GÖYDƏN GƏLƏN ADAMLAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
67126 | 2015-08-01 09:07
Diqqətin fərqli təqdimatı

Artıq mətbuat günü bizdən bir işıq məsafəsi geridə qaldı. Yəni ay da dəyişdi, gün də. Və biz bu uzaqlaşan tarixə istər-istəməz hərəmiz öz bucağımız altında baxırıq. Kimi sevinglə, kimi həsədlə, kimi də kədərlə. Amma mən şəxsən həmin o günü bir az düşüncəli, bir az ağrılı xatırlayıram. İstəməsəm də içimdə qalan o ağrı məni həqiqətən incidir. Bilirsiniz niyə?
Ola bilsin ki, kimlərsə fərqli düşünür. Belə qərar verə bilərlər ki, tədbirlərə dəvət, mükafat və s. olmadığından incikəm. Amma yox, gerçək budur ki, dostlarım, xüsusilə, sözə, mətbuata diqqətli olan dostların laqeydliyi məni incitdi. Zaman-zaman mən onları həmişə yanımda, içimdə görmüşəm. Və öyrəşmişəm ki, onlar bütün bu illər boyu məni həmişə Mətbuat günündə təbrik ediblər, telefonum susmayıb. Hər kəs xoş arzusunu bildirib, hətta bir az yekə çıxsa da deyim ki, məni mətbuatda olmağımla qərur duyduğunu söyləyənlər də olub... Bax, bu vərdiş, bu gözlənti bu ilki Mətbuat günündə demək olar ki, cəmi bir-iki zənglə yekunlaşdı. Həmin dostlara ,xüsusilə Mərdan bəyə sonsuz təşəkkürlərimi çatdırıram...
Dostlar elə bilməsin ki, giley edirəm. Yox, sadəcə söz adamının nədən sındığını xatırladıram. Axı biz daha çox diqqətsizlikdən qırılırıq, ağrıyırıq. Düşünürəm ki, bir telefon zəngi nə çox vaxt aparmır, nə də çox baha başa gəlmir. Bu sadəcə ürək sevindirir. Gəlin bu sevinci bir-birimizə çox görməyək. Axı bu dünya çoxlarının dediyi kimi beş gündür, onun da neçəsi nəyə düşür, bir Allah bilir!..
Hə, deməli, söz diqqətdən düşdü. Mövzu diqqət oldu. Və mən də elə həmin o günlərdə özümün də,ailəmin də, doğmalarımın da diqqətində olan bir məqamın ipucundan yapışdım. Təsəvvür edin ki, bütün həyatım boyu ağrı-acıyla, problemlərlə təkbaşına vuruşub böyütdüyün övladın xoş gününü yaşamaq nə deməkdi. Onun iştirakçısı olmaq, onun şahidinə çevrilmək insana hansı zövqu, hansı xoş anları bəxş edir. Yəqin ki, bunu təsəvvür edirsiniz. Ən azından hər bir oxucu həm də faktiki olaraq bir ailə deməkdir, bir ailənin təmsilçisi deməkdir. Bax, bu mənada mən ailəmizin bir üzvünün həmin o xoş anları necə yaşadığını, ağrı-acını necə unutduğunu, problemləri bir anda necə gözünün ən dərin qatlarından silib atdığını müşahidə edəndə Tanrıdan gələn sevincin gücünə, kəramətinə inandım və baş əydim. Gördüm ki, Allah sevindirəndə bəndə ən azından çiçək kimi açılır. Onun içi üzündə-gözündə görünür. Bax, mən bu sevinci hər kəsə, bilgisayaran yazarından tutmuş oxucuya qədər hamıya arzu edirəm. Çünki həmin sevinci Allah verir. Allah isə hər şey deməkdir. Qoy hər şeyin ən gözəli hamımızın olsun.
Bax, o sevgiylə də bu misraları sizə ünvanlayıram.

Xoşbəxtlik tökülür baxışlarından,
Baxıram üzünə - ürəyim gülür!
İslanıb sevincin yağışlarından -
Yağıram gözümə, ürəyim gülür.

Səsində od-alov, səsində işıq,
Üstümə çilənir ondan bir qaşıq
Sevinc görməmişdim belə qarışıq -
Axıram izinə, ürəyim gülür.

Sən halal haqqını dadırsan indi,
Kədəri bir küncə atırsan indi.
Dünyada ən xoşbəxt qadınsan indi -
Baxıram üzünə, ürəyim gülür!

***

Bəli, bütün hallarda insanı yaşadan məqsəd, məramla yanaşı həm də diqqətdir. İstər ailədə olsun, istər çalışdığın kollektivdə, sənin yerin görünürsə, səni axtarırlarsa, sən yada düşürsənsə, deməli, yaşayırsan. Çünki ayaq üstə olub min ilin ölüsü kimi unudulanları o qədər görmüşəm ki!..
Hə, mən bütün məqamlarda diqqətin vacibliyini yazmışam, demişəm və bu .gün də təkrarlayıram. Burada bir qəbahət də görmürəm. Ən azından ona görə ki, həyatımda həmişə nə qazanmışamsa mənə göstərilən diqqətin bəhrəsi olubdur. Onu dostlar da göstərib, tanşlar da, təsadüfi adamlar da, elə siz oxucular da. Bu gün də evimdə çox qiymətli hədiyyə saxlayıram. Düz altı il öncə, yəni 50 yaşımın tamamında üzünü heç vaxt görmədiyim, sadəcə telefonda bir-iki dəfə səsini eşitdiyim bir oxucum məni təbrik etdi, daha doğrusu, cavan bir oğlan redaksiyaya zəng vurub mənə bir hədiyyənin çatacağını söylədi. Görüşdük və o, bildirdi ki, özünü təqdim etməyən bir nəfər, daha doğrusu bir xanım bu hədiyyəni sizin 50 yaşınıza hədiyyə edibdir. Doğrusu, bu gün də adını bilmədiyim və mənim üçün sirli qalan həmin oxucu təkcə o diqqəti ilə mənə bütün yazdıqlarımın bir növü mükafatını verdi. Anladım və həm də sevindim ki, heç olmasa yazdıqlarım bir ürəyə yol tapa bilib. Demək, papağı günə yandırmamışam və indi gecəqondu evimin ən mötəbər yerində dayanmış həmin o şahə qalxmış at büstü mənim bir növü həyat kredoma çevrilib. Bu at həm də mənim üçün yaxşı günlərə, eləcə də həmin günlərin yaxşı yazılarına doğru gedən yolumun ümidi, müradıdır!..

Deməli, biz bir-birimizə diqqət göstərəndə həm insanlıq missiyamızı yerinə yetirmiş oluruq, həm də o diqqətlə daha uğurlu, daha inamlı addımlar atırıq, yolumuzdan sapmırıq, məqsədimizdən yayınmırıq. Bu da o deməkdir ki, biz sabahı kədərli notlarda kökləmirik. İçimizdə həmişə işıq oluruq. Əks halda, qaranlıq bizi boğar, bizi zülmət özünə doğru çəkər və biz onda ümidsizləşərik. Bax, mənim həmin o ümidsiz anlarımda yazdığım şeirdə olduğu kimi.

Məni kim ağlayacaq,
Özüm olmayan vaxt?!
Ayaqda saxlayacaq -
Dözüm olmayan vaxtı?!

Dərd çoxdu qısılmağa,
Yerd yoxdu asılmağa.
Gəlirsən qızınmağa
Közüm olmayan vaxtı.

Bir ümid bəsləyərsən,
Dünəni səsləyərsən.
Dinləmək istəyərsən,
Sözüm olmayan vaxtı...

***

Biz hər birimiz ayrı-ayrılıqda bir yolun yolçusuyuq. Toplum halında o yolun adın ömür yoludu. Və ən maraqlısı budur ki, hamının keçdiyi o yolun standart, necə deyərlər bir qəlibdə ölçüsü yoxdur. O yol beş il də, on beş il də, yüz il də ola bilir. Və nəhayət, sonuncu dayanacaq və düşmək məqamı. Pafoslu desəm, yazıya nöqtə. Yəni yola "dur" işarəsi. Amma bir qəribəlik də var. Beş ili, on ili yüz il kimi də yaşamaq olur. Yüz ili beş il, on il kimi də. Amma bir məqam da var ki, cəmi-cümlətani barmaq sayı yaşanan ömrü yüzilliklərə də calayan var. Bunlar Allahın ən sevimli bəndələri və əbədi yaşamaq haqqını qazananlardı. Məsələn, Nəsimi, Nizami, Füzuli, Sabir, Cavid, Səməd Vurğun, Müşfiq, Üzeyiir bəy və başqaları. Lap elə mənim gözümün önündə görüb səhnədə izlədiyim Maestro Niyazi! Yəni bu adamlar Allahın göydən göndərdiyi və biz insanları daha da kamilləşdirmək üçün gələnlər idilər. Gəldilər, işlərini gördülər və bir də qayıdıb getdilər gəldikləri ünvana. Bax, indi özünüz fikirləşin, bunu elə bu yaşımda mən dərk edirəmsə, onda niyə ən azından özümə, qarşımdakına hörmət etməyim, ona diqqət göstərməyim? Axı, mən gerçək faktları sadaladım, göydən gələn adamların adını çəkdim. Bunları siz də bilirsiniz. Məndən xoşunuz gəlməyə bilər, hətta yazımı da oxumaya bilərsiniz, amma özünüzün özünüzə qarşı çıxmağa haqqınız yoxdur. Siz barı özünüz özünüzə diqqət yetirin. Onda kimliyinizi biləcəksiniz. Elə ki, kimliyinizi bildiniz, mütləq başqalarına da, elə mənim özümə də diqqət yetirəcəksiniz. Və...
Hə, bax bütün bunlar baş verəndə həmin o dediyim ömür yolumuz bir az maraqlı, bir az işıqlı, bir az ümidverici olacaq. Biləcəyik ki, bu yolu elə-belə günü, ayı başa vurmaq üçün ötüb getmirik, bu yola iz salırıq. Və bu izləri görənlər bizi xatırlayacaq. Ola bilsin, hətta kimsə bizim üçün ağlayacaq da...

Çək qapını astaca,
Bağla, səssiz-səmirsiz...
Deyim elə burdaca -
Ağla, səssiz-səmirsiz...

Bu dəlisov-dinci də
Sən incidə-incidə,
Ürəyinin küncündə
Saxla səssiz-səmirsiz!

Nə qurmuşuq, uçurma,
Hər baharda puçurla...
Misralarım pıçılda -
"Ah"la, səssiz-səmirsiz...

Hə, bütün bu yazdıqlarım, dediklərim yayın bu cırhacırında sizi hövsələdən çıxarsa ya özünüzü sərin bir yerə çatdırın, ya da bir bardaq buz kimi su tapıb çəkin başınıza. Mən isə bilgisayar yazarımızın istidən pörtmüş üz-gözünə baxa-baxa yazıya yarımçıq nöqtə qoyuram, çunki söhbət diqqətdən gedir. Onun görkəmi artıq mənə diqqəti xatırladır. Əməl etməsəm, deməli, yazdıqlarıma özüm də inanmıram.

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV