Yerdə yaşadığımızdan dəfələrlə artıq həzz və xoşallıq yaşayırıq. Bax, bu da əsl, Əbədi Həyatdır.
   
   Amma hər dəfə yenidən bədənimizə qayıdanda, biz əsl həyatı yaşadığımız, əsl səadəti dərk elədiyimiz o mənəvi planetlə əlaqələri qırırıq. Biz yatanda (yuxulayanda) ruhumuz bədənimizi tərk edir və yeni günün sınaqlarından çıxmaq üçün özünü bərkitmək üçün azad olur. Bunun üçün o astral müstəviyə keçir və yerdə yatanların ruhları ilə ünsiyyətə girir.
   
   Bəzi adamlar yuxu görürlər, özü də tez-tez görürlər, bəziləri deyirlər ki, yuxu görmürlər. Bu belədir, ya yox, sadəcə olaraq deyirlər, bu o deməkdir ki, ayıldıqdan sonra heç nə xatırlamırlar. Amma fakt faktlığında qalır ki, biz hamımız yuxu görürük, daha doğrusu, yuxuya gedən kimi bədənimizi tərk edirik.
   
   Deməli, yuxu bizim nə etdiyimizi dumanlı xatırladığımız, bədənimiz yatan vaxt hisslərdir. Əgər adam yuxudan ayılan kimi gördüyü yuxuları yazsa, son nəticədə bədəni yatarkən ruhunun nə elədiyini xatırlamağı öyrənə bilər.
   
   Tez yuxudan durmaq kifayət qədər iradə tələb edən işdir. Hadisələri bərpa eləmək prosesi isə daha çox cəhd tələb eləyir, amma mümkündür. Sözsüz ki, ruh bədəndən kənarda olanda baş verənləri asanca xatırlayır. Siz bədəninizi tərk edəndə, məlumdur ki, vaxt mövcudluğunu itirir. Belə ki, bir gecə ərzində siz çox uzaqlara səyahət edə bilər, çoxsaylı adamlarla qarşılaşa bilər, ən ağılasığmaz, qeyri-adi işlər görə bilərsiniz. Təəccüblü deyil ki, oyandıqdan sonra ən parlaq gecə avantüraları anlarından başqa heç nəyi xatırlamırsınız.
   
   Ruh yatmış bədəni tərk edəndə, bu bədəndə həyat davam etdikcə istənilən məsafəyə qədər gedə bilən nazik gümüşü işıqla bağlı olur. Bu sap elə bil teleqraf xəttidir. Əgər bədənə qəfil təhlükə qorxusu yaranarsa, bu xətlə həyəcan siqnalı verilir. Bu gümüşü sapı zədələyən kimi bədən ölür...
   
   Ağır mövzudu. Amma məğzinə varanda hamımız bu fikirlərdə həqiqət olduğunu təsdiq etmiş oluruq.
   
   
   
   ÖZÜMƏ MƏKTUB
   
   
   
   Salam Allahın adıdı. Sən heç yuxunda ölməyini görməmisən? Yox, o dünyaya getmək prosesini, öləndən sonra haraya düşəcəyini demirəm, - indi bu səndən asılı deyil, qatar getməmişdən yükünü tutmalıydın, behiştini də, cəhənnəmliyini də özün qazanmısan, - səndən sonra burada nə qalacağını deyirəm. Sən artıq yoxsan, amma onsuz da maşınlar gedir, elə həmin adamlar da küçələrdə vurxunurlar. Onlar sənsiz də istəyirlər, arzulayırlar ki, yaşasınlar və yaşayırlar da. Odey, elə həmin yerişlə, elə həmin səkilərlə gedirlər, heç yadlarına da düşmürsən. Lap elə yaşadığın vaxtda sənin yanında getdikləri kimi gedirlər. Hamısı da elə o vaxtlar olan kimi, harasa tələsirlər, tələsməklərinə davam edirlər...
   
   Bilirsən, elə bir fikir qalıb ki, bütün bu illər boyu bu adamlarla əl-ələ tutmuş, səninlə dolu bir qlaf, örtük gedirdi, sonra bu örtük partladı, heç izi də qalmadı. İnanırsan? Heç izi-tozu da qalmadı!
   
   Onsuz da hər şey əvvəlki kimidi. Pis də yerindədi, yaxşı da. Asfaltı deşib çıxmış çobanyastığı da (çobanyastığı və asfaltı deşmək... bu bitkinin başqa adları da var axı- ağkirpik, mollabaşı. Niyə məhz çobanyastığı?), "besedka"da domino çırpanlar da, bir qolu olmayan süpürgəsatan da... Hamını cana yığmış hərəmizin "bizimki" və "onlarınkı" davaları, qarşıdurmaları da...
   
   İndi bütün ömrün boyu gəzdirdiyin, bəh-bəhlə nazladığın, amma qətiyyən heç nəyi dəyişə bilmədiyin o qiymətsiz örtük torpağın altında ağnayır. Qiymətsiz qiymət deyil a, məzh qiymətsiz, heç nəyə yaramayan mənasında deyirəm. Ətrafda başqalarının qalıqları da uzanıb. Deyəsən onları xatırlayırlar. Bu çox düşünürdü, o çox iş görürdü... Bəs sən? Heç kimə yaxşı olmadı, heç pis də olmadı axı. Heç kimə heç nə olmadı- nə pis, nə yaxşı, fərqi olmadı...
   
   Bəs onda niyə, nəyə görə? Bu oyunlar, əsəblər, həyəcanlar, boş xəyallar və ümidlər... Ovcunu deşən öz dırnaqların, dişləyib qaratuluq elədiyin dodaqların, içinə axıdtığın göz yaşları... Bu çabalar nəyə lazım idi?..
   
   Ağlıgəlməz dərəcədə məşəqqətlidi... Dəhşətli yox, məhz məşəqqətlidi...
   
   Bax, deyəsən alnında istilik peyda oldu axı. Özü də utancından, abırından yaranmadı bu istilik... Getdikcə isindi alının, isindi, isindi... Qapanmış kipriklərin pərdənin arasından parlayan günəşin işığını hiss etdi...
   
   Qorxdun? Bəs deyirdin qətiyyən qorxmursan? Qorxma, bu hələ ölüm deyil, növbəti gecəndi..
   
   Yaşa... Yuxudu... Heç adamın özünün özünə qəzetdə məktub yazması da normal qarşılanmaya da bilər...

TƏQVİM / ARXİV