adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Azərbaycan xalqının tarixi və ya "tərcümeyi- hal"ı

16222 | 2012-06-28 08:31
(əvvəli ötən saylarımızda)
   
   XVI əsrdən güclənən Rusiya tədricən türk torpaqlarını zəbt etməyə başladı. XVII- XVIII əsrlərdə Qafqaz uğrunda mübarizəyə girişən imperiya XIX əsrin əvvəllərindən etibarən Azərbaycanın Şimalını işğal etdi.
   
   Və beləliklə, Azərbaycan xalqı milli ideallarının çiçəkləndiyi bir dövrdə İran, Osmanlı və Rusiyaının döyüş meydanına çevrildi.
   
   Bununla belə orta əsrlərin sonu yeni dövrün əvvəllərindən başlayaraq Azərbaycan xalqı tarix səhnəsinə güclü milli mənəvi iradəsi, mübariz ruhu, İntibah məzmunlu mədəniyyəti ilə çıxır. Min beş yüz illik bir təşəkkül- formalaşma dövründən sonra geniş miqyaslı özünəməxsusluqlar kompleksiyası nümayiş etdirir. Türk, eləcə də müsəlman ortaqlığından gələn universal klassik model və ya standartlar milli demokratik texnologiyalarla əvəzlənir... Bu, normal təşəkkül tapıb formalaşmış xalqlar üçün xarakterik hadisədir. Müqayisə üçün deyək ki, roman xalqlarında da belə olmuşdur. Yəni orta əsrlərin sonlarına doğru italyan, ispan və fransız xalqları İntibah dövrü keçirərkən zəngin milli xüsusiyyətlər qazanıb o zamana qədər roman xalqları üçün ortaq olan latın modellərindən imtina edirlər.
   
   Və dünyaya öz milli xarakterilə "yenidən" doğulmuş enerjili etnosun (Azərbaycan xalqının) milli azadlıq (müstəqillik) uğrunda mübarizəsi, təbii ki, qarşısıalınmaz idi.
   
   1. Azərbaycan İntibahı.
   
   Və onun nəticələri.
   
   Azərbaycan xalqının təşəkkül- formalaşma tarixinin son mərhələləri milli İntibah dövrünə düşür. XVI əsrdən başlayaraq XVIII əsrə qədər davam edən Azərbaycan İntibahı milli ictimai şüurun (intellektin!) inkişafına güclü təkan verir... İntibah daha çox mənəvi sahəni əhatə edirdi. Şifahi xalq ədəbiyyatının qüdrətli əsərləri yaranmışdı. Xüsusilə aşıq sənəti Qurbani, Aşıq Abbas Tüfarqanlı, Xəstə Qasım, Sarı Aşıq kimi görkəmli sənətkarların yaradıcılığı ilə özünün ən yüksək səviyyəsinə qalxmışdı. "Dədə Qorqud"dan sonra Azərbaycan xalqının yaratdığı ikinci epos - "Koroğlu" geniş yayılmış, etnosun milli mənəvi ideallarının ifadəsinə çevrilmişdi.
   
   "Koroğlu" eposu - bütün bədii qüdrəti ilə yanaşı Azərbaycan xalqının yaratdığı Kitab dəqiqliyində şifahi Tarix əsəridir ki, hələ formalaşdığı dövrdə dəfələrlə yazıya alınmışdır. Eposda xalqın yaşadığı coğrafiya, onun genişliyi, həmhüdud regionlarla əlaqələri, dövrün dövlət quruluşu, idarəçilik üsulları, mədəniyyəti və ən əsası, ruhu (İntibah ovqatı!) əks olunmuşdur. Bütün aydınlığı ilə görünür ki, XVII- XVIII əsrlərdə Azərbaycan xalqının mərkəzləşmiş dövləti olmasa da, belə bir idealı (mərkəzləşmiş dövlət idealı!) var. Və bu idealın daşıyıcısı nə xanlar, nə də paşalar deyil, xalq içərisindən çıxmış (və xalqın içərisində olan!) Koroğludur!..
   
   Yazılı ədəbiyyatda ərəb, fars sözləri, konstruksiyaları ilə mürəkkəbləşdirilmiş, demək olar ki, anlaşılmaz hala gətirilmiş klassik üslub öz yerini xalq və ya folklor üslubuna verməkdə idi. Məhəmməd Əmani, Molla Vəli Vidadi, Molla Pənah Vaqif kimi şairlərin yaradıcılığı Azərbaycan ədəbiyyatının tarixi tipologiyasını əks etdirməkdə idi.
   
   Orta əsrlər üçün səciyyəvi olan həndəsi naxışları nəbati naxışlar əvəz etməkdə, rəngkarlığa təbiilik gəlməkdə idi ki, bunun ən gözəl nümunələrini XVIII əsrdə tikilmiş Şəki xan sarayının divarlarında görmək mümkündür. Xalq musiqisi böyük populyarlıq qazanmışdı.
   
   XVII- XVIII əsrlərdə klassik Azərbaycan şəhərləri öz tarixi möhtəşəmliyini itirir, yeni sadə arxitekturalı şəhərlər yaranırdı. Kəndin sosial- mədəni mövqeyi güclənirdi.
   
   Və adi insanların ictimai həyatdakı rolu yüksəlir, onların obrazları, hiss- həyəcanları, düşüncələri ədəbiyyatın, ümumən sənətin əsas mövzusuna çevrilirdi.
   
   Beləliklə, İntibah xalqın milli mənəvi bütövlüyünün, mütəşəkkilliyinin yaranmasına, ümummilli maraqların formalaşmasına əhəmiyyətli təsir göstərirdi.
   
   Səfəvilər dövlətinin süni olaraq (hökmdarların və ya sarayın "təşəbbüs"lərilə) iranlaşdırılması ona gətirib çıxardı ki, bu dövlət məhv oldu. Nadir şahın yeni Azərbaycan dövləti yaratmaq cəhdi də uğursuz olduqdan sonra yerli hakimlər - xanlar çoxdan arzuladıqları "müstəqilliy"ə qovuşdular. Hər bir xanlıq öz mərkəzi, ordusu, idarəçilik üsulları ilə ortaya çıxmağa, qonşu xanlıqlara "əzələ nümayiş etdirməyə" çalışırdı. Doğrudur, bu "müstəqillik" Azərbaycana Şuşa, Şəki, Quba, Lənkəran, İrəvan, Qazax kimi şəhərlər verdi,ancaq daxili çəkişmələr bir sıra yurd yerlərini də viran qoydu... Böyük Səməd Vurğun Qarabağ xanlığının timsalında o dövr Azərbaycanının tarixi vəziyyətini
   
   Bir yandan Türkiyə, bir yandan İran,
   
   Ordan da Rusiya göndərir fərman,-
   
   deyə səciyyələndirmişdi. Bu isə o demək idi ki, xanlıqlar nə qədər müstəqil olsalar da, müstəqillik o qədər şərti, qeyri- stabil idi.
   
   İntibah dövrünün diqqəti çəkən hərəkatlarından biri də tacirlərin ictimai mövqeyinin yüksəlməsi, onların həm mədəni- mənəvi həyata, həm də saraya- hakimiyyətə müdaxilələrinin güclənməsi idi. Sənətin ən populyar sahələrindən olan aşıqlar tacirlərin obrazını xüsusi hörmətlə yaradırdılar. Və hətta insanın həyatının mənasını "Gələn bəzirgandı, gedən xocadı" (Xəstə Qasım), yəni "insan bu dünya ilə alver eləməyə gəlir, gedəndə də doyub, kamilləşib, varlanıb gedir" kimi şərh eləyirdilər.
   
   Azərbaycan İntibahı eyni zamanda qonşu regionlara, xalqlara da geniş (və mütərəqqi!) təsir göstərmişdi.
   
   2. Milli demokratik hərəkat.
   
   Və Azərbaycan xalqının milli birlik, dövlət müstəqilliyi uğrunda mübarizəsi.
   
   XIX əsrin əvvəllərindən etibarən Azərbaycanın Şimalı Rusiyanın, Cənubu İranın, Qərbi isə Osmanlının ixtiyarına keçir. Və bütöv bir xalq üç müxtəlif xarakterli dövlətin idarəçilik (və ideoloji!) əxlaq prinsipləri ilə yaşamağa məhkum olur.
   
   Osmanlının idarəçilik mədəniyyətindən fərqli olaraq (burada etnik qohumluq da münasibətlərə təsir etməmiş deyildi) İran və Rusiyanın idarəçiliyi, əsasən, müstəmləkəçiliyə əsaslanır, Azərbaycan xalqının azadlıq (müstəqillik) idealları qarşısında nəinki sədd çəkir, hətta onun ruhunu sıxırdı... Halbuki Şərqi Anadoluda məskunlaşmış Azərbaycan türkləri Osmanlının, sonra isə Türkiyənin üzvü tərkib hissəsinə çevrildilər və onların törəmələri bugünə qədər dədə- babalarının Təbriz, Gəncə, Şirvan, Qarabağ və ya İrəvandan gəldiklərini, yəni Azəri türkü olduqlarını xatırlasalar da Osmanlı türkləri ilə qaynayıb qarışmışlar. Başqa sözlə, Azərbaycan xalqı ilə türk xalqı arasında "keçid" ("körpü") təşkil edirlər.
   
    XIX əsrin ortalarına doğru Azərbaycanın görkəmli ziyalıları Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani və b., XIX əsrin sonu XX əsrin əvvəllərində Məhəmməd ağa Şahtaxtinski, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və b. Azərbaycan xalqının taleyi üzərində daha israrla (və ideoloji- siyasi yönləri ilə!) düşünürdülər. "Qoymuş miləl imzasını övraqi- həyata, yox millətimin imzası imzalar içində" deyən Məhəmməd Hadi xalqın düşdüyü vəziyyəti dəqiq anladırdı... Azərbaycan xalqının azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizəsinə öndərlik edən ziyalı demokratların ideoloji mövqeləri, çıxış yolu axtarmaq prinsipləri, metodları fərqli olsa da, onların hamısı vətənin bütövlüyü (və müstəqilliyi!) idealına sadiq idilər.
   
   XIX əsrin sonu XX əsrin əvvəllərində xalqın gələcəyini müəyyən edən milli ideologiya axtarışları da öz bəhrəsini verirdi ki, buna geniş miqyas almış mətbuat, publisistika hər cür şərait yaradırdı. Azərbaycanın böyük mütəfəkkiri Əli bəy Hüseynzadə "Türkləşməli, müsəlmanlaşmalı və müasirləşməli" şüarı ilə Azərbaycan xalqını ayağa qaldıracaq ideologiyanın əsaslarını formulə etmişdi.
   
   Məsələnin mürəkkəbliyi isə bundan ibarət idi ki, Azərbaycan xalqının qarşısında yalnız dövlət müstəqilliyi deyil, həm də siyasi bütövlük problemini həll etmək kimi çətin bir vəzifə dayanırdı. Rusiya ilə İran arasındakı "tarixi anlaşma" isə buna imkan vermirdi.
   
   XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan cəmiyyətində kifayət qədər dərin cəbhələşmə özünü göstərirdi ki, bu, milli ictimai təfəkkürün pərakəndəliyindən, ideoloji mərkəzləşmənin olmamasından və təbii ki, xarici siyasi- ideoloji müdaxilələrin güclü təsirindən irəli gəlirdi. İran yönlü, Osmanlı yönlü və Rusiya yönlü mərkəzlər, cəmiyyətlər, ziyalılar biri digəri ilə çox tez tez toqquşmalı olurdular. İş o yerə çatırdı ki, həmin cəbhələşmə xalqın məişətinə, eyni bir ailəyə qədər gedib çıxırdı. Böyük yazıçı- publisist (və demokrat!) Cəlil Məmmədquluzadənin "Anamın kitabı" pyesində göstərildiyi kimi, üç doğma qardaşın hərəsi sanki bir millətə mənsub idi. Və sanki Azərbaycan xalqının tərkibində biri digərini bəyənməyən üç millət vardı... Ancaq o da nəzərə alınmalıdır ki, cəbhələşmə nə qədər dərinləşsə də, geniş ictimai (ümummilli!) xarakter alan müzakirələr milli şüurun inkişafına, demokratik ideyaların yayılmasına təsirsiz qalmırdı.
   
   XX əsrin əvvəllərində artıq dövlət qura (və idarə edə!) biləcək Azərbaycan ziyalıları - dövlət adamları yetişmişdilər ki, onların içərisində Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov... kimi Azərbaycan xalqının tarixində böyük rol oynamış insanlar vardı. Və onlar xalqın milli birlik, müstəqillik uğrunda mübarizəsinə öndərlik etmək gücünə, imkanlarına malik idilər.
   
   Azərbaycan xalqının milli dövlətçilik ideallarının əzəməti bir də onda idi ki, ümummilli xarakter daşıyırdı. Neft sənayesinin inkişafı nəticəsində Azərbaycanın hər yerindən, xüsusilə xalqın əksəriyyətinin məskunlaşdığı Cənubi Azərbaycandan Bakıya axışan kütlələr eyni zamanda bir millətin ictimai- siyasi (və ideoloji!) potensialını təşkil edirdilər. Onların çoxu Bakıda qalsalar da, gəldikləri yerlərlə əlaqələri vardı... Və beləliklə, ümummilli ideallar uğrunda mübarizədə bütün xalq təmsil olunurdu.
   
   Ona görə də Azərbaycanın Şimalında meydana çıxmış müstəqil və ya yarımmüstəqil dövlətlərin yalnız Şimali azərbaycanlılara mənsub olduğunu iddia etmək doğru olmazdı. Və eləcə də Cənubi Azərbaycanda XX əsrin əvvəllərindən etibarən güclənən milli hərəkatın "müəllif"inin yalnız Cənubi azərbaycanlılar olduğunu demək yanlışdır. Təsadüfi deyildi ki, əslən Şirvandan olan böyük Mirzə Ələkbər Sabir Səttarxanın İrandakı inqilabına "bir ordu qədər xidmət etmişdi" (Abbas Səhhət).
   
   3. Azərbaycan Xalq Cümhuriyyəti.
   
   Və Azərbaycan xalqının milli dövlətçilik idealları.
   
   Azərbaycan Xalq Cümhuriyyətinin meydana çıxması ilə Azərbaycan xalqı müasir (milli demokratik!) dövlət qurmaq istedadını (və imkanlarını!) nümayiş etdirirdi. Ancaq bu həm də ümummilli səviyyədə imkan məhdudluğunun və ya imkansızlığın təzahürü idi. Belə ki, böyük bir coğrafiyanı əhatə edən Azərbaycan xalqı öz "təyini- müqəddərat"ını yalnız Cənubi Qafqazda - Rusiya Azərbaycanında həyata keçirirdi.
   
   Cənubi Azərbaycanda - İran Azərbaycanında ardıcıl olaraq baş qaldıran milli hərəkatlar isə ən müxtəlif səbəblərdən elə həmin ardıcıllıqla da boğulurdu.
   
   Azərbaycan Xalq Cümhuriyyəti 1918- dən 1920- yə qədər yaşadı. Və Cümhuriyyət liderlərinin sonralar mühacirətdə qeyd etdikləri kimi, az yaşasa da, xalqa milli azadlığın nə demək olduğunu göstərdi... Cümhuriyyətin süqutundan sonra Azərbaycan yarımmüstəqil bir respublika şəklində yenicə yaranmış Sovetlər Birliyinin tərkibinə daxil oldu... Müstəqilliyə ümidlər nəinki söndü, yeni tarixi şəraitin tələblərinə uyğun bir şəkildə yenidən alovlanmağa başladı. Sovetlər dövründə Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti kifayət qədər inkişaf etdi. Rus- sovet ideoloji basqıları nə qədər güclü olsa da, Azərbaycan dünyadan (eləcə də Türk dünyasından!) nə qədər təcrid olunsa da, milli intellektualların, ziyalıların, mütəfəkkirlərin sayəsində Azərbaycan xalqı öz mənəvi bütövlüyünü qoruyub saxladı. II Dünya müharibəsi illərində Azərbaycanın Şimalı ilə Cənubu arasında qısamüddətli yaxınlaşma baş verdi. Bu qısamüddətli yaxınlaşma, əslində, təmas göstərdi ki, Şimalla Cənub bir- birindən nə qədər ayrılsalar da biri- digərinə sarsılmaz milli kodlarla bağlıdır.
   
   (ardı var)

TƏQVİM / ARXİV