Sinəsi açılan UEFA

ETİBAR CƏBRAYILOĞLU
47329 | 2012-06-30 09:18
UEFA açdı sinəsini. Daha doğrusu, səbətlərin ağzını. Məmləkətimizi bu mövsüm Avrokuboklarda təmsil edəcək klublarımızın rəqibləri həmin səbətdən çıxdı. UEFA-nın püşkatması bizim telekanallardakı meyxana yarışması kimi bir şeydi. Qafiyəni atırsan papağın içərisinə və qafiyə papaqdan çıxır. Bu yazıda meyxana yarışması barədə yazmaq fikrim yoxdu. And içmişəm ki, köşəmi futbola həsr edim. Düzdü, bizim futbolun vəziyyəti elə əsl meyxanalıqdı. Amma andımı poza bilmərəm. Nə isə hələlik meyxananın kitabını bağlayaq. Səbətdən danışaq, səbətdən.
   
   Mövsüm boyu tər tökən, şillə ilə üz qızardan və enində-sonunda Avrokuboklara vəsiqə qazanan klublarımız rəqiblərinin adlarını bildilər. Futbolla uzaqdan-yaxından maraqlananlar deyir ki, bu dəfə püşk bəxtimizə zəif komandalar çıxarıb. Yəni bizimkilər özlərini artıq növbəti mərhələdə hiss edə bilərlər. Bir vacib nüans var ki, meydana azarkeşlər, proqnozsevərlər yox, futbolçular çıxacaq. Məhz futbolçular. Bizim futbolçuların da necə oynadığı hamıya məlumdu. Andorradan tutmuş Lixtenşteynə qədər hər yerdə bizimkilərin oyunundan xəbərdardırlar. Gül kimi oyunun başına oyun açırlar.
   
   Nə yaxşı heç olmasa "Qarabağ" var idi. 2-3 il bizi Avropada bacardıqları qədər uğurla təmsil etdi. Xeyli fasilədən sonra azarkeşlərimiz mərhələ adlamağın sevincini yenidən yaşadılar. Son milli çempionatda Qurban Qurbanovun yetirmələri titul qazana bilməyincə klubun Avropaya çıxışı da mümkün olmadı. Qarabağsız Azərbaycan Avropada da "Qarabağ"sız qaldı. Bu mövsüm Avropadakılar "Neftçi"nin, "Bakı"nın, "İnter"in və "Xəzər Lənkəran"ın oyununa baxmaq imkanı qazanıblar. Bizimkilərə uğurlar. Qoy layiqli oyun göstərib Avropa camaatını təəccübləndirsinlər. Yazıqların üzü bəlkə güldü. Onsuz da iqtisadi böhran onları yaman girinc edib. İspaniyada fəhlələr acından günorta durur, Fransa xalqı daha kef edə bilmir, Almaniyada sürücülər tətilə çıxır, İtaliyada itlər qrip olub, Portuqaliyada liftlər qəzalı vəziyyətə düşüb, Yunanıstanda müəllimlər etiraz olaraq vurma cədvəlini dəyişiblər.
   
   Sözün açığı, məni bu dəqiqə Avropa camaatı çox az maraqlandırır. Can onların, cəhənnəm Tanrının. Böhrana necə düşüblərsə, qoy özləri də çıxsınlar. Bütün fikrim-zikrim azarkeşlik etdiyim "Xəzər Lənkəran"ın yanındadı. Klubun Avroliqa imtahanından əla qiymət almasını səbirsizliklə gözləyirəm. UEFA sinəsini, daha dəqiqi, səbətini açandan sonra "Xəzər Lənkəran"a yüngülvari rəqib düşüb- Estoniyanın "Nomme Kalyu".
   
   Necə deyərlər, istədiyim yar idi, yetirdi UEFA...
   
   Bizim hər işimizdə bir "əmma" məsələsi ortaya çıxır. Zəif rəqib məsələsi də "əmmasız" ötüşməyəcək. Niyə? Digər klublarımızı bilmirəm, bəs "Xəzər Lənkəran" estonları necə məğlub edəcək? Daha dəqiqi, hansı güclü hücumçu ilə rəqibin qarşısına çıxacaq? Köhnə lətifələrin birində deyildiyi kimi-Nə ilə Alış?
   
   Cənub klubunun minlərlə azarkeşi, "Xəzər Lənkəran"ın mətbəxinə az-çox bələd olanlar yaxşı bilir ki, komanda "azərbaycanlı vəzifəsini" müvəqqəti icra edən Branimir Subaşiçin öhdəsinə qalıb. Subaşiç də nə Subaşiç... Nə yırtığa yamaqdı, nə coraba yumaqdı.
   
   Futbolu oynayanlar, azarkeşlik edənlər bilir ki, komandanı gücləndirmək üçün müəyyən vaxt verilir, təlim məşq toplanışları keçirilir. Təbii ki, "Xəzər Lənkəran" klubunda da bunu yaxşı bilirlər. Lakin klubda bu işə məsul olanlar köhnə bayatıları oxumağı daha çox sevirlər. Məsələn, "Super transfer həyata keçirəcəkdik, lakin almaq istədiyimiz oyunçunun pasportunda vergül səhv yazıldığından alınmadı", "Biz istədiyimiz futbolçu bu dəqiqə bir qız istəyir. Ona görə də istəyimiz alınmır", "Güclü futbolçu ilə danışıb razılaşdıq, lakin qayınanası cadu elədi, işimiz baş tutmadı", "Çox məşhur bir hücumçu ilə anlaşmışdıq. Həmin oyunçu lap oyun çıxartdı. Yeni doğulan körpəsinə pampers almaq üçün supermarketə getdi. Ona görə də təyyarəyə gecikdi. Biz də məcbur olub imtina etdik". Və sairə və yenə sairə...
   
   Fakt odur ki, klub həmişəki kimi hücumçu problemini həll etmədən Avroliqa yarışına qoşulur. Necə deyərlər, kül başına ay eston, üstünə Subaşiç gəlir. Cənub klubunun bütün azarkeşləri bilir ki, "Azərbaycanlı vəzifəsini" müvəqqəti yerinə yetirən Subaşiçi "Xəzər Lənkəran"a ölkənin futbol təsərrüfatına rəhbərlik edənlərdən birinin tapşırığı ilə götürüblər. Ona görə də klubun vitse-prezidenti Tuyqun Nadirovla baş məşqçi Yunis Hüseynov bu mahnını duet şəklində oxumağı çox sevirlər:
   
   
   
   Yenə qumlu sahil, yenə sərin bağ,
   
   Burda Subaşiçlə neçə il qabaq,
   
   Bir nar çubuğunu basdırdıq yerə.
   
   Transfer çubuğu, nar çiçəyi,
   
   Min dollardı hər çiçəyi...
   
   
   
   Mahnının mətnini tam şəkildə yazmaq istəyirdim. Lakin aldığım təzə xəbər məni bu işdən çəkindirdi. Deyilənə görə UEFA-nın sinəsi yenə açılıb. Avropanın futbol təsərrüfatına cavabdeh olan bu nəhəng təşkilat "Xəzər Lənkəran"ın hücumçu problemini həll etmədiyini nəzərə alaraq püşkdə dəyişiklik aparıb. UEFA-nın təşkilat şöbəsinin baş mütəxəssisi Van der Starberger 28 iyun 2012-ci il tarixli K/S 01295 saylı məktubla "Xəzər Lənkəran"a müraciət edib. Görmədiyim məktubda beləcənə də yazılıb: "Çox hörmətli cənab Nadirov. UEFA sizin transfer bazarında qazandığınız uğurları, futbol sahəsindəki fövqəladə biliyinizi həmişə təqdir edir. Təkcə Subaşiçlə bağlı işiniz nəyə desəniz dəyər. Bu mövsüm transfer məsələlərindəki problemlərinizi və şəxsən sizə olan hörməti nəzərə alaraq UEFA püşkdə dəyişiklik etmək qərarına gəldi. Ona görə də "Xəzər Lənkəran" təsnifat mərhələsində Estoniyanın "Nomme Kalyu" komandası ilə deyil, Mingəçevirin "Energetik" klubu ilə qarşılaşacaq. Allah bazar versin".
   
   Mən görməmişəm, amma deyilənə görə bu məktubdan sonra Tuyqun Nadirov bir az da
   
   göylə gedir. Repertuarındakı mahnını da daha bərkdən oxuyur:
   
   
   
   Yenə qumlu sahil, yenə sərin bağ,
   
   Burda Subaşiçlə neçə il qabaq...

TƏQVİM / ARXİV