adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Dar ağacındakı"əsəbi cəfəngiyyat" müəllifi

277611 | 2012-06-23 08:37
Çox adam bilmir ki, Dostoyevskini roman yazmaq sənətinə XVIII əsrdə yazıb-yaratmış, unudulmuş yazıçı Anna Radklif cəlb edib. Anna Radklif Avropa ədəbiyyatında məzmunca yeni olan roman yaratmışdı. Dostoyevskinin valideynləri uzun qış gecələrində ingilis romançısının çoxcildlik epopeyalarını oxuyardılar.
   
   Hələ uşaq ikən oxuyub-yazmağı bilməyən Dostoyevski bu romanları dəhşət içərisində və heyranlıqla dinləyər, sonra da yuxuda qızdırmalı adam kimi sayıqlayardı. Tacir qızı olan anası belə romanları çox xoşlayırdı. Onun heç ağlına gəlməzdi ki, od parçası adlandırdıqları balaca oğlu bu romanların təsiri altında gələcəkdə böyük yazıçı olacaq.
   
    Dostoyevski uşaqlıq illərində açıq üfüqlərdən məhrum idi. Xəstəxana hasarı onu yeniyetmə yaşlarına qədər Rusiyanın təbii mənzərələrindən ayırmışdı. Onun gördükləri ancaq xəstəxanaların qəbul otaqları, palatalar, kiçik cökə xiyabanları idi.
   
   1831-ci ildə onun atası Darovoye adlı bir kəndi satın aldı və ardınca da həmin kəndin qonşuluğundakı Çeremoşna kəndini aldı ki, bu da 500 desyatin sahəsi olan bir ərazi idi. Bir müddət sonra onun malikanəsi yanğına məruz qaldı. Küləkli bir gündə baş vermiş güclü yanğın hər iki kəndi məhv etdi. Sonralar öz malikanələrinə gələn Dostoyevskilər burada yanıb kösöv olmuş dirəklər və bomboş qaralmış yerdən başqa heç nə görmədilər.
   
   Atası Mixail Andreyeviçlə anası Mariya Fyodorovna arasındakı mütəmadi münaqişələr də gələcək yazıçının psixikasına mənfi təsir göstərirdi. Anası 35 yaşında artıq səkkiz uşaq anası idi. O, zəif və xəstə olduğundan dünyasını erkən dəyişib. Dostoyevski atasıyla anası arasında yaşanan ixtilafları özünün yarımçıq qalan "Netoçka Nezvanova" əsərində qələmə alıb.
   
   Anasının ölümü ailənin tamailə dağılmasına gətirib çıxardı. Atası istefaya çıxdı. Uşaqlardan ikisini başqa bir ailə tərbiyə etmək üçün götürdülər. Böyük oğulları isə Baş mühəndislik məktəbində təhsil almaq üçün Peterburqa yollandı. Dostoyevskinin uşaqlıq və yeniyetməlik illəri bu cür başa çatdı.
   
   Yazıçı ömrünün axırlarında həmin dövrü belə xatırlayacaqdı:
   
   "Qardaşımla məni Peterburqdakı mühəndislik məktəbinə aparıb bizim gələcəyimizi korladılar. Məncə, bu, səhv idi."
   
   Gələcək yazıçının hərbi inşaata qətiyyən maraq və həvəsi yox idi. Onun yazıçılığa meyl etməsi atasının hiddətinə səbəb olmuşdu.
   
   1838-ci ildə Dostoyevskinin həyatında öz istedadını qorumaq uğrunda gizli və gərgin mübarizə dövrü başlanır. "Yeniyetmə" romanı özünün gənclik illərinin təsvirindən ibarətdir. Ayrı-ayrı faktlar və hadisələrdə deyil, ümumi psixoloji planda. Tale elə gətirdi ki, o, hərbi mühəndis yox, yazıçı oldu.
   
   Yazıçının atası arvadının ölümündən sonra düşkün bir həyat tərzi keçirirdi. Qız nəvəsi Lyubov Fyodorovna xatirələrində yazır:
   
   "Yay günlərindən birində o, öz malikanəsi Darovoyedən Çeremoşna adlı o biri malikanəsinə yollandı, daha geri qayıtmadı. Sonradan onun cəsədini yolun ortasında tapdılar. Kişini fayton yastığının altında boğmuşdular. Sürücü də yox olmuşdu, atlar da, eyni zamanda kənddən bəzi kəndlilər də yoxa çıxmışdılar. Babamın başqa təhkimli kəndliləri dedilər ki, bu, intiqam almaq hərəkəti idi: qoca öz təhkimli kəndlilərilə çox sərt rəftar edirdi. Nə qədər çox içirdisə, bir o qədər qəzəbli olurdu."
   
   "Karamazov qardaşları"ndakı ata obrazını xatırlayırsınızmı? Yazıçı Fyodor Karamazov obrazını yaradarkən bəlkə də öz atasının simicliyini, qəddarlığını, əyyaşlığını və bu əyyaşlığın övladlarına təlqin etdiyi cismani nifrəti xatırlamışdı. Yazıçı qırx il susaraq bu barədə danışmayıb, amma sonralar bu faktı onun qızı da təsdiqləyirdi.
   
   
   
   Nə zabit,
   
   nə mühəndis oldu
   
   
   
   Dostoyevski 1843-cü ildə yuxarı zabitlik kursunda tam zabitlik kursunu bitirdi. Çar üsul-idarəsi onu onu ağır bir şəraitlə qarşıladı. Yenə də yazıçının gələcəyə bağlı ümidləri sarsıldı. Onu hərbi mühəndis kimi uzaq istehkamlardan birinə ezam etdilər. O isə yazıçılıq üçün doğulmuşdu. Az müddətdən sonra Dostoyevski bütün qüvvəsini yaradıcılıq işinə sərf etmək üçün istefaya çıxır. Onu ərizəsinə əsasən xidmətdən azad edirlər. Bu tarix onun yazıçı bioqrafiyasında həlledici bir məqamdır.
   
   Bu dövrdə Belinski ilə görüş onu daha da ruhlandırdı. Tənqidçi ilə şəxsən tanış olmamışdan xeyli əvvəl yazıçı onun məqalələrini maraqla oxuyurdu. "Bu, mənim ömrümdə ən fərəhli an idi. Mən katorqada bu anı xatırlayanda fərəhlənirdim." Dostoyevski çox illər sonra belə yazırdı. Amma sonra Belinski ilə aralarında qızğın ədəbi mübahisələr yarandı. Onların ədəbi mübahisələri haqqında Dostoyevski özü belə yazırdı: "Mənim baxışlarım Belinskinin baxışlarına qəti surətdə zidd idi." Belinski "Cinayət və cəza"nı "nervıçeski çepuxa" (əsəbi cəfəngiyyat) adlandırmışdı.
   
   Panayevlərgilin evi Peterburq ədəbi həyatının mərkəzlərindən biri idi. Dostoyevskini ilk dəfə bu evə Nekrasov aparıb. Bu evdə bədii əsərlər oxunur, müzakirələr keçirilirdi. Bu ədəbi salon Dostoyevskinin tərcümeyi-halında mühüm bir mərhələ idi.
   
   
   
   "Ölüm cəzasına məhkum edilsin!"
   
   
   
   Sonralar isə yazıçı Petraşevskiçilər cəmiyyətinə qoşuldu. Bu cəmiyyətdə xalqı tezliklə qiyama qaldırmaq şüarları səslənirdi. Dostoyevski utopistlərin köhnə dünyaya hücum taktikası ilə tanış idi. Dostoyevski kəndlilərin azad olunmasını ancaq hakimiyyət orqanlarından gözləməyin tərəfdarı idi. O, üsyana qarşı idi. Elə bu mövqeyi onun həbs edildikdən sonra edam olunmasının qarşısını almışdı.
   
   Onu həbs edib Alekseyev qalasına yolladılar. Yazıçı uzun müddət təkadamlıq kamerada saxlanılıb. Bura ən qorxulu və təhlükəli siyasi dustaqların saxlanıldığı yer idi. O, inkivizitorlar qarşısında məhkum kimi çıxış etsə də sınmır, əyilmirdi. Çünki o, yazıçı idi. Dustaqxana, zindan onun yaradıcılıq ruhunu məhv edə bilməmişdi.
   
   Dostoyevski "provoslav dini və ali hakimiyyətə qarşı yönəldilmiş qərəzli planlarını həyata keçirməyə başlamış gizli cəmiyyətə cinayətkarcasına mənsub olmaqda" ittiham edilirdi. İstintaqda ona çarın öldürülməsi planlarıyla, üsyan və küçə döyüşləriylə bağlı suallar verilirdi. O isə birmənalı şəkildə deyilənləri rədd edirdi.
   
   Dostoyevskiyə ən ağır cəza verilmişdi. "Güllələnmə təriqilə ölüm cəzasına məhkum edilsin."
   
   Dostoyevski iyirmi il keçəndən sonra öz edamını "İdiot"da knyaz Mışkinin bir nəfər tanış -siyasi cani haqqında söylədiyi sözlərlə bu cür xatırlayırdı:
   
   "Ölməsəydim, nə olardı görəsən? Həyatımı mənə yenidən qaytarsaydılar, nə olardı görəsən? -nə böyük intəhasızlıq!"
   
   Beləliklə son mərasim -ölüm qarışısında paltar dəyişdirmə başlandı. Petraşevski vəhşi kimi qəhqəhə çəkirdi. O, hakimiyyətə nifrətini son dəfə bu cür izhar edirdi.
   
   Dostoyevski elə həmin gün yazmışdı: "Üç-üç çağırırdılar, mən ikinci növbədə idim, mənim ömrümə cəmi bircə dəqiqə vaxt qalmışdı. Qardaşım, mənim yadıma sən düşdün, sənin bütün ailən..."
   
   "Atəş" əmri verilməzdən yarım dəqiqə öncə meydana fligel-adyutant daxil oldu və əlindəki bağlı zərfi general Sumarokova təqdim etdi. Auditor cır səslə yeni hökmü oxumağa başladı:
   
   "İstefada olan mühəndis-poruçik Fyodor Dostoyevski istehkamlarda dörd il müddətinə katorqa işinə, sonra isə sıravi soldat göndərilsin."
   
   Bundan sonrakı katorqa həyatını Dostoyevski "Ölü evdən qeydlər" romanında qələmə alıb. Həmin əsəri bu yaxınlarda ilk dəfə oxudum və bir daha inandım ki, insanı zindanda belə sındırmaq mümkün deyil, əgər o, özü sınmaq, əyilmək istəməsə. Dustaqlığın ilk dövrlərində onu əzmək istəsələr də yazıçı öz daxili təmkini və müdrikliyi ilə bütün dustaqların hörmətini qazanır, onlar etdiyi hərəkətə görə utanc hissi keçirirlər.
   
   Dostoyevskinin yazıçılığı haqda heç nə yazmaq istəmirəm. Çünki bu haqda nə mümkündüsə, hamısı deyilib, yazılıb. Dostoyevski dünya romançılığının zirvələrindən biridir. Bundan artıq nə demək, nə yazmaq olar?
   
   Bu yazıda onun həyat yolu haqqında mümkün qədər qısa və müfəssəl yazmaq istədim.

TƏQVİM / ARXİV