DUPDURU BULAQ KİMİ

VAQİF YUSİFLİ
43483 | 2015-08-05 09:35

Əsrlərdən bəri Azərbaycan türkünün ayaq açıb yeriyərkən, dünyaya, həyata, gözəlliklərə heyrətlə, heyranlıqla boylanarkən, sevərkən-sevilərkən, qərib-qürbət eldə Vətəni haraylayarkən, baba, nənə, ağsaqqal, ağbirçək yaşına çatarkən dilinin əzbəri bayatılar olubdur. Bayatı bizim xalqın mənəvi dünyasının özülüdür. Xalqın tarixini, mənəvi-əxlaqi keyfiyyətlərini, həyatını, məişətini, ürək dünyasını öyrənməyə ən etibarlı vasitədir.
Bayatı - cəmi dörd misradan ibarət olan, amma bitkin bir fikri ifadə edən bu dördlük şeir şəkli haqqında müxtəlif mülahizələr söylənilib. Türkdilli xalqların söz yaradıcılığında türkü, xoyrat, mani, aşulə, cınıq və s. adlanan bu şeir şəkli öz yığcamlığı, dörd misrada dərin məna ifadə etmək məharəti ilə diqqəti cəlb edir. Bayatıların yaradıcıları olan müəlliflərin çoxu artıq unudulmuşdur, amma onların yaratdıqları bayatılar bir mənəvi sərvət kimi xalqın bədii təfəkküründə, yaddaşında yaşamaqda davam edir.
Qeyd edək ki, bayatı şeir forması dördlük şeir formalarının tacıdır və əmək nəğmələrinin, holavarların, sayaçı sözlərinin, eydirmələrin, vəsfi-halların, ağıların, laylaların, oxşamaların, mahnıların, tapmacaların da bayatı kimi yazılması hamımıza məlumdur. Onları ilk dəfə sistemli hala salan, şəkli xüsusiyyətlərinə görə növlərə ayıran, məzmununa görə qruplaşdıran folklorşünas Həsən Qasımov olmuşdur. Onun 1960-cı ildə Azərnəşr tərəfindən çap olunan "Bayatılar" toplusu bu sahədə ən mükəmməl bir işdir.
Azərbaycan ədəbiyyatında konkret olaraq ilk bayatı müəllifi Şah İsmayıl Xətaidir. "Xətai, işin düşər, Gəlib, gedişin düşər. Dişləmə çiy loxmanı, Yerinə dişin düşər", yaxud: "Xətai can arxına, Əhli-ürfan arxına. Mərifətdən su gəlib, Tökülür can arxına". Bax, beləcə doqquz bayatısı var Xətainin. Daha sonrakı əsrlərdə bir bayatı müəllifləri Sarı Aşıq və Lələnin adını çəkə bilərik. Bundan başqa Məlikballı Qurban, Zabit, Aşıq Hüseyn Şəmkirli də bayatı yazmışlar.
Şamaxıda yaşayan Ağaveyis Şirvani mənə rəy bildirmək üçün "Bayatılar" əlyazmasını təqdim etdi. Oxudum. Sanki birnəfəsə yazılmış bu sayı-hesabı bilinməyən bayatıların havasına düşdüm. Elə bil yer, göy, torpaq, hava, od, su, ətrafımdakı bütün insanlar bayatılaşırdı. Ağaveyis müəllim elə bir mövzu qalmayıb ona müraciət eləməsin, bayatı qoşmasın. İnsan kədəri, sevinci, keçdiyi həyat yolunun enişli-yoxuşlu mənzərələri, bala itkisi, ana sevgisi, müdrikliyə, ucalığa sitayiş hissi, yaşamağın mənası, igidliyin, qəhrəmanlığın, mərdliyin təsdiqi, riyakarlığın, xəyanətin, vəfasızlığın inkarı, eşqin, məhəbbətin tərənnümü, ürək müflisliyinin, mənəvi boşluğun, səbatsızlığın tənqidi, sülhün, barışığın, xeyirxahlığın ülvi duyğular kimi vəsf olunması, həyatda, cəmiyyətdə, mühitdə baş verən olayların, hadisələrin inikasıgbütün bunlar Ağaveyisin bayatılarında öz əksini tapır. Bu nümunələrin bir qismi doğrudan da bayatıdırsa, bir qismi sadəcə dördlüklərdir. Amma müəllifi qınamaq olmaz, çünki o, ifadə etmək istədiyi fikri bu şəkildə bəyan edir.
Ağaveyis Şirvani hər bayatıda bir fikir söyləməyə çalışır, o fikri poetik biçimdə verməyə cəhd edir və əksər hallarda buna nail olur. Özü də yaxşı bilir ki, bayatıda fikrin meydanı dardır, yəni bu fikri dörd misrada elə verməlisən ki, sanki böyük bir əsər yazmısan. Bəzi misallara müraciət edək:

Yerlər, göylər dumandı,
Səs-sədamız hayandı.
Ah-naləmə, ay Allah,
Əsən külək dayandı.

Yaxşı günüm olmayıb,
Yaşıdlarım qalmayıb.
Qəlbimdə bir gülüm var,
Deyəsən, o solmayıb.
Mən aşiq, uca dağlar,
Zirvəsi haça dağlar.
Mənim kimi, vallahi,
Olarsız qoca dağlar.

Məni görən ağlasın,
Dərdi çəkən ağlasın.
Halımı bəyan etdim,
Gəlib görən ağlasın.

Bu bayatılarda müəllifin-lirik qəhrəmanın keçirdiyi hallar, ömür-gün qayğıları öz əksini tapır. Bayatı ilk növbədə, onu söyləyənin daxili dünyasından xəbər verir, yəni bir insanın ömür yolunun ağlı-qaralı səhifələrini çevirir. Bu səhifələrdə bizə doğma çalarlar da görsənir. "Ah-naləmə, ay Allah, Əsən külək dayandı"- bu artıq metaforik düşüncə tərzidir, mübaliğədir. Şeiri ŞEİR edən də, elə bu sayaq obrazlı ifadələrdir. "Qəlbimdə bir gülüm var, Deyəsən, o solmayıb" - bu isə qəlbə, eşqə sadiqlikdir. Hər şey məhv olub gedə bilər, amma məhəbbət yaşayır. Adətən, insanı dağa bənzədirlər, amma Ağaveyisin bir bayatısında dağ insana bənzədilir: "Mənim kimi, vallahi, Olarsız qoca dağlar".
Ağaveyis Şirvaninin dördlükləri içində onun doğma kəndi, yaşadığı ərazi ilə bağlı nümunələr də diqqətdən yayınmır. Məsələn, onun "kəndim" rədifli qırxa yaxın bayatısı var. Təbii ki, onların heç də hamısı yüksək bədii səviyyədə deyil, amma ümumilikdə müəllifin doğulduğu torpağa hədsiz məhəbbətini ifadə etmək baxımından maraqlıdır.

Sünbülü dolu kəndim,
Düzədi yolu kəndim.
Sənin kimi az olar,
Tarixi ulu kəndim.

Axarlı, göllü kəndim
Cənnətli, çöllü kəndim.
Gözümüzə işıqsan,
Ətirli, güllü kəndim.

Eləcə də Tanrı, Ana, Ata, Baba, Qardaş, Bacı, Gəlin, Bəy, Gözəl, Sevgili, Dost, Uşaq, Dağlar, İlin fəsilləri ilə əlaqədar söylənilən bayatılar da diqqəti cəlb edir. Bu bayatılarda bir Baba sevincini, Ata məhəbbətini hiss edirik, Qardaşa, Bacıya, Gəlinə bəslənən ülvi duyğuların şahidinə çevrilirik. Məsələn, Dost və Dostluq haqqında söylənən bayatıları götürək. Bu mövzuda olan bayatılarda dost-ən əziz bir adam, dostluq isə müqəddəs bir hiss kimi vəsf olunur.

Dostum canımdı mənim,
Qol-qanadımdı mənim.
Yeri düşərsə, Allah,
O, and yerimdi mənim.

Bayatıda bizim xalqın milli mentalitetinə, hiss və duyğularına köklənən nümunələr həmişə üstünlük təşkil etmişdir. Bu haqda görkəmli söz ustaları da fikir söyləmişlər. Eyni zamanda, bayatılarda onu yaradan müəllifin yaşadığı dövrün, fəaliyyət göstərdiyi mühitin də möhürünü hiss edirik. Ağaveyis Şirvani elə bir dövrdə yaşayır ki, həyatda, cəmiyyətdə, dünyada çox mürəkkəb ictimai-siyasi iqlim hökm sürür, mürəkkəb proseslər gedir. Təbii ki, bunların hamısını əks etdirmək mümkün deyil, ancaq şairi hansı məsələ, hansı problem daha çox düşündürürsə, onun yazılarında izi qalmalıdır.

Qaldım ağır gündə mən,
Didərginəm, çəndə mən.
El-obadan uzağam,
Necə dönüm kəndə mən.

Çətin günə düşən mən,
Dağ, dərəni keçən mən.
Su yerinə, ay Allah,
Göz yaşını içən mən.

Varın, mülkün atan mən,
Dərdə, qəmə batan mən.
Sığınacaq tapmayıb
Harda oldu yatan mən.

Bu bayatıları oxuyan kimi elindən-obasından didərgin düşən, qaçqın həyatı yaşayan yurddaşlarımızı xatırlayırıq. Düzdür, indi onların mənzil problemi həll olunub, amma bir vaxtlar vardı ki, onlar ilan mələşən çöllərdə yaşayırdılar. Ağaveyis Şirvani də bunların şahidi olub.
Ağaveyis Şirvaninin bayatıları haqqında çox danışmaq olar. Bu bayatılar bir ömür yolunun bədii izləridir. Bir Azərbaycan insanının həyat, ölüm, varlıq-yoxluq, dünya haqqında düşüncələridir bu bayatılar. Biz şairə bu yolda yeni uğurlar arzulayırıqgBayatıların bol olsun, Ağaveyis Şirvani!..


TƏQVİM / ARXİV