adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ZAMİQ MEHDİSOY

MƏMMƏD DƏMİRÇİOĞLU
34288 | 2015-08-01 09:39
Son zamanlar ara-sıra gənc yazarlar haqda fikirlər söyləməkdə, onların yaradıcılıqları haqda etüd yazılar yazmaqdayam. Bunu birmənalı qəbul etməyənlər də olur, hətta bəzən zəif gəncləri olduqlarından daha çox tərif edərək, qələmimə xəyanət etməyimi də söyləyirlər. "Xırdalardan yazmaq adamı kiçildər, böyüklərdən yazmaq böyüdər" fəlsəfəsini də nəzərə alsaq, belə ittihamlardan sonra özümə xəyanət etmiş durumunda qalıram. Amma Həzrəti Mövlananın "...hər kim olursan ol, bizə gəl" - kəlamına istinad etdikdə isə insanın içindəki təkəbbür azalır, bir könül ziyarətinin bir Kəbə ziyarətindən yey olduğunu düşünürsən.
Əslində bu fikri bir neçə dəfə söyləmişəm və yenə təkrar edirəm ki, mən gənc şairlərin mənzərəsini cızmaqla onları oxucularıma təqdim edirəm, yaradıcılığına münasibəti də onların öhdəsinə buraxıram.
Diqqətimi çəkən, özünə məxsus maraqlı nümunələri ilə poeziya ətrini duyub və sözdən əlvan çələnglər toxumağa cəhd edən, çox zamanda buna nail olmağı bacaran gənc şairlərdən biri də Zamiq Mehdisoydu.
Bütün yaranmışlar torpağa bağlıdı və torpaqdan boy alıb, torpağa da qovuşurlar. Amma mənə elə gəlir ki, SÖZ deməyə məhkum olunmuş şairlər göyə bağlıdırlar, göydən qidalanıb, göyə də çəkilirlər.
Və bütün canlılar tədricən böyüyür, püxtələşir, öz bəhrəsini verir. Bu baxımdan elə ilk addımdan heç kim kamil ustad olmur, müəyyən mərhələlərdən, təlimlərdən keçib, kamillik zirvəsinə ucala bilirlər.
Tək-tük şairlər var ki, ilk şeiri ilə son şeiri eyni çəkidə olsun. Bu şairin şairlik potensialının göstəricisi ola bilməz. Çünki şair yaşa dolduqca mükəmməlləşir, özünü və içini formalaşdırır, dünyanı zaman-zaman dərk edir, Allahın varlığını özünün kimliyini özündə tapa-tapa şeirlərini yazmağa başlayır. Bütün yaradıcı insanlar eyni zamanda mühitin yaratdığı və diktəsidir.

Gecəni yola salıb
səhər edirəm hər gün.
Dayanmadan baş alıb
elə gedirəm hər gün.

Önümü kəsib duman,
yanımnan keçir zaman.
Dərdim çoxalır yaman,
mənsə bitirəm hər gün.

Öz odum üstə sacam,
tüstümü çəkmir bacam.
Bir gün tapılmayacam,
düşüb itirəm hər gün.

Budur, şair özü fikirlərimizi təsdiq edir, onu alıb gedəcək yolunu dəqiqləşdirir, dəmir çarığını geyib yoluna davam edir.
Şair hansı yolun ona nəsib olduğunu yaxşı anlayır və "Bir gün tapılmayacam, Düşüb itirəm hər gün" - deməklə əslində təvazökarlıq edir. Şair misra-misra itir, misra-misra tapılır.
Söz öncəsi yaradıcı insanları mühitin diktəsi adlandırdıq. Zaman-zaman dahilər yetirən dövrlərin mühitinə nəzər salsaq görmək olar ki, Peyğəmbərləri də mühit yetişdirib. Və etiraf edək ki, yaşadığımız mühit bu gün şairlərinə, biganədir, onları suvarmır, alağını etmir, ziyanvericilərdən və s. qorumur. İndiki zamanın şairləri Allah ümidinə böyüyürlər. Yəni dəmyə yovşanları kimi üzü göyə - yağacaq yağışları gözləyə-gözləyə böyüyürlər. Mən belə şairləri və belə şeirləri səhra gülləri adlandırıram.

İlahi, bağışla ki, mən
hələ də yadam yoluna.
Yolumu azıram hərdən,
düşürəm adam yoluna.

İtirmişəm sağ-solumu...
Öldürürəm sağ sonumu.
Biryolluq azam yolumu,
baş alıb gedəm yoluna.

Özümə çataram bir gün...
İzimi taparam bir gün...
Dünyadan qoparam bir gün,
qoyaram qədəm yoluna...

Zamiq, yol başlayır. Tərəddüddən keçib, yolunu müəyyənləşdirib. Adam yolundan keçib, Adəm yolunu seçib və yolun o başında özünü bələdliyib. Yunus İmrə təsiri bir az da olsa bütün şairlərdə sezilməkdədir və gənc şair də irfan yoluna qədəm qoymağa can atır, faniliyi dərk edib dünyadan qopmağa, Haqqa varan yolda qapıların açılmasını gözləyir.
Allahı inkar edən şairlərə də rast gəlirik. Onlar hər şeyin materialını görürlər, rəngini, formasını, dadını anlayırlar. Bu baxımdan həmin adamlara materialistlər, realistlər və s. deyirlər. Onlar görmədiklərinə inana bilmirlər. Bu baxımdan Allahın varlığını dərk etməkdə çətinlik çəkirlər. Allahı dərk etmədən onu sevmək də mütilikdir. Bəzən Allahdan qorxmağı ön plana çəkirlər. Bu isə cəhalətdi. Mən qatı və şovenist dindarlığın əleyhinəyəm. Allahını tanımayanları, onu dərk etməyənləri isə adi heyvanlardan fərqləndirmirəm. Və həmişə demişəm, Allahını tanımayan adamdan şair olmaz.
Zamiq Mehdisoy, üzü Allaha şeir yazır. Yaxşı bilir ki, bəşəri olanlar Allahın zərrələrini daşıyanlardı.
Şair dövrünün dil deyənidi. Eyni zamanda özünü və uca sözü zamanların səhifəsinə yazan, gələcək nəsillərə öz zəkasını əmanət edən bir milli sərvətdir. Təbii ki, söhbət ŞAİR-dən gedir. Bu tale isə hər kəsə nəsib olmur.
Zamiq gəncdir, şeirləri də onun istədiyi kimi alınacaq. Çünki, bütün şeirlərindən poeziya qoxusu gəlir:

Yalanı özünnən böyük olanın
əməli sözünnən balaca olar.
Həqiqət eşqiylə yaşayanların
əzabı, kədəri bolluca olar.

Yolun var hamarı, var daşlığı da,
sonluqdu hər yolun hər başlığı da.
Qardaşın qardaşla yoldaşlığı da
evin qapısınnan yolacan olar.

Hər keçmiş haçansa gələcək imiş...
Mənim də keçmişim gələcək imiş.
Bu dünya əvvəldən beləcə imiş,
eh... mənnən sonra da beləcə olar...

Biz gənc nəsildən dərhal qüsursuz şeir tələb etməməli, onlara stimul verməli, qüsurlarını da eyhamla anlatmalıyıq. Və mən bu yazılarımla ancaq bu missiyanı yerinə yetirməyə çalışıram. Heç kim birdən-birə böyük şair olmayıb. Şairin yolu və nəfəsi onun gələcəyini təyin edir. Zamiq ümid verən gənc şairdir və ümidvaram ki, bu yazım onun yoluna azacıq da olsa işıq salacaqdı.

Baxaq:

Bir ömür gedirik ölümə gülüm,
bir ölüm yol varmı həyata görən?
Ömürlər bitirən amansız ölüm
sığarmı zamana, saata görən?
Bu ömür deyilən nədi ki axı!..
Bəzən bir arzuya bəs eləmir heç.
Zamanın selində sürətlə axır,
ötür yanımızdan, səs eləmir heç.
Həyatda nə gördük kədərdən özgə...
Hərdən gəl sevinək, gülək birtəhər.
Yaşamaq deyilən budursa əgər,
yaşayaq birtəhər, ölək birtəhər.

Zamiq Sevinc Yunusluya bir nəzirə də yazdı. Əslində çox xoşuma gəldi. Sevinc Yunuslu da istedadlı və özünə məxsus gənc şairdi. Bu kimi yazılar həm gənclərin qısqanclıq azarından qurtulmasına, həm də bir-birinə dəyər verməsinə gətirib çıxarır. Bu tərbiyənin və sevginin bakirəliyindən xəbər verir:

Ötən qış ötdü şaxtalı,
dedim... dedim ki, yaz gələ.
Sevinc Yunuslu.

Gəlmədi
İllərim ötdü şaxtalı,
dedim yaz gələ, gəlmədi.
Eşqə doğru yön aldım ki,
gedim yaz gələ, gəlmədi.
Kərəm könlüm, yan Əslinə...
Bənzəyirəm qış fəslinə.
Gəlmədi yarım, vəslinə
yetim yaz gələ, gəlmədi.
Qarşıladım son baharı,
xəzan vurdu arzuları.
Gözləməklə ömrü yarı
etdim yaz gələ, gəlmədi,
dedim yaz gələ, gəlmədi.

Mənə ustad deyib, üzü mənə də bir şeir yazıb. Həmin şeiri sizlərin hüzuruna təqdim edərək gənc yazarımıza uğurlar diləyirəm.

Ustad şair Məmməd Dəmirçioğluna
Sən adlı şair var sənnən içərdə,
şeirlər süzülüb içinnən gəlir.
Misralar hay salır qoca şəhərdə,
hərəsi bir dərviş köçünnən gəlir.
Sən adlı şairin yaşı uludu,
ürəyi tər-təmiz söznən doludu.
Yolu Yunus Əmrə,Veysəl yoludu,
bilinir hayannan, haçannan gəlir.
Sən adlı o şair yazmır marağa...
Sözlərin rəsmini çəkir varağa.
Şeirinin hər bəndi dönür darağa,
darayır bir qızın saçınnan gəlir.



Məmməd Dəmirçioğlunun
təqdimatında

TƏQVİM / ARXİV