adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

QAN NƏ ZAMAN BiTƏCƏK?..

BABƏK YUSİFOĞLU
57095 | 2012-06-21 14:38
Qardaş Türkiyədən yenə dəhşətli, çox üzücü xəbərlər gəldi. PKK terrorçularının xain basqını nəticəsində 8 türk əsgəri şəhid olub, 19-u isə yaralanıb. Əlbəttə, bu acı xəbər Türkiyəni necə sarsıtdısa Azərbaycan inasanlarını da eynən eləcə kədərə boğdu. Məncə bu hüznün içərisində bütün ürəklərdən bir nida qopdu: yetər artıq, buna bir dəfəlik son verilsin! Şəhidlərin qanı yerdə qalmasın!
   
   ***
   
   Hadisə belə olub. Qranatamyotlar və iri çaplı avtomat silahlarla silahlanmış böyük bir terrorçu qrup səhərə yaxın bir zamanda Hakkarinin İraq sərhəddindəki ilçəsi Şəmdinlinin Dağlıca hissəsində yerləşən türk əsgəri birliyinə üç istiqamətdən hücum etmişlər. Qəfl basqına türk əsgərləri anında qarşılıq verərək döyüşə girmişlər. Terror basqını zamanı 8 əsgər şəhid, 19-u isə yaralanmışdır. Hakkari valisi Orhan Alimoğlu da rəsmi olaraq bu itkiləri təsdiqləmişdir. Bundan başqa, türk informasiya mənbələrinin verdiyi məlumata görə, hücumda 300-dən çox yaraqlı olmuşdur.
   
   Hadisə haqqında xəbər alan yuxarı instansiyaların əmri ilə dərhal terrorçuların məhv edilməsi üçün əməliyyata start verilmişdir. Xəbərlərdə deyilir ki, havadan və qurudan hərəkətə keçən bu əməliyyatda 4 mindən artıq əsgər iştirak edir. Və söylənilir ki, 300 nəfərlik həmin qrup mehmetciklərimiz tərəfindən mühasirəyə alınmış vəziyyətdədir. Onu da qeyd edim ki, artıq terrorçulardan 26 nəfəri öldürülmüşdür və əməliyyat fasiləsiz olaraq davam etdirilir. Özü də bu əməliyyatlar yalnız Hakkaridə deyil, həmçinin İraq sərhəddi boyu böyük bir ərazini əhatə edir. Əməliyyata qatılan özəl əsgəri birliklər həm də terrorçuların İraqa keçə biləcək sərhəd yerlərini də ciddi nəzarət altına alıblar. Və xəbərlərdə bəzi ərazilərdə terrorçularla döyüşün getdiyi bildirilir.
   
   Vəziyyətin ciddiliyi sürür. Genəl kurmay başkanı Necdət Özəl və digər komutanlar Hakkariyə gediblər. Və daxili işlər naziri İdris Naim Şahin və baş nazir yardımçısı Bəşir Atalay da həmin bölgəyə yola düşüblər. Mənə elə gəlir ki, terrora bir dəfəlik son qoymaq üçün ən üst səviyyələrdə real hərakat başlamazsa sonuc alınmayacaq. Bundan ötrü dövlət səviyyədə PKK-nın çökdürülməsinə start verilməli, onların maliyyə qaynaqları birmənalı şəkildə kəsilməli, terror təşkilatları ilə ən kiçik əlaqələr ciddiyyətlə yoxlanmalı, terrora don geyindirmək istəyən və adını siyasi qurum qoyan, onları "azadlıq uğrunda fədai" adlandıran şəxslər ən ciddi şəkildə cəzalandırılmalı, Avropanın demokratiya və cürbəcür hoqqalı nağılları zibil yeşiyinə tullanaraq öncə Türkiyənin, ölkə vətəndaşlarının təhlükəsizliyi bütün vasitələrlə təmin edilməlidir. Və heç kim özünü aldatmasın ki, silaha qurşanıb 20-30 il dağlarda yaşayaraq günahsız insanları öldürənlər, əsgərləri şəhid edənlər hansısa qanunlarla, sənədlərlə, "açılımlarla"... qayıdıb "mən gəldim" deyəcəklər. Bu imkansız bir şeydir. Əgər dövlətin əsgərlərinə, polisinə silah qaldırılırsa, onlar öldürülürsə, günahsız mülki adamlar qətlə yetirilisə bunun adı terrordur və separatizmdir. Ona görə də qarşısı ən yüksək sərtlik və ciddiyətlə alınmalıdır. Hakimiyyət ilk növbədə buna borcludur.
   
   Kimsə onu da mənə irad tutmasın ki, öz vətəniniz nə vəziyyətdədir, amma Türkiyəyə yol göstərirsiniz. Bu iddianı səsləndirmək istəyənlərə təkcə onu deyirəm ki, bizim həmin addımı atmağımıza əngəl yaradan böyük güclər, dövlətlər Azərbaycana hücum etmək üçün hazır dayanıb, fürsət axtarır. Azərbaycansa müstəqilliyini yeniucə qazanan bir dövlət olaraq separatçı, terrorçu erməniləri qovmaqdan ötrü məqam gözləyir və heç kimin şübhəsi olmasın ki, biz bunu edəcəyik. Amma Türkiyə kimi qosqoca, qüdrətli bir ölkənin bu cür problemi yoxdur. Sadəcə olaraq bundan ötrü ilk öncə hökumətin siyasi iradəsi lazımdır. Amma təəssüf ki, indi Türkiyədə tamam ayrı siyasət yürüdülür.
   
   AKP hakimiyyətə gələndən bəri PKK terrorunu durdurmaq üçün əlindən gələni etdiyini söyləyir. Cürbəcür üsullara əl atır. Gah "açılım" politikası ilə çözümə nail olmağa çalışır, gah mətbuatın söylədiyi kimi, onların lideri Abdullah Öcalanla danışıqlar aparır, gah da dəxli olmayan yollara əl atır. Maləsəf, hamısı boşuna. Özünə başarılı siyasətçi adını yapışdıran Rəcəb Tayyib Ərdoğan on ildir nəinki terrorun kökünü kəsə bilib, əksinə statistika göstərir ki, məhz bu dövrdə şəhidlərin, terror qurbanların sayı artıb. Bu da o anlama gəlir ki, baş nazir nə deyirsə desin, o Türkiyənin bir nömrəli problemini həll etməkdə acizdi. Yox, əgər o bir siyasi lider kimi aciz deyilsə özü söyləsin, onda bəs o kimdir? Hər gün bu ölkənin əsgərlərini, vətəndaşlarını, uşaqlarını qətlə yetirmirlərmi? Arada-bir kürsüyə çıxıb insanların qarşısında şeir parçaları deməklə, bəzi jestlərlə, hətta gözlərini yaşartmaqla dövləti qorumazlar.
   
   Əslində terrordan savayı Türkiyəni bürümüş müxtəlif problemlərdən də çox bəhs etmək mümkündü: ta okeanın o tayından gələn göstərişlərdən tutmuş, Anadoludakı insanların ağır güzəranınadək, türkçülüyün... təqib edilməsinədək. Amma bütün bunlar başqa bir yazının mövzusudur. Və mən istəyirəm ki, yazımı davam etdirmədən elə burada bitirim. Amma bitirməmişdən öncə də bu itkilərə dözə bilməyən iki sadə türk oğlunun internetlə hakimiyyət yetkililərinin bəyanatlarına, şəhid cənazələrində göz yaşlarını saxlaya bilməyən ordu generallarına yönəlik hayqırtılarını mən də təkrarlayım. Və deyim ki, bu çağırışlar yalnız iki-üç nəfərin deyil, elə 75 milyonun çağırışıdır:
   
   Fatih Şimşek - 20/06/2012 - 11:23
   
   Paşa, Paşa, orası ağlamaq yeri deyil. Çarə bulma, həddini bildirmə yeridir. 300 kişi qədər olduqları söylənən terroristlərin tamamının zərərsiz hala gətirilməsi gərəkdir. Maazərət istəmirik. "Gecə qaranlığından yararlanıb qaçdılar" kimi bəhanələr istəmirik.
   
   Volkus Basaran - 20/06/2012 - 11:20
   
   Komutanım, ağlamayın, gedin neçə xaindən, neçə adamdan bu ölkənin intiqamını alacaqsınızsa, alın. Ondan sonra dönün analarımıza "qanları yerdə qalmadı" - deyin..

TƏQVİM / ARXİV