Avropalı qadınlar...

ETİBAR CƏBRAYILOĞLU
33498 | 2012-07-07 08:18
Bütün Avropanı məşğul edən məsələ həllini tapdı. Dəyərli oxuculardan bəziləri elə düşünəcək ki, yəqin "köhnə qitəni" cənginə alan iqtisadi böhranı nəzərdə tuturam. Pulu əl çirki hesab etdiyimdən iqtisadi məsələlərə girişmirəm. Ötən dəfəki köşədə yazdığım fikrin üstündə də qalıram. Avropa böhrana necə düşübsə belə də çıxsın. Kefləri yaxşı olanda hamıya ağıl verir, bizə Eyfel qülləsindən baxırdılar. Pulları azalan kimi bizdən kömək istəyirlər. Vaxt vardı ki, avropalılar pullarını xərcləməyə yer tapmırdılar. Ağcaqanadların yarışını keçirir, qurbağalara rəssamlıq öyrədirdilər. İndi Avropa ölkələrində işçilərin maaşlarını verməyə pul-para tapılmır.
   
   Avropa çempionatından yazacaqdım, lakin zəhrimara qalmış iqtisadi böhran fikirlərimi bir anlıq uzaqlara apardı. Doğrudan da bütün Avropanı düşündürən məsələ həllini tapdı. Çempionun adına aydınlıq gəldi. Futbol üzrə Avropa Çempionatının qalibi bəlli olduğundan final fiti çalındı. Ulduz futbolçulara canlı-canlı baxmaq üçün Ukrayna və Polşaya axışan fanatlar papaqlarını da götürüb ölkələrinə döndülər. Avropalı qadınlar arxayın-arxayın televizorun qarşısına keçib seriallarını izləyə bilərlər. Amma...
   
   Xanımlar futbolu yaradanlara o qədər qarğış elədilər ki, qarğış geri qayıdıb az qala onların özlərini tutdu. Futbol üzrə Avropa Çempionatı bitən kimi xanımların sevimli teleserialları da getdi işinin dalınca. Daha doğrusu sezon finalına çıxdılar. Başdan-ayağa suç içində olan "Fatmagülün suçu nə?" növbəti suçunu işlətmək üçün dənizə çimməyə getdi. "Adını Feriha qoydum" ad məsələsində yanıldığını anlayıb meşədə dincəlməyə üstünlük verdi. "Möhtəşəm yüz il" gördü ki, əvvəlki möhtəşəmlikdən əsər-əlamət qalmayıb, bahalı yaxtada gizləndi. "İffet" xiffət çəkməmək üçün dağ turizmini seçdi. "Öylə bir keçər zaman ki..." bu dəqiqə Antalya tərəfdə tətildə öylə bir zaman keçirir ki, gəl görəsən.
   
   Gül kimi futbolu bəyənməyən qadınlar yağıdan çıxıb yağmura düşdülər.
   
   Amma biz heç kimə qarğış-filan eləmədik. Ona görə də rahat oturub futbolumuza baxdıq. Avropanın yeni çempionunu tanıdıq. Yeni deyəndə ki, İspaniya köhnə çempiondu. Del Boskenin dəstəsi çempion olmaqdan yorulmur. Bəziləri elə bilirdi ki, bu dəfə qalib Almaniya millisi olacaq. Lakin onların proqnozu düz çıxmadı. İndi də deyirlər ki, guya almanların bəxti gətirmədi, Ukraynada qəfil yağış yağdı, Polşada külək əsdi. Əslində Almaniyanın bəxti əməlli-başlı gətirdi. Bir az səbir edin, yazım. Tez yazım ki, arqumentim oyundankənar vəziyyətdə qalmasın.
   
   Almaniya millisinin bəxti onda gətirdi ki, Azərbaycanın futbol yığması Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanmadı. Yoxsa heç almanlar öz qruplarından çıxa bilməyəcəkdilər. Subaşiç, Çertaqanov, Levin kimi azərbaycanlı futbolçular Almaniya yığmasına elə dərs verərdi ki, İkinci Dünya Savaşı onun yanında yüngülvari məşq olardı. Almaniya yığması hələ ucuz qurtuldu.
   
   O ki qaldı köhnə və yeni çempion İspaniya yığmasına... İqtisadi böhran məsələsi yenə gəlib durur gözümün qabağında və qoymur ki, köşəmi tamamlayıb qonorarımı alam. Ürəyinizə başqa şey gəlməsin. "Ədalət"də iqtisadi böhran-filan yoxdu. Aqil Abbas Yunanıstan Milli Bankının sədri deyil ki, para sıxıntısı keçirə, əməkhaqqını ödəyə bilməyə.
   
   İspaniya iqtisadi böhran içində çırpınır. İspaniya millisində top qovanlar səhər şirin çay içməyə şəkər tozu tapmırlar. Amma bu ölkənin yığmasında forma geyinən futbolçular- Kasilyas, Ramos, Pike, Xavi, İnyesta Avropa Çempionu olurlar.
   
   Alman Berti Foqtsun baş məşqçi işlədiyi Azərbaycan yığmasının futbolçuları butslarını pulla silirlər. Futbolumuzda bu ara para sel kimi axır. Amma millimiz Andorraya meydanda qalib gələ bilmir.
   
   Belədə xanımlar futbolu yaradana niyə qarğış eləməsinlər ki...

TƏQVİM / ARXİV