adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

BAHADUR FƏRMAN

30173 | 2012-06-30 09:18
Ötən əsrin 60-70-ci illəri Azərbaycan ədəbiyyatına, o cümlədən poeziyaya yeni bir ovqat gətirdi. Bu ovqat forma-janr yenilikləri ilə müşayiət olunmasa da, siyasi iqlimin yumşalması, təhdid və sıxıntıların səngiməsi fonunda meydana çıxdı. İlk vaxtlar birmənalı qarşılanmayan mövzuların ədəbiyyata cəsarətlə gətirilməsi, nöqsan və çatışmazlıqlardan uzaq qəhrəman axtarışlarının uğursuzluğunun bədii dərki bir sıra maraqlı əsərlərin yazılmasına imkan yaratdı. Uzun-uzadı təsvir və tərənnüm göstərmədən öncə obrazın qəlb aləmi, onun dünyaya baxışı, hərəkət və əməlləri müxtəlif məqamları ilə birgə təqdim olundu. Milli özünüdərk, özünə qayıdış, keçmişlə bu gün arasında əlaqənin qırılmazlığı B.Vahabzadə, M.Araz, H.Arif, N.Həsənzadə, R.Rövşən, İ.İsmayılzadə, B.Fərman, V.Cəbrayılzadə kimi istedadlı sənətkarların yaradıcılığında ciddi əks-sədasını tapdı.
   
   Adları çəkilən şairlər sırasında özünəməxsus yeri olan Bahadur Fərmanın lirikası çağdaş ədəbiyyatın uğurlarının qiymətləndirilməsində kifayət qədər əhəmiyyətli görünür.
   
   Çoxları üçün "yaradıcılıq" vərdişinə çevrilən yaxşı yaza bilməmək mərəzindən fərqli olaraq şair B.Fərman isə pis yaza bilmir. Bəlkə də bu fikrim kiməsə qəribə görünür. Elə ilk baxışdan sakit, haysız-küysüz görünən, danışığı da, davranışı da səmimi və iddiasız olan bu şairin şeirlərində həssas oxucu insan taleyinin qəribə dönəmlərinin, onun ağrı-acılarının, sevinc və nisgilinin təkrarsız ifadəsini görə bilər.
   
   Əsil şairlər, bəlkə də, allah sevgisindən doğulmuşlar. Bu sevgi canında yaşadığı, şeirlərinin mayası olduğu üçün onlar duyulur, sevilir, qiymətləndirilirlər. B.Fərman da belələrindəndir. Onun yaradıcılığına olan məhəbbətim, ola bilsin ki, hansı şeirdəsə nöqsan axtarmağıma imkan verməmişdir. Əgər bu "axtarış" baş versə, şübhə etmirəm ki, ciddi heç nə tapılmaz. Çünki həmin əsərlər yuxusuz gecələrin, gərgin axtarışların və ən əsası isə allah sevgisinin nəticəsi kimi meydana çıxıb.
   
   Kiçik bir hasiyə:
   
   Ötən əsrin 70-ji illəri xəyalımda canlanır. Əlçatmaz, ünyetməz gəncliyimlə ömrün uzaq illərində qalan, lakin zaman-zaman yaddaşımda təzələnən tələbəliyin isti nəfəsini yenidən duyuram. Sanki neçə-neçə tanış səsi eşidir, neçə-neçə doğma insanla görüşüb həmsöhbət oluram. KDPİ-nin (indiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alırdım. Açığını deyim ki, indikindən xeyli fərqli maraqlı tələbəlik həyatı yaşanırdı. Hər gün təzələnən coşğun diskussiyalarda, güzəştsiz bədii-elmi mübahisələrdə həm dinləyici, həm də tərəfdaş kimi iştirakım zamanı diqqəti çəkən əsas məsələ sənətkarın böyüklüyünü şərtləndirən amillərlə və əsl sənət əsərinin necə yazılması ilə bağlı olardı. Mübaliğəsiz deyim ki, çağdaş poeziyanın vəziyyətindən, onun yaradıcılarının imkanlarından danışarkən tez-tez B.Fərmanın da şeirlərinə üz tutardıq. Onun 1971-ci ildə çapdan çıxmış ilk kitabı "Anamın laylası" əldən-ələ gəzər, buradakı şeirlər yaddaşlara yazılardı. Zövqünə şübhə etmədiyim tanışlarımın, dostlarımın dilinin əzbəri idi bu şeirlər. Həmin əsərlərin yüksək poetik məziyyətləri yeni fikirlərin bolluğunda, özünüifadə imkanlarının genişliyində, sözün seçimində, hətta onun səs düzümündə idi. Bu şeirlər yaddaşı oyatmağı, oxucuya bələdçilik etməyi bacarırdı. Buradakı fikirlərin vüsəti, dərinliyi 70-ci illər lirikasının nailiyyətlərindən xəbər verirdi. Bu şeirlərdə oxucu üçün gözlənilməz situasiyalar, maraqlı görüntülər az deyildi.
   
   Böyük rus tənqidçisi V.Q.Belinski sənət əsərlərinin ruhunun və xarakterinin izahını öncə sənətkarın şəxsiyyətində axtarmağı lazım bilmişdir. Həyat hadisələrinə münasibətdə fərdi düşüncə ən yaxşı mənada milli-ictimai düşüncə ilə qovuşmalı, onun zənginləşməsində yardımçı olmalıdır. Bu zaman meydana çıxan hər hansı əsər yazıldığı dövrün xarakterik keyfiyyətlərinin dərk olunmasında oxucuya bələdçilik edə bilər. Məsələn, 60-70-ci illər Azərbaycan poeziyasının əsas mövzusu kimi götürülən İnsan və Zaman münasibətlərində insanın mənəvi cavabdehliyi əsas problem kimi yaşanırdı. Məsələnin böyüklüyü göz önündədir: dünyanın dincliyini pozan müharibə ocaqları, insan zəkasının yaratdığı anormallıqlar, urbanizasiya, ictimai münasibətlərdəki deformasiyalar, ekoloji fəlakətlər və s. Sağlam düşüncə bucağından baxdıqda şərin ayaq açdığı, iblisin addım-addım Yer üzünü dolaşdığı çağdaş dünyamızın qorxu və təlaşını duymamaq qeyri-mümkündür. Əlbəttə, bu mövzuların bədii həllində sənətkar bacarığı qalmaqla, yaradıcı şəxsin kamilliyi, onun fərdi-genetik keyfiyyətləri də az əhəmiyyət daşımır. Başqa sözlə desək, kim dünyanı necə görür, necə qiymətləndirir, yerində, zamanında ağa ağ, qaraya qara demək cəsarətini ortaya qoya bilirmi? Bax budur sənətkar şəxsiyyətinin əsas mahiyyəti!
   
   Bu yöndən yanaşdıqda adı çəkilən illərdə şair şəxsiyyətinin bənzərsiz göstəricisi kimi dəyərləndirilən poetik incilər sırasında B.Fərmanın da əsərləri mühüm yer tutur. Şairin lirikasının ruhunda bir vətəndaş ürəyi döyünür. Bu çırpıntılar bəzən gərdişin reallıqları ilə düz gəlmir. İctimai ədalətsizliklər, milli düşüncənin buxovlanması cəhdləri, cənub həsrəti onun qəlb ağrısına çevrilir. Həsrət yaşına bənzəyən Arazın suyu illərdir ki, durulmaq bilmir. Sərhəd dirəkləri ürəklərə sancılmış oxlar kimi yurdun yaralarını qaysaqlamağa qoymur. Bir vətəndaş-şair olaraq B.Fərmanın könül tarı bu ağrıya köklənib, pərişan Arazın, dərdli Savalanın halına yanır. Yalnız "baxışları ilə sərhəd xəttini keçən" sənətkar yurdun birləşməsini, özünün əzəli coğrafi sərhədləri ilə vahid, yekparə Vətən halında bütövləşməsini gözləyir:
   
   
   
   Taleyindən, qismətindən, a razı,
   
   Gözün görmür bu dünyada Arazı.
   
   Neçə dəfə bölməliyik biz azı,
   
   Kimin belə parçalanmış eli var?
   
   
   
   Qərinələr boyu cavabsız qalan suallara yeni suallar da əlavə olunur. Saysız-hesabsız adlar görmüş, əzablara sinə gərən bu məmləkətin günahı nədir?
   
   Bu tale oyununa kimlərdir bais? Torpaqlarımızı qəsb edənlərin məkrindən nə vaxt qurtulacağıq? Bir fəlakətdən qurtarmamış başqa bir xainliklə üzləşdiyimiz indiki zamanda cavabı çətin suallar çoxdur. Namərd erməni əlləri yurdumuza uzanıb. Bir milyondan artıq soydaşımız öz yurdunda köçkünə çevrilib. Sənətkar yaşadığı zamanın övladı olduğu üçün buna biganə qala bilməz. B.Fərman da bu taleyüklü məsələyə ciddi vətəndaşlıq mövqeyindən yanaşır, düçar olduğumuz məhrumiyyətlərin mahiyyətini açmağa çalışır. Həm ömrünün uşaqlıq çağında, həm də yetkin, müdrik yaşında gördüyü müharibələr, bu müharibələrin doğurduğu ağrı-acılar şairin poetik düşüncəsinin göynərtisinə çevrilir.
   
   Böyük Vətən müharibəsində itirilən azərbaycanlı qəhrəmanların sırasına XX əsrin sonlarında yeni adlar qoşulur. Torpaqlarımızın erməni təcavüzündən azad edilməsində şəhid olan minlərlə soydaşımızın yenilməzliyi, qəhrəmanlıq nümunələri şairin yeni şeirlərinin mövzusuna çevrilir. Gəncikən arzuları həşəm olan həmin şəhidlərdən ikisi şairin vaxtilə dərs dediyi Səbuhi və Vaqifdir. Gəncə şəhərindəki 12 saylı məktəbin yetirmələri olan bu gənclərin ölümü onu dərindən kədərləndirir. Həmin igidlərə həsr edilmiş "Xoş gördük, Səbuhi, xoş gördük, Vaqif!" adlı şeirdə müəllif onlarla keçmiş zamanda danışmır. Çünki öz əməlləri ilə ölümsüzlüyə qovuşanlarla keçmiş zamanda danışmaq qeyri-təbii və məntiqsiz görünər. Müəllifin qənaəti belədir ki, torpağa bağlı olub onun uğrunda canından keçənlər xalqın yaddaşında əbədi qalır və onların ömrünü Vətən yaşayır.
   
   
   
   Xoş gördük, Səbuhi,
   
   Xoş gördük, Vaqif!
   
   Torpağa kök atıb bitən yaşayır,
   
   Siz şəhid oldunuz ölməsin Vətən,
   
   Sizin ömrünüzü Vətən yaşayır!
   
   
   
   Ümimiyyətlə, müharibə mövzusu şairin yaradıcılığının əsas istiqamətlərindəndir. Bu öncə onunla şərtlənir ki, sənətkarın uşaqlığı Böyük Vətən müharibəsinin burulganlarından keçib. Faşizmin ürəklərdə açdığı yaralar, ölüm düşərgələrinin qorxunc, üzücü mənzərələri, oğlunu, ərini, qardaşını, sevgilisini itirənlərin göz yaşları, yandırılan insanların tüstü şəklində ərşə bülənd olan ahı, fəryadı, Buhenvald, Osvensim, Xatın harayı, bir sözlə, dünyanı illər keçsə də bu gün də ayaq üstə saxlayan daha nələr, nələr şairin ürək ağrılarına çevrilir.
   
   Dərindən yaşanan kədər hissi hər misranın məna yükünü artırmaqla yaddaşı silkələyir, insanlığı daha ayıq və ehtiyatlı olmağa səsləyir. Çünki o, adamları seyrəlmiş kəndlərin zülmət gecələrinin, güllə səsləri ilə yuxulara haram qatıldığı illərin səksəkəsini yaşayıb. Ona görə də gündəlik həyatda müşahidə etdiyi Asqol Muradlar, İsmayıllar, Şəkər nənələr müharibənin bədbəxt etdiyi minlərlə insanın ümumiləşdirilmiş obrazları kimi yadda qalır. Faciənin həm ünvanının konkretləşdirilməsi, həm də bəşəri faciə kimi dərki baxımından "Şəkər nənə" şeiri bu mövzuda yazılmış ən qiymətli nümunələrdəndir. Müharibədən geri dönməyən oğlunun intizarını çəkə-çəkə yolları baxışları ilə saraldan Şəkər nənələrin kədəri ölçüyə gəlməz, dərdi bitib tükənməzdir. Həsrətin ömrünün ana ömründən uzun olması isə daha dözülməz təsir yaratdığına görə oxucunun da ürək ağrısına çevrilir:
   
   
   
   Dağ deyil, dərdindi buluda dəyən,
   
   Ahınla qayalar uçası oldu.
   
   Balanın boynunu qujmaq istəyən
   
   Qollarıng torpağı qujası oldu.
   
   
   
   Sən köçdün dünyadang Eh, sənə nə var?
   
   Hələ kəndimizi bu həsrət yaxır
   
   Qəbrinin səmtini yola qazdılar,
   
   İndi də yollara başdaşın baxır.
   
   
   
   Həssas oxucu bu misraların necə tutumlı, necə dərin fikir yükünə malik olduğunu duyur, haqlı olaraq düşünür ki, Şəkər nənələrin ölçüyəgəlməz dərdini hətta dünyaya ölüm havası gətirən "tanklar, təyyarələr belə daşıya bilməz".
   
   Şəkər nənənin oğlu ilə eyni kənddən müharibəyə göndərilən gənclərin də taleyində oxşarlıq yaşanır. Eyni bəşəri faciənin qurbanına çevrilən bu gənclərin yaşayış evi tikdirmək üçün gətirdikləri daşlar sahiblərini gözləyə-gözləyə istifadəsiz qalmışdır. Burada simvolik bir məqamı xatırlamamaq olmur ki, insan da, su da, ağac da, "Ağlayan daşlar" da, bir sözlə, bütün aləm müharibənin dəhşətini duyur və qəribə bir sarsıntı keçirir. Daşlaşmış ürəklərin törətdiyi müharibə hətta "bacaların tüstüsünü" də, ocaqların istisini də daşlaşdırıb. "Ağlayan daşlar"ın göz yaşlarını "bacalar tüstüsüylə, ocaqlar istisiylə silər-silər qurumaz".
   
   Bununla belə, B.Fərmanın poeziyası ümidverici nikbin poeziyadır. Nədən yazırsa-yazsın nikbin ovqat, ümid işığı altında həyata, dünyaya inam hissi şairin yaradıcılığının məhək daşına çevrilir, onun poetik düşüncəsinin əsas amili kimi qəbul edilir.
   
   Şair uzun illərdir ki, xatirələr işığında yol gedir. Ömrün kədər və sevincini yaşadan bu təkrarsız anlar misra-misra, bənd-bənd əsl poetik sözə çevrildikcə bənzərsiz bir aləmə yetişir, xəyali bir dünyaya baş vururuq. Xatirələr kitabı səhifə-səhifə açıldıqca ən isti nəfəsə, ən doğma səsə qovuşuruq. Ana əllərinin hərarəti "qəlbimizi isindirir, ruhumuza sığal çəkir. "Danlaq", "töhmət" payı umur, layla, bayatı mürgülü illərə qayıdırıq.
   
   
   
   Evimiz-eşiyimiz yada düşür,
   
   O isti beşiyimiz yada düşür.
   
   Darıxıram, ana, darıxıram,
   
   Göndər mənim "can-can" payımı,
   
   Göndər "boyuna qurban" payımı.
   
   
   
   Ana obrazına B.Fərmanın yaradıcılığında tez-tez rast gəlinir. Şair ananı böyüklüyün, müqəddəsiliyin, xeyirxahlığın, əsl sevginin "timsalı kimi" dəyərləndirir. "Ağ saçlım mənim", "Anam çörək bişirir", "Anam kimi,", "Anamın yanına qayıtmışam" və s. şeirlərində Ana adının əzəməti önündə baş endirirsən.
   
   (Ardı gələn sayda)
   
   
   
   
   
   Saleh Qurbanov
   
    Daşkəsən
   
   rayonu

TƏQVİM / ARXİV