adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Azərbaycan xalqının tarixi və ya"tərcümeyi- hal"ı

68311 | 2012-06-23 08:37
Ön söz
   
   
   
   Azərbaycan xalqının hamı üçün anlaşıqlı olan, tarixin ən ümumi konturlarını özündə əks etdirən az- çox mükəmməl bir "tərcümeyi- hal"ının təsəvvürlərdə canlandırılmasına böyük ehtiyac artıq xeyli zamandır ki, özünü göstərməkdədir. Nəinki bir xalqın, hətta bir insanın da "tərcümeyi- hal"ında kifayət qədər mürəkkəb, mübahisəli məqamların olması mümkündür. Ancaq həmin "tərcümeyi- hal"ın, yaxud "tarix"in elə konturları və ya göstəriciləri vardır ki, hər kəs onu qəbul etməyə məcburdur. Məsələn, kiminsə Azərbaycan xalqının məhz türk mənşəli, yəni türklərin tarixən bölünməsindən yaranmış bir xalq olduğuna şübhə etməsi o deməkdir ki, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, hətta Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və Səməd Vurğunun da türk- azərbaycanlı olması şübhə altına alınır... Yaxud ən qədim dövrlərdən etibarən Azərbaycanda məskunlaşmış, tədricən türk kökənli Azərbaycan xalqının tərkibinə daxil olmuş bir sıra Qafqaz və ya İran mənşəli etnosların Azərbaycan xalqının tərkib hissəsi olduğunu inkar etmək, ən azından, xalqların formalaşması tarixinin ən ümumi prinsiplərini bilməmək və ya bilib qəbul etməmək deməkdir. Yəni o deməkdir ki, məsələn, ukraynalılar yalnız slavyanlardan ibarətdir və bu xalqın formalaşmasında başqa etnosların, məsələn, türk etnosunun heç bir rolu olmamışdır.
   
   Hər bir xalq kimi Azərbaycan xalqının təşəkkül- formalaşma tarixi də yüzillər boyu davam etmişdir. Eramızın ilk əsrlərindən başlayan bu proses orta əsrlərin sonu yeni dövrün əvvəllərində, yəni XVI- XVII əsrlərdə başa çatmışdır. Hər hansı xalqın, eləcə də Azərbaycan xalqının təşəkkül- formalaşma tarixinin gedişini (əslində, mahiyyətini!) daha aydın dərk etmək üçün biri digəri ilə bağlı olan diferensiasiya- inteqrasiya (bölünmə- birləşmə) proseslərini həmin tarixin müxtəlif mərhələlərində nəzərə almaq olduqca əhəmiyyətlidir. Bölünmə o deməkdir ki, məsələn, ingilislər german, fransızlar roman, ruslar slavyan birliyinin bölünməsindən yarandıqları kimi azərbaycanlılar da türk birliyinin bölünməsindən yaranmışlar. Ancaq bir daha təkrar edirik ki, bu, bütün hallarda təbii- coğrafi, ictimai- siyasi və s. xarakterli bir sıra məqamlardan asılı olaraq gedən bir prosesdir. Məsələnin mürəkkəbliyini anlamaq üçün yalnız onu təsəvvür etmək kifayətdir ki, türk etnosunun oğuz, qıpçaq və karluqlara bölünməsi ilə yanaşı, gələcək türk xalqlarının əsasını təşkil edəcək tayfa və ya tayfa birliklərinə bölünməsi prosesi də gedir. Ona görə də, məsələn, Azərbaycan xalqının oğuz mənşəli olması o demək deyil ki, onun tərkibində qıpçaq və ya karluq tayfalarının; yaxud özbək xalqının karluq mənşəli olması o demək deyil ki, onun tərkibində oğuz və ya qıpçaq tayfalarının izləri mövcud deyil.
   
   Birləşmə prosesi daha mürəkkəbdir. Belə ki, bölünmə olduqca dərinləşə, "mərkəzdən qaçma" inersiyası olduqca geniş miqyas ala bilir. Və bunun nəticəsində, birləşmənin hətta eyni etnosa aid tayfalara münasibətdə belə kifayət qədər qarışıq mənzərəsi meydana çıxır. Hər bir türk xalqının tərkibində az və ya çox dərəcədə bütün əsas türk tayfalarının iştirakı mümkün olduğu kimi, hətta bölünmə və ya birləşmə prosesinin əsasən başa çatdığını, müstəqil türk xalqlarının formalaşdığını iddia etdiyimiz bizim günlərdə belə bu və ya digər türk xalqına aid edilməsi mübahisə doğuran türk tayfaları mövcuddur. Məsələn, qarapapaq, avşar (əfşar), bayat, qacar, türkman kimi bir sıra tayfalar Azərbaycan xalqının həm üzvü tərkib hissəsidirlər, həm də etnik müstəqillik iddiasındadırlar... Türk mənşəli olmayıb, özünü həm türk xalqlarından hər hansı birinin tərkib hissəsi sayan, həm də etnik müstəqilliyini iddia edən etnoslara gəldikdə isə, bu da tamamilə təbiidir.
   
   Ancaq biz ikinci, üçüncü və ya dördüncü dərəcəli məsələlərə xüsusi diqqət yetirməyəcəyik. Çalışacağıq ki, Azərbaycan xalqının tarixini - "tərcümeyi- hal"ını ən ümumi, ən mühüm konturları, göstəriciləri ilə nəzərdən keçirək.
   
   
   
   I. Azərbaycan
   
   xalqının təşəkkülü
   
   
   
   Azərbaycan xalqı dünyanın böyük bir coğrafiyasını əhatə edən türk xalqlarından biridir. Odur ki, Azərbaycan xalqının təşəkkülü tarixi türk etnosunun bölünməsi tarixinin üzvü tərkib hissəsidir. Və ona görə də bəzi tarixçilərin bu "tarix"ləri bir- birindən təcrid olunmuş şəkildə öyrənilməsinə cəhd etmələri, hətta daha "irəli" gedərək türkləri Azərbaycan tarixinin "qonağı" səviyyəsinə endirəcək bir "metodologiya" işləyib hazırlamağa çalışmaları yalnız təəssüf doğurur.
   
   Ümumiyyətlə, xalqın təşəkkülü üçün üç şərt vacibdir:
   
   1) etnik potensial;
   
   2) münbit coğrafiya, yaxud ərazi;
   
   3) sosial- siyasi təşkilatlanma imkanı.
   
   Azərbaycan xalqının etnik potensialını, yaxud əsaslarını türk mənbəyi müəyyən (təmin!) etmişdir. Coğrafi, yaxud ərazi təminatına gəldikdə isə buraya zaman- zaman məskunlaşmış Cənubi Qafqaz, tarixi Azərbaycan (Şimali İran) və Şərqi Anadolu daxildir. Qədim dövrlərdən kifayət qədər canlı, qaynar həyat yaşayan bu coğrafiyada uzun zaman davam edəcək sosial- siyasi birliklər qurmaq həmişə çətin olmuşdur. Regionun müasir etnik- kulturoloji mənzərəsi də göstərir ki, buraya tarix boyu müxtəlif etnoslar, biri digərindən kəskin şəkildə fərqlənən dinlər, dünyagörüşlər, mədəniyyətlər ardıcıl müdaxilə etmişdir.
   
   Türk etnosunun bölünməsi prosesinin yüzillər boyu davam etməsi, coğrafiyanın genişliyi, etnik- siyasi hadisələrlə zənginliyi Azərbaycan xalqının təşəkkül- formalaşma prosesinə ciddi (həlledici!) təsir göstərmişdir. Belə ki,
   
   a) eramızın ilk əsrlərindən başlayan proses xeyli uzanmış, orta əsrlərin sonu yeni dövrün əvvəllərinə (XVI- XVII əsrlərə) qədər davam etmişdir;
   
   b) coğrafiyadan kənara az- çox diqqəti cəlb edəcək köçlər olmadığı halda, coğrafiyaya ardıcıl (intensiv!) köçüb məskunlaşmalar olmuşdur;
   
   c) xalqın mütəşəkkilliyini təmin etməli olan sosial- siyasi, eləcə də mənəvi- ideoloji güc mərkəzləri tez- tez dəyişdiyindən həmişə natamamlıq kompleksi özünü göstərmişdir və s.
   
   "Azərbaycan" toponimi yunan mənşəli "Atropatena"dan törəmişdir. İran mənbələrində "Adurbadaqan" şəklində olan bu söz ərəb- müsəlman tələffüzündə "Azərbaycan"a çevrilmişdir. "Atropatın ölkəsi"ndən "Odlar yurdu"na qədər mənasını dəyişmiş "Azərbaycan"ı Azərbaycan türkləri məzmunca genişləndirərək bütöv Azərbaycanın (və onun xalqının!) adı səviyyəsinə yüksəltmişlər.
   
   1. Türklər. Onların bölünməsi.
   
   Və yenidən bölünməsi.
   
   Türklərin az- çox müstəqil bir etnos olaraq meydana çıxması eramızdan əvvəl IV minilliyin sonu III minilliyin əvvəllərinə aiddir. Həmin dövrə qədər türklər neçə min illər monqollar və tunqus- mancurlarla Altay birliyinin tərkibində olmuşlar.
   
   Zəngin mifoloji dünyagörüşü əsasında Tanrıçılığa (tək Tanrı təsəvvürünə) qədər gəlib çıxan türklərin ata yurdu Mərkəzi Asiyadakı Tanrı dağlarının ətəkləri idi. Onlar tədricən Cənuba, Qərbə və Cənub- Qərbə doğru münbit çöllərə yayılmağa başladılar. Türk axınları xüsusilə eramızın ilk əsrlərində özünü daha ardıcıl, daha məhsuldar və Asiya, eləcə də Avropa xalqlarının tarixinə həlledici təsirlərlə göstərməyə başladı. Doğrudur, bir sıra tarixçilər türklərin hələ daha qədim dövrlərdə Qərbə - Afinaya, Romaya yürüşləri, burada məskunlaşmaları barədə danışırlar. Eləcə də "tarixin başlandığı" qədim Şumerdə türk izlərinin mövcudluğu çox az mütəxəssislərdə şübhə doğurur... Ancaq bu "hadisələr" o qədər qədimdə qalmışdır ki, müasir xalqların keçmişini təsəvvür etmək üçün bu və ya digər dərəcədə mübahisəsiz qəbul edilə biləcək çox az şey verir.
   
   Qərbə axın edən türklər (hunlar) qədim dövrün sonu orta əsrlər dövrünün əvvəllərində artıq Şərqi Avropanı məskunlaşdırmışdılar. Onların "barbar" adlandırılan german və slavyanlarla ittifaqı Roma imperiyasına son qoyub qocalmış Avropanı cavanlaşdırdı. Xristianlıq və onun təbliğ etdiyi mədəniyyət maneəsiz yayılmağa başladı. Attilanın hökmdarlıq elədiyi illərdə həmin proses daha sürətlə gedərək türklərin dünya tarixindəki proqressiv rolunu təsbit etdi.
   
   Bu gün nəinki Şərqi, eləcə də Qərbi Avropanın bir sıra xalqlarının etnik tərkibində türklərin danılmaz izləri vardır. Onu da nəzərə almaq lazımdır ki, türklərin Qərbi Avropaya axınları heç zaman dayanmamış, orta əsrlərin sonlarına qədər davam etmişdir.
   
   Altay dağlarının ətəklərindən tədricən Cənuba, Qərbə və Cənub- Qərbə yayılan türklər IX- XI əsrlərdə üç böyük tayfa ittifaqına, yaxud etnocoğrafi birliyə bölünürlər:
   
   1) oğuzlar,
   
   2) qıpçaqlar,
   
   3) karluqlar.
   
   Bu, türklərin ilk bölünməsi idi ki, həmin bölünmə təxminən min illik bir tarixə malik idi.
   
   Mərkəzi Asiya - Altay dağları çıxış nöqtəsi kimi alınarsa, oğuzlar Cənub- Qərb, qıpçaqlar Şimal- Qərb istiqamətində xeyli uzaqlara gedib çıxmış, karluqlar isə Cənuba doğru yayılmışlar. Türklərin oğuz, qıpçaq və karluq tayfalarına bölünməsi ilə yanaşı, yəni həmin bölünmə hələ başa çatmamış bu tayfalar daxilində də bölünmə prosesi başlanmışdır ki, haqqında söhbət gedən proses orta əsrlərin sonlarına qədər davam etmişdir.
   
   Beləliklə, IX- XI əsrlər türklərin tarixində elə bir dövrdür ki, həm ilkin bölünmə başa çatır, həm də ikinci bölünmənin konturları müəyyənləşir. Yəni bir tərəfdən oğuzlar, qıpçaqlar və karluqlar var, digər tərəfdən müasir türk xalqlarının "rüşeymlər"i görünür.
   
   Oğuzlar, əsasən, türkmənlərə, Azərbaycan və Anadolu türklərinə,.. qıpçaqlar Altay, qırğız, qazax, tatar və başqırdlara,.. karluqlar isə özbəklərə və uyğurlara bölünürlər. Bununla belə türklər Altay birliyindən ayrılarkən bəzi ümumi cəhətləri saxladıqları kimi türk xalqları da ümumtürk xüsusiyyətlərini mühafizə etməkdə davam edirlər.
   
   Və beləliklə, Azərbaycan xalqı, əsasən, oğuz türklərinə aid olsa da, ümumtürk (və ümumaltay!) etnik- mədəni kodunun daşıyıcısıdır.
   
   2. Azərbaycanın türkləşməsi.
   
   Və Azərbaycan xalqının təşəkkülünün başlanması.
   
    Azərbaycanın qədim etnik mənzərəsi barədə, demək olar ki, məlumat yoxdur. Və Azərbaycan tarixşünaslığında Aratta, Manna, Midiya, Atropatena, Albaniya kimi çox səslənən adlar həmin dövrlərdə ölkədə hansı etnosların məskunlaşdığı barədə, təəssüf ki, heç nə demir. Tarixçilər qədim Azərbaycanda Qafqaz, İran və ya türk etnoslarının mövcudluğu barədə təxminən eyni müvəffəqiyyətlə (yaxud müvəffəqiyyətsizliklə!) danışa bilərlər... Ona görə də bütün mübahisələri "tarixəqədərki dövr"də qoyub tarixi gerçəklikdən - Azərbaycanın türkləşməsindən danışmaq daha münasib olardı.
   
   "Tarixəqədərki dövr" dedikdə Azərbaycan tarixinin bizim eranın hüduduna qədər gəlib çıxan ( və kifayət qədər zəngin!) tarixini nəzərdə tuturuq ki, milyon illəri əhatə edir. Azərbaycanın qədim mədəniyyətinin xronologiyasını nəzərdən keçirsək burada insan əməyinin, zəkasının çox- çox qədimlərdən geniş tətbiqinin aydın görünən izlərinə rast gəlirik. Azıx mağarası, Qobustan, Gəmiqaya yazılı daşları, ümumiyyətlə Azərbaycanın həm Şimalında, həm də Cənubunda aşkar olunmuş çoxlu sayda qədim (ən qədim!) yaşayış məskənləri sübut edir ki, Azərbaycan dünyanın antropogenez, yəni insan yaranan regionlarından biridir. "Tarixəqədərki dövr"ün son minillikləri isə ölkədə hətta qədim şəhər mədəniyyətinin mövcudluğunu təsdiq edən faktlarla zəngindir.
   
   
   
   (ardı var)

TƏQVİM / ARXİV