adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

PENSiYA - MƏHKƏMƏ HÖKMü DEYiL

OQTAY SALAMOV
17895 | 2012-06-23 08:37
Bilmirəm başlığın sonunda hansı durğu işarəsi qoyum. Dəqiq bilirəm ki, nida deyil. Deyəsən ən uyğun gələni çox nöqtədi...g Yaşasan görərsən.
   
   Xəbəriniz varmı ki, on illərin statistikası Azərbaycanın uzunömürlülər ölkəsi olması fikrini alt-üst edir? Bilirsiniz ki, ölkədə orta ömür müddəti heç 70-ə çatmır? Amma, Sovet illərində Azərbaycan uzunömürlülər diyarı kimi tanınırdı. İndi BMT-nin insan inkişafına dair illik hesabatında da Azərbaycan orta ömür müddətinə görə, 187 ölkə arasında 125-ci yeri bölüşür. Hesabatda Azərbaycanda orta ömür müddəti 67 göstərilir. Bizim Dövlət Statistika Komitəsində isə bununla razılaşmırlar. Komitənin açıqlamasına görə, Azərbaycanda orta ömür müddəti 73,8-dir. Kişilərin orta yaş həddi 71,2, qadınlarınkı isə 76,5.-dir.
   
   Bunu giriş kimi yazdım. Heç pensiya yaşının artırılmasından narahat da deyiləm. Kimin alnına nə yazılıbsa, o da olacaq. Kim o vaxt anasını zorlayıb özünə girdirmə staj, gəlirli iş yeri yazdırıbsa az-çox normal pensiya da alır. Sovet hökuməti üçün can qoyanların canı da batdı, qanı da, üstəlik dilənçipayı pensiya da almağa məcbur oldular...
   
   Heç bu haqda da danışmaq istəmirəm. Pensiyaya çıxmağın insan həyatında xüsusi mərhələ olması və bu etapa hazırlaşmağın vacibliyi haqda fikirlərimi bölüşdürmək istəyirəm...
   
   Əksər adamların həyatında qaçılmaz olaraq orta yaşdan bala-bala addımlayırıq pensiya yaşına. Bəzilərimiz pensiyaya çıxmağımızı həyəcan və qəmli, kimlərsə də nəhayət normal istirahət etməklə, özü üçün yaşamaq vaxtının gəlib çatdığını güman edə-edə gözləyirik. Nə olursa olsun, yaddan çıxartmaq lazım deyil ki, həyat velosiped sürmək kimi bir şeydi, nə qədər pedalı fırladırsansa o qədər də gedirsən... Bu o deməkdir ki, pensiyaya çıxmaq qətiyyən məhkəmənin hökmü deyil, ona görə işsizliyə, passivliyə yuvarlanmaq lazım deyil. Uzun ömrün rəhmi, ruhun qıvraqlığı, hər gün aktivlik və işdir. Statistika deyir ki, (bizimkini demirəm, dünya statistikası) pensiyaya çıxan adamların hansı bir məşğuliyyətlə olmayanları özlərinin səhhətlərinin pislənşdiyini, özlərini pis hiss etdiklərini söyləyirlər. Bu da öz növbəsində onunla əlaqədardır ki, özlərinin sosial gərəkliyinin və özlərinin lazımsız olduqları yaşanmasına çıxarır.
   
   Əksinə, işləyən pensiyaçıların səhhətləri işləməyənlərə nisbətən bir neçə dəfə üstündür. Buna görə də psixoloqlar məsləhət görürlər ki, pensiya yaşına yaxınlaşanlar ən azından 5 il qabaq gələcək həyatlarını planlaşdırmalıdır ki, pensiyaya çıxanda nə işlə məşğul olacaq, səhhəti ilə əlaqədar hansı sənətlə, işlə məşğul ola biləcək. Məhz iş pensiyaçı üçün hər şeydən qabaq mənəvi, pisixologi planda əvəzedilməz dayaqdır.
   
   Torpaqla işləmək yaşlı adamlar üçün həm xeyirli, həm də xoşdur. Bilirəm, qara yumor hiss olanlar deyəcəklər ki, yaşlıları torpağa öyrəşdirmək üçün göstərilən bəhanədi. Yox, onsuz da hamımızın sonu torpaqdır. Bilirəm, şəhər mühitində özünə torpaqla məşğul olmaq üçün şərait yaratmaq çox çətindi, kənd şəraitində isə cavan yaşlarında torpaqla o qədər işləyiblər ki, qocalanda hes işləməyə həvəs də qalmır, qüvvə də. Amma əlac yoxdur, vaxt və imkan tapıb torpaqla əlləşmək ömür üçün stimuldur, vacibdir. Təmiz havada işləmək iştahanı artırır, yuxunu və əhval-ruhiyyəni yaxşılaşdırır. Ömürlülər isə məhz işləyənlər, son günlərinə qədər fal həyat sürənlər olur.
   
   İş belə gətirib ki, mən özüm əlilliklə əlaqədar vaxtından qabaq pensiyaya çıxmışam. Ona görə pensiyaqabağı düşüncələr, narahatlıqlar, problemlər nisbətən cavan yaşda qabağıma çıxıb deyən, hazırlıq dövrünü ekstern keçmişəm. Mənim təcrübəmdən istifadə etsəniz uduzmazsınız. Bilirsiniz psixoloji planda ən vacibi nədir? Əsas odur ki, özünü mənfi emosiyalardan, pisxoemosional yüklənmələrdən və stressdən qoruyasınız. Dünyamız elə dinamikdir və elə yüklənib ki, gücləri, qüvvələri olan cavanlar bunun öhdəsindən gələ bilmirlər, qalmışdı yaşlı, səhhəti həmişə də yerində olmayan yaşlılar. Bilirəm, deyəcəksiniz ki, mümkün deyil. Özünüz bilin, yaşamaq istəyirsinizsə mümkün etməlisiniz.
   
   Ona görə də özünüzü qorumalınısız və unutmamalısınız ki, küsməklər, qorxular, qəm, darıxmaq, hirs, nifrət... - bunlar hamısı ömrünüzü qısaldan risk və faktorlardı. Və əksinə, şadlıq, ruhlanmaq, məmnunluq kimi hisslər orqanizmin tonusunu artırır, sizi yüksəlişdə saxlamağa məcbur edir və ruhi qocalmağın qarşısını kəsir.
   
   Xoş emosional fon təkcə səhhətin və özünü yaxşı hiss etmənin saxlanması üçün deyil, həm də sosial kontaktların saxlanması və yaxşılaşdırılması üçün vacibdir. Pensiya yaşlı adamlar üçün mənfi, əsəbgətirici emosiyalar olmayan, normal ünsiyyət hava və su kimi vacibdir. Adamları özümüzdən uzaqlaşdırmaqla özümüzün həyəcanlarımızı artırmış oluruq. Vaxtaşırı olaraq qəzetlərdə, jurnalarda oxuyuruq ki, təqdiqatlar nəticəsində məlum olub ki, üzünömürlüyün yol yoldaşı adətən nikbinlik, açıqürəklilik və "gülüş terpiyası"dır ki, bunlar bir çox bəlaların profilaktikasının əsasıdır.
   
   Heç də güman etməyin ki, nikbinlik və yaxşı əhval-ruhiyyə təbiikeyfiyyətlərdir. Yox, onları yaratmaq və öyrənmək mümkündü. Sadəcə olaraq özünə nəzarət edə bilmək, müstəqil olaraq özündə əhval-ruhiyyə yaratmağı formalaşdırmağı öyrənmək lazımdır. Bu təkcə mümkün yox, hər bir adam üçün vacibdir. Axı vərdişlər adamın özü tərəfindən yaradılır və sonra da bütün bü vərdişlər əsasında da həyatımız qurulur. Məni tanıyanlar bilir ki, mən bunu bacarmışam və indiyə qədər yaşamağımın səbəbi də budur. İstəmirsiniz, özünüz bilərsiniz...
   
   Pensiyaya çıxan adamlar özlərinə qapanmamalı, ünsiyyətdən qaçmamalıdır. Mizanteropiyanı və pis əhvalı özündən uzaqlaşdırmaq, qovmaq lazımdır. Bunun üçün gücünüz çatan qədər sevimli, xeyirli işlə məşğul olmaq lazımdır. İnanın ki, mən yazı yazmasaydım, çoxdan nekroloqumu oxumuşdunuz.Bir də istirahətə, əsasən də yuxunuza diqqət yetirməlisiniz.
   
   Bir məsləhət də var, amma mən ona əməl edə bilmirəm. Bu da axşam az yemək və yatmazdan qabaq gəzməkdir. Buna əməl edənlər xeyirli olduğunu deyirlər. Özü də çox xeyirli.
   
   Yuxu rejimi yaradın və ona əməl edin.
   
   Yatmazdan qabaq emosional filmlərə baxmaq, verilişləri izləmək lazım deyil. Səhər yataqda xumarlanmaq lazım deyil, oyanan kimi qaxlın, əl-qolunuzu açın, balaca gimnastikafason edin.
   
   Unutmayın ki, uzunömürlülər arasında adətən təhna olanlar olmur. Uzun və xoşbəxt ömür üçün lazım olan birinci şərtlərdən biri də ailədir. Amma bir şərtlə ki, o ailədə dava və sonsuz söz-söhbət, konfliktlər olmasın. Ailə adama sevinc və həyatsevərlik gətirməlidir, adamı neqativ emosiyalar içərisində boğmamalıdır.
   
   Güman edirəm ki, bu məsləhətlər oxuculara yaşlı vaxtlarında həyatdan mümkün qədər ləzzət almağa, sevinclə yaşamağa müəyyən qədər köməklik etmiş olar. Bizim ömrümüz-bizim var-dövlətimizdir və mən hamınıza bu var-dövlətlə mümkün qədər çox və dolğun yaşamağınızı arzulayıram!..

TƏQVİM / ARXİV