AVROPALI OLMAQ iSTƏMiRƏM

ƏBÜLFƏT MƏDƏTOĞLU
22823 | 2012-07-05 07:55
Gorun çatlasın, Sabir... İndi bildim ki, goru çatlamalı kişisən. Çünki sən də Avropaya həsəd aparıbsan... Oturub-durub yazmısan ki:
   
   
   
   Avropalılar göydə balonlarla uçur,
   
   Biz hələ avtomobil minməyiriz.
   
   
   
   A kişi, başına işmi qəhət idi? Mövzumu tapmırdın? Yoxsa sən boyda dahi bu Avropanın nə zad olduğunu bilmirdin? Bilmirdinsə, mən sənə deyim.
   
   Bu həmin Avropadır ki, Şərqin hesabına mədəniyyət qazanıb, elm sahibi olub... bu həmin Avropadır ki, dinimdən, həyat təcrübəmdən yararlanıb arvadla kişinin bərabər olduğunu konstitusiyasına yazıb... bu həmin Avropadır ki, uşaqları yetkinlik yaşına çatan kimi sərbəst buraxır...bu həmin Avropadır ki, cinsiyyət məsələsinə göz yumur, onlara azad seçim huququ verir... bu həmin Avropadır ki, ailə bağlılığını, sevgi məsələsini buraxıb Allahın umuduna. Kim kimlə istəyir sevişsin, kim kimin evin girir girsin. Nəhayət və ən vacibi...
   
   Bu həmin Avropadır ki, demokratiyanı, insan huquqlarını bayraq eləyib, özü də sözdə. İşdə yox ha, sözdə. İşdə olsaydı, mən də razılaşardım. Sözdə edib, özü də qeyri-avropalılar üçün. Xüsusilə müsəlmanlar üçün... Amerika ilə baş-başa verib Əfqanıstanı bombalayır,Pakistanı bombalayır, Misiri bombalayır, Liviyanı bombalayır, Suriyaya bomba tökməyə hazırlaşır. Tay saymaqla qurtaran deyil. Adı da azadlıq və demokratiya ola-ola!!! Heç bombaya da azadlıq və demokratiya adı vermək olar? Bu nə səfeh yanaşmadır.
   
   Gələk özümüzə. Bu həmin Avropadır ki, gündə bir elçisi gəlir, hamısının da qoltuğunda özü boyda qovluğu. Gəlirlər bizə dərs keçməyə. Necə oturub-durmağı, necə ailə qurmağı, necə yaşamağı, hətta üçünücü cinsə yanaşmağı öyrətmək üçün. Üstəlik, hər gəlişlərində də aramızdan beş-on məsləkdaş tapırlar, ciblərinə puldan-paradan qoyub çəkirlər öz tərəflərinə. Onlar da evimizin içində nə sirr saxlayırlar, nə də ədəb-ərkan. Hamısını bircə-bircə qoyurlar onların ovcuna. Elə götürək son hadisələri. Qəzet oxuyan, televiziya izləyən hər kəs bilir ki, AŞ PA-da Azərbaycana dair dinləmələr keçirilib. Bir həmməruzəçi də seçiblər... adı adamın dilinə də yatmır. O da durub bizim barəmizdə məruzə oxuyub. Məruzədə göstərdiyi faktların nə dərəcədə dürüst olub-olmadığının fərqinə varmadım. Haqdan-ədalətdən danışan bu avropalılar özləri boğaza qədər haqsızlığın içərisində ola-ola Azərbaycan xalqının, Azərbaycan dövlətinin düşmənlərini də siyasi dustaq elan etdiblər.
   
   Bu məsələyə Azərbaycan dövlətinin münasibəti məlumdur. Hakimiyyət sərt şəkildə bu qeyri-ciddi addımı qiymətləndirib. Mənim üçün ən maraqlısı nəhayət ki, Azərbaycanın huquq müdafiəçilərinin öz vicdanları qarşısında hərəkətə keçmələridir, vicdanlarının səsinə qulaq asmalarıdır. Belə ki, iki gün öncə hüquq Müdafiə Təşkilatları, monitorinq qrupunun üzvləri AŞ PA-nın son müzakirələri ilə bağlı mətbuat konfransı keçiriblər. Həmin mətbuat konfransında məlum olub ki, sən demə, "böyük demokratlardan" sayılan, az qala ətəyinə and içiləsi həmin o həmməruzəçi Kristof Strasser ya bilə-bilə, ya da elə məzəyə həm parlamentariləri dolayıb, həm də dünyaya yalan satıb. Çünki bizim hüquq müdafiəçiləri onun siyasi məhbus siyahısını dibdən-dəhnədən araşdırıb görüblər ki, həmin bu avropalı metronu partlatmaq istəyəni də, adam öldürəni də, hətta bir il bundan əvvəl azadlığa buraxılanı da, əfv ediləni də, şər və böhtan maddələri ilə həbs olunanları da siyasi məhbus siyahısına böyük hərflərlə yazıb və açıq-aşkar rəqəmlər vurub kəllə-çarxa çıxarıb. Hətta riyazi qaydaya əməl etmədən birdən sonra ikinin gəldiyini bilsə də, birdən sonra beş yazıb. Faktiki olaraq arada "üç" siyasi məhbus qazanıb. Nə isə...
   
   Bax, bütün bunlara görə üzümü sənə tutmuşam böyük Sabir. Bu dediklərim avropalıların yalançı demokratiyasının bir yarpağıdır. Mən şərqli olduğum üçün öz torpağıma, öz dinim, öz əxlaqıma, ailəmə və öz xalqıma bağlı qalıb onun xidmətində dayanmağı ən vacib vəzifə, hətta vicdan və namus məsələsi sayıram. Hoqqabaz, yalançı, şoumen avropalı olmaqdansa, məmləkətimin ən ucqar guşəsinin ən sıravi vətəndaşlarından olmaq mənim üçün daha şərəfli, daha önəmlidir. Ona görə də kim Avropaya, daha nə bilim hara inteqrasiya edir etsin, kim hara və nəyə necə keçir keçsin, bunlar mənlik deyil. Eşidin və bilin:
   
   - Mən şərqliyəm və şərqli olaraq da qalacam. Vəssəlam!

TƏQVİM / ARXİV