Şövkət Zərin Horovlu qadın yazarlarımız arasında öz dəst-xətti ilə seçilən şairlərdəndir və onun Qarabağ həsrəti, yurd itkisi və yanğısıyla yazdığı şeirləri oxucuların diqqətini cəlb etməkdədir. Şeir yaradıcılığı ilə yanaşı o, artıq bir neçə romanın, povestin də müəllifidir və deyərdik ki, eyni mövzu onun nəsr əsərlərinin də aparıcı xəttini təşkil edir.
Şairin nəsrə, ya da nasirin şeirə keçməsi çox vaxt birmənalı qarşılanmır. Bunu bəzən şairin, ya da nasirin adət elədiyi janrda daha uğur qazana bilməməsi ilə izah edənlər də tapılır, bəzən də tamamilə qanunauyğun bir hal hesab edirlər. Amma fikrimizcə, Şövkət xanımın nəsr əsərləri yazması da şeirdə tam ifadə edə bilmədiyi mətləbləri daha geniş, epik planda əks etdirmək cəhdiylə bağlıdır.
O, Cəbrayılın Horovlu kəndində dünyaya göz açıb. Əsərlərində təsvir etdiyi Ziyarət dağı, Araz çayı, Cəbrayıl çinarları gənclik illərinin ən xoş xatirələrinin özəyidir. Şövkət xanım həyat yoldaşı, tanınmış alim Hüseyn müəllimlə bir neçə il Əfqanıstanda olmuş və sonralar "Açılmamış zərf" xatirə povestində o çətin, son dərəcə gərgin illəri (SSRİ dövlətinin Əfqanıstana müdaxiləsi, kommunist recimi yaratmaq iddiasından doğan işğalçılıq siyasəti) bütün görüntüləri ilə əks etdirəcəkdi. Bu, onun ilk nəsr əsəriydi. Və bu əsərdə Şövkət xanım təkcə xatirə, gündəlik, olanların təsviri ilə kifayətlənmir, Əfqanıstanda gördüyü, ünsiyyətdə olduğu insanların da obrazını yaradır. O xalqın adət-ənənələrini, həyat tərzini, məişətini də bildiyi qədər əks etdirir.
Horovlunun "Arazdan gələn səs" və "Köynək" romanları bu gün hamını düşündürən bir mövzuya həsr edilib. Bu da Qarabağ mövzusudur. İstər şeirimizdə, istər nəsrimizdə, istərsə də bədii publisistikamızda Qarabağ həqiqətlərini əks etdirən nümunələr az deyil. Təbii ki, bu əsərlərin heç də hamısı uğurlu olmur. Ancaq canlı müşahidələr, inandırıcı faktlar əsasında qələmə alınan əsərlər var ki, bunlar böyük "Qarabağnamə"nin sırasına qatılacaqlar. Şövkət xanımın adlarını çəkdiyim romanları da bu sıradandır.
Hər iki əsərdə müəllif Qarabağda, keçən əsrin 90-cı illərində baş verən hadisələrin təsviri əsas yer tutur və müəllif mümkün qədər çalışır ki, o hadisələri reallığı ilə gözlərimiz qarşısında canlandırsın, müharibəni, o müharibənin doğurduğu maddi və mənəvi itkiləri, bu itkiləri öz varlığında yaşadan insanları danışdırsın.
Əvvəlcə "Köynək" romanından başlayaq. Bu romanda eyni məkanda yaşayan azərbaycanlıların və ermənilərin qonşuluq münasibətləri, ikincilərin məkrli siyasəti və düşmənçilik niyyətləri, hadisələrin get-gedə qarşıdurmaya yol açması və nəhayət, xain qonşuların açıq şəkildə hücum və talanlara keçməsi və beləliklə, soydaşlarımızın məhrumiyyətlərə düçar olması əks etdirilir. Romanın əsas qəhrəmanı el ağsaqqalı Nəbidir. Sadə bir azərbaycanlı. Torpağa, elinə-obasına, ailəsinə bağlı bir insan. Nəbi üçün azərbaycanlıya xas olan duz və çörək, etibar və inam, bir sözlə, əsl kişilik qanunları müqəddəsdir. O, erməni Stepanla dostluq edir, ona inanır və təbii ki, xasiyyətində təkidli olduğu üçün onun haqqında deyilənlərə qətiyyən inanmır. O, vaxtilə, uşaq ikən erməni köynəyindən keçirilib, deməli, bu adətə, inanca sadiq qalmalıdır. Oğluna da Stepanı kirvə tutur, onu da həmin adətlə köynəkdən keçirir. Elə Stepanın atası da onun kirvəsi olmuşdu. Azərbaycanda, xüsusilə, Qarabağda kirvəlik dostluq, qardaşlıq, bir-birinə hədsiz sədaqət kimi anlaşılıb. Ona görə də Nəbi azərbaycanlıların bu ata-baba adətini müqəddəs hesab edir, heç vəchlə inanmaq istəmir ki, bu adi pinəçi erməni dostluğa xəyanət etsin, özü kimi xainləri başına yığıb Sumqayıt hadisələrində əli qana bulaşsın, azərbaycanlıların mal-mülkünü talan etsin. İnanmaq istəmir ki, Stepanın zahiri sadədilliyi arxasında qəddar, yırtıcı bir insan xisləti dursun. "Yox, Nəbi asanlıqla təslim olmaq istəmirdi. Atasının ona süd qardaşı saydığı bu qurd xislətli, qoyun cildinin maskasını yırtıb ifşa eləmədən rahat ola bilmirdi. Ağlına gəlmirdi ki, bu, gələcəkdə başlanacaq böyük torpaq oyununun başlanğıcıdır. Hələ o, çox hiylələrdən xəbərsiz idi". Stepan üçün fərqi yoxdur, türkə nifrət illərdən bəri onun köksündə yuva salıb. Müəllif Nəbinin inamının tamamilə sarsıldığını onun ermənilərə əsir düşdüyü məqamda açıqlayır. Nəbinin oğlunu oğurlatdıran, sonra da onu həmin o köynəklə boğub öldürən Stepan olur. Nəbi kəsdiyi duz-çörəyə, kirvəlik peymanına sadiq qalıb Stepanın yanına gəlir. Və Stepan: "Cibindən alışqanı çıxardıb yandırdı. Alışqanın zəif, sarımtıl işığında Nəbi köynəyi tanıdı. Gördüyndən dəhşətə gəldi. O, sandıqda əzizlənib saxlanan köynək idi. İkinci dəfə alışqan yananda o, Nəhayətin gömgöy göyərmiş məsum üzünü açıq-aydın gördü. Nəbinin dəhşətdən səsi batdı. Nə qışqıra, nə ağlaya bildi. Ona elə gəldi ki, bütün dünya lərzəyə gəldi. Günahsız bir körpənin faciəsinə yerdə dağ-daş, göydə bulud da ağladı. Amma özü ağlaya bilmədi. İçindən yanıqlı bir hönkürtü qalxdı: "Özü yıxılan ağlamaz", - dedi".
Çox ibrətli səhnədir. Biz Nəbini heç cür qınamırıq. O, içinə dolan şübhələri yox etsin deyə, düşmən ayağına gəlir. Və nəhayət, illər boyu dostluğuna inandığı bir insanın (insan yox, erməninin!) əsl simasını görür. Doğrudur, gecdir, amma bu da bir ibrət almalı səhnədir. Bir insanın inam zirvəsi tamamilə məhv oldu. Əslində, Stepan obrazı təzə deyil, biz nəsr əsərlərimizdə ondan da dəhşətli, xəbis erməni obrazları ilə tanış olmuşuq. Amma Nəbi obrazı yenidir. Müəllif sanki belə bir fikri aşılayır ki, bizim bütün bəlalarımızın kökü o inamdan gəlir. Və beləliklə, belə bir ifrat inamın təməlinin olmadığını sübuta yetirir.
Romanda Stepandan fərqli başqa bir erməni obrazı ilə də qarşılaşırıq ki, bu da Susannadır. Kamillə Susannanın məhəbbəti doğrudan da qibtə ediləsidir. Nə olsun ki, ermənidir, o, gəlin getdiyi evdə müsəlman ailəsinə çox tezliklə isnişir, amma bu məhəbbəti də onlara çox görürlər, ər-arvad müəmmalı şəkildə qəzaya düşüb həlak olurlar.
Əlbəttə, biz bu romanı təfsilatı ilə təhlil etmək fikrində deyilik. Şövkət xanımın təsvir etdiyi hadisələr inandırıcıdır, bu da müasir roman üçün başlıca şərtlərdən biridir. O, xalqın, daha doğrusu, qaçqın düşən insanların əzablı günlərini, məşəqqətli anlarını, psixoloji sarsıntılarını verməyə çalışır. Eyni zamanda, o çətin günlərdə, cavanların, intiqam hissilə coşub-daşan soydaşlarımızın mübarizə əzmini də təsvir etməyi unutmur.
"Arazdan gələn səs" "Köynək"dən fərqli olaraq çoxplanlı bir romandır. "Köynək"də bəzi hadisələr, obrazlar tamamlanmamış qalır, süjet xəttində az da olsa, bir pərakəndəlik yaranır, "Arazdan gələn səs" isə bu cəhətdən qənaətbəxş sayıla bilər. Ancaq bu romanlar arasında bir bağlılıq da nəzərə çarpır. Belə ki, hər iki romanda müəllif daha çox faciəvi məqamları, yurddaşlarımızın düşdüyü tragik vəziyyətləri qələmə alır. Bu isə təbiidir, çünki Şövkət xanım törənən faciələrin kökünü, səbəbini axtarır. "Ehtiyacdan doğulan roman" giriş sözündə şair Musa Ələkbərli sox doğru olaraq qeyd edir ki: "Arazdan gələn səs" acı talelər, amansız fəciələr romanıdır. Bir-birindən gərgin hadisələr burulğanına düşür, həyəcanlandırır, ağrıyır, əzilir, əzablara düçar edilmiş bir xalqın xüsusi qəddarlıqla, amansız düşmənçiliklə öz doğma yurd-yuvasından perikdirilməsinə, didərgin düşməsinə, alçaldılıb təhqir olunmasına qəzəblənir, yumruğunu düyümləyir, "intiqam, qisas" deyə hönkürmək, üsyan etmək istəyirsən".
Roman həyəcanlı bir xəbərdarlıqla başlayır: "Günortaya az qalırdı. Çoban Dünyamalının arvadının qışqırığına bütün kənd ayağa qalxdı:
-Ay camaat, ermənilər Dünyamalını öldürüb, sürüdən nə qədər mal, qoyun aparıblar. Vay evim yıxıldı. Balalarım başsız qaldı, ay ellər. Bu ocağı qaralmışlara nə pisliyimiz dəymişdi? Öz otlağımızda, öz örüşümüzdə dünən günorta çağı dağ kimi kişinin başını daşa çırpıb, qanına qəltan eliyəsən? Bunu heç Allah da götürməz".
Əsər başlanğıcdan sona kimi belə həyəcanlı səhnələrlə diqqəti cəlb edir. Əsasən bir ailənin taleyi (Teymur müəllimin və oğlu Kamranın) izlənilsə də, romanda Arazqırağı kəndlərin, rayonun ərazisində baş verən hadisələr, ermənilərin hücumlarından sonra başlanan köçkünlük, eyni zamanda, igid oğullarımızın düşmənə qarşı mübarizə aparması, rayon daxilində ayrı-ayrı vəzifəli adamların bir-birilə çəkişmələri də süjet xəttində çoxplanlılıq yaradır. Romanın əsas qəhrəmanlarını səciyyələndirən bir xüsusiyyəti sonadək izləyə bilirik - bu da vətənpərvərlikdir. Tarix müəllimi Teymur da, onun oğlu Kamran da məhz bu hisslə yaşayırlar. Teymur müəllim yaşına baxmayaraq tez-tez vuruşan oğulların sırasına qoşulur. Teymur müəllim oğlunun sorağıyla cəbhə bölgələrində olur, hətta əsir də düşür, amma heç vaxt o hiss, Vətənə, torpağa olan o duyğu, o böyük məhəbbət onu tərk etmir. Oğlu Kamran da elə hadisələin başlanğıcında döyüşçülərə qoşulur. Onu Vətən hissi qəhrəman döyüşçüyə çevrilir. Kamranın ölümü də çox təsirli səhnələrdən biridir. Yaxın dostu Fuadın həlak olması onu elə sarsıdır ki: "Kamran canı ilə bir növ tarana gedirdi. Bir tankı susduran Kamran, növbəti BTR-i nişan alanda, düşmən pulemyotunun güllələri onun sinəsini dəlik-deşik etdi. O, son gücünü toplayıb bir dəfə də atəş açmaq istədi. Lakin qolları boşaldı, gözləri qaraldı. Qranatamyot əlindən düşdü...gGöyə qalxan odun, alovun içindən iki quş qanad çalıb göylərin ənginliklərinə qalxdı. Onları döyüşçülər də gördülər. Bəlkə Fuadın, Kamranın ruhları idi ki, Səməndər quşuna dönmüşdü".
Romanda çadırlarda yaşayan soydaşlarımızın da çətin, ağır güzəranı, həyat tərzi, burada baş verən hadisələr öz əksini tapır. Müşahidələr dəqiqdir: "Çadır şəhərciyi" deyilən qaçqın düşərgəsində insanlar qarışqa kimi qaynayır, bir-birini soraqlayanların səsindən qulaq tutulurdu. Kənddən tələsik çıxanda, aralı düşənlərin ağlaşmasından insanın tükü biz-biz olurdu. "Çadır şəhərciyi"nin yaxınlığından keçən şosenin kənarında xırda-para şeylər satılan bazar, məişət avadanlıqları satmaq üçün mağazalar açmışdılar. Burada kartof-soğanı, göy-göyərtini yaxın Sabirabad, Saatlı rayonlarından alıb gətirirdilər. Nərgiz hər gün bura gəlir, yol qırağında dizlərini qucaqlayıb otururdu. -Bəlkə yoldan ötüb-keçənlərdən oğlumdan, ərimdən bir xəbər tuta bildim, -deyirdi".
Romanda bir sıra maraqlı obrazlarla qarşılaşırıq, Şövkət xanım hər bir obrazın özünəməxsus səciyyəsini açıqlamağa çalışır. Məsələn, Polis rəisinə o, ötkəm, cəsarətli, əsl vətəndaş kimi təqdim olunur. O, "yuxarıların" məntiqsiz göstərişlərinə əməl etmir, əhalini necə xilas etmək haqda fikirləşir, rayonun icra başçısının iradəsizliyini onun üzünə çırpır, başçının arvadının, oğlunun nəlayiq hərəkətlərini ona xatırladır. Yaxud, el ağsaqqalı Nəsir kişi Azərbaycan qocalarına xas olan bir obraz kimi diqqəti cəlb edir. Ana-Nərgiz obrazı da uğurludu. O ağır və çətin günlərdə analarımızın çəkdiyi iztirabları onun taleyində izləyə bilirik.
Şövkət Zərin Horovlunun bu iki romanı bizə Qarabağ müharibəsinin ilk illəri haqqında dolğun bir təəssürat yaradır. Təbii ki, hər iki romanda müəyyən nöqsanlar da var. Bəzən kompozisiya dağınıqlığına rast gəlirik. Bəzən təsvirlərdə artıq görünən təfərrüatlar da diqqətdən yayınmır. Amma bu iki roman bir xanım yazarın Qarabağ həqiqətlərini ifadə etmək baxımından maraqlı əsərlərdir və biz müəllifə bu həqiqətləri bədii şəkildə canlandıran yeni əsərlər yazmağı arzulayırıq.
Vaqif YUSİFLİ,
filologiya
elmləri doktoru