adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Avqust 2015 09:53
23541
GÜNDƏM
A- A+

Nasistlər tərəfindən edama məhkum olunan 22 yaşlı qadın...


Sofi Maqdalena Şoll 1921-ci may ayının 9-da atasının mer olduğu Förxtenberq şəhərində anadan olub. O, ailənin beş uşağından dördüncüsü idi. 1930-cu ildə Sofinin ailəsi Lüdviqsburqa köçsə də, iki il sonra onlar həmişəlik Ulym şəhərinin sakinləri olurlar.
İyirmi yaşında Sofi alman nasist təşkilatının tərkibindəki qızlarla yoldaşlıq edir. Onun qardaşları Hans və Verner, bacısı İnqa siyasi aktivliklə məşğul olurlar. İnqa 1937-ci ildə qeyri-müəyyən siyasi fəaliyyətinə görə həbs olunub gestapoya salınır. 1944-cü ilin iyununda isə Verner itkin düşür.
1940-cı ildə Sofi orta məktəbi bitirib uşaq bağçasında tərbiyəçi kimi çalışmağa başlayır. 1942-ci ilin mayında isə Münhen universitetinin fəlsəfə fakültəsinə daxil olur. Onun qardaşı Hans isə artıq tibb universitetində oxuyurdu. O, özünün fəlsəfə, sənət, siyasət, musiqi və ədəbi mühitdən olan dostları ilə Sofini tanış etdi. Onlar birlikdə konsertlərə, teatra gedir, konfranslara qatılıb, qızğın mübahisələr aparırdılar.
Münhendə Sofi bir çox sənət adamı ilə tanış olmuşdu. Onların ən çox müzakirə etdikləri məsələlər isə diktatorların rəhbərliyi altında necə davranmaq lazım olması barədə idi.
İş elə gətirir ki, ailə gözlənilməz hadisə ilə rastlaşır. Belə ki, İnqadan sonrakı təhlükə Sofinin atası ətrafında yaranır. Ata xidmətində olan işçisi ilə Hitler haqqında tənqidi söhbətlər etdiyi üçün həbs olunur.

Ağ qızılgül...

Bir müddət sonra Sofi ətrafında baş verənlərə biganə qala bilmir. O və dostları Klenes Avqust Qraf von Qalen tərəfindən yazılmış Nasist təşkilatı haqda olan kitabı oxuyur. Bundan sonra mübariz gənclərin fikirlərində köklü dəyişikliklər baş verir. Və onlar tarixdə iz buraxacaq "Ağ qızılgül" təşkilatını yaradırlar. Klemens katolik olmasına baxmayaraq Sofi həmin kitabdan çox təsirlənmişdi.
"Ağ qızılgül" təşkilatı 1943-cü ildən başlayaraq məqalələr yazılmış vərəqələr paylamağa başlayır. Deyilənlərə görə həmin vərəqələrin yazılmasında Sofinin heç bir rolu olmayıb. Çünki qardaşı Hans nədənsə vərəqələrin paylanmasından Sofinin xəbərdar olmasını istəmir. Lakin Sofi bundan xəbər tutanda qardaşına qoşulur və aktiv şəkildə vərəqələri paylamağa başlayır. Sofinin "ağ qızılgül" hərəkatına qatılması təşkilatın işini nisbətən rahatlaşdırır. Çünki qadın olduğu üçün hər hansı bir nasist əsgəri tərəfindən saxlanılması təhlükəsi az idi.
Qrup almanları nasistlərə qarşı mübarizə aparmağa səsləyən xeyli işlər görməyə nail olsa da, 1943-cü il fevral ayının 18-də Sofi və Hans Münhen Universitetində vərəqə paylayarkən həbs olunurlar. Az sonra "ağ qızılgül"ün digər üzvləri də həbs olunur.
Hans, Sofi və Kristof Prombstomun işinə 22 fevralda xalq məhkəməsində baxıldı. Roland Freyslerin başçılığı ilə keçən məhkəmə prosesində Sofi, Hans və onların yoldaşları vətənə xəyanətdə ittiham olunaraq edam cəzasına məhkum olunurlar. Elə həmin gün saat 17:00-da onlar gilyotinlə edam edilirlər.

Dünyadan hansısa ədalət gözləmirik...

Məhkəmədən əvvəl Sofi bu sözləri söyləyir: "Kimsə ilk hərəkətə keçməliydi. Bizim dediklərimizə və yazdıqlarımıza hamı inanır. Sadəcə olaraq onlar bizim etdiklərimizi etməkdən, öz fikirlərini ifadə edə bilməkdən çəkinirlər.
Dünyadan hansısa ədalət gözləmirik. Çünki öz haqları uğrunda dava aparan bizlər çox azıq.
Nə qədər gözəl və günəşli bir gün olsa da mən getmək məcburiyyətindəyəm. Əgər insanlar yatdıqları yuxudan oyansalar və hərəkət etsələr mənim ölümüm heç bir narahatlıq yaratmayacaq".
Hans və Sofinin xatirəsini əbədiləşdirmək üçün Münhen universitetinin yaxınlığındakı meydançaya onların adı verilmişdir. Həmçinin ötən əsrin müxtəlif illərində Sofinin həyatından bəhs edən üç film çəkilib. "Sofi Şollun sonuncu günü" filmi Berlin film festivalında "Gümüş ayı" mükafatı qazanıb.
1970-ci ildən etibarən Sofi Almaniyaya qarşı mübarizə aparan ən qabaqcıl qəhrəman qadın olaraq elan edilmişdir.

Tərcümə etdi:
Samirə Əşrəf