adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Azərbaycan xalqının tarixi və ya"tərcümeyi- hal"ı

14800 | 2012-06-26 08:33
(əvvəli ötən sayımızda)
   
   Mənbələr ondan artıq etnosun adını çəkir, ancaq bu adlar, demək olar ki, heç nə demir.
   
   Eramızın ilk əsrlərində Azərbaycana gələn türklər Altaylardan Qərbi Avropaya doğru yürüş edən hunlardan idilər. Onlar Qafqaz dağlarını aşıb Şimaldan Cənuba doğru böyük kütlələr halında hərəkət edərək ölkədə məskunlaşırdılar. Bu proses yüzillər boyu davam etmişdir... Həmin hərəkətin (əslində, hərəkatın!) nə qədər ardıcıl (və güclü!) olduğunu təsəvvür etmək üçün yalnız onu xatırlamaq kifayətdir ki, əvvəl İran, sonra isə ərəb hökmdarları türklərin Şimaldan Cənuba axınlarının qarşısını almaq üçün müxtəlif səddlər, o cümlədən Dərbənd səddini qurmağa məcbur olmuş, ancaq bu təbii- tarixi (passionar) axının qarşısını ala bilməmişlər. Qafqaz dağlarını aşıb keçən hun (get- gedə daha çox qıpçaq) türkləri nə qədər Cənuba ensələr də, onların məskunlaşdıqları əsas coğrafiya Azərbaycanın Şimalı (Albaniya) idi.
   
   Çox keçmədi ki, tanrıçı hun- qıpçaqlar həmin regionda yerli əhaliyə çevrildilər. Ancaq onlar Şərqi Avropadakı - Dəşti- Qıpçaqdakı "əcdadlar"ı ilə əlaqəni üzməmişdilər. Yeni axınlar baş verirdi... Dəşti- Qıpçaqdakı kimi Azərbaycanda da qıpçaqlar tanrıçılığı qorumaqla yanaşı xristianlığı da qəbul etməyə başladılar.
   
   Və bir faktı xüsusi olaraq qeyd etmək lazımdır (bunu dövrün erməni və gürcü mənbələri də göstərir) ki, eramızın I minilliyi ərzində Qafqazın Cənubunda qıpçaq türklərinə qarşı dura biləcək bir ictimai- siyasi qüvvə yox idi. Onların (qıpçaq türklərinin) yaratdıqları birliklər o qədər davamlı olmasa da, regionun bütün əhalisini özlərinin təsiri altına almışdılar. Birincisi ona görə ki, həm sayca çox idilər, həm də Şimaldan gələn axınlar hesabına sayları get- gedə daha da artırdı. İkincisi isə, böyük döyüş təcrübəsinə, möhtəşəm hərbi qüdrətə malik idilər. Nəinki yerli Qafqaz, eləcə də gəlmə İran mənşəli etnoslar, hətta Cənubi Qafqazı zəbt edən sasanilər, ərəblər belə onlarla hesablaşmalı olmuşdular.
   
   Hunların tərkibi də müxtəlif idi, türk dilinin müxtəlif dialektlərində danışırdılar. Mənbələr suvar (sabir), xəzər (kaspi), onoqur, haylandur, kəngər, bulqar və b. tayfaların, yaxud tayfa birliklərinin adını çəkir. Bununla belə aparıcı mövqeydə məhz qıpçaq türkləri dayanırdılar. Onlar mənbələrdə adı çəkilən müxtəlif türk tayfalarını, yaxud tayfa birliklərini (əslində onların qalıqlarını) öz idarəçilikləri altında birləşdirərək VI- VII əsrlərdə Cənubi Qafqazda tam hakim oldular.
   
   Eramızın ilk əsrlərində Qafqazın Cənubunda məskunlaşan türklərin əsas rəqiblərindən biri, bəlkə də, birincisi yunanlar idi. Anadolunu bütünlüklə zəbt etmiş yunanlar Qafqazı da nəzarət altında saxlamağa cəhd edirdilər. Xüsusilə xristianlığın yayılmasından sonra yunanların Qafqaz- Kiçik Asiyadakı mövqeləri güclənmişdi. Bununla belə əvvəl sasanilərin, sonra isə ərəblərin Cənubi Qafqaza hərbi- siyasi müdaxilələri yunanlara- Bizansa Anadoludan Şərqə doğru genişlənməyə qəti şəkildə mane oldu. Bu müdaxilə- hücumların bir mühüm təsiri də ondan ibarət idi ki, əvvəl Qafqaz, sonra isə İran etnosları yaşayış üçün o qədər də münasib olmayan dağlara, dənizsahili yarımsəhralara sıxışdırıldılar. Qıpçaq türkləri isə ümumtürk yaşam texnologiyalarına uyğun olaraq dağətəyi yerlərdə, yaxud çöllərdə məskunlaşırdılar. Bunu müasir Azərbaycanın etnik mənzərəsi də göstərir.
   
   Azərbaycanın Şimalında (Cənubi Qafqazda) daha çox məskunlaşan hun türklərinin xüsusilə ilk orta əsrlərdə böyük kütlələrlə Azərbaycanın Cənubuna (tarixi Azərbaycana) köçürülməsi faktını mənbələr təsdiq edir.
   
   Beləliklə, hun- qıpçaq türklərinin Qafqaza (oradan da daha cənuba) axını ilə Azərbaycanın türkləşməsinin (və Azərbaycan xalqının təşəkkülünün!) əsası qoyulur.
   
   3. Qıpçaqlar.
   
   Oğuz- səlcuqlar. Və Azərbaycan.
   
   Eramızın ilk əsrlərindən başlayaraq Azərbaycanda məskunlaşan türklərin (qıpçaqların) etnocoğrafi mövqeyini IX- XI əsrlərdə tədricən intensivləşən oğuz- səlcuq yürüşləri möhkəmləndirir. Mərkəzi Asiyadan başlayıb Xəzərin Cənubundan keçməklə Anadoluya doğru istiqamətlənən (və orta əsrlərin sonlarına qədər mərhələlərlə davam edən ) bu yürüşlər, hun- qıpçaq axınlarından fərqli olaraq, daha çox hərbi- siyasi xarakter daşıyırdı.
   
   Qıpçaqların mədəniyyəti daha çox şifahi yaradıcılığa, köçəri həyat tərzinə əsaslandığı halda oğuzların mədəniyyətində yazı, oturaqlıq, şəhər həyatı daha üstün olmuşdur.
   
   Və bir fərq də ondan ibarət idi ki, oğuz- səlcuqlar artıq islam dinini qəbul etmiş, yaxşı təşkilatlanmışdılar. Onların saraylarında türk dili ilə yanaşı fars, ərəb dilləri də böyük nüfuza malik idi. Çünki oğuz- səlcuq əsilzadələri özlərini yalnız türk kimi deyil, həm ərəb, həm fars, həm də bir türk kimi hiss edir, yəni bütövlükdə müsəlman dünyasının övlad- varisləri sayırdılar.
   
   Azərbaycanda Atabəylər dövlətini yaradan oğuz- səlcuqlar tədricən Anadoluya- Bizansa öz passionar güclərini göstərməyə başladılar. Və XI- XIII əsrlərdə böyük bir ərazini zəbt edərək dövlətlərini qurdular. Anadolunun (nəticə etibarilə, İstanbulun) fəthi XIII əsrdən sonra- osmanlılar dövründə də davam etdi.
   
   Azərbaycanda (eləcə də Şərqi Anadoluda) oğuz- səlcuqların tarixi missiyasını əks etdirən ən mühüm tarixi- ədəbi mənbə "Dədə Qorqud" eposudur. Epos Azərbaycanın (və Şərqi Anadolunun) türkləşməsinin ikinci dövrünü olduqca aydın detal və təfərrüatlarla təqdim edir. Maraqlıdır ki, regiona yürüş edən oğuzların qarşısında artıq yerli əhaliyə çevrilmiş qeyri- müsəlman (kafir) qıpçaq türklərini, daha uzaqlarda (Qərbdə) isə yunanları görürük ki, bu da regionun etnik tərkibi barədə obyektiv təsəvvür yaradır.
   
   Odur ki, erməni, eləcə də gürcü mənbələrinin IX- XI əsrlərdə - I minilliyin sonu II minilliyin əvvəllərində erməni və ya gürcülərin Qafqazın Cənubunda hansısa ciddi etnik- siyasi hadisə olmaları barədəki məlumatları böyük şübhə doğurur. Və xristian missionerliyinin gələcəyə- təbliğata hesablanmış xəyalpərəst iddialarından başqa bir şey deyildir.
   
   Oğuz- səlcuq türklərinin Azərbaycanın həm Cənubunda, həm də Şimalında yayılması əhəmiyyətli bir maneə ilə qarşılaşmır. Artıq qeyd etdiyimiz kimi, yalnız Şimalda qıpçaq türklərinin o qədər də davamlı olmayan müqavimətindən danışmaq olar... Bununla belə nəzərə almaq lazımdır ki, oğuz- səlcuq yürüşlərinin əsas istiqaməti Qərbə- Anadolunun içərilərinə doğru olduğundan nə Cənub- Qərb, nə də Şimal Qərb istiqamətləri strateji əhəmiyyət kəsb etmirdi.
   
   Azərbaycanda məskunlaşan (və Azərbaycan xalqının formalaşmasını təmin edən!) oğuz- səlcuqlar arxasınca regiona əsasən oğuzların, müəyyən qədər isə digər türk etnoslarının axınları XVI əsrə qədər davam etdi. Monqol- tatarların, Əmir Teymurun, Qaraqoyunluların və Ağqoyunluların yürüşləri formalaşmaqda olan Azərbaycan xalqının etnik tərkibini (potensialını!) gücləndirdi. Və eramızın ilk əsrlərindən başlayan proses orta əsrlərin sonu yeni dövrün əvvəllərinə qədər kəsilmədən davam etdi.
   
   Oğuz- səlcuq yürüşləri XIII əsrdən başlayaraq Anadoluda - Kiçik Asiya yarımadasında (sonralar isə Balkanlarda) digər bir oğuz- türk xalqının - Osmanlıların (nəticə etibarilə, Türkiyə türklərinin) əsasını qoydu.
   
   Biri digərinə çox yaxın olan türkmənlər, Azərbaycan və Türkiyə türklərinin etnik- coğrafi əsasları müxtəlif dövrlərdə qoyulsa da, onların müstəqil bir xalq kimi formalaşması, demək olar ki, eyni dövrə - XVI- XVII əsrlərə təsadüf edir. Əsasları eyni "etnik material"dan olan müasir türkmən, Azərbaycan və türk xalqlarının orta əsrlərin sonlarına doğru müstəqil xalqlar kimi meydana çıxmalarının etnik- coğrafi, siyasi, dini və s. səbəbləri vardır ki, bunlar bir kompleks halında oğuz türklərinin həmin xalqlara bölünməsini şərtləndirmişdir.
   
   Azərbaycan xalqının təşəkkül- formalaşma prosesinin başa çatması Qaraqoyunlu, Ağqoyunlu və xüsusilə Səfəvilər dövlətlərinin qurulması ilə eyni dövrə düşür. Bu, təsadüfi deyil. O mənada ki, bunlar biri digərini şərtləndirən hadisələrdir... Xalqın təşəkkül- formalaşması milli dövlətin qurulması ehtiyacını doğurur, milli dövlətin qurulması isə xalqın formalaşmasını ( mütəşəkkilliyini!) təmin edir.
   
   XVI əsrin ilk illərində meydana çıxan Səfəvilər dövləti türk dövlətçilik ənənələrinə əsaslanırdı. Və Qaraqoyunlularla Ağqoyunluların birbaşa davamı idi... I Şah İsmayılın qurduğu bu möhtəşəm dövlət Azərbaycanın (və Azərbaycan xalqının) sərhədlərini müəyyənləşdirdi. Səfəvilərin Azərbaycan xalqının "tərcümeyi- halı"ındakı yerini təsəvvür etmək üçün yalnız o faktı xatırlatmaq kifayətdir ki, nə Səfəvilərə qədər, nə də Səfəvilərdən sonra Azərbaycanı (və Azərbaycan xalqını) bu qədər genişliyi (və bütövlüyü, tamlığı!..) ilə özündə birləşdirən bir dövlət olmamışdır.
   
   Mərkəzi Təbriz olan Azərbaycan Səfəvilər dövləti, çox təəssüf ki, xalqın tarixinin ən həssas dövründə - XVII əsrin əvvəllərində öz milli xarakterini itirib iranlaşdı... XVIII əsrdə Nadir şahın Azərbaycan dövlətinin təbii- tarixi hüdudlarını "yenidən müəyyənləşdirmək" cəhdi də nəticə etibarilə, uğursuz oldu.
   
   ***
   
   Azərbaycan xalqının təxminən min beş yüz illik təşəkkül- formalaşma tarixini biri digərinin bilavasitə davamı olan aşağıdakı dövrlərə bölmək mümkündür:
   
   1) hun- qıpçaq türklərinin məskunlaşması dövrü (eramızın ilk əsrlərindən I minilliyin sonu II minilliyin əvvəllərinə qədər);
   
   2) oğuz- səlcuq türklərinin məskunlaşması dövrü (I minilliyin sonu II minilliyin əvvəllərindən orta əsrlərin sonu yeni dövrün əvvəllərinə qədər).
   
   Bununla belə nəzərə almaq lazımdır ki, birinci dövr Azərbaycanın türkləşməsinin başlanğıcı olsa da, Azərbaycan xalqının təşəkkül- formalaşma prosesində əsas rolu ikinci dövr oynayır. Yəni yerli hun- qıpçaqlarla (və bir sıra qeyri- türk mənşəli yerli, eləcə də gəlmə etnoslarla) qaynayıb qarışan oğuz- səlcuqlar yeni bir "super- etnos" yaradırlar.
   
   Beləliklə, Azərbaycan xalqının eramızın ilk əsrlərindən başlayan təşəkkül- formalaşma tarixi orta əsrlərin sonu yeni dövrün əvvəllərində - XVI- XVII əsrlərdə başa çatır. Və min beş yüz illik bu uzun dövrdə Azərbaycan xalqı öz etnik coğrafiyasını müəyyənləşdirir, milli dövlətlərini qurur və ya milli dövlətçilik mədəniyyətini (modelini!) yaradır, Təbriz, Naxçıvan, Gəncə, Şamaxı, Bakı kimi onlarla dünyaca məşhur şəhərlərini salıb düşmənlərdən müdafiə edir, Xətib Təbrizi, Bəhmənyar, Nizami Gəncəvi, Nəsrəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi böyük mütəfəkkirlərini yetişdirir. Ən mühüm yaradıcılıq hadisəsi isə odur ki, xalq özünün şah əsərini - "Dədə Qorqud" eposunu yaradaraq dilinin, ruhunun, coğrafiyasının, etnik tarixinin mənzərəsini, bütövlükdə özünü (kimliyini!) təqdim edir.
   
   II. Azərbaycan xalqının milli azadlıq (müstəqillik) uğrunda mübarizəsi.
   
   Azərbaycan xalqının tarixində milli azadlıq (müstəqillik) uğrunda mübarizəni şərtləndirən birinci cəhət, heç şübhəsiz, onun (xalqın!) mükəmməl bir təşəkkül- formalaşma prosesindən keçib gəlməsi olmuşdur. Kifayət qədər geniş (və hər cəhətdən məhsuldar) coğrafiyanı əhatə edən, müasir (və proqressiv!) mənəvi- mədəni (və dini!) dünyagörüşə sahib, qədim dövlət quruculuğu ənənəsinə malik bir xalqın müstəqil (bütöv!) dövlətinin olmaması faciəvi bir paradoks idi.
   
   Bunun ən azı üç səbəbi vardı:
   
   1) türk dövlətləri arasında rəqabət mövcud idi;
   
   2) müsəlman birliyinin mərkəzləşdirici təsiri özünü göstərirdi;
   
   3) və regionda etnosiyasi münaqişələr dayanmırdı.
   
   Azərbaycan Səfəvilər dövləti Azərbaycan xalqının təşəkkül- formalaşma dövrünün hadisəsi idi. Və xalqın milli dövlət quruculuğu istedadının təzahürü kimi meydana çıxmışdı... Ancaq çox keçmədi ki, milli məzmununu itirib farslaşdı. Azərbaycan ərazisində biri digərindən az və ya çox dərəcədə asılı olan, bununla belə hər biri müstəqilliyə can atan kiçik dövlətlər - xanlıqlar əmələ gəldi ki, onları mərkəzləşdirəcək bir milli siyasi gücün olmaması ölkəni həmişə xarici müdaxilələr qarşısında, demək olar ki, müdafiəsiz qoyurdu.
   
   Beləliklə, yenicə təşəkkül tapmış- formalaşmış, böyük bir milli mənəvi enerji ilə tarix meydanına çıxmış xalqın mərkəzi hakimiyyəti olmadığından onun ərazisi İran və Osmanlı dövlətləri arasında müharibə meydanına çevrilmiş, əhalinin taleyi isə müdaxiləçilərin ümidinə buraxılmışdı.
   
   (ardı var)

TƏQVİM / ARXİV