adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

QINAMAğA TƏLƏSMƏYiN

OQTAY SALAMOV
22990 | 2012-06-30 09:18
Bir oxucu məktubu almışam. Yazır ki, Oqtay müəllim, yaydı, ağır mövzular, ağıllı yazılar çətin oxunur, özümüz istirahət edə bilmirik, imkan verin, heç olmasa başımız istirahət etsin. Həftəarası yazılarınızı birtəhər həzm eləmək olur, amma həftəsonu yazılarınız adamı düşündürür ki, yay vaxtı da bu qətiyyən sərfəli deyil...
   
   Başa düşə bilmədim ki, baş bədəndən ayrı necə istirahət edər? Amma oxucunun sözlərində müəyyən qədər həqiqət də var. Bəlkə də bu, mənim bəhanəmdi, çoxdan danışmaq istədiyim iki mövzunu təqdim eləməyə bəhanə axtarırdım. Biri qədimi, bir yəhudi nağılıdı...
   
   İki qardaş vardı. Böyük qardaş varlı idi. Xəsis vəz zalım idi. Yoxsa necə varlı olardı ki?
   
   Kiçik qardaş isə kasıb. Xoşxasiyyət və şən idi. Neynəməli idi ki?
   
   Şənbə ərəfəsində idi. Kisik qardaş evdə oturub dərd çəkirdi. Ocağında odun yox, stolu boş, uşaqlar ac, arvad da susub. Həftə ərzində bir qəpik də qazanmamışdı. Belə olur. İşıqlı mələklər küncə qısılıb soyuqdan dişləri bir-birinin üstündə durmur...
   
   Birdən qapı açıldı və bir qoca içəri girdi. Salam verdi, yan-yörəsini nəzərdən keçirdi və gecələmək üçün icazə istədi. Evə qonaq gəldi- Allah gəldi. Kişi arvadına baxdı, arvad razılaşdı və ev sahibi arvadının cehizlərindən qalan , evin ən qiymətli olan əşyalarını -şkafdan kiçik gümüş şamdan çıxardı, birini götürüb bazara qaçdı, zərgərə verib pulunu aldı, bu pula qonaq sürfəsinə nə almaq mümkündüsə aldı. Bir dənə də qırmızı şərb aldı.
   
   Şənbə günü başladı. Kişinin kiçik qızı ocağı yandırdı, qonaqla birgə oturub şənbə şamı, üstündə yemək (xal) və şərab üstündə dua elədilər və şam eləməyə başladılar.
   
   Nə gözəl gecə idi. İşıqlı mələklər tavanın altında sevincdən mayallaq aşırdılar. Arvad və uşaqlar yatmağa gedəndə qonaqla ev sahibi səhərə qədər oturub dünyadan, yaxşı adamlardan, yaxşı havadan danışdılar.
   
   Səhər açılanda qonaq vidalaşıb getmək istədi. Ev sahibi qonağın heybəsinə yemək qoyanda sonuncu şamdanı da stoldan saldı. Səyyah dedi: "Sən yaxşı adamsan. Səhərdən başladığın işi axşama qədər davam edəcəksən!".
   
   Qonaqla ürəkdən sağollaşıb onu həyət qapısından yola salan ev sahibi evə qayıbıb şamdanı stolun üstünə qoydu. Birdən gördü ki, döşəmədə bir şamdan da var. Onu da götürüb stolun üstünə qoydu. Gördu ki, biri də var... İşıqlı mələklər oyanıb gözlərini sildilər, bir-birlərinə baxıb başlarını buladılar. Ev sahibi dayanmadan döşəmənin üstündən gümüş şamdan qaldırırdı. Əyilib-qaxmaqdan beli ağrıyırdı, həm də stolun üstündə yer qalmamışdı. Yadına düşdü ki, ayaqyoluna getməlidir. Belə də olur. Gedir həyətə, qayıdır və möcüzə qurtarır.
   
   Kişi düşünür ki, çox yaxşı olmaq da yaxşı deyil... Evdəki şamdanların ikisini saxlayıb qalanlarını satdılar. Pulların bir hissəsini kasıblara payladılar. Qalan hissəsinə ev, inək, at aldılar, lazım olan şeyləri aldılar. Sonra da sadəcə olaraq yaşamağa başladılar və sehirli səyyahı yaxşı sözlərlə xatırladılar. Nağıldı daa...
   
   Böyük qardaş bundan xəbər tutub kiçik qardaşın yanına gəlir, sorğu-sual eləyir. Əsasən də səyyahın əlamətləri ilə maraqlanır. Hər şeyi öyrənəndən sonra nökərlərinə əmr edir ki, qocanın dirisini, ya da ölüsünü tapıb gətirsinlər. İşıqlı mələklər həyəcanla bir-birlərinə baxdılar.
   
   Nökərlər sehirli qocanı tapıb bir söz belə demədən onu böyük qardaşın evinə sürüklədilər. Ev sahibi qapıda kişini qarşılayıb deyir: "Qoca, bilirsən sən mənə nə qədər lazımsan?". Kişini hər şeylə bol olan stolun arxasına oturtdular və ev sahibi ona ikiəlli qulluq etməyə başlayır. Yazıq qoca ağzındakını udmağa macal tapmamış digər loxmanı ağzına soxurdular. Qorxuya düşən mələklər susub küncə qısılmışdılar. Qocanı bir ucan yemləyirdilər...
   
   Bu bütün gecə davam etdi. Səhər əldən düşmüş qoca heç vidalaşmadan da çıxıb getək istəyəndə ev sahibi qışqırır: "Qoca, sən əsas sözü demədin axı!". Qoca deyir: "Yaxşı ki, yadıma saldın. Sən ciddi adamsan. Və səhər başladığın işi axşama qədər davam etdirəcəksən!"...
   
   Sevincindən uçmağa qanadı olmayan böyük qardaş evə qayıdıb deyir: "Mənim qardaşım axmaqdı, mən başqa cür eləyəcəm. Əvvəlcə tualetə gedəcəm ki, sonra tələsmədən qızıl pulları yığım!".
   
   Və işıqlı mələklər bir-birlərinə baxdılar, əlləri ilə ağızlarını tutub gülməyə başladılar. Çünki mələklər lap uşaqlar kimidirlər...
   
   Ailəmizin ümümi tanışı olan xanım başına gələni danışır. Deyir, hava limanında təyyarəyə minmək üçün gözləyirdim. Uçuşa iki saata qədər vaxt vardı. Bir paket peçenye aldım və skamyada oturub kitab oxumağa başladım. Birdən gördüm ki, yanımda oturmuş kişi heç bir icazə almadan peçenyelərimi yeyir. Əvvəlcə çaşdım, özümü görməzliyə vurdum. Kitabı oxumaqda və peçenye yeməkdə davam elədim. Vaxtaşırı gözaltı baxırdım ki, yanımda oturmuş "oğru" peçenye paketini yeyib boşaldır. İçərimi hirs boğmağa başladı.Ürəyimdən keçirdi ki, kişinin sifətinə bir sillə vurum. Amma ürəyim gəlmədi və növbə ilə peçenyeləri götürməyə başladıq, birini mən, birini o... Axırda bir peçenye qalmışdı. Kişi həyasızcasına onu ortadan böldü və yarısını mənə uzatdı.
   
   Bu həyasızlıqdan az qala huşumu itirəcəkdim. Elə əsəbiləşmişdim ki, hisrlə peçenyenin yarısını kişinin əlindən aldım və ayağa qalxdım, yaxşı ki, bizi təyyarəyə dəvət elədilər.
   
   Təyyarədə yerimdə oturub çantamı açdım ki, kitabın ardını oxuyum və birdə gördüm ki... çantamda açılmamış peçenye paketi var... Sən demə, bu müddət ərzində o kişinin peçenyelərini yeyirmişəm...
   
   Xanım başa düşdü ki, vicdansız, kobud, oğru... o özüdür. Necə bilirsiniz, əzizlərim, çox vaxt biz bu xanımın yerində olmuruq ki? Biz adamları qınayırıq, onlar haqda pis düşünürük, amma nəticədə bizim özümüz ün heç də yaxşı əməl sahibi olmadığımız ortaya çıxır...
   
   Mənə məktub yazıb yüngül mövzu tələb eləyən oxucu, necədi, iyrəncdi? Çox yüngül mövzu olmadı ki?..

TƏQVİM / ARXİV