adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Şeytanın üsyanı!

FƏRHAD ŞABANOV
18704 | 2012-06-23 08:37
Türkiyədə müxtəlif etnik qruplar yaşayır. Türkiyə coğrafiyası fərqlidir. Yəni ki, Azərbaycanda 9 iqlim varsa - tədris kitablarımız belə deyir - onda Türkiyədə 99 iqlim var. Həm bu coğrafi müxtəliflik, həm də etnik fərqlilik insanların dini inanclarında da öz əksini tapır. Oturaq xalq islam dininin bir məzhəbinə qulluq edir, köçəri xalq bir başqasına. (Əlbəttə ki, köçərilik termini tarixdə qaldı ancaq mövzunu anlamamız baxımından vurğulamaq lazımdır.) Yəni ki, insanlar rahat olduqları formada ibadət edirlər. Daha da açsaq, şəhərdəki 16 mərtəbəli binanın 13-cü mərtəbəsində yaşayan müsəlmanın qəbul etdiyi məzhəbdə bədəndən qan axması dəstəmazı pozur. Bu müsəlman üçün bu qaydanı qorumaq çox asandır. Ancaq kənddə-kəsəkdə yaşayan bir müsəlmanın şəraiti bədənin zərər görməsi və nəticəsində qan axması baxımından daha "əlverişlidir". Buna görə də onun məzhəbində belə bir qayda var ki, bədəndən qan axması dəstəmazı pozmur. Qısacası, insanlar necə ibadət edəcəklərini özləri seçir.
   
   Türkiyə əhalisinin hamısı müsəlman deyil. Türkiyədə yaşayan rumlar və ermənilər var, onlar xristiyandır. Anadolunun bir qismində aləvilər var. Bundan başqa musəvilər var. Ancaq əhalinin əksəriyyəti müsəlmandır. Daha doğrusu, İslamın sünni məzhəbi. Bəs burdakı insanlar öz dini etiqadlarını normal formada yerinə yetirə bilirmi? Ya da bunun üçün şərait yaradılırmı?
   
   Türkiyə ilə Azərbaycan arasında dövlətlə din arasındakı münasibət baxımından fərqlər var. Bunu həm konstitusiyalara baxaraq, həm də dövlət qürumlarına baxaraq müəyyən etmək olar. Məsələn;
   
   Azərbaycan Respublikasının Konstitusiyasında bildirilir ki, "Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır."
   
   Türkiyədə isə fərqlidir. Din dövlətin kontrolundadır. Atatürk Türkiyə Cümhuriyyətini qurduqdan sonra İslam Xilafətini ortadan qaldırdı. Bunu edərkən ölkə içində çox ciddi üsyanlar baş verdi. Daha doğrusu, yeni dövlətin dinə qarşı olduğu fikri hakim oldu. Yeni qurulmuş cumhuriyyət, öz ayaqları üstündə durmalıydı. Üsyanlar isə onu dərindən sarsırdı, müstəqillik təhlükəyə düşürdü. Bu baxımdan dini kontrol altına almaq üçün Diyanət İşləri Başqanlığı quruldu. Artıq məsciddəki mollalar dövlətin bir işçisi idi. Dövlət işçisi sözü sizi çaşdırmasın, bunlar əsl molla idi lakin dövlət tərəfindən tədris edilmiş mollalar. Dövlət bu mollalar vasitəsi ilə müsəlman xalqı nəzarətdə saxlayırdı. Lakin bu Diyanət İşləri Başqanlığı Türkiyədəki bütün dinləri təmsil edən orqan deyil. Sadəcə sünni müsəlmanları təmsil edir.
   
   İndi isə gec də olsa, keçək mətləbə. Cümə namazında məsciddə xütbə oxunur. Bu xütbənin məqsədi müsəlmanları dini cəhətdən bigiləndirmək və İslam inancını, imanını gücləndirməkdir. Ancaq Türkiyədə din dövlətin kontrolunda olduğu üçün cümə günü oxunan xütbələr də dövlət tərəfindən müəyyən edilir. Türkiyədəki bütün məscidlərdə eyni xütbə oxunur. Misal göstərəndə daha yaxşı anlayacaqsınız.
   
   AKP iqtidarı abortun qadağan edilməsi barədə məsələ qaldırdı. Türkiyədə çox böyük ajeotaj yarandı. Qadınlar mitinqlər keçirtdi ki, bədən bizimdi, özümüz bilərik, sən kimsən bizim yerimizə qərar verirsən. Onlar da dedi ki, bu sənin bədənindi ancaq abortda öldürdüyün uşaq sənin bədənin deyil. Kim haqlıdır, kim haqsız bunu özləri bilər. Mən dinin siyasiləşdirilməsi tərəfindən baxacam. Həmin ərəfədə məscidlərdə oxunan xütbələrdə, əslində abortun çox böyük günah olduğu və s.-dən bəhs edildi.
   
   Türkiyədə demək olar ki, hər həftə şəhid xəbəri olur. Hər şəhid xəbəri gəldikdə, cümə namazlarındakı xütbələrdə şəhidliyin müqəddəsliyindən və Allah qatındakı mükafatından mütləq söz edilir. Bütün xütbə mövzusu buna ayrılmasa da bu vurğulanır.
   
   Məscid dünyəvi söhbətlərdən, günahlardan, ən əsası kirli, qanlı, acımasız siyasətdən uzaq olmalıdır. İnsanların beynini onsuz da media orqanlarında, universitetdə, küçədə istədikləri kimi idarə edirlər. Heç olmasa məscidin müqəddəs havasını, ruhaniliyini pozmasınlar. Allaha yaxın olmaq istəyən insanı Allahdan uzaqlaşdırmasınlar.
   
   Türkiyədəki bəzi müsəlman Kürd kəndlərində Diyanətin göndərdiyi mollalar qəbul olunmur və xalq öz arasından molla seçir məscid üçün. Bunları PKK-çı, bölücü adlandırırlar. Bilmirəm bəlkə də kürdlər öz siyasətlərini səsləndirmək istəyirlər məsciddə, bu da şübhəlidir. Ancaq dinin siyasiləşdiyi barəsində fikirlərim qətidir. Siyasət Allahla insan arasına girdi. Şeytana artıq ehtiyac yoxdu. Bəlkə də elə şeytanın özüdür siyasət.
   
   Şeytan üsyan etdi və cəzalandırıldı!

TƏQVİM / ARXİV