adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Avqust 2015 08:50
3094
GÜNDƏM
A- A+

Misralarda döyünən ürək Həsrətiylə qolboyun yol gedir


Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində dünyaya gələn 63 yaşlı bir cocuğa (40 ildir ki, BDU-nun Mexanika-riyaziyyat fakültəsini əla qiymətlərlə bitirərək səmərəli pedaqoji fəaliyyət göstərməsinə, görə bir ailə başçısı kimi ali təhsilli üç övlad böyüdüb tərbiyə etməsinə, 7 il öncə "Bu dərd mənə ağırdır" adlı şeirlər kitabı işıq üzü görməsinə baxmayaraq o, qəlbən ətrafa uyuşmayan saf, küsəyən bir cocuq olaraq qala bilib) çoxdandır ki, bir borcum var. Qələm dostumun şeirlərinə ruhumun, könlümün münasibətini bildirmək borcum.
Bəli, bizim Qarabulaq eliylə qaynayıb-qarışsa da (həyat yoldaşı İfadə xanım Füzuli rayonundandır) adamlar içində o cocuq yenə də həmişə dalğın, tutqun görünür-sanki, tənhadır, təkdir. Tərslikdən, ya bəlkə əksinə onun şeirləri də çox özünə oxşardır.
Mərcanlı Cocuq 63 ildir ki, iki cahan günəşi sevimli Peyğəmbərimizin adını daşıyır. Başı üstə adaşı-öz ecazkar sənəti ilə beş əsrdir ki, insanları ülviyyətə, məhəbbətlə yaşamağa səsləyən dahi söz ustadı Məhəmməd Füzuli dayanan əlçatmaz poeziya zirvəsi ona doğru gəlməsə də o, daim Poeziyaya doğru yol gedir.
Müxəmməd Haqverdinin özü kimi, qələmindən çıxan poetik nümunələr də taledən gələn ağrılı-acılı narahat düşüncələrlə o qədər yüklənib ki, toxunsan, partlamağa hazır mina kimidir:

Toxunma fikrimə,
Fikrim fikir axtarır.
.... Düşüncəmin əlləri
O fikrin ardınca
Uzanar, uzanar.
Tapa bilməsə, üzər qəlbimi
ilahi bir fikrin qəfil ölümü...

Ətrafdakılara yaxın olduğu qədər də uzaq olan Müxəmmədin şeirlərini oxuduqca hiss edirsən ki, bu nümunələr əvəzsiz itkilərimizdən, Yurd dərdi, yurd həsrətindən yaranıb. Onun qələminə "dustaq dağlarımızın, namusu şəhid olmuş qızlarımızın, sevinci dərilmiş körpələrimizin acı nəğməsini eşitdirə bilmək qismət olub. Bu bayatını bir ürəyin fəryadı da adlandırmaq olar:

Bağlarda gülüm qaldı,
Dağlarda elim qaldı ,
Zəhmət çəkdim yurd yapdım ,
Mənə də zülm qaldı.
Şairin "Çağırış" şeirində tükənən səbrimizin, haqq istəyimizin gur səsi ucalır:

Ordumuzun çinli zabitləri: -
Atilla, Mete dərsləri keçək
əsgərlərə - ümid isidənlərə.
Ancaq gecikməyək,
Geciksək -Vətən olmaz,
Azəri türkləri bir də
Bitən olmaz!

M.Haqverdinin şeirləri hər cürə süni pafosdan, ritorikadan, şablon deyim-duyum tərzindən çox-çox uzaqdır. Onun sözdə deyil fikirdə, poetik ahəng və üslubundakı orijinallığı diqqəti cəlb edir. Bu cəhətdən mərhum gözəl şairimiz Mətləb Misirə həsr edilmiş şeir çox xarakterikdir:

Bir şair gedir onu özəlləyən
Fikrin, ilhamın içi ilə
Gedir...
Təzə sözdən, təzə fikirdən
Sərxoş şair
Gedir sözə sarı, fikrə sarı ...
Özündən xəbərsizdir
Sözün nuruna həris şair.
Onu yol aparır,
Toxunmayın,
Pozmayın fikir, xəyal dincliyin.
Siz Allah!
Şərə ortaq olmayın
Şairə kömək olun!

Cocuq Mərcanlı balası axtardıqlarını tapa, görə bilmək istəyi ilə daim müxtəlif üfüqlərə doğru boylanan çox narahat ruhlu bir şeir fədaisidir. Şairin poetik fəhəmi, intuisiyası gözündə yeni aləm açmağı bacarır. Bu cəhətdən qələmini fırçaya çevirərək yaratdığı "Etüd" maraq doğurur:

Günəş günün sahilində,
Qərib çağı,
Qürub çağı...
Üfüqə boylanan
Nəhəng al-qırmızı kürənin
Qırmızı təbəssüm eləyən şüaları
Boz buludları közərdib əridəcək.
İtəcək üfüq, sozalacaq işıq...
Tünd qara səma sakit-sakit
Göyün nur çiçəklərini -
Ulduzları bitirəcək.

Görklü Tanrının özündən savayı bilən yoxdur ki, yaratdığı hansı gözəlliyə daha çox valeh olub?!. Müxəmməd belə gözəlliklərdən biri qarşısındakı heyranlığını "Sübh Çağı" şeirində məharətlə ifadə edərək dünyanın duruluq çağını özünün şəxsi taleyi kontekstində mənalandırmağa çalışır:

Gecənin ulduz naxışlı
Köynəyi didilər, süzülər...
Anların axarında
Çılpaqlaşan gecə,
Mürgülü səma sübhü eynək kimi
Gözünə taxar...
Bu gözəlliyə, bu ilahi ana
Həm mən baxaram,
Həm də göydən Allah baxar.
Qalmışam gözləyə-gözləyə
Bəxtimin
Həsrətimin səhəri
Açılsın deyə...

Müxəmmədin "Dəniz" şeiri "dalğaları təlatümün pöhrəsi, uzaq üfüqdə yuxulu, sahildə sevdalı, duyğulu görünən Xəzərə olan sonsuz məhəbbətin, heyranlığın, "Görüş" şeiri isə ən əziz dostun görüşündən yaranan sevinc hissinin əlvan çalarlarla ürəkdən gələn təbii və poetik əks-sədasıdır. Müəllif "Görüş" şeirində öz duyğularını belə ifadə edir:

Bir göz qırpımında
....əllərimiz, gözlərimiz öpüşdü
Çiçəkləndi içimiz,
çiçəkləndi çölümüz
Sevincin kosmik sürətini yaşadıq,
Çıxdıq yer kürəsinin cazibəsindən
Olduq sevinc adlı planetin sakini
Dadlı anlar yaşadıq
O qanadlı gün
Günəşə təbəssümlü
Yer kürəmizə heyrətli!

Şeirləri "Ədəbiyyat", "525-ci qəzet", "Qarabağ", "Kredo", "Sərbəst düşüncə", "Həftə içi" qəzetlərində, "Sözün sehri" ədəbi almanaxında, "Qızıl pero" jurnalında dərc edilən Müxəmməd müəllim bir elmi kitabın və bir şeir kitabının müəllifi, 2006-cı ilin iyunundan nəşr olunan "Muğan-Şirvan" qəzetinin redaktorudur. Mərhum şairimiz Mətləb Misir onun kitabına giriş sözündə yazır: "...Müxəmməd Haqverdi bənzərsiz şairdir. Poetik dünyası olduqca zəngindir. Onun poeziyası özünə məxsusluğu ilə seçilir. Şeirlərində yüksək insani hisslər tərənnüm olunur".
Müxtəlif illərdə məktəb direktoru, direktor müavini, dərs hissə müdiri və digər vəzifələrdə çalışan Müxəmməd müəllim pedaqoji mühazirə yarışlarında fəal surətdə iştirak etmiş, respublika müəllimlərinin pedaqoji mühazirələrində qalib olmuş, fəxri fərmanla mükafatlandırılmışdır. Daim axtarışda olan Müxəmməd müəllim öz pedaqoji təcrübəsindən aldığı nəticələri fizika-riyaziyyat tədrisi jurnalında dərc etdirir.
1998-ci ildən Füzuli rayonun Horadiz şəhər 1 saylı tam orta məktəbində baş müəllim kimi riyaziyyat fənnini tədris edir. 2004-cü ildən Horadiz bələdiyyəsinin üzvüdür. M.Haqverdinin fəaliyyəti dəfələrlə mükafatlandırılıb. Avropa Nəşr Mətbuat evi mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətinə, uzun müddətli pedaqoji təcrübəsinə, cəmiyyətdə fəal ziyalı mövqeyinə görə təcrübəli pedaqoq, istedadlı yazar Müxəmməd Məhəmməd oğlu Haqverdiyev ən yaxşı vətənpərvər şair və qabaqcıl təhsil işçisi qızıl medalı ilə təltif olunub.
...Qələm dostum Cəbrayıllı şair qəlbli müdrik Cocuğa-Müxəmməd Haqverdiyə poetik yaradıcılığından bəhs edərkən nümunə gətirdiyim "Görüş" şeirində yaşadığı yüksək Sevinc hissiylə qolboyun olub tezliklə çaparaq işğaldan azad Cəbrayılına qovuşmasını, sözünü oradan deməsini arzulayıram

Salam de hər canlıya-
Yurdun səni anlayar...
Yaxşı yol Mərcannlıya
Huhun yaşıdı Cocuq!
Mahmud Qacar,
şair-publisist


DƏRİN ÇAYLAR LAL AXAR

(Ə.Hacızadənin 80 illik yubileyi münasibəti ilə)

Bacarıqlı şərqşünas, öz elmi, ədəbi-bədii fəaliyyətilə Azərbaycan ziyalılarının ön cərgəsində uğurlu addımlar atan, çətin, əzablı, eyni zamanda şərəfli bir yaradıcılıq yolu keçən Əlibala Hacızadə müxtəlif sahələrdə dəyərli, yaddaqalan işlər görsə də, bir yazıçı kimi daha çox şöhrət qazanmışdır. Bu mənada ilk növbədə onun ədəbi-bədii yaradıcılığı haqqında danışmaq, bəzi mülahizələrimi söyləmək zərurəti duyuram.
Əlibala Hacızadə ədəbiyyata 50-ci illərdə - Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil aldığı illərdə gəlmişdir. O illər ədəbiyyatımız coşqun çaylar kimi kükrəyib axır, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Osman Sarıvəlli, Süleyman Rəhimov, Mehdi Hüseyn, Mirzə İbrahimov, Əli Vəliyev, İlyas Əfəndiyev kimi görkəmli söz sənətkarlarının dumduru yaradıcılıq çeşmələrindən su içir, ölməz sənət nümunələrindən bəhrələnirdi. Ədəbiyyatımızın onlardan sonrakı nəslinə mənsub olan Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Əli Kərim, Nəriman Həsənzadə, İsa Hüseynov, Sabir Əhmədli və bir çox başqaları da söz-sənət meydanına öz gözəl töhfələri ilə gəlirdilər.
Belə bir dövrdə kimliyini sübut etmək, öz "mətahını" söz-sənət bazarına çıxarmaq olduqca çətin və məsuliyyətli bir iş idi. Sanki "olum" və ya "ölüm" məsələsi dururdu ortada. Bu meydandan geri çəkilməkmi? Cəsarətini toplayıb irəliyə doğru bir-iki addım atmaqmı? O vaxtlar fikrində, xəyalında ancaq bu suallar dolanırdı təbiətən son dərəcə utancaq və təvazökar olan, hələ köyrək qələmi bərkiməmiş, püxtələşməmiş gənc Əlibala Hacızadənin.
Onun üçün çətin olsa da, Əlibala ikinci yolu seçdi. Deməyə sözü vardı ürəyində. Deməsə, ürəyi dözməzdi. Yazmaq üçün öz üslubu, öz manerası vardı kövrək qələminin. Yazmasaydı, od tutub yanardı bu qələm. Axır ki, ilk imzası göründü universitetin çoxtirajlı qəzetində. "Mənim müəllimim", "Yada düşdü", "Heykəl gülür", "Sadıq əl çalır" hekayələri belə yarandı. Az sonra bu utancaq gəncin əlləri müxtəlif qəzet-jurnal redaksiyalarının qapılarını döydü. Sevincli anları da oldu, kədərli anları da...g Ümidlə döydüyü qapıların heç də hamısı ümid işığı yandırmırdı onun ürəyində. Bədxahları xeyirxahlarından çox idi. Ədəbiyyata gətirdiyi özünəməxsus nəfəs, tapdanıb döyənək olmamış ilk cığır qəribə görünürdü çoxlarına. Tərəddüdlər, şübhələr də elə bundan yaranırdı.
Yaxşı ki, xeyirxahlıq həmişə qələbə çalır. Xeyirxahlarının bu təzə cığırı qiymətləndirib ona yol açması, tədricən hekayələri ilə yanaşı, iri həcmli əsərlərinin də çap olunması ona qol-qanad verdi. "İnam", "Vəfalım mənim", "Təyyarə kölgəsi" kimi povest və romanları ədəbi ictimaiyyət və oxucular tərəfindən böyük maraq və məhəbbətlə qarşılandı.
Əlibala Hacızadə yaradıcılığının öz sehri, öz sirri var elə bil. O, nədən yazırsa yazsın, necə, hansı formada yazırsa yazsın, dəxli yoxdu, əsas məsələ odur ki, yazdıqlarına bizi ürəkdən inandırır. İnandırdığına görə də dərindən həyəcanlandıra bilir.
Əlibala Hacızadənin irili-xırdalı, lirik-epik hekayələrindən tutmuş böyük romanlarına qədər hər hansı bir əsərini oxuyursansa, dərhal onun tilsimli ağuşuna atılır, uzun müddət təsirindən çıxa bilmirsən. Bu mənada yazıçının öz dünyası, öz dəsti-xətti, öz səsi, öz nəfəsi var hər bir əsərində. Həyat həqiqətinə sədaqət, yüksək emosiyanallıq, sadəlik, səmimilik, insana qayğı, vətən təəssübkeşliyi, ülvi məhəbbətin ecazkar gücünə böyük inam ətinə-qanına hopub elə bil onun hər bir əsərinin. Bax, budur yazıçı ürəyi, yazıçı səmimiyyəti, yazıçı məharəti...g
"Təyyarə kölgəsi" romanını həyəcansız, daxili ürək çırpıntıları və dərin narahatlıq hissləri ilə oxumayan adam təsəvvür etmək çətindir. Bunun səbəbi nədədir? Bu sualın cavabı aydındır. Yazıçı hadisələrin təfərrüatına, təsvir etdiyi lövhələrin incəliklərinə o qədər dərindən nüfuz etmişdir ki, oxucu özünü həmin hadisələrdən kənarda təsəvvür edə bilmir. Təyyarə qəzası nəticəsində öz sevimli ərini, istəkli ömür-gün yoldaşını itirən gənc qadın Gülmirə hər dəfə uçan təyyarəyə həsrətlə baxır, təyyarə kölgəsi daim kölgə kimi onu izləyir. Sanki yeganə təsəllisini təyyarə səsində, təyyarə kölgəsində tapır Gülmirə. Əsərin qəhrəmanının keçirdiyi bu dərin psixoloji gərginlik və sarsıntı hər bir oxucu qəlbinə hakim kəsilir, sanki hər kəs həmin faciəni yaşamaq məcburiyyəti qarşısında qalır.
"İtkin gəlin" roman-trilogiyası ("Əfsanəsiz illər", "Ayrılığın sonu yoxmuş") Hacızadə yaradıcılığında xüsusi yer tutan əsərlərdəndir. Birinci kitabı tərcüməçi sifəti ilə Əfqanıstanda işlədiyi illərdə qələmə alınan, hər yerdə sevilə-sevilə oxunan, dillər əzbəri olan bu əsərlər indi az qala hər bir ailənin stolüstü kitabına çevrilmişdir. Sonralar həmin roman triologiya əsasında çəkilən 12 seriyalı televiziya filmi tamaşaçılar arasında böyük sensasiya doğurmuşdur.
Roman-trilogiya geniş diapazonlu, təcrübəli yazıçı qələminin, onun dərin müşahidələrinin məhsuludur. Bu romanda öz dərin cizgiləri ilə seçilən, uzun müddət yadda qalan bitkin obrazlar, maraqlı personajlar diqqəti xüsusi ilə cəlb edir.
Əsərin əsas aparıcı surətlərindən biri Elməddindir. Elməddin öz böyük, ecazkar məhəbbəti naminə hər cür çətinliklərə sinə gərir. Daim qəlbində yaşatdığı Əfsanəni axtara-axtara Qəryədən (kənddən) şəhərə gəlir, qayğıkeş və sənətsevər ustadı Şəfi bəyin köməyi ilə onun qəzetində işə düzəlir, özünə ailə qurub - gün-güzəran yaradır, şan-şöhrət sahibi olur. İctimai quruluşun eybəcərliklərinin ifşasına həsr olunmuş "Xurma çəyirdəyi" hekayəsi və qəlboxşayan şeirləri onun şöhrətini get-gedə artırır.
Yazıçı romandakı Elməddin obrazında bir növ özünün prototipini yaratmışdır, - desək səhv etmərik. Hacızadəni yaxından tanıyanlara bəllidir ki, onun taleyi müəyyən mənada Elməddinin taleyinə bənzəyir. Kənddə doğulub boya-başa çatan, tələbəlik illərində müxtəlif çətinliklərlə üzləşən bu istedadlı gənc ali təhsil aldıqdan sonra xeyirxah insanların qayğısı sayəsində Bakı şəhərində qalıb işə düzəlir, öz ədəbi-bədii və elmi-ictimai fəaliyyətini davam etdirir. Hacızadə ona qayğı və köməklik göstərən, həyat vəsiqəsi verən ustadlarının adlarını həmişə məhəbbətlə çəkib, onları ehtiramla yad etmişdi həmişə.
Ə.Hacızadənin dramaturgiya sahəsindəki xidmətləri də az deyildir. Respublika televiziyası ilə dəfələrlə göstərilən "Unutmaq olmur", "Əgər inanmırsansa..." televiziya filimlərini yəqin ki, tamaşaçılarımız unutmayıblar.
"İtkin gəlin" və "Yandırılan adamlar" adlı pyesləri xeyli müddət C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında müvəffəqiyyətlə nümayiş etdirilmişdir.
Hələ indiyədək bir dənə də olsun toplu halında şeirlər kitabı çıxmasa da, çoxları onu həm də gözəl şair kimi tanıyırlar. Onun ürəklərə yol tapan incə, lirik şeirləri, dərin məzmunlu qoşmaları, rübailəri vardır. Roman və povestlərində verilən şeir nümunələri onun öz qələminin məhsuludur. Bəstəkarlarımız tərəfindən bir neçə şeirinə gözəl mahnılar bəstələnmişdir. Əlibala Hacızadənin sözlərinə bəstələnmiş və sevimli müğənnilərimizdən Zeynəb Xanlarovanın, Ağadadaş Ağayevin, Yaqut Abdullayevanın, Aygün Kazımovanın, Məleykə Əsədovanın məharətlə ifa etdikləri mahnılar daim dinləyici və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.
Əlibalanın şeir yaradıcılığı ayrıca bir mövzu olduğundan zənnimizcə, bu barədə geniş danışmağa ehtiyac yoxdur və oxucularda müəyyən təsəvvür yaratmaq məqsədilə ancaq onun bir şeirindən nümunə ilə kifayətlənmək istərdik:

Mən səni qəlbimdən çıxardım o gün,
Köhnə yara kimi görünür yerin.
Bu dünya başıma uçdu büsbütün,
Qaldım uçqununda xatirələring

Yazıçının bir sıra əsərləri Rusiyada, Ukraynada, Türkiyədə, İranda, İraqda, Əfqanıstanda və digər ölkələrdə də çap edilmişdir.
Əlibala Hacızadə bədii yaradıcılığını elmi və tərcüməçilik fəaliyyəti ilə birləşdirən ziyalılardandır. O, 1964-cü ildə "İyirminci əsr İran şairi Fərruxi Yəzdinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və sonrakı illərdə İran ədəbiyyatı haqqında 40-a qədər elmi məqalələr çap etdirmişdir.
Ə.Hacızadə bir jurnalist kimi də səmərəli fəaliyyət göstərir. 1992-1997-ci illərdə Azərbaycan-İran İslam "Vəhdət Ocağı"nın mətbu orqanı olan "Nizami Gəncəvi"nin jurnalist kollektivinə başçılıq edən Əlibala qısa müddətdə jurnalın fəaliyyətini canlandırmış, tanınmış alim, yazıçı və şairləri birgə əməkdaşlığa dəvət etməklə onun maraqlı və məzmunla buraxılmasını, ideya-bədii səviyyəsinin yüksəldilməsini, texniki tərtibatının yaxşılaşdırılmasını təmin etmişdir.
İnsanı öz sadəliyi, səmimiliyi, təvazökarlığı qədər heç nə istənilən səviyyəyə yüksəldə bilməz. O şəxsiyyətlər zirvədə durmağa layiqdir ki, onlarda hər şeydən əvvəl bu keyfiyyətlər olsun. Bu baxımdan Hacızadənin öz taleyindən gileylənməyə haqqı yoxdur. Çünki deyilən keyfiyyətlər onun çoxsahəli fəaliyyətinin hamısından önəmlidir.
Hacızadə heç vaxt gördükləri və elədikləri ilə öyünməyib. Özünü yazıçı adlandırıb döşünə döyməyib. Özünü reklam etdirmək, gözə soxmaq onun təbiətinə ziddir. O, özünü həmişə özünə də, xalqına da, oxucularına da borclu bilib.
Dərin çayların hay-küysüz, şırıltısız axmasına kim təsadüf etməyib? Bəli, dərin çaylar lal axar. Görünür, bu lallıq, "mənəm-mənəmlik"dən uzaq olan bu xüsusiyyət elə dərinliyin özündən, onun təbiətindən doğan əlamətdir. Öz gücünə, hünərinə inanan, sözü ilə işi arasında üzvi vəhdət yaradan adamlar da belədir. Şöhrət naminə dəridən-qabıqdan çıxıb haray-həşir salmağı, dolayı yollarla ad-san qazanmağı bacarmazlar onlar. Daim lal axan, axdıqca da durulub saflaşan dərin çaylar kimi, bizim Əlibala kimi...
Qədir Tərtərli
Tərtər şəhəri, 24 iyul 2015-ci il