adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

iNTiHAR: ÖLüMüN KƏNARINDA NƏ VAR?

80328 | 2012-06-22 11:50
Həyəcan, təşviş, qorxu qarışıb bir-birinə. Gözləyə bilmir, çarəsi tükənib, yaşamaq istəmir. Niyə, yaşamaq istəməsin. Uzun bir yola hazırlaşırmış kimi birdən qərar verir. Və nəticədə hər şey bitir: Ölüm baş verir. Başqa çıxış yolu yoxuydumu, həyata son vermək çarədirmi. Nədən axı insan bu fikrə düşür, nədən qəfil həyəcan insanı ölümə sürükləyir. Səbəblər müxtəlif olduğu kimi yanaşmalar da fərqlidir. Biri deyir dözülməz duyğular, biri deyir ki, psixi və ya sosial səbəblərin təsiri. Alman filosofları Şhopenhauer, Kant hesab edirdi ki, intihar insanın təbii hüququ olsa da ancaq bu, boş və axmaq bir vasitədir. İntihar, adamın təbiətə soruşduğu bir sualdır: Ölümün kənarında nə var? Özlərini öldürənlər yalnız ağrı çəkən bədənlərinin ağrısına son verə bilərlər, bəs sonra...
   
   - Onu nə gözləyir?
   
   - Bəlkə daha əbədi iztirab?
   
   Bu sualların cavabını heç kim bilmir!
   
   Qərbdə hakim kəsilən bir çox fərqli baxışlarda mühafizəkar Şərq dünyasında mistik dünyagörüşlərə görə, intihar etmək adamın istəyinə bağlıdır. Yəni insan, həyat ilə ölüm arasında qərar vermə haqqına malikdir. Jainizm və Budizmə görə, ürəklərimizdən həyat istəklərini çıxarmalıyıq. İnsan ancaq yox olaraq ağrıdan xilas olar və xoşbəxt ola bilər. Hətta, Jainizmin qurucusu olan Mahavira, insanın ac qalaraq özünü öldürməsini böyük bir fədakarlıq hesab edir. Konfutçi isə intihara qarşı çıxır, insanın məqsədinin yaxşı və uzun yaşamaqdan ibarət olduğunu və ölümdən sonrasını maraqlanmamağı bildirmişdir. Çünki, ölümdən sonra həyat olduğu bilinsə, bəşəriyyətin sonu məlum olar.
   
   POTENSİAL İMKANLAR TÜKƏNİR
   
   Dünyada gündə orta hesabla 1000 insan intihar edərək həyatına son verir. İntiharlar yaş və cinsə görə fərqlidir. İnsanın qəfil keçirdiyi psixoloji-affekt vəziyyətinin yaranması səbəblərdən biri kimi hipotiroid olduğu ortaya çıxmışdır. Hipotiroid, böyrəküstü vəzi xəstəlikləri ilə bağlıdır. Bir sıra ürək dərmanları orqanizmdə hormonların səviyyəsini zədələməklə onun iş funkusiyasını dəyişir. ABŞ və Avropada istintaqçılar ölüm həddinə çatdırma ilə bağlı cinayət işlərinin istintaqını apararkən zərərçəkmişin tibbi-psixoloji vəziyyətini müəyyən edir. Xüsusilə, insanın hormon səviyyəsi yoxlanılmaqla standart meyarı müəyyənləşdirilir. Məlum olmuşdur ki, insanın psixoloji xəstəlik keçirməsi orqanizmində bir-birə ortaya çıxmır. Depressiya, nevroz kimi psixoloji xəstəliklər, ürək, damar, beyin, mədə-bağırsaq sisteminin pozulması nəticəsində psixoloji vəziyyət dəyişməklə insan özünə nəzarəti itirir.
   
   Psixoloji problemi olan insanlarda ürək tutması, yüksək təzyiq (hipertəzyiq), beyin qanaması (felç), mədə qastiriti, infeksiyaya tutulma, xərçəng, qansızlıq kimi xəstəliklər geniş yayılmışdır. Orqanizmin əsasını təşkil edən karbohidrat, protein, yağ, vitamin, minerallar, zülalların vahid qarşılıqlı əlaqəsi bir-birini tamamlamalıdır. Bu təməl quruluşun kəmiyyətinin normal olduğu müddətdə orqanizmə hər hansı bir xəstəlik olmur. Fəqət bu maddələr mübadiləsinin pozulması nəticəsində (kəmiyyəti artdığında və azaldığında) organik (somatik) xəstəliklər meydana çıxmaqla, ruhi-psixoloji problemlər doğurur. Qərbin məşhur psixo-analitikləri hesab edir ki, tiroid hormonları aşağı olan xəstələrdə depressiya müşahidə olunmaqdadır.
   
   Bununla yanaşı, qanı aşağı olan xəstələrdə güclü depressiya müşahidə olunur. Psixozu olan insanlarda da reaktiv, tezalışan atom quruluşlu litium elementinin azlığı nəticəsində ruhi-esəb nevroloji xəstəlik yaranır. Qan şəkəri düşən insanlarda təcavüzkar və şüursuz davranışlar özünü göstərir. Eləcə də tiroid hormonları yüksək olan xəstələrdə (hipertiroidi) aşırı əsəb mövcuddur. Psixoloji vəziyyətdən asılı olaraq, pozulmuş maddələr mübadiləsinin təsiri nəticəsində bütün orqanizmin təbii fəalliyyətini təhdid edir. Nəticədə ayrı-ayrı vəziyyətlərə düşən insanın təkbaşına qərar verməyə belə vaxtı çatmır. Hər şey bir anda unudulur. Məyusluq halına düşən insan bu keçidi aşmaqda çətinlik çəkir. Ancaq güclü dözüm amili hamıda olmadığından insan, potensial imkanlarının tükəndiyini zənn edir. Çünki insanın anatomiyasında, mənəvi gücünü tənzimləyən orqanizmində maddələr mübadiləsinin fəaliyyəti beyni idarə edir. Beyin isə həm də duyğuları tənzimlədiyi üçün diqqət çəkir: tənzimlənməyəndə hər şey alt-üst olur - dözülməz duyğular yaranır!!!
   
   RUHİ GƏRGİNLİK YARADAN PSİXOLOJİ PROBLEMLƏR
   
   Aparılan laborator müayinələr və analizlər sübut etmişdir ki, orqanizmində kimyəvi birləşmələrin - maddələr mübadiləsinin işi mərkəzi beyin hüceyrələrini enerji ilə təmin edir. Birinin zəifləməsi, digər kimyəvi elementinin beyində önə çıxması nəticəsində anlaqsız praktiki davranışlara səbəb olur. Eləcə də intihara cəhd edən şəxsin tibbi analizinin nəticələri də göstərmişdir ki, bədəndə xolesterol elementi kəskin zəyifləyir. ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya mütəxəssislərinin ortaq qənaəti sübut edir ki, intihara cəhd, özünü öldürmə həddinə çatdırma böyük psixoloji pozğunluq nəticəsində meydana gələn praktiki davranışdır. Bu, beyindəki serotonin, norepinefrin və dopamin hormonlarının kəmiyyətindəki anormallıqlar nəticəsində ortaya çıxır. Eyni zamanda, təsbit olunmuşdur ki, bədənin organik (somatik) xəstəlikləri, psixoloji problemlərə səbəb olmaqla ruhi gərginlik yaradır. Və bununlada insan özündən asılı olmadan həyatına nöqtə qoyur.
   
   1970-ci illərdə ağır mənəvi böhran keçirən xəstələrin beyin mayelərindəki kimyəvi maddələri araşdıran, psixatr Marie Asberg maraqlı bir nəticəni ortaya qoymuşdur. Araşdırdığı xəstələrin böyük bir çoxunun beyin mayesindəki 5HIAA (5-Hidroksindoleasetik turşu: Beyində sevinc və duyğuya təsir edən təməl maddələrdən erotoninin parçalanma məhsuludur) dəyişikliyin mövcudluğunu müşahidə etmişdir. Üstəlik, intihar edən, ya da intihar cəhd edən xəstələrdə bu nisbət daha da aşağı idi. Normal insanlarda 19,8 nanogram/mm (1 nanogram, qramın milyardda biri) olan 5HIAA, xəstələrdə 16,3 nisbətində olmuşdur. Xəstələrin bir hissəsi şiddətli intihar üsullarını seçərkən, daha yüksək olanlar isə intiharın daha risksiz yollarını seçmiş və nəticədə heç biri özlərini öldürə bilməyiblər. Ancaq bu araşdırma nəticəsində qəti bir iddiada olmayan Asberg bildirmişdir: "Məncə, aşağı 5HIAA intihar hadisəsini təyin etmir, yalnız insanları ətrafın təsirinə məruz qoyur. İntihar üzərindəki psixoloji və xüsusilə də ictimai amillər nəzərə alınmalıdır".
   
   FƏRQLİ YANAŞMALAR, FƏRQLİ SÜBUTLAR
   
   "Niyə bu insan yox, o insan intihar etdi" sualı ərtafında spekluyativ düşüncələrin hər biri özü-özlüyündə bir həqiqəti daşıyır. Baxmayaraq ki, eyni sosial təbəqədən olan insaların birinin digərinə nisbətən həyatı o qədər də cəmiyyət üçün fərqli görünmür. Dünyada siyasi hakimiyyətə gəlmək üçün analitik mərkəzlər intihar hadisələrini sosiallaşdırmaqla, ona siyasi don geyindirməsi, intiharlar ətrafında fikirləri haçalayır. Ancaq vəziyyətin bəşəriyyəti ildən-ilə təhdidetmə dairəsinin genişlənməsinə baxmayaraq, onlar mahiyyəti üzrə dövlətləri problemin kökünə getməyə məcbur etmirlər. Siyasətçilər sosioloji tədqiqatları bir kənara qoyaraq sübut edir ki, bu gün dünyada daha çox baş verən intihar hadisəsinə ruhi-əsəb damğasının vurulması qeyri-obyektivdir.
   
   Bununla yanaşı, insan orqanizminə daxili geni və modifikasiyası dəyişdirilmiş qidaların və dərman preparatlarının daxil olması özü ilə maddələr mübadiləsini pozan "virus" daşımadığından əmin deyilik. Doğrudur, ruhi əsəb gərginliyi ruhsal da ola bilər, geneloji vəziyyətdən də asılı olması haqqında bir sıra iddia və əsaslar da mövcuddur. Təbii ki, burda da haqlı məqamın irsi əhəmiyyət daşımasıdır. Eləcə də statistika göstərir ki, ruhi-əsəb (dəlilik) gərginliyi keçirən insanlar arasında xüsusi bir əlaqə yoxdur. Qeydə alınmış intihar cinayətlərinin xarakterik tərkibi və analitik təhlili də subut edir ki, ruhi-əsəb xəstələri şüursuzcasına intihara cəhd edir. Yəni burda heç bir sosial patoloji-affekt vəziyyəti yoxdur. Eyni zamanda, dəlilik, alkoqalizm psixo-organik xüsusiyyətlərlə intihar arasında bir əlaqə yoxdur. Dəlilik nisbəti qadınlarda daha yüksək olsa da, intihar nisbəti kişilərdə yüksəkdir.
   
   Eyni zamanda, metohəsas insanların da intihara cəhd etməsi faktları mövcuddur. Havaların dəyişməsi, anomal hava şəraiti orqanizmə aşırı təsir etməklə anlaqsız vəziyyət yaradır. Belə insanlar heç nə dərk etmədən özünü və ya başqalarını öldürə biləcək qədər təhlükəlidirlər. Avropada bir sıra tədqiqatlar sübut edir ki, coğrafi vəziyyəti intihar dairəsinə təsirsiz ötüşmür. Nəticədə məlum olmuşdur ki, inkişaf etmiş ölkələrin cəmləşdiyi Avropanın şimal-qərbində intihar nisbəti çoxluq təşkil edir. Bir sıra Avropa ölkələrində şimalla müqayisədə cənubda nisbət daha aşağıdır. Məsələn, Böyük Britaniyada vəziyyət daha fərqlidir. Montesque, İngiltərədəki intihar bolluğunu bir iqlim xəstəliyi, Çeyni isə, payız və qərb küləklərini günahlandırır. Osiander eyni iddianın Şimali Almaniya üçün keçərli olduğunu bildirmişdir. ABŞ-ın bir sıra ştatında isə tədqiqatlar aparan Con Mills hesab edir ki, fırtınalarla intihar arasında bir əlaqə vardır: "Barometrik təzyiqin birdən-birə düşməsi və birdən dəyişməsi intiharı sürətləndirir" .
   
   Philips isə hesab edir ki, kəskin isti, rütubətli və küləkli bir hava tərləməni əngəlləyir. Nəticədə sinir sistemində pozğunluq yaranır, intihar meylini artırır. İntihar ilə coğrafi amillər arasında doğrudan da əlaqə olduğu qənaətində olan elm adamlarının fikirləri etirazla qarşılanmışdır.
   
   NEVROZLU İNSAN TƏHLÜKƏNİN MİQYASINI GÖRMÜR
   
   Bəzi tədqiqatçılar intihara insanın bioloji quruluşunun səbəb olduğunu da bildirirlər. Bu baxışlar, insanın bədən quruluşu və bədəndəki kimyəvi dəyişikliklərin intiharı doğura biləcək əsas kimi nəzərdən keçirilir. Bədən quruluşunun intihar səbəbi olduğunu bildirən Şeldon bildirmişdir ki, hesas endomorfik tiplər (kök və şən adamlar) intihara qarşı nifrət bəsləyirlər. Halbuki ektomorfik tiplər (zəif və romantik kəslər) həssas duyğulu fərdlər intihara daha çox meyillidir. Yəni, Şeldon kök adamların intihar etmədiklərini bildirir. Ancaq Şeldonun bu yanaşmasını sonrakı dövrlərdə digər tədqiqatçılar alt-üst etmişdir. Qorxu, həyəcan, tənhalıq, ümidsizlik kimi patoloji proseslərdə ailənin, ətrafın və cəmiyyətin payı var. Bunlar nəzərə alınmadan intiharların səbəbini konkretləşdirmək mümkünsüzdür. Mövcud mənbələrin, qabaqcıl institutların üzərində dayandığı əsas məsələ kənar təsirlər nəticəsində yaranmış daxili gərginlik nəticəsində orqanizmdə kimyəvi proseslərin - maddələr mübadiləsi tarazlığının pozulmasıdır. Bourdin ve Esquirol kimi fransız psixoloqlar intiharı patoloji bir hadisə hesab edir. Psixopatolok Delmas isə bütün sosial yanaşmaları və teoriləri rədd edir, intihara səbəb olan əsas amili xroniki vəziyyətlə əlaqələndirir. Freyd isə zamanında apardığı bütün təhlillərində sübut etməyə çalışmışdır ki, intiharın tam bir açıqlaması və onun başvermə səbəbi heç bir yolla mümkün olmayacaqdır.
   
   Bir təhlükə qarşısında bütün canlılar kimi, insanın da edəcəyi şey özünü qorumaq, ya da təhlükədən qaçmaqdır. Bu qaçma iki şəkildə olar: biri təhlükədən uzaqlaşaraq qaçmaq, digəri isə özünü təhlükənin içinə ataraq. Nevrozlu bir adam isə təhlükənin miqyasını görə bilmədiyi üçün qərar verməkdə aciz qalır. İki zidd qütb arasında tərəddüd edir. Beləliklə ölüm, yəni intihar meydana gəlir.
   
   Teoloji baxımdan da hələ sübut olunmayıb ki, "o dünyada" bizi nə gözləyir. Ona görə də daha həsaslıqla varlığımızı ölümlə təhdid etmədən, baxmaq istəyəndə baxdığımız, hökm vermək istəyəndə bizə tabe olan özümüzü bu bəladan qorumalıyıq...

TƏQVİM / ARXİV