adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

O TƏNHA AğAC...

VƏSİLƏ USUBOVA
32741 | 2012-06-30 09:18
Uzun illərdən sonra yolunu bizim tərəflərdən salmışdı. Hər adam yadda qalmır, qalsa da, xoşluqla xatırlanmır. Hər kəsin yolu gözlənilmir, gəlişi arzulanmır. Onun gəlişi isə məni həqiqətən qəlbən şad elədi. Ürəkdən söhbət edə bildiyim çox az adamlardan biridi. Hər şeydən əvvəl ona görə ki, bilikli, məlumatlıdı, oxuyub öyrəndiklərindən, eşidib bildiklərindən ağıllı nəticə çıxarmağı bacarandı. Belələri ilə mübahisə də həmişə maraqlı, faydalı olur. Heç olmasa, yola salandan sonra dərindən köks ötürüb "şükür ki, bir-iki kəlmə Allah-bəndə sözü eşitdim" deyə bilirsən...
   
   Köhnə iş yoldaşlarımdandı. Başqa sənətin sahibi olsa da, ixtisaslı həmkarlarımın əksərindən yaxşı yazırdı. Nədənsə, çox işləmədi bizimlə. Sonra müxtəlif yerlərdən sorağı gəldi. Bir müddət az qala tamam unudacaqdım onu. Özü-özünü yada saldı... İndə hərdənbir baş çəkir mənə. Fikirlərimiz həmişə üst-üstə düşməsə də, bir-birimiznən səmimiyik. Ötən günləri xatırlayanda səhvlərimizi, zamanında nəyinsə xatirinə dediyimiz yalanları etiraf etməyi bacarırıq. Və bundan xeyli rahatlanır, daxilən yüngülləşirik. Onunla qeyri-səmimi olmaq da mümkün deyil. Hər halda mənə belə gəlir...
   
   Hər dəfə onu daha yaxından tanıya bilirəm. Xarakterinin gizli tərəfləri açılır, çoxlarına bənzəməyən birisi kimi gözümdə ucalır. Amma... bir şey məni narahat etməyə başlayıb. Özüm də bilmirəm, bu narahatçılığımla haqlıyam, ya yox. Məsələ burasındadı ki, mənim sevimli həmsöhbətim son illər dinə çox meyllənib. Təbii ki, inamnan yaşamaq insana rahatlıq gətirən bir şeydi. Mənim narahatçılığımın da kimlərisə çaşdırmasını istəmirəm. Hər şeyi öz qəlbimlə, ağlımla ölçdüyümdən bu halımın gizlinləri də ancaq özümə bəllidi. Kifayət qədər cavan adam olsa da, söz-söhbəti, oturuşu-duruşu ilə yetmiş-səksən yaşlı kişilər kimi səbrli və müdrik təsiri bağışlayır. Onu tez qocalan, gənclik duyğularından (lap elə səhvlərindən) belə tez ayrılan, həyat sevinclərindən könüllü imtina edən görmək istəmirəm. Hiss olunur ki, özü kimi düşünən cavanlı-qocalı beş-altı yaxını var. Bir də tez-tez işlətdiyi bir cümləsi: "Filankəs özünü qoruyan adamdı..." "Nədən qorunur?" deyə soruşuram. "Günahlardan!" cavabını alıram. İnsanın özünü qoruya-qoruya yaşaması birtəhər gəlir mənə. Lap sovet ədəbiyyatındakı müsbət qəhrəman obrazlarını xatırladır. Əgər Tanrı bağışlayandırsa, Tövbə qapısı bəndələrin üzünə həmişə açıqdırsa, bu qədər qorxmağın anlamı nədir?! Onsuz da belələri ciddi günah işlədən deyillər. Olsa-olsa, adi büdrəmələr, yanılmalar və s. ola bilər. Olsun. Bu aşırı tərbiyə, mömünlük bir az qondarma təsiri bağışlayır adama. Deməli, sən naturaca saf deyilsən. Qorxa-qorxa yaşamaqla, qəlb istədiklərini yasaqlamaqla, duyğularını zorlamaqla əsl dindar imici yaratmağa çalışırsan...
   
   Belə söhbətlərdən sonra heç nədən özünü günahkar hiss eləməyə başlayırsan. Yerli-yersiz hərəkətlərini ölçüb-biçmək keçir ağlından. Bu da təbii yaşam hissinə xələl gətirir. Sənə verilmiş bu ömür payında iştirakçıdan çox, seyrçiyə bənzəyirsən. Sanki bir kənarda dayanıb başqalarına gülürsən: "Bax, əsl insan mənim kimi olar. Mələk kimiyəm. Sizsə, dünyəvi istəklərinizlə hər gün bir az da çirkaba batırsınız..."
   
   İstəyirəm ona təsir edim, deyim ki, sən onsuz da yaxşıysan, bu dediyin ayinləri icra eləməsən də, yaxşı olacaqdın. Razılaşmır...Yox, deyir, məni ibadət çox dəyişib, çox şeylərdən qoruyub. Özümə görə günahlarım çoxdu. İnnən belə səhvə yol vermək istəmirəm. Əlimə fürsət düşüb. Mən də ürəyimi boşaltmaq istəyirəm. İbadət edə-edə, məscidləri, ziyarətgahları gəzə-gəzə əməlləriylə Allahdan çox-çox uzaq olanları misal çəkirəm. Bu yerdə mənimlə bir az razılaşsa da, "hər kəs öz əməlinə özü cavabdehdi" deyir...
   
   Ona heyfim gəlir. Elə bilirəm, getdikcə bizdən uzaqlaşıb fərəhsiz bip dünyaya qovuşur.
   
   - Sənə elə gəlmirmi ki, fanatizmə uyursan?
   
   - Qətiyyən. Mən kifayət qədər real adamam.
   
   - Real idin. Nə oldu birdən-birə? Əlindəki təsbeh məni yaman darıxdırır. Axı, bu, bekarçılıq əlamətidi,- qələmimlə pəncərəmin ağzında işləyən cavan fəhlələri göstərirəm, - bax, ən böyük ibadət onların işidi. Həm tikib-qururlar, həm bir parça halal çörək qazanırlar, həm də bu günlə yaşayırlar. İşləyə-işləyə deyib-gülürlər, lətifə danışırlar, arada mahnı da oxuyurlar. Nə avaraçılığa vaxtları qalır, nə də qeybət qırmağa. Hava qaralanda da xoş bir yorğunluqnan evlərinə dönürlər. Təsbehnən onların arasında hələ 50-60 illik yol var... Vallah, kim nə deyir-desin bu işıqlı dünyamızın bənzəri yoxdu. Hər şey bu torpağın üstündədi. Cənnət də, cəhənnəm də. Göznən gördüyünü qoyub, boş təsəllilərin ardınca getmək, lap yumşaq desək, səfehlik deyil?! Bəlkə də mənim anlamadığım çox şeylər var. Ancaq düzünə qalsa, qorxuram ey, o vəd olunan dünyadan. Naməlumluq üzür məni. Bu barədə düşünməyin özü ruhumu əzir. Hamletin monoloqu yadındadı?... Bizi nələr gözlədiyini hamımız bilmək istəyirik. Ancaq nə yolla? Kimsəyə bəlli deyil. Uzun illərdi əlimə düşən hər yazıdan, hər kitabdan cavablar axtarıram. Anlamaq, inanmaq, ruhumu sakitləşdirmək, arxayınlaşmaq istəyirəm. Ancaq düşündükcə dərin-dərin quyuların dibinə enirəm. Etiraf edim ki, bəzən sənin kimilərə də, əks düşünənlərə də qibtə edirəm. Özümsə, haqqnan nahaqqın arasında çabalayıram. Ruhumu sakitləşdirəcək bir şey tapa bilmirəm...
   
   - Görürəm. İçinin əzabları sir-sifətindən oxunur. Özünə çox da əzab vermə. Sənin kimilərçün hər şeyi qəbul eləmək, sinirmək asan deyil. Bir qədər susub təzədən dillənir, -sənə kitab vermişdim, oxudun?
   
   - Oxuya bilmədim. Belə kitablar mənlik deyil. Vərəqlədim, ilk cümləsini xoşladım, dəftərçəmə də yazdım... Sonrası... bəsit yazılıb. Belə kitablar saysız-hesabsızdı. Əksər fikirlər tanışdı. Elə ağlımız kəsənnən hədis eşidirk da...
   
   - Yox, o kitab qiymətlidi, təsirli fikirlərlə doludu. Sən onu bir də vərəqlə.
   
   - Yaxşı...
   
   Budəfəki söhbətimiz də bitir. Həm də yarımçıq qalır. Davamını yəqin ki, ikimiz də ürəyimizdə edəcəyik...
   
   Bilirəm, bir müddətdən sonra hərlənib yenə gələcək. Elə mən də onu gözləyəcəm. Ürəyimə yığılanları paylaşmaqçün...
   
   
   
   ***
   
   Verdiyi kitabı bir də vərəqləyirəm. Məni istədiyindən gətirdiyini, oxuyub faydalanmağımı, səbr, təsəlli tapmağımı arzuladığını bilirəm. Amma... mən də mənəm ey. Bəzən dağ boyda təsəlliləri eynimə almıram. Bəzən də adi bir sözdən qanad taxıb, günlərimə, aylarıma yetəcək rahatlıq tapıram. Bu kitabda yazılanlarsa darıxdırır məni. Nə adını, nə müəllifini deməyəcəm. Məqsədim kitab təbliği deyil. Digər tərəfdən, müəllifin zəhmətini də yerə vurmaq istəmirəm. Təbii ki, bu kitabın da öz yiyəsi, yüzlərlə, minlərlə oxuyanı, gözləyəni var. Hər kəs öz səviyyəsində, ruhuna uyuşanları seçir...
   
   Allahım, nə gözəl bir şeydi xırda təsəllilərlə ovunmaq, bir sözdən, bir baxışdan təsəlli tapmaq!...
   
   Mənsə, elə kitabın üz qabığındakı ağac misallıyam: "Quraq bir vadinin tənha ağacı yaşıl çəmənliyin ağacından möhkəm olur".
   
   İmam Əlinin sözləridi bu...
   
   Öz-özüynən danışmaqdan, dərdlərini içinə gömməkdən, heç kimi, heç nəyi gözləməməkdən möhkəmlənib O Tənha Ağac...

TƏQVİM / ARXİV