ƏVVƏLLƏR SƏSİ, İNDİ İSƏ AĞZI OLANLAR OXUYURLAR

FAİQ QİSMƏTOĞLU
81543 | 2015-08-01 08:46
Dədə-babadan biz görmüşük ki, kiminsə məlahətli səsi varsa, onu ekrana, efirə buraxıblar. O müğənnilər, o xanəndələr də xalq mahnılarından tutmuş bəstəkar mahnılarına qədər hamısını çox gözəl ifa ediblər. Seyid Şuşinskinin, Rəşid Behbudovun, İslam Rzayevin, Zeynəb Xanlarovanın, Əlibaba Məmmədovung gözəl səsindən və məlahətli ifasından harda var? Adamın qəm içini yeyəndə, dərdə də başından aşanda həmin sənətkarların oxuduğu bir xalq mahnısına qulaq asmaqla dərdi-qəmi azalır və özünü çox sağlam hiss edir...g
Bunlar hamısı arxada qalıb. İndi şou biznesdi-nədi, sarmaşıq kimi necə yayılıbsa, ən yaxşı səsi olanlar belə onların yanında bir iş görə bilmir. Qəribə də olsa, səsi olmayan və fonoqramla oxuyan müğənnilər kef edirlər. Həftə səkkiz mən doqquz dəbdəbəli evlərini, maşınlarını müxtəlif televiziya kanallarında az qala camaatın gözünə soxurlar. Sanki demək istəyirlər nə olsun ki, səsimiz yoxdur, "zato" çoxlu toylarımız var və pulumuz da başımızdan aşır. Səviyyəsiz, bayağı mahnılarla ekranları zəbt edənlər gah Antalyadan dəm vurur, gah Bodrumdan, gah da Eyfel qülləsindən. Guya kişilərin dədə-babası dünyanın hər yerini gəzib və bunlar da dünyanın hər yerini gəzməklə camaatın boynuna bir minnət qoymaq istəyirlər.
Bir neçə gün bundan əvvəl televiziya kanallarının birində orta səviyyəli bir müğənni aparıcı ilə ağız-ağıza verib yenə yekə-yekə danışırdı. Deyirdi ki, bir neçə gündən sonra ailəmlə Antalyaya gedəcəm, orda on beş gün istirahət edəndən sonra uşaqları Bakıya göndərəcəm, özüm isə Almaniyaya uçacağam. Orda iki toyum var. Dağılasan dünya, gör kimləri Almaniyaya toya dəvət edirlər. Hələ nə yaxşı demir ki, ora konsert verməyə gedirəm. Çünki bir neçə səsi olmayan və toya gedən müğənnilər çox vaxt onlar da hapdan-gopdan kalan olduqları üçün konsert vermələrindən dəm vururlar. Hansı ki sonradan bəlli olur ki, onlar konsertə yox, toya gediblər.
Kim hara gedir, qoy getsin, Allah işlərini avand eləsin, amma çıxıb televiziya ekranlarında boşboğazlıq eləməsinlər. Hətta bəzi müğənni var ki, ekranda özünü elə aparır ki, zalım oğlu sanki qoçu Əsgərdir. Bircə tapançası çatışmır.
Adamın "Space" televiziyasındakı "Mikayıl şou"ya baxanda əti tökülür. Eyni adamları nə qədər efirə çıxarmaq olar. Manaf Ağayev çox yaxşı müğənnidi, amma onu hər gün efirdə görəndə artıq oxuduğu mahnılara da qulaq asmaq istəmirəm. Üstəlik də hansı mövzudan söhbət gedirsə, bu müğənni ora dəvət olunur. İndi Manafın imkanı var deyin, bütün verilişlərə dəvət olunacaq? Axı bu adam müğənnidi, özü də pis müğənni deyil və çoxlu sayda da fanatları var. Amma verilişlərdə iştirak edəndə, hər hansı mövzuya münasibət bildirəndə o dəqiqə onun zəif nöqtəsi üzə çıxır və istər-istəməz bu reklam əvəzinə antireklam olur.
Bir neçə gün bundan əvvəl Mətanət Əsədovanın bacısı və ondan sonra da Mətanət İsgəndərlinin bacısı "Xəzər TV"də Zaurun verilişində göründülər. Hər iki müğənni kifayət qədər tamaşaçı auditoriyası qazanıb. Mətanət Əsədovanın "Kəsmə şikəstəsi"nin yeri var və bunu o qədər özünəməxsus formada ifa edir ki, ancaq ona əla demək olar. Bəs onun bacısı? Bax burda xoruzun quyruğu görünür, onun efirdə oxuduğu mahnılar yaxşı olsa da, səsi yetərincə şirin deyildi. Və üstəlik də efir təcrübəsi yoxdur. Mətanət İsgəndərlinin bacısı isə başdan-ayağa xaric oxudu. Bax burda deyirlər, bacarmırsan niyə əlinə mikrafon götürürsən? Çünki indi toy tutmaq üçün televiziyaya çıxmaq və tanınmaq lazımdır. Xüsusən də xanım müğənnilər daha tez tanınırlar.
Sözümüzün canı ondan ibarətdir ki, əvvəllər səsi olanlar, indi isə ağzı olanlar oxuyurlar. Axşam saat səkkizdən on ikiyə qədər toy aparmağa nə var ki? Hünəriniz var, gəlin bizim kəndə səhər saat 10-dan axşam saat 3-ə qədər canlı oxuyun. Görüm oxuya bilərsinizmi? Bunu heç kim bilməsə də Manaf Ağayev yaxşı bilir. Çünki o bizim kənddəki toylarda dəfələrlə səhərə qədər oxuyub və üç-dörd dəfə köynəyini dəyişib.
Bizim kəndin musiqiçiləri televiziyada hər gün reklam olunan müğənnilərdən min dəfə istedadlı və zəhmətkeşdilər. Onlar səhərdən axşama qədər toyu aparır və cəmi-cümlətanı 300 manat pul alır. Amma kişi kimi oxuyurlar və aldıqları pul da analarının südü kimi halaldır. Bakıdakı toylarda isə üç-dörd saat oxuyub 7-8 min manat pul alan müğənninin qazandığı halaldı, ya yox? Bunu bir Allah bilər, bir də həmin müğənnilər.

FAİQ QİSMƏTOĞLU

TƏQVİM / ARXİV