adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

BÖYüK FIRILDAQLAR SüBUTA YETƏCƏKMi?..

BABƏK YUSİFOĞLU
38823 | 2012-07-05 08:39
Əlbəttə, bu gün Nikola Sarkozi haqqında danışmaq heç kim üçün təzə bir şey ola bilməz. Ona görə yox ki, bu adam alim, istedad sahibi və ya hansısa kəşfin müəllifidir. Xeyr. Sadəcə olaraq o, Avropanın böyük dövlətlərindən biri - Fransanın prezidenti olub. Əslində, bunun özü də məşhurluq üçün kiçik fakt deyil. Hansısa dövlətin ən yüksək vəzifəsində otura bilmək bacarığı həqiqətən də çox az adama nəsib olan bir şeydir. Və Sarkozi bunu bacarıb. Amma necə?..
   
   İndi fransızların özü belə nəticəyə gəlib ki, bu şəxs cürbəcür fırıldaqlardan, qanunla qadağan olunmuş əməllərdən istifadə etməklə hakimiyyət başına gəlib. Və hələ indi ayılan fransız hüququ araşdırmalara qərar verib. Bu haqda bir qədər sonra. İndi isə onunla bağlı müəyyən məsələlərdən xəbərsiz olan oxucuları bəzi məqamlardan hali etmək istəyirəm. Fransa kimi dövlətin, çoxmilyonlu fransızların prezidenti olan Nikola Sarkozinin əslində milli mənsubluğa görə fransızlara heç bir dəxli yoxdur. (Lakin o, həqiqətən Fransa vətəndaşıdır). Əsl və tam adı-soyadı Nikola Pol Stefan Sarkozi de Naji-Boça ("Naji-Boça" adı müxtəlif mənbələrdə fərqli yazılır) 1955-ci il yanvarın 28-də Parisin lap yaxınlığındakı Neyi-syür-Sen şəhərciyində anadan olub. Əslində Budapeşt yaxınlığında, təminatlı bir ailədə doğulmuş atası Pal 1944-cü ildə Fransaya gələndən sonra adını fransızlaşdıraraq Pol ilə əvəzləyib. 1949-cu ildə şəhərdə tanınmış yəhudi həkimin qızı Andree ilə evlənib. Qardaşlardan ortancılı olan Nikola Sarkozinin 6 yaşı olar-olmaz valideynləri boşaniblar.
   
   Uşaqlıqda valideynləri arasındakı mübahisələrə, yeniyetməlik və gənclik illərində fransızların içərisində yəhidiliyinə, sonrakı vaxtlarda maddi vəziyyətinə görə balans saxlamaq məcburiyyətində qalan Nikola Sarkozi heç şübhəsiz ki, xarakterini cürbəcür səmtlərə əymək bacarığını, həm də hiyləgərliyi erkən yaşlarından öyrənməyə başlayıb. Çünki bunsuz mümkün deyildi. Sonradan isə bu "dərs"lərdən əxz etdiyi "bilgilər" həyatda irəli getməyinə çox yardımçı olub. Onu da qeyd edim ki, Sarkozinin müsəlmanlara, türklərə qarşı içində sönməyən bir kini var. Məhz bu üzdən də Fransa prezidenti seçiləndən sonra Azərbaycana və Türkiyəyə qarşı hansı imkanları varsa, onlardan maksimum yararlanmağa çalışıb. Sarkozi həm də müasir dünyada erməni yalanlarının, erməni düşmənçiliyinin ən fəal himayədarlarından biridir. Bu faktları sadalamağa ehtiyac yoxdur.
   
   Diqqətli oxucular yaxşı bilir ki, bu girdirmə müsyö hələ Fransa prezidenti kürsüsünü təhvil verməzdən öncə Cənubi Qafqaz ölkələrinə səfərə çıxmışdı. Yerevanda qondarma "erməni soyqırımı" abidəsini ziyarət etdikdən sonra türk tarixindən qandığı bir qrafa olmasa da Türkiyəni hədələmişdi: "Erməni soyqırımı tarixi faktdır. (yalançının atasına lənət -B.Y.) Onun kollektiv şəkildə inkar edilməsi, bir nəfərin onu inkar etməsindən qat-qat pisdir. Türkiyə böyük dövlətdir və öz keçmişinə düzgün baxmağı bacarmalıdır, öz tarixinin işıqlı hissələrinə olduğu kimi, qaranlıq səhifələrinə də düz baxmağı bacarmalıdır. Bunu digər böyük dövlətlər, məsələn, Almaniya da edib. Dövlət öz tarixini etiraf və qəbul edəndə böyük olur. Əks halda, bu o deməkdir ki, o, özünə hörmət etmir. Əgər Türkiyə öz tarixi borcunu yerinə yetirsə, biz dayandığımız, durduğumuz yerdə də duracağıq. Əgər Türkiyə bunu etməsə, biz bir qədər də irəli gedib cavab addımları atacağıq. Fransa bu hadisələrin inkar edilməsini cinayət sayan qanun qəbul edə bilər. Bizdə artıq xolokostun inkarının cinayət sayılması ilə bağlı normativ akt var".
   
   Amma Sarkozi bütün bu hərəkətləri edərkən yaddan çıxarmışdı ki, ona yalnız qonşusunun torpağını işğal edən və indi Fransa dövlətinin yardımına möhtac qalan ermənilər əl çala bilər. Çünki başqaları onu çox yaxşı tanıyırlar. Əslində bunun üçün də heç uzağa getməyə ehtiyac yoxdur. Elə Portuqaliyanın dünyaca məşhur yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatçısı, Milli mədəniyyəti müdafiə cəbhəsinin yaradıcısı, ictimai xadim Joze de Soza Saramaqonun Nikola Sarkozi haqqında dediklərini xatırlamaq kifayətdir. "Mən bu cənab haqda elə çox düşünməmişəm, yəqin bundan sonra daha az düşünəcəm... Sarkozinin siyasi riyakarlığı dərhal diqqəti cəlb edir..."
   
   Bir müddət əvvəl, hələ hakimiyyətdə olan Liviya prezidenti Müəmmər Qəzzafi də onun ikiüzlü, riyakar olduğunu söyləmişdi. Qəzzafi bildirmişdi ki, Fransada keçirilən seçkilərdə Sarkozinin seçki kampaniyasını məhz o, maliyyələşdirib. O, istənilən vaxt bu faktı sübut edə biləcəyini də söyləmişdi. Amma təbii ki, dünya bu sözləri eşitməyəcəkdi. Çünki Qərb həmin vaxt ona qarşı savaşırdı. Bir müddət keçəndən sonra eyni faktları Belorus prezidenti Aleksandr Lukaşenko da söylədi. Amma bu bəyanat da qulaqardına vuruldu.
   
   Təkrar prezident seçkilərində məğlub olan bu adam haqqında indi tamam yeni suç ittihamları gündəmə gəlib. SNN-nin xəbərinə görə, Sarkozi 2007-ci ildəki seçki kampaniyasında həqiqətən qeyri-qanuni maliyyə mənbələrindən yararlanıb. Bu dəfə isə Qəzzafinin yox, başqa bir şəxsin adı hallandırılır. Bildirilir ki, ölkənin nəhəng kompaniyalarından birinin payçısı, milyonçu qadın Lilian Betankur Sarkozinin seçkiqabağı işlərinin maliyyələşməsi üçün qeyri-qanuni 150 min dollar pul verib. Məsələnin araşdırılması üçün hətta fransız maliyyə polisi çərşənbə axşamı Nikola Sarkozinin evində və ofisində axtarış keçiriblər. Prokurorluq da maliyyə fırıldaqlarının baş verdiyndən şübhələndiyini bildirib.
   
   Belə görünür ki, uzun müddət özünü insan hüquqlarının müdafiəçisi, haqqın tərəfdarı, vicdanlı siyasətçi kimi təqdim edən Nikola Sarkozinin nəhayət iç üzü açılacaq. Yəqin onun hələ ictimaiyyətə məlum olmayan daha ağır günahları da ortalığa çıxacaq. Və Saramaqonun onun haqqında söylədiyi fikirlər hüquqi cəhətdən də təsdiqlənəck.
   
   Lakin bununla belə, bəziləri də iddia edir ki, son dərəcə hiyləgər olan Sarkozi ona qarşı irəli sürülən ittihamlardan qurtula da bilər. Çünki o, prezidentlikdən getsə də hələ "yuxarılarla" yaxşı əlaqələrə malikdir və daha varlıdır.
   
   Olsun... Məncə, bir az gec, bir az tez, Haqq öz yerini tapacaq. Və onda bu riyakar daha ağır lənət ünvanına çevriləcək...

TƏQVİM / ARXİV