Gənc kino rejissor, lentə aldığı "Ritmik Gimnastika üzrə 30-cu Avropa Çempionatı" film-videoçarxına görə Kann festivalında "Gümüş Delfin" mükafatını qazanan Vüqar İslamzadənin mənsub olduğu ailənin nəsil şəcərəsində bir çox tanınmış şəxslərin adı var. Görkəmli xanəndəmiz Sara Qədimova, ifaçılıq sənətində özünəməxsus iz qoyan Akif İslamzadə, şair Fikrət Sadıq, yazıçı-kinodramaturq Orxan Fikrətoğlu...
Milli kinomuza "Almaz", "Qara daşlar", "Səhər", "Ulduz", "Mən ki gözəl deyildim" kimi bədii filmlər bəxş edən rejissor Ağarza Quliyev də Vüqar İslamzadənin yaxın qohumudur.
1986-cı ildə Bakıda doğulan və incəsənətə bağlı mühitdə böyüyən Vüqar hələ uşaq yaşlarından fotoqrafiya ilə maraqlanıb. Orta məktəbin 8-ci sinfində təhsil alanda isə gələcəyini kino ilə bağlamaq qərarına gəlib. Həmin anları gənc həmsöhbətim belə xatırlayır:
- Yəqin ki, orta məktəb illərində hər kəsin ilk məhəbbəti olur. Bu hissləri mən də yaşamışam. Məktəbdə oxuyan bir qızdan xoşum gəlirdi, tez-tez görüşüb söhbətləşir, gələcəyimizlə bağlı xəyallar quruduq. Həmin illər fotoqrafiya ilə məşğul olduğumdan mənim də yaradıcılıq planlarım var idi. Bu mövzuda söhbətlərimizin birində istədiyim qız dedi ki, bəlkə kino rejissor olasan. Onun bu təklifi mənin üçün gözlənilməz oldu, çünki bu barədə heç vaxt düşünməmişdim. Amma qərar vermək üçün çox da fikirləşmədim.
- Qohumunuz, görkəmli rejissor Ağarza Quliyevin sənətini davam etdirmək istəyin yəqin ki, evdə yaxşı qarşılandı...
- Bir o qədər də yox.
- Niyə?
- Çünki atamın mənimlə bağlı başqa arzuları var idi, ona görə də qarşıma iki şərt qoydu. Şərtlərdən biri İqtisad Universitetinə qəbul olunmağımla bağlı oldu. Digər şərtə görə isə xaricdə kino təhsili almalı idim.
- Bu şərtlərdən hansına əməl edə bildin?
- Hər ikisinə. Əvvəlcə İqtisad Universitetinə daxil oldum, sonra elə həmin il sənədlərimi Sidney Universitetinə (Avstraliya) göndərdim və bu nüfuzlu ali məktəbin kino rejissorluq fakültəsinə qəbul edildim. Hər iki ali məktəbdə təhsilimi başa vurduqdan sonra Almaniyada və ABŞ-da təcrübə keçdim. O zaman da, elə indi də o qənaətdəyəm ki, atam mənə doğru yol göstərdi. Həqiqətən də yaxşı kino rejissor olmaq üçün istedaddan başqa mükəmməl təhsil də vacibdir.
- Sidney Universitetinin məzunu öyrəndiklərini dərhal Bakıda həyata keçirmək üçün başladı iş axtarmağa...
- Təbii ki, öyrəndiklərini reallaşdırmaq üçün meydan lazımdı. Əvvəlcə yaxın dostum Camal Atakişiyevin təklifi ilə "Butafilm" şirkətində işlədim. Sonra isə Bakı Media Mərkəzində dəvət olundum, bu gün də orada baş rejissor kimi çalışıram.
- Elə ilk işlərindən biri uğur qazandı, hətta Kann festivalında mükafat qazandı...
- Bakı Media Mərkəzi paytaxtımızda keçiriləcək Ritmik Gimnastika üzrə 30-cu Avropa Çempionatı ilə bağlı videoçarx hazırlamaq sifarişi almışdı. Bu iş mənə tapşırıldı və qısa vaxt ərzində reklam filmini hazırladıq. Film əvvəlcə II Bakı Beynəlxalq Turizm Filmləri Festivalında "Reklam filmləri" kateqoriyasında nümayiş etdirildi və gümüş mükafata layiq görüldü. Sonra isə 2010-cu ildən Fransanın Kann şəhərində keçirilməyə başlayan nüfuzlu "The Cannes Corparate Media TV Award" festivalında bəyənildi və "Gümüş Delfin" mükafatını qazandı. Dünyaca tanınmış münsif və ekspertlərin əlindən belə bir ödülü almaq təbii ki, xoşdur, lakin səmimi deyim ki, mən daha çox bədii filmlə uğur qazanmaq istəyirəm.
- Vüqar, səninlə Mili Kino Günü ərəfəsində görüşürük, bayram münasibəti ilə Nizami Kino Mərkəzində keçirilən tədbirdə sənin çəkdiyin "Zabit şərəfi" bədii filmi də göstərildi. Bəlkə bir az da yeni işin haqqında danışaq...
- Öncə onu deyim ki, Milli Kino Günü təqdim olunan "Motivlər" almanaxı Prodüserlər Gildiyasının elan etdiyi müsabiqədə qalib gələn bir layihədir. "Adari Films"in ərsəyə gətirdiyi bu layihənin orijinallığı ondan ibarətdir ki, almanaxa daxil olan filmləri xaricidə təhsil görmüş 5 gənc kino rejissor lentə alıb. Layihənin prodüserləri Müşfiq Hətəmov və İradə Bağırzadədir.
"Zabit şərəfi" filmini öz ssenarim əsasında çəkmişəm, bu işdə mənə operator Cəbrayıl Rəfiyev, quruluşçu rəssam Rafiq Nəsirov, redaktor Yusif Şeyxov, icraçı prodüser Azər Quliyev yaxından kömək ediblər. Film kollektiv əməyin məhsulu olduğundan "Zabit şərəfi" üzərində bütün komanda üzvlərinin əməyi var, onların hər birinə təşəkkürümü bildirirəm. Aktyorların işini xüsusi qeyd etmək yerinə düşər. Əbdül Mahmudova, Aqil M. Quliyevə, Rövşən Vəliyevə, Azər Aydəmirə, Elsevər Mehdizadəyə və filmdə çəkilən digər aktyorlara minnətdaram ki, bu işin uğurlu alınması üçün əllərindən gələni etdilər.
"Zabit şərəfi"nin ssenari müəllifi və quruluşçu rejissoru kimi demək istəyirəm ki, həyat çox qəribədir və insan mürəkkəb situasiyalara düşür. Belə situasiyalara düşdükcə bəzən yalanın həqiqətdən şirin olduğuna inanmağa məcbur olur.
- Kinomuzun uğurları bəllidi, bəs problemlərindən danışası olsaq, hansıları ön plana çəkərdin?
- Bu gün və yaxın 5-6 ildə Azərbaycanda kino bumu olacağını gözləmək o qədər də real görünmür. Etiraf edək ki, peşəkar kadrlarımız çatışmır və ən böyük problemlərimizdən bir də elə məhz budur. Bu gün elə bir vəziyyət yaranıb ki, hər bir evdar qadın əlinə kamera alıb nəsə çəkə bilər, amma peşəkarın ərsəyə gətirdiyi iş tamam başqa bir məsələdir. Mütəxəssis yetişdirmək məsələsini indi həll etməyə başlasaq, yaxın gələcəkdə böyük uğurlar qazanacağımıza ümid edə bilərik. Kinomuza yeni nəfəs lazımdı.
Etibar CƏBRAYILOĞLU