adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

OTUZ YAŞINDA "DOğULAN" YAZIçI...

BABƏK YUSİFOĞLU
44037 | 2012-06-26 08:33
İnsanlar həmişə azadlığa can atıblar. Həyatın nə olduğunu dərk edər-etməz daim çalışıblar ki, istədiklərinə, arzuladıqlarına sahiblənsinlər, kimsə onların üzərində diqtə etməsin. Və çox qəribə də olsa onu qeyd edim ki, insan oğlu nail olduğu, ola bilmədiyi azadlığın sərhədlərini heç vaxt özü üçün müəyyənləşdirə bilməyib. Hər dəfə də yenisi, daha yenisi yaranıb. Yəqin ki, bütün bunlar insan xislətinin özəyində qərarlaşmış bir genetik koddur. Hətta ən iddiasız, ən tərk-dünyaçı şəxslərin də daxilində kiçik, zahirən görünməyən, gizli azadlıq arzuları var. Sadəcə, xarakterlərə, yaşam tərzinə, dünya görüşə, təsəvvürlərə və fantaziyalara görə azadlıq istəkləri mahiyyətcə fərqli, müxtəlif olur. Adını unutduğum bir mütəfəkkirin nə vaxtsa azadlıq haqqında belə bir fikrini oxumuşdum: "hər kəsin arzuları onun azadlığı boydadır"...
   
   Əslində bu fikrə fərqli münasibətlər də çoxdur. Və bəlkə də onları sadalamaqla bitirmək də olmaz. Lakin əsərlərini sevə-sevə oxuduğum bir yazıçının, daha dəqiq desəm dünya nəsrinin ən tanınmış isimlərindən olan Erix Mariya Remarkın insanın azadlığı ilə bağlı həmişə dediyi bir fikri digərlərindən daha çox fərqli hesab etmişəm. Remark deyirdi: "Azad yalnız o adamdır ki, uğrunda yaşadığı hər bir şeyi itirib". Bəli, o, azadlığı tamam fərqli görürdü. Və mənə elə gəlir ki, əslində məhz belə fərqliliklər insanların müxtəlif cür, rəngarəng həyat yolu seçməsində əsas rollardan birini oynayır. Məncə Remarkın özü də azad olduğu qədər yazıb-yarada bilmişdi. Və unutmaq olmaz ki, o, başqalarından daha çox azad insan idi... Belə olmasaydı dünyaca məşhur əsərləri yarada bilməzdi...
   
   (Əvvəli qəzetin 19 iyun sayında)
   
   Erix Mariya Remark ölkəni tərk etmək məcburiyyətində qaldı. Və məhz bu zaman İsveçrədə aldığı mülk onun əsas evinə çevrildi. Amma artıq bu da yazıçını qane etmirdi. Amerikaya getməyi düşünürdü. Onsuz da böyük bir müharibə Avropanın astanasındaydı...
   
   "YENİ DÜNYA"YA
   
   1939-cu illər idi. Onun "Yeni dünya"ya getmək məsələsi artıq həll olunmuşdu. Belə ki, bir müddət sonra yaxın münasibətlərdə olduğu Marlen Ditrixin köməyi ilə Amerikaya getmək üçün viza alaraq tərəddüd etmədən Birləşmiş Ştatlara gəldi. Bir sıra görüşlərdən və toplantılardan sonra yazıçının öncə işgüzar sayılan səfərinin məramı dəyişməyə başladı. İndi o, Avropaya dönməyə lüzum görmürdü. Eyni zamanda Hollivudun kino dünyasının tanınmış simaları yazıçı ilə görüşüb birgə yaradıcılıq planları barədə müzakirələr aparırdılar. Qeyd edim ki, artıq Mariya Remarkı bir yazıçı kimi Amerikada da yaxşı tanıyır, əsərlərini oxuyurdular. Və həmin yaradıcılığa olan böyük maraq Remarkın beş əsərinin ekranlaşdırılmasına gətirib çıxardı. Məhz həmin bədii sanbala görəydi ki, lentlərdə o dövrün ən məşhur aktyorları çəkilirdilər.
   
   Bütün bunlarla yanaşı pullar da sel kimi gəlirdi. Təkcə onu demək kifayətdir ki, "Zəfər tağı" filmi yazıçıya 235 min dollar gəlir gətirdi. Bu da həmin zaman üçün böyük məbləğ sayılırdı. Üstəlik buradakı həyat da çox cəzbedici idi. Və Amerika kimi bir ölkə azadlığı hər şeydən önəmli tutan Erix Mariya üçün çox rahat idi. Remark daimi vətəndaşlıq almaq üçün hökumətə rəsmən müraciət etdi. Amma deyim ki, bütün məşhurluğuna, göstərilən hörmətə rəğmən ona yalnız 1947-ci ildə Birləşmiş Ştatların vətəndaşlığı verildi. Lakin həmin vaxtlar hələ buna 7 il qalırdı...
   
   BACISININ EDAMI
   
   Yazıçının hər şeyin çox yaxşı getdiyini düşünən bir zamanı idi ki, Avropadan - daha dəqiq desəm vətənindən dəhşətli bir xəbər aldı. Bacısı Elfrida Remarkı (Ərə gedəndən sonra Elfrida Şolts) Almaniyada nasistlər həbs etmişdilər. Lakin heç bu da hələ faciənin hamısı deyildi. O, "düşmənin leyhinə təbliğat apararaq ölkənin müdafiə qabiliyyətinə zərbə vurmaqda" ittiham edilərək ölüm cəzasına məhkum olunmuşdu. Və dəhşətin ən böyüyü qabaqda idi. Yəni, 1943-cü ilin 30 oktyabrında "Berlin-Plyetsenze" türməsində Elfrida Remarkın boynu gilyotində vuruldu. Və bu dəhşətli hadisə ümumiyyətlə, ailə üzvlərini çox sevən yazıçıya çox güclü mənəvi-psixoloji zərbə vurdu. Bəzi mənbələr yazıçının həmin faciəni yalnız iki il sonra öyrəndiyini göstərir. Amma gerçəklər gerçək olaraq qalırdı...
   
   Elfridanın edam edilməsi ilə bağlı maraqlı bir məqamı xatırlatmaq yerinə düşər. Belə ki, şahidlərin xatirələrində bildirilir ki, nəticəsi onsuz da bəlli olan məhkəmədə hakim isteza ilə Elfridaya baxaraq belə deyibmiş: "Bədbəxtlikdən sizin qardaşınız bizdən gizlənməyi bacardı, amma siz bunu bacarmayacaqsınız". Taleyin qəribə ironiyası: Təxminən yarım əsrdən sonra Osnabryukun küçələrindən birinə Elfrida Remarkın adı verildi.
   
   Təhqiqatçılara görə, bu hadisədən sarsılan Erix Mariya 1939-cu ildən yazmağa başladığı "Zəfər tağı" romanını tamamlayandan sonra 1945-ci ildə bacısının ölümünə həsr edəcəyi "Həyat işığı" əsərini yazmağa girişdi. Amma... Elə həmin günlərdə də anasının ölümündən sonra atasının evləndiyi qadının - Henriki Balmannın intihar xəbərini aldı. Ümumiyyətlə, Erix Mariyanın həyatda məruz qaldığı mənəvi-psixoloji zərbələr, yaşadığı itkilər, gərginliklər onun səhhətində dərin izlər buraxmışdı. Məhz elə bu nədənlər ucbatından da Remark həyatının müəyyən dövrlərində ağır depressiyalar yaşamışdır.
   
   "ZƏFƏR TAĞI" VƏ...
   
   Mənə elə gəlir ki, müəllifin daxilində zaman-zaman özünü göstərən pessimist əhval-ruhiyyə onun yaradıcılığından yan ötməyib və bütün bunlar özünü bir sıra əsərlərində büruzə verib. Elə "Zəfər tağı"-nda da bunları duymaq mümkündü. Oxucu romanda milliyyətcə alman olan Ravikin Fransaya sığınaraq həyatını necə bədbincəsinə sürdürdüyünün şahidi olur. Əsərin baş qəhrəmanı həkim olsa da ətrafında bir yaxını - dostu, tanışı, daxilini bölüşə bildiyi kimsə yoxdur. Hiss olunur ki, bu bədbinlik təkcə Ravikin tez-tez həyəcan keçirməsi, ətrafında cərəyan edən qorxulu proseslər ilə bağlı deyil və bu daha dərindən gələn bir təzahürdür. Remark yaradıcılığı üçün ən xarakterik xüsusiyyətlərdən biri də onun təhkiyə üsuludur. O, hadisələri qəhrəmanın və ya yazıçının dilindən oxucuya elə çatdırır ki, aydın olmayan bircə hadisə, insan duyğuları belə qalmır. Hər kəs, hər şeyi peşəkar yazıçı təhlili ilə öyrənə bilir. Bir də onun gerçəkçi ədəbi pafosu, orijinal təsvirləri, bədii kinayəsi... onun əsərlərinə təkrarsız çalar gətirib.
   
   Erix Mariyanın "Zəfər tağı" romanı da böyük rəğbətlə qarşılandı. Oxucular yenə müharibə mövzusunda əsərlə tanış olsalar belə həmişəki kimi bu dəfə də təkrarsız bir bədii nümunə ilə qarşılaşmışdılar. "Zəfər tağı" doğrudan da onun yaradıcılığının parlaq nüsxələrindən biridi. Onun kitab variantı ilin axırında Nyu-Yorkun "Eplton-Sençyuri" nəşriyyatında çap edildi. Və əvvəldə qeyd etdiyim kimi, yazıçı həm kitablarının çapından, həm də əsərlərinin ekranlaşdırılmasından o dövr üçün çox böyük məbləğ sayılan qonorarlar alır, lakin bu hesabların xəsisliyini etmirdi.
   
   Remark millətçi-sosializmin qurbanlarına məmnuniyyətlə öz yardımını göstərirdi. Təhqiqatçıları yazır ki, Erix Mariya yazıçı Albert Erenşteynə ömrünün sonunadək maddi yardım göstərmişdir.
   
   Müharibə bitdi. Amma onun yaraları nə Remarkın, nə də onun kimi milyonlarla insanın həyatından, psixologiyasından, xatirələrindən, yaddaşlarından silinib getmədi. Remark bir neçə il əvvəl yazmağa başladığı "Həyat işığı" və "Yaşamaq və ölmək zamanı" romanlarını 1947-ci ilin sonlarına yaxın bitirdi. Remarkın Birləşmiş Ştatlarda işləri və həyatı yaxşı keçsə də, artıq Amerika vətəndaşı olsa da hiss edirdi ki, "qoca qitə", doğma yerlər onu özünə çəkir.
   
   Okeanın o tayındakı 9 illik zamandan sonra yenidən Avropaya döndü. Müharibənin yaralarıyla əlləşən Avropaya. İlk dövrlər müxtəlif ölkələrə səyahət edən Remark Romada Nataşa Braun adlı xanımla tanış olsa da onunla da sevgi münasibətləri təxminən iki ildən artıq sürmədi.
   
   Həmin ərəfədə artıq çox qocalmış atası ilə görüşən Erix Mariya çox az sonra özü ağır şəkildə xəstələndi və həkimlər ona "menyera" xəstəliyi diaqnozu qoydular. Bu xəstəlik Remarkı fiziki cəhətdən üzməklə yanaşı onun sinir sisteminə də pis təsir göstərirdi. Müəyyən məqamlarda müvazinəti pozulmağa başlamış, yenidən tez-tez depressiyaya qapılırdı. Vəziyyəti o həddə qədər pisləşdi ki, Remark Karen Horni adlı psixoanalitikə müraciət etmək məcburiyyətində qaldı.
   
   1950-ci illərdə yazıçının Nataşa Braunla münasibətləri pozuldu. Amma aralarındakı mübahisələr bitmədi. Bir il sonra o, Nyu-Yorka qayıtdı. Məhz həmin dövrlərdə Remark növbəti romanını - "Lissabonda gecə"ni yazdı, eyni zamanda "Cənnətdə kölgələr" əsərinə başladı. Bu illəri onun xəstəlikdən əziyyət çəkdiyi dövr hesab etsək də əslində həmin mərhələni də Erix Mariyanın yaradıcılığının məhsuldar hissəsi saymaq mümkündü. Çünki Remark sadaladığımız əsərlərlə yanaşı "Həyat işığı"nın ungilis dilindəki versiyasını, "Qara obelisk", "Borc həyat" və digər əsərlərini ərsəyə gətirdi. Bunlarla yanaşı o bir neçə ssenarini də tamamlayıb rejissorlara təqdim etdi.
   
   Həmin ərəfədə onun şəxsi həyatında da dəyişikliklər davam edirdi. Braunla əlaqələrini bitirdikdən sonra rəsmən nigahda olduğu İlza Yutta ilə də münasibətlərinə son verdi. Amma qeyd etdiyim kimi, Remark bu qadına olan qeyri-adi duyğularını heç vaxt unutmayıb. Hətta yazıçı ayrılsalar belə Yuttanın həmişəlik maddi cəhətdən təminatını da öz üzərinə götürmüşdü. Qadın onun hesabına ömürlük pensiya ilə təmin edildi. Sonradan İlzanın Monte-Karloya getdiyi söylənir. Erix Mariyanınsa subaylıq həyatı çox da uzun sürmədi. Belə ki, Brenfordda dünyaca məşhur aktyor Çarli Çaplinin keçmiş arvadı Polett Qodarla evləndi və bir neçə ildən sonra onlar daimi yaşamaq üçün İsveçrəyə köçdülər.
   
   SON...
   
   1963-cü ildə Neapolda olarkən Remarkın halı yenidən kəskin şəkildə pisləşdi. Bu dəfə onu ürək tutması ilə həkimə gətirdilər. Uzun müalicədən sonra yazıçının vəziyyəti nisbətən stabilləşdi. Və Remark yaradıcılığında yarımçıq qalmış yazılarının üzərində işlədi, ekran üçün ssenarilər yazdı. Lakin xəstəlik yavaş-yavaş öz işini görməkdəydi.
   
   Həmin hadisədən bir neçə il sonra o, arvadıyla Milana səyahət edərkən ürəyi yenidən pisləşdiyindən təcili olaraq onu klinikaya yerləşdirib intensiv müalicəyə başladılar. Və belə demək mümkünsə, Tanrı bu dəfə də ona yaşamaq imkanı saxladı və o, ayağa qalxa bildi.
   
   Məhz elə həmin illərdi ki, Almaniya Federativ Respublikasının dünyaca məşhur olan böyük yazıçısı Erix Mariya Remarkın zəhmətlərini dəyərləndirməyə qərar vermişdi və o, "Almaniya Federativ Respublikası qarşısında xidmətlərə görə" Ordeni ilə təltif edildi və bir il sonra isə Alman dilçiliyi və poeziyası akademiyasının müxbir üzvü seçdi.
   
   Yazıçı ömrünün son iki qışını arvadı Polett Qodarla Romada yaşadı. Artıq səhhəti ona imkan vermirdi ki, tez-tez səyahətlərdə olsun. Ona görə də gəzməyi xoşlayan Remark axır zamanlar çox nadir hallarda yerini dəyişirdi. 1970-ci ilin yayında yazıçının ürəyində yeni tutmalar baş verdi. Bu dəfə vəziyyəti daha kritik görünürdü. Yazıçını Lokarnoda klinilaya yatırsalar da irəlidə yaxşı nəsə görünmürdü. Həkimlər onu vəziyyətdən çıxarmağa çalışsalar da bütün canlıların vaz keçilməyən qonağı olan əcəl bu böyük yazıçıyla da görüşə gəldi. Dünyanın məşhur söz adamlarından, sevilən müəlliflərindən, çox oxunan yazıçılarından biri Erix Mariya Remark 1970-ci il, 25 sentyabrda gözlərini bu dünyaya əbədi yumdu. Onu elə İsveçrədə Lokarnoda Ronko qəbiristanlığında torpağa tapşırdılar.

TƏQVİM / ARXİV